Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4329/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, bina 31-də yerləşən 3 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil, iddiaçı ilə cavabdehin atası X4 məxsus olmuşdur. Cavabdeh nə onunla, nə də ki iddiaçı ilə yola getmirdi və onların həmin mənzildə yaşamasına imkan vermirdi, baxmayaraq ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5517/2016 saylı iş üzrə qəbul etdiyi qətnamə ilə cavabdehə, Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 1-də yerləşən 28 saylı mənzilə köçürülməsi qət edilmişdir. Ataları münaqişədən uzaq olmaq üçün mənzili tərk etmək məcburiyyətində qalmışdır. İddiaçı da atasının xahişi ilə mənzildən çıxmışdır. Ataları xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Amma hələ sağlığında cavabdehə və digər övladı – 20 ildən çox müddətdir ki Rusiya Federasiyasında yaşayan və Rusiya Federasiyasının vətəndaşı olan X2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin atasının ölümü ilə bağlı işə baxılmamışdır. Atası həmin mənzili ona vəsiyyət etsə də, atasının ölümündən sonra da cavabdeh onu mənzilə buraxmamış, mənzilin giriş qapısının kilidini dəyişmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Cavabdeh işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, atası tərəfindən iddiaçının adına vəsiyyətnamə verilsə də, iddiaçı, vəsiyyətnamə üzrə hüquqlarını “daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata aldırmamışdır. Bu səbəbdən iddia əsaslı hesab edilə bilməz. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin sahibi iş üzrə tərəflərin atası İdris Atakişiyev olmuşdur. İddiaçı, həmin mənzildə 1992-ci ildən yaşayış yeri üzrə qeydiyyatda olsa da işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə (hazırki iş üzrə tərəf olmayan) X1 birgə nikahları dövründə, başqa yaşayış sahəsini – Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 7K saylı evi almışlar və ev xx.xx.2021-ci il tarixdə “daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı 1992-ci ildən mübahisəli mənzildə qeydiyyatda olsa da, onunla Kəmalə Atakişiyevanın birgə nikahları dövründə əldə etdikləri ev var. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli mənzil İdris Atakişiyev tərəfindən iddiaçıya vəsiyyət edilsə də, həmin mənzil ilə bağlı iddiaçının adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmiş, mənzil ilə bağlı iddiaçının hüquqları “daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmamışdır. Qeyd edilənlərə əsasən iddia təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İİ. APELLYASİYA VƏ KASSASİYA İNSTANSİYA MƏHKƏMƏLƏRİNDƏ İCRAAT
e) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(103)-7150/2022) ilə apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat
9. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-1466/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
10. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində iddiaçının apellyasiya şikayətinin “Atası ... evi ona vəsiyyət etmişdir.”, “Cavabdeh ... əsassız olaraq atasının ona vəsiyyət etdiyi ünvanda yaşayır.” məzmunda dəlilləri də ehtiva etdiyini qeyd etsə də, həmin dəlillərə heç bir qiymət verməmişdir. Halbuki, mübahisəli mənzilin mərhum atası tərəfindən iddiaçıya vəsiyyət edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu isə xx.xx.2020-ci il tarixli qərarında şərh etmişdir ki, vərəsəlik şəhadətnaməsinin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Belə olan halda, iddiaçının vəsiyyət üzrə vərəsə olaraq mülkiyyətçi sayılıbsayılmadığı və bu əsasla mənzilə istifadə hüququnun olub-olmadığına hüquqi qiymət verilməsi zəruri idi. Lakin apellyasiya instansiyası məhkəməsi bunu etməmişdir.
İİİ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ YENİ İCRAAT
g) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. İddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında olan razılığa əsasən o, cavabdehə 13.000 manat kompensasiya ödəmiş, bunun müqabilində isə cavabdeh mübahisəli mənzilə dair öz hüququndan və payından onun (iddiaçının) xeyrinə imtina etmiş və həmin mənzilə dair hər hansı iddiasının olmaması barədə öhdəlik götürmüşdür. Bu razılıq yazılı və notarial qaydada xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. Lakin cavabdeh hazırda cavabdeh həmin razılaşmaya əməl etmir. Bundan başqa mübahisəli mənzili cavabdeh zəbt edib və həmin mənzildə başqa heç kim yaşamır. O isə mənzildən 2022-ci ildə çıxmışdır və hazırda bütün əşyaları həmin mənzildədir.
12. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa və əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, hazırda mübahisəli mənzildə iddiaçının hər hansı bir əşyası yoxdur və iddiaçı mənzili 2001-ci ildə tərk etmişdir. Mənzildə onların kiçik bacıları Şəfa qalır. Həmçinin Şəfanın da Rayon Məhkəməsinin icraatında hazırki mübahisəli mənzilə dair iddia tələbi vardır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.
14. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, bina 31-də yerləşən 3 saylı mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi iş üzrə tərəflərin atası X3 adına xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır.
15. Bakı Şəhəri Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022ci tarixli, 1446 nömrəli arayışdan görünür ki, (iş üzrə tərəflərin atası) X6 1992-ci ildən, (iddiaçı) İddiaçı 1992-ci ildən, (cavabdeh) Cavabdeh 1994-cü ildən, (hazırki iş üzrə tərəf olmayan) X5 1998-ci ildən, (hazırki iş üzrə tərəf olmayan) X8 1999-cu ildən, hazırki iş üzrə tərəf olmayan) X10 2014-cu ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
16. İş üzrə tərəflərin bildirdiklərindən məlum olur ki, İdris Atakişiyev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
17. Bakı Şəhəri 45 saylı Notariat Kontoru tərəfindən təsdiq edilərək, reyestrdə 2V- 66 nömrə altında qeydə alınmış xx.xx.2017-ci il tarixli “Vəsiyyətnamədən” görünür ki, İdris Atakişiyev mülkiyyətində olan bütün əmlaklarını övladı, hazırki iş üzrə iddiaçıya vəsiyyət etmişdir.
18. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzil iş üzrə tərəflərin atası İdris Atakişiyevin mülkiyyətçisi olmuş və o, mülkiyyətində olan bütün əmlakını iş üzrə iddiaçıya vəsiyyət etmişdir. İdris Atakişiyev xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı mənzilə köçmək istəsə də cavabdeh onu mənzilə buraxmamışdır.
19. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.).
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, vərəsə tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” alınmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
21. Qeyd edilən maddi hüquq normalarının və Konstitusiya Məhkəməsinin Plenumunun qərarında təsbit edilmiş hüquqi mövqeyin işin müəyyən edilmiş halına tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı, mübahisəli mənzil üzərində mülkiyyət hüququnu əldə etmişdir.
22. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
23. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir.
24. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Çünki mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır.
25. Lakin işə baxmış Rayon Məhkəməsi işin faktiki hallarını müəyyən edə bilməmiş, əsaslı olan bu tələbi rədd etmişdir. Rayon Məhkəməsinin bu nəticəsi səhvdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. i) apellyasiya baxışının nəticəsi
26. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır. Rayon Məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.
27. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
28. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, bina 31-də yerləşən 3 saylı mənzilə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.