Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4328/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qətnamənin icra qaydasının dəyişdirilməsi və təxirə salınmadan icra edilməsi tələbinə dair icraat üzrə (Açar sözlər: icra üsulunun dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-792/2004 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2- 61/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsini və qətnamənin təxirə salınmadan icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-792/2004 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 61/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi və həmin qətnamənin icraya yönəldilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 2-61/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinin möhlət verilməsi nəticəsində icraya yönəldilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxardığından, ərizə təmin edilərək Yasamal Rayon Məhkəməsinin 2-61/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinin icra qaydası dəyişdirilməli və həmin qətnamə icraya yönəldilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-792/2004 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 20 iyun 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Yasamal Rayon Məhkəməsinin 2- 61/2003 saylı,xx.xx.2003 cü il tarixli qətnaməsinin icrayə yönəldilməsi barədə ərizəsinə baxılması ilə bağlı məhkəmə iclası xx.xx.2025 ci il tarixə, saat 09:45-ə təyin olunmuşdur. O, xx.xx.2025 ci il tarixdə qeyd edilən saatda məhkəməyə getmişdir. Məhkəmənin katibi məhkəmə zalının qarşısına çıxaraq həmin iş üzrə kimlərin gəldiyin soruşmuşdur. O, bildirmişdir ki, həmin iş üzrə cavadeh kimi gəlmişdir. Sonra məhkəmə zalına keçmişlər. İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmənin katibi bildirmişdir ki, iddiaçı gəlmədiyinə görə məhkəmə iclası keçirilməyəcək. Sonra zaldan kecib otağından iddiaçıya telefonla zəng eləmişdir. Zalın qapısı açıq qaldığına görə katibin telefon danışığı zalda aydın şəkildə eşidilirdi. Telefonda iddiaçıya demişdir ki, “müəllim biz sizinlə söz danışmışdıq, siz bizdən xahiş etmişdiniz, biz sizə kömək etmək istəyirdik bəs niyə məhkəməyə gəlməmisiniz?”. İddiaçı katibə nə dedisə (iddiaçının səsin eşitmirdi) katib qayıtdı ki, “müəllim bu iş teleqramla düzələn deyil”. Katib telefon danışığın bitirib zala qayıdıb demişdir ki, iddiaçı gəlmədiyinə görə məhkəmə iclası keçirilmir və çox güman ki, bu işə baxmayacaq və işi geri qaytarılacaq, əgər işə baxası olunsa mütləq məlumat veriləcəkdir. Məhkəmə iclası keçirilməmişdir. Həmin gündən xx.xx.2025-ci ci il tarixədək məhkəmədən hec bir məlumat, məktub, sms bildiriş gəlməmişdir. Nəhayət xx.xx.2025-ci il tarixdə məhkəmədən məktub almışdır. Heç demə xx.xx.2025-ci il tarixdə qeyd etdiyi səbəblərdən keçirilmiyən məhkəmə iclasında bir ay sonra həmin tarixə Nərmanov Rayon Məhkəməsi 2(005)-792/2004 saylı qərardad qəbul edərək qətnaməni icrayə yönəltmişdir. Əgər məhkəmə iştirakı ilə keçirilsə idi, ətraflı və obyektiv məhkəmə araşdırılması aparılsa idi, tərəflərin əmlak vəziyyəti, maddi durumu dəqiq qiymətləndirilsə idi, iddiaçının ailəsinin Qaçqınkom tərəfindən mənzillə təmin olunduqları aşkar olunardı, həmçinin cavabdeh tərəfin hazırda yaşadıqları münaqişəli mənzildən başqa heç bir yaşayış yerlərinin, evlərinin olmadığı məlum olardı və məhkəmə ədalətsiz qərar qəbul edib onları küçəyə tökməzdi, Laçın rayonunun Qarakeçdi kəndində məskunlaşana qədər qətnamənin icrasına möhlət verərdi. İddiaçının ailəsi Qaçqınkom (Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) tərəfindən mənzillə təmin olunmuşdur. Məhkəmə qərar qəbul edərkən bu amil mütləq nəzərə alınmalı idi.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
7. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
9. Azərbaycan Respublikası “İcra haqqında” Qanun:
Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-61/2003 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdehləri Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsində çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdehlərin Yeni Yasamal-1, 12 saylı evin 202 saylı mənzilində başqa yaşayış sahəsi verilmədən çıxarılması qət edilmişdir.
12. Cavabdehlər Zeynalovlar və Cabbarovlar ailəsi ərizə ilə məhkəməyə müraciət edərək Laçın və Şuşa rayonu işğaldan azad olunanadək qətnamənin icrasına möhlət veriləmsini xahiş etmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarilxi qərardadına əsasən cavabdehlərin ərizələri təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-61/2003 saylı qətnaməsinin icrasına Laçın və Şuşa rayonu işğaldan azad olunanadək möhlət verilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamənin icrasına möhlət verilməsinə əsas olan halların aradan qalxmasına istinad edərək tələbkarın şikayətini təmin etmişdir.
15. Məhkəmənin mövqeyi ilə razılaşmayan Cavabdeh1 dəlilləri ondan ibarətdir ki, məhkəmə iclasının vaxtı barədə ona yanlış məlumat verilmiş, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən mənzil ilə təmin edilmişdir.
16. “Məhkəmə qətnaməsi haqqında” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, “...Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.”
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. 18.Hazırki işin hallarından göründüyü kimi qətnamənin icrasında möhlət verilməsinə əsas olan hallar aradan qalxmış, qətnamə isə uzun müddətdir ki icrasız qalmışdır. 19.Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Cavabdeh1 şikayətində məhkəmə iclasında gəldiyini, lakin məhkəmə iclasının katibinin ona iclasın keçirilmədiyini, iddiaçı ilə danışılarının eşitdiyini və ərizənin geri qaytarılacağının deyildiyini bildirsə də, iş materiallarından görünür ki, iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlar lazımı qaydada göndərilmiş, məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 məhkəmə iclasına təyin olunmuş vaxtda deyil, daha sonra geçikmə ilə gəlmiş və bu səbəbdən ona iclasın tərəflərin iştirakı olmadan keçirildiyi bildirilmişdir. 20.Həmçinin iddiaçının Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən mənzil ilə təmin olunduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya əlavə etməyi zəruri hesab edir ki, qeyd olunan hal öz təsdiqini tapsa belə bu qətnamənin icrasının gecikdirilməsi üçün əsas təşkil etmir. Belə ki, qətnamənin icraya yönəldilməsi məsələsinə baxılarkən məhkəmə tərəflərin maddi vəziyyətini və təminatlarını deyil, qanunun aliliyini, məhkəmə qətnaməsinin məcburi icra olunması prinsiplərini əsas tutur.
21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-792/2004 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov