Məhkəmə qərarları › İş №2(103)-4333/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4333/2023

09.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4333/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı X7 və onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, iddiaçı X5 Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-134/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X7 xx.xx.2010-cu il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sahil filialında mühasib əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə strukturda edilmiş dəyişikliklərlə əlaqədar tutduğu vəzifədən azad edilmiş və həmin tarixdən Sahil filialının əməliyyat bölməsinin mühasib-əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən bankın yeni ştat cədvəlinə əsasən vəzifəsi Sahil filialının əməliyyat bölməsinin baş əməliyyatçısı olmuşdur.

2. Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın veriməsi haqqında xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, X6 “sol süd vəzinin xərçəngi T2 N1 M1 Oss.Xoralaşma. PKT mərhələ. Sümüklərə MTS” diaqnozu ilə ümumi xəstəliklərə görə müddətsiz 2-ci dərəcəli əlillik verilmişdir.

3. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 87-Ş saylı əmrə əsasən, X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 52 gün müddətinə əmək məzuniyyəti verilmişdir.

4. “Premium klinik” tərəfindən verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə “sol süd vəzinin xərçəngi (2011), skelet sümüklərinə çoxsaylı mts. Kompleks müalicədən sonraki vəziyyət. Proqressivləşmə (2021)” (patohistoloji cavab: 12330/11 invaziv duktal karsinoma (T.C.) Er+P+) diaqnozu ilə kontrol müayinədə polikimyəvi müalicə almışdır. Müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Növbəti müalicə 28 gün sonraya təyin edilmişdir.

5. 28 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 152 saylı məktubun surətindən görünür ki, X7 28 nömrəli şəhər poliklinikasında “Sol süd vəzinin xərçəngi” diaqnozu ilə qeydiyyatdadır. 2017-ci ildən müddətsiz İİ qrup əlilldir. Mart ayında növbəti müayinə zamanı xəstəliyin proqressivləşməsi və ağrıların artdığına görə xəstəliyə təkrar xx.xx.2022-ci il tarixdə kimyəvi-dərman müalicəsi başladı. Bu səbəbdən xəstəyə xəstəlik vərəqəsi verilib və bu günə qədər uzadılır. Hal-hazırda onkoloji sxem üzrə kimyəvi-dərman terapiyası davam etdirilir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən X6 verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, o həqiqətən Müdafiə Nazirliyinin Baş X2 bölməsində “sol süd vəzinin xərçəngi (2011), skelet sümüklərinə çoxsaylı mts. Kompleks müalicədən sonraki vəziyyət. Proqressivləşmə (2021) (patohistoloji cavab: 12330/11 invaziv duktal karsinoma (T.C.) Er+P+)” diaqnozu ilə ambulator müalicədə olmuşdur. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Zometa 4 mq 28 gündə bir, Femara 25 mq/gün olmaqla polikimyəvi müalicə almış, müalicənin davam etdirilməsi məsləhət görülmüşdür.

7. X7 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məlumatda, xx.xx.2022-ci il tarixli 87-ş saylı əmrə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 52 gün müddətində məzuniyyətinin rəsmiləşdirildiyini, xəstəlik vərəqəsinin xx.xx.2022-ci il tarixdə açılmasını qeyd edərək, məzuniyyət dövrünə təsadüf edən təqvim günü müddətində əmək məzuniyyətinin xx.xx.2022-ci il tarixindən uzadılmasına icazə verilməsini xahiş etmişdir.

8. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlara əsasən, X7 qeyd olunan tarixlərdə bütün günü işə gəlməmişdir.

9. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, ona xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə işdə olmaması bildirilmiş və işə gəlməməsinin səbəbləri barədə məlumat verilməsi xahiş edilmişdir.

10. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X7 işə gəlmədiyinə dair izahat verməsindən imtina etdiyi qeyd edilmişdir.

11. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin aktda X6 iş günündə yəni xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixli 85-k nömrəli işdən azad olma və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin verildiyi qeyd edilmişdir.

12. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 85-k nömrəli əmri ilə X7 AzərbaycanRespublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı X7 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli, 85-K nömrəli əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcbui işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə arasında bağlanılmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsi əsasında müəssisədə baş əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, işlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmiş, barəsində heç bir intizam tənbehi tətbiq edilməmiş, hətta işəgötürən tərəfindən ona xəbərdarlıq belə edilməmişdir. Onkoloji xəstə olduğundan, bu səbəbdən də ona İİ qrup əlillik təyin edildiyindən dövri olaraq kimya terapiyası müalicələri alır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstəliyi ilə əlaqədar müalicə aldığı üçün işə çıxa bilməmiş və bununla bağlı müvafiq xəstəlik vərəqəsi tərəfindən işəgötürənə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə (həftənin 5-ci günü) işəgötürənə rəsmi müraciət edərək xx.xx.2022ci il tarixdən (növbəti həftənin birinci günündən) məzuniyyətə çıxmaq üçün icazə istəmişdir. Cavabdeh ASC tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci tarixli xəbərdarlıq bildirişində göstərilmişdir ki, o 17, 18, 19, 21 və 24 yanvar 2022-ci il tarixlərində işə çıxmamışdır. Məktubda qeyd edilir ki, onun bu əməli AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən kobud pozuntu hesab edilir. Eyni zamanda qeyd edilmişdir ki, işçi tərəfindən məzuniyyətlə bağlı ərizənin iş yerinə təqdim edilməsi faktı işçinin işə çıxmaması üçün əsas deyildir. Bu səbəbdən də ondan işə çıxmamağının səbəbi barədə məlumat verməyi istənilmişdir. Tərəfindən Cavabdeh ASC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli məlumatda göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxmaq üçün rəsmi müraciət etmiş və xx.xx.2022-ci il tarixdən məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 87-Ş nömrəli əmrinə əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 52 gün müddətində məzuniyyətdə olmuşdur. Əmrdə işə başlamalı olduğu vaxt xx.xx.2022-ci il tarixi göstərilmişdir. xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlil olduğu üçün səhhətində olan problemlə əlaqədar müalicə almış və bununla bağlı müvafiq xəstəlik vərəqəsi təqdim etmişdir. Belə olan halda məzuniyyətinin son 6 günü (15, 16, 17,18,19 və 20 mart 2022-ci il tarixİəri) xəstəlik dövrünə düşmüşdür və o, xx.xx.2022-ci il tarixdə həmin 6 günün əvəzinə əmək məzuniyyətinin uzadılması ilə bağlı işəgötürənə müraciət etmişdir. Cavabdeh ASC tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci tarixli 233/13 nömrəli xəbərdarlıq bildirişində göstərilmişdir ki, o 07 və 08 iyun 2022-ci il tarixlərində işə çıxmamışdır. Bildirişdə qeyd edilir ki, onun bu əməli AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən kobud pozuntu hesab edilir. Eyni zamanda qeyd edilmişdir ki, işçi tərəfindən məzuniyyətlə bağlı ərizənin iş yerinə təqdim edilməsi faktı işçinin işə çıxmaması üçün əsas deyildir. Bu səbəbdən də ondan işə çıxmamağının səbəbi barədə məlumat verməyi istənilmişdir. Tərəfindən həmin müraciətə cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 52 gün məzuniyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səhhətində olan problemlə əlaqədar müalicə almış və xəstəlik vərəqəsi təqdim etmişdir. Belə olan halda məzuniyyətinin son 6 günü (15, 16, 17,18,19 və 20 mart 2022-ci il tarixləri) xəstəlik dövrünə düşür və həmin 6 gün müddətində ona əlavə məzuniyyət verilməlidir. xx.xx.2022-ci il tarixli cavab məktubuna Cavabdeh ASC tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, o, 07 iyun 2022-ci il tarixdə işə başlamalı olduğu halda işə gəlməmiş və məzuniyyətə çıxmaq üçün müraciət etmişdir. Bununla da o, 07, 08, 09 və 10 iyun 2022-ci il tarixlərində heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Bu hal onun rəhbərlik tərəfindən əmək vəzifələri kobud şəkildə pozmağı kimi qiymətləndirilir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli, 85-K nömrəli əmrinə əsasən, E.V.Abbasovun xx.xx.2022-ci il tarixli təqdimatı və 07, 08, 09 və 10 iyun 2022-ci il tarixlərində tərtib edilmiş aktlar əsasında o, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi (AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal - “heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə” bəndi ilə tutduğu vəzifədən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. AR Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, əlilliyi olan şəxslərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Əmək Məcəlləsinin 134-cü maddəsinin 3-cü hissəsinin “a” bəndinə əsasən, əmək qabiliyyəti müvəqqəti itirildikdə işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Bu norma özündə iki halı ehtiva edir: 1. ya işçi təşəbbüs göstərir ki, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət qədər cari məzuniyyət dövrü uzadılsın, 2. ya da işçi məzuniyyət müddəti bitdikdən sonra işə qayıdır və əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrə düşən əmək məzuniyyəti günlərini başqa vaxtda istifadə etmək hüququ qazanır. Göründüyü kimi hər iki situasiyada qərar vermək seçimi (səlahiyyəti) işçiyə verilmişdir. Hazırki mübahisə üzrə işçi olaraq o birinci halı seçmiş, yəni əmək qabiliyyətinin müvəqqəti itirdiyi müddət qədər cari məzuniyyət dövrünün uzadılması barədə işəgötürənə məlumat vermişdir. Bu səbəbdən də hesab edir ki, onun xəstəlik dövrünə təsadüf edən məzuniyyətindən istifadə etməyi üçün ayrıca əmrin verilməsinə ehtiyac olmamışdır. Bu səbəbdən də işəgötürənin ona ünvanlandığı xx.xx.2022-ci il tarixli cavab məktubunda AR Əmək Məcəlləsinin 138-ci maddəsinə istinadən qeyd edilən “məzuniyyətin verilməsi barədə əmr məzuniyyətin başlamasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir” fikri tamamilə əsassızdır. Belə ki, o yeni hansısa məzuniyyət hüququndan istifadə etməmişdir ki, bunun üçün ayrıca əmr verilsin. O sadəcə məzuniyyət müddətinin davamlılığını təmin etmək üçün xəstə olduğu müddətin əvəzinə həmin müddətin sayı qədər məzuniyyətini uzatmış və bu barədə də işəgötürənə vaxtında məlumat vermişdir.

15. Cavabdeh ASC yazılı etiraz təqdim edərək bildirmişdir ki, qeyd olunan əsaslara görə Bank iddia tələblərini faktiki və hüquqi baxımdan əsassız hesab edir. Belə ki, İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə qanunun tələb etdiyi formada xitam verilmişdir. Bundan sonra İddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, 27.01.22-xx.xx.2022-ci il tarixləri arasındakı son məzuniyyəti zamanı 6 gün müddətində xəstələndiyi üçün, işə çıxmalı olduğu xx.xx.2022-ci il və ondan sonrakı tarixlərdə işə çıxmamış və xəstə olduğu həmin günlərin əvəzinə daha 6 gün məzuniyyətini uzatmışdır. Bu uzatmanı isə işəgötürənə müraciəti ilə əsaslandırır. İddiaçının bu tələblərinin heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, iddiaçı öz iddiasının hüquqi əsaslarını Əmək Məcəlləsinin 133 və 134-cü maddələrinə istinadən iddia edir ki, guya həmin maddələrin tələblərinə görə məzuniyyətin birtərəfli qaydada onun tərəfindən uzadılması qanunidir. Hətta iddia ərizəsində ƏM-nin 134-cü maddəsinə “şərh” verərək iddia tələblərinin əsaslı olması görüntüsünü yaratmağa çalışmışdır. Bununla bağlı bildirmək istəyirlər ki, “şərh”də göstərdikləri doğru deyildir və bunların heç bir qanuni əsası yoxdur. İlk olaraq onu qeyd etmək lazımdır ki, məzuniyyət hüququ və məzuniyyətin verilməsi, onun rəsmiləşdirilməsi qaydası, bununla bağlı tərəflərin hüquq və vəzifələri Əmək Məcəlləsində müəyyən edilmişdir. Əmək Məcəlləsinin 131 -ci maddəsinin 2-ci hissəsinə görə işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Həmin maddənin 3-cü hissəsinə görə işçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Həmin Məcəllənin 138-ci maddəsinin tələblərinə görə bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Göründüyü kimi Məcəllədə imperativ olaraq müəyyən edilmişdir ki, məzuniyyət işəgötürənlə razılaşdırılmalı və razılaşdırıldığı təqdirdə 5 iş gün əvvəl bu barədə əmr verilməlidir. Bunun əksini müəyyən edən müddəa yoxdur. İddiaçının istinad etdiyi maddələr isə əmək məzuniyyətlərinin verilməsində növbəlilik və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasını müəyyən edən maddələrdir və bu maddələr bir-birinə bağlıdır. Belə ki, 133-cü maddədə qeyd edilib ki, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Yəni bu maddə müəssisələrdə işçilər arasında məzuniyyətə çıxmaqla əlaqədar sonradan yarana biləcək anlaşılmazlıq və narazılıq hallarının qarşısının alınması məqsədi ilə ilin əvvəlində əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəllərinin tərtib edilməsi barədə müddəaları özündə ehtiva edir. Praktikada işçiləri çox olan bir çox müəssisələrdə bu maddəyə uyğun olaraq struktur bölmələrdə əvvəlcədən cədvəllərin tərtib edilməsi çox yayılmış bir haldır. Öz növbəsində, Məcəllənin 134-cü maddəsində göstərilən müddəalara baxdıqda birmənalı olaraq o qənaətə gəlmək olur ki, həmin maddə 133-cü maddədə qeyd edilən növbəlilik üzrə müəyyən edilən məzuniyyətin əsaslandırılmış şəkildə, qarşılıqlı razılıqla, növbədən kənar, digər bir vaxta keçirilməsini müəyyən edir. Belə ki, maddənin 1-ci hissəsində konkret olaraq qeyd edilmişdir ki, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Həmin maddənin 2-ci hissəsində isə göstərilmişdir ki, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. Bu keçirilmənin əsaslarından biri kimi isə maddədə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı qeyd edilmişdir. Həmin maddənin 3-cü hissədə qeyd edilmişdir ki, əmək qabiliyyəti müvəqqəti itirildikdə işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Bu isə o deməkdir ki, məsələn, əvvəlcədən məzuniyyət cədvəli (qrafıki) müəyyən edilən iş yerlərində cədvəl üzrə məzuniyyət vaxtı yaxınlaşan işçi qəflətən xəstələnərsə, işəgötürənə ərizə ilə müraciət edərək məzuniyyətinin cədvəldə göstərildiyi aydan başqa aya keçirilməsini xahiş edə bilər ki, məzuniyyət günlərini səmərəli keçirə bilsin. İşəgötürən razılıq verdiyi təqdirdə isə bu məsələ öz həllini tapır. Heç bir halda əmək qanunvericiliyində işçinin öz istəyinə uyğun olaraq məzuniyyətinin birtərəfli qaydada uzadılması nəzərdə tutulmamışdır, bütün hallarda işəgötürənin razılığı alınmalıdır. Yəni bu normanı başqa formada şərh etmək mümkünsüzdür. İddiaçının göstərdikləri doğru olardısa, Əmək Məcəlləsinin bir çox imperativ müddəaları pozulmuş olardı. Bunların arasında məzuniyyətlərin işçi və işəgötürənlə mütləq şəkildə razılıq nəticəsində verilməsi, əvvəlcədən bunun üçün ərizənin yazılması, bu ərizə əsasında əvvəlcədən əmrin verilməsi və s. kimi müddəalar var ki, iddiaçının dediyi versiyada bu müddəaların hamısının üstündən xətt çəkilmiş olur. Bundan başqa, iddiaçının işdə olmadığı gün işdən çıxarılmasına dair mülahizəsi də əsassızdır. Belə ki, iddiaçının versiyasına görə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək məzuniyyətdə olmuşdur (məzuniyyətini birtərəfli qaydada uzatmışdır), bu səbəbdən, barəsində 13 iyun tarixində işdən çıxarılması barədə əmrin verilməsi qanunsuz olmuşdur. Amma əslində iddiaçı xx.xx.2022-ci il tarixində işdə olmuş, həmin gün ona xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində işə gəlməməsinə dair izahat verilməsi təklif edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Bütün bunları təsdiq edən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir (surəti təqdim edilir), eyni zamanda İddiaçı həmin gün işdə olduğunu barmaqla tanıma skanerindən çıxarış təsdiq edir (əlavə edilir). Hətta fərz edilsə ki, 07 iyun tarixindən 6 gün müddətinə məzuniyyətinin uzadılması qanunidir, bu zaman iddiaçının 13 iyun tarixində yenə də işdə olması vacib olacaqdı. Bütün bunlar onu deməyə əsas verir ki, xx.xx.2022-ci il tarixində intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində və qanunvericiliyin tələb etdiyi formada verilmiş, pozuntuya yol verilməmişdir. Göründüyü kimi iddia ərizəsində irəli sürülən tələblərin nə hüquqi, nə də faktiki əsası yoxdur, bu səbəbdən də onun iddiası rədd edilməlidir.

16. Həmçinin Cavabdeh ASC iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi mülki prosesual qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Belə ki, AR MPM-nin 4.6-cı maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştiak tələb olunur. “Mediasiya haqqında” AR Qanununun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələrdə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştriak tələb olunur. Həmin Qanunun 21-ci maddəsinə əsasən mediasiya prosesi tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə təklif göndərdiyi gündən başlamış sayılır. İddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq Cavabdeh ASC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilməmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdə iddaçının iradə ifadəsi onun imzası ilə müəyyən olunur. Mediasiya şurasının rəsmi saytında da qeyd olunmuşdur ki, təklif məktubunda mütləq imza olmalıdır. Odur ki, imzanın mövcud olmaması iradə ifadəsinin olmadığını göstərdiyindən nəticə etibarı ilə təklif də mövcud deyildir. Göründüyü kimi iddiaçı tərəfindən mediasiya təklifinin verilməsi qaydalarına riayət olnumamışdır. Odur ki, iddiaçı tərəfindən mediasiya qaydalarına riayət olunmadığından, iddiaçının imzası ilə təsdiq olnumuş mediasiya təklifi Cavabdeh ASC-yə daxil olmadığından iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ƏM-in 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İddaiçı tərəfindən iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddiadan imtina edib iş üzrə icaata xitam verilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-134/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 85-k saylı əmri ləğv edilməsi; X5 Cavabdeh ASC-nin Sahil filialına baş əməliyyatçı vəzifəsinə işə bərpa edilməsi; xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən müddətə X6 məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2010-cu il tarixli əmək müqaviləsi əsasında Cavabdeh ASC-yə işə qəbul edilmişdir. Daha sonra onkoloji xəstə olduğundan ona İİ qrup əlillik təyin edildiyindən dövri olaraq kimya terapiyası müalicələri almışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 52 gün müddətində məzuniyyətdə olmuşdur. Əmrdə işə başlamalı olduğu vaxt xx.xx.2022-ci il tarixi göstərilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlil olduğu üçün səhhətində olan problemlə əlaqədar müalicə almış və bununla bağlı müvafiq xəstəlik vərəqəsi təqdim etmişdir. Belə olan halda məzuniyyətinin son 6 günü (15, 16, 17, 18, 19 və 20 mart 2022-ci il tarixləri) xəstəlik dövrünə düşmüş və o, xx.xx.2022-ci il tarixdə həmin 6 günün əvəzinə əmək məzuniyyətinin uzadılması ilə bağlı işəgötürənə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə iddiaçının işə gəlməməsini əsas gətirərək xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və iddiaçının işdən azad edilməsi haqqında əmr imzalamışdır. İşin sadalanan hallarından da göründüyü kimi işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verməklə cavabdeh haqlı olmamışdır. Belə ki, cavabdeh iddiaçı işə üzrsüz səbəbdən gəlmədiyinə görə onu işdən azad etmişdir. Lakin iş materiallarından da göründüyü kimi işçi (iddiaçı) əmək məzuniyyəti dövrünə təsadüf edən müddətin uzadılması ilə bağlı işə götürənə məlumat vermiş və bu barədə yazılı müraciət etmişdir.

19. Məhkəmə hesab etmişdir ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işçini işdən azad edərkən haqlı olmamışdır. Cavabdeh iddiaçının özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən işdən azad edildiyini əsas gətirsə də, həmin qərarı əsaslandırmamışdır. İş materialları ilə də müəyyən olunur ki, işçi (iddiaçı) xəstəliyi səbəbindən işə çıxmamışdır. Bu hal özü-özlüyündə işçinin üzrsüz səbəbdən işə çıxamaması nəticəsinə gəlmək üçün yetərli əsas sayıla bilməz. Həmçinin işin hallarından da göründüyü kimi cavabdeh Əmək Məəlləsinin 186-cı maddəsininə əsasən intizam tənbeh tədbiri kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmiş, lakin işəgötürən (cavabdeh) intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almamışdır. Belə ki, iş materialları ilə iddiaçının əmək intizamı qaydalarına əməl etməməsi, onun barəsində hər hansı intizam tənbeh tədbirlərinin tətbiq edilməsi müəyyən edilməmişdir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsində yalnız əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilmədiyi qeyd olunsa da, X4 04-24 iyun 1936- cı il tarixlərində Cenevrə şəhərində keçirilmiş 20-ci sessiyasında qəbul edilmiş “X1” 52 nömrəli Konvensiyasının (1970-ci ildə yenidən işlənmiş) 2-ci maddəsində göstərilir ki, xəstəlik nəticəsində işdəki fasilələr ödənişli illik məzuniyyət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Milli Məclisinin 27 yanvar 1993-cü il tarixli 467 nömrəli qərarı ilə həmin konvensiya ratifikasiya edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, qüvvədə olan Əmək Məcəlləsinin tələblərinə əsasən reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

21. İddia müddətinin tətbiqi barədə ərizəni məhkəmə əsaslı hesab etməyərək bildirmişdir ki, ərizədə iddiaçı tərəfindən 1 aylıq iddia müddətinin ötürülməsi qeyd edilsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixdə işdən azad olma barədə əmri aldığını nəzərə alsaq 6 saylı Bakı Mediasiya Təşkilatı tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-yə mediasiya prosesinin tətbiqi barədə ərizə göndərmiş, buna müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş müddət gözlədikdən sonra mediasiya prosesinin həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, tərəflərə xx.xx.2022-ci il tarixə saat 11:30-a ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət məktubu göndərilmiş, ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün bu barədə müvafiq arayış verilmiş və beləliklə də iddiaçı iddia müddətini ötürməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Əmək Məcəllənin 2-ci maddəsinin 1-ci bəndi, 12-ci maddəsinin “i” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71, 79-cu maddəsinin 3-cü hissəsi, 110, 133.3, 134.3, 186.2, 294-cü maddənin 7-ci hissəsi, 296-cı maddənin 2-ci hissəsi, 300.1-ci maddəsi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-134/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

24. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə almamışdır. Almışdısa, bunu işəgötürənə və hətta məhkəməyə bildirməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi arayışlardan da görmək olur ki, o, xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müəyyən tibb müəssisələrində (klinikalarda), ambulator qaydada polikimyəvi müalicə (kimyaterapiyası) almışdır. Bundan başqa, iddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən statusda olan işçi də deyildir. Bir sözlə, məhkəmə bu halda hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Mübahisənin predmeti məzuniyyətin birbaşa uzadılıbuzadılmamasına hüquqi qiymətin verilməsindən ibarət olmuşdur. Bunu görmək üçün iddiaçının işəgötürənə yazdığı həmin müraciəti (ərizəni) baxmaq kifayət edər. Belə ki, işçi hesab etmişdir ki, məzuniyyətdə olduğu müddətdə (müddətin son 1 həftəsində) xəstələndiyi üçün, sonradan xəstəlik kağızı bağlanmasına baxmayaraq orada göstərilən işə çıxmalı olan tarixdə işə çıxmaya bilər, xəstəlikdən əvvəlki məzuniyyəti xəstəlikdən dərhal sonra “uzadılmalıdır” və işəgötürənə yazıb göndərdiyi məlumat (ərizə) onun məzuniyyətinin “uzadılması” üçün kifayətdir. Göründüyü kimi, işçi xəstəlikdən sonra artıq sağalmışdır və işə çıxmalı idi, lakin yenidən məzuniyyətə çıxmağa qərar vermişdir (bu onun dediyi kimi “uzadılma” da sayılmır, çünki onun məzuniyyəti artıq 2 ay bundan əvvəl bitmişdir) və bunun üçün işəgötürənin razılığının olmasına ehtiyac olmadığı qənaətinə gəlmişdir. Qeyd edilənlərdən aydın olur ki, məhkəmə bu məsələdə qəsdən səhv qənaət formalaşdıraraq, işçinin işə çıxmamasının guya onun xəstəliyi ilə əlaqədar olduğunu qətnamədə qeyd etmişdir. Daha sonra məhkəmə növbəti pozuntu kimi işçi ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən (əslində xitam verilmişdir) işəgötürən tərəfindən işçinin şəxsiyyətinin, kollektivdə nüfuzunun, peşəkarlıq səviyyəsinin və s. qanunvericilikdə qeyd edilən faktların nəzərə alınmadığını qeyd etmişdir. Lakin məhkəmənin bu qənaətə niyə və hansı səbəbdən gəldiyi bəlli deyil. Belə ki, hətta məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən bu məsələ qaldırılmış və Bank tərəfindən bildirilmişdir ki, bütün bu hallar işəgötürən tərəfindən nəzərə alınmış, lakin işçi tərəfindən əmək vəzifələri kobud şəkildə bu formada pozulduğu üçün məlum intizam tənbehinin verilməsi qərarlaşdırılmışdır. Hazırkı halda işçinin bütün günü qeyd edilən üzrlü səbəblərdən günlərlə işə gəlməməsi, yəni kobud pozuntu faktının baş verməsi mübahisəsizdir, çünki işçi məzuniyyətini “uzatdığını” işəgötürənə bildirmişdir və əmrdə də səbəb kimi məhz işçinin bütün günü üzrsüz səbəbdən işdə olmaması qeyd edilmişdir. Göründüyü kimi ,əmr əsaslı və qanuni əmrdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.İsgəndərov - sədrlik edən və məruzəçi, V.Sadıqov və M.Rüstəmli) 2(103)-1950/2023 saylı 01 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.2010-cu il tarixli əmək müqaviləsi əsasında Cavabdeh ASC-yə işə qəbul edilmişdir. Daha sonra onkoloji xəstə olduğundan ona İİ qrup əlillik təyin edildiyindən dövri olaraq kimya terapiyası müalicələri almışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 52 gün müddətində məzuniyyətində olmuşdur. Əmrdə işə başlamalı olduğu vaxt xx.xx.2022-ci il tarixi göstərilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlil olduğu üçün səhhətində olan problemlə əlaqədar müalicə almış və bununla bağlı müvafiq xəstəlik vərəqəsi təqdim etmişdir. Belə olan halda məzuniyyətinin son 6 günü (15, 16, 17, 18, 19 və 20 mart 2022-ci il tarixİəri) xəstəlik dövrünə düşmüş və o, xx.xx.2022-ci il tarixdə həmin 6 günün əvəzinə əmək məzuniyyətinin uzadılması ilə bağlı işəgötürənə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə iddiaçının işə gəlməməsini əsas gətirərək xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və iddiaçının işdən azad edilməsi haqqında əmr imzalamışdır. İşin sadalanan hallarından da göründüyü kimi, cavabdeh işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır.

28. Həmin qətnamədən Cavabdeh ASC kassasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instasiyası məhkəməsində icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1950/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

30. Kollegiya qeyd etmişdir ki, məhkəmələr iddiaçının xx.xx.2022-ci il tarixdə “məzuniyyətin uzadılması” ilə bağlı işəgötürənə müraciət etməsini və işəgötürən tərəfindən bununla bağlı müvafiq əmrin verilməsini gözləmədən işə çıxmamasını əsaslı hesab edərkən, işəgötürənin həmin müraciətlə razılaşdığı halda mütləq şəkildə müvafiq əmr verməli olduğunu nəzərdən qaçırmış, bununla bağlı işəgötürənin həmin müraciəti qəbul etməkdən imtina barədə hüququnun olmasını məhdudlaşdırmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinin tələblərini pozmuşlar.

31. İddia tələbinin məzuniyyətdə olduğu vaxt xəstəliyi ilə bağlı müalicə olunduğu 6 gün müddətində ona əlavə məzuniyyət verilməli olması, onun xəstəlik dövrünə təsadüf edən məzuniyyətindən istifadə etməyi üçün ayrıca əmrin verilməsinə ehtiyac olmaması barədə dəlilləri əsassız olmuşdur.

32. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmələr iddiaçının reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə almasını qeyd etsələr də, onun “sol süd vəzinin xərçəngi (2011), skelet sümüklərinə çoxsaylı mts. Kompleks müalicədən sonraki vəziyyət. Proqressivləşmə (2021) (patohistoloji cavab: 12330/11 invaziv duktal karsinoma (T.C.) Er+P+)” diaqnozu ilə kontrol müayinədə xx.xx.2022-ci il tarixdən etibarən Zometa 4mg hər 28 gündən bir, Femara 25 mg/gün olmaqla polikimyəvi müalicə aldığı “Premium klinik”anın, habelə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ambulator müalicə aldığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının “reabilitasiya müəssisəsi və digər reabilitasiya subyekti” olub-olmamasını araşdırmamış, yalnız iddiaçının təqdim etdiyi sübutlara əsasən natamam nəticəyə gəlmişlər.

33. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr iddiaçının reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə almasını qeyd etsələr də, iddiaçının müalicəsinin 07 iyun 2022-ci il tarixdə başa çatmasını, onun həmin tarixdə işə çıxmalı olmasını və işdən azad olunduğu 13 iyun 2022-ci il tarixə kimi müalicədə olmadığını da diqqətdən qaçırmışlar. Eyni zamanda cavabdeh iddiaçının 13 iyun 2022-ci il tarixdə saat 08:48-dən etibarən işdə olmasını qeyd edərək, bununla bağlı barmaqla tanıma skanerindən çıxarış təqdim etsə də, həmin sübut da məhkəmələr tərəfindən araşdırılmamış və münasibət bildirilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsivəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, qanun onu tələb edir ki, reabilitasiyaya gedən şəxslər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən göndərilsin və onun üçün fərdi reabilitasiya proqramı tərtib olunsun. Bank iddiaçının reabilitasiyaya göndərilib-göndərilməməsini araşdırmalıdır. Hətta Agentlik sorğuya cavab məktubunda həmin müəssisələrin reabilitasiya müəssisələri olması barədə cavab vermiş olsa belə bu heç nəyi dəyişmir. Çünki şəxs reabilitasiya müəssisələrinə fərdi qaydada tərtib olunmuş proqram əsasında göndərilməlidir. İddiaçı isə tibbi yardım alır, yəni bir aydan bir müalicə olunur, bu reabilitasiya demək deyildir. Reabilitasiya bərpadır, müalicə isə başqa məsələdir. İddiaçı iddia ərizəsində reabilitasiya müəssisəsi ilə bağlı hallara istinad etdiyi üçün Ali Məhkəmə reabilitasiya müəssisəsinin müəyyənləşdirilməsi məsələsini öz qərarında qeyd etmişdir. Birinci instansiya məhkəməsi öz qərarında həmin halları əsaslandırmadığı üçün Ali Məhkəmə həmin halların təkrar araşdırılması məsələsini qaldırmışdır. İddiaçı tərəfin irəli sürdüyü sorğuya cavab məktubunda cavabdehin xeyrinə olan bir çox məsələlər vardır. Ali Məhkəmədə öz qərarında həmin məqamları qeyd etmişdir. İddiaçının 7-dən 13-ə qədər olan müddətdə reabilitasiya müəssisəsində olub-olmadığını araşdırmaq lazım idi. İkinci isə ondan ibarətdir ki, iddiaçı terapiya alır, kimyəvi dərman terapiyası davam etdirilir. İddiaçı bir neçə ildir ki, terapiya alır, terapiya isə müalicə, reabilitasiya isə bərpa deməkdir. Müalicə alındıqdan sonra insanı reabilitasiyaya göndərirlər, yəni əvvəlki həyatına, işinə bərpa etmək üçün kompleks bərpa tədbirlərin görülməsi üçün. Burada konkret olaraq göstərilir ki, şəxs müalicə alır, bir aydan bir, qırx gündən bir müalicə alır. Daha sonra isə işinə qayıdır. İddiaçı uzun müddət bülletendə olmuşdur, ona çox güzəştlər olmuşdur. İddiaçı 10 avqust 2021-ci ildən 14 yanvar 2022-ci ilə qədər uzunmüddətli xəstəlik vərəqəsi verilmişdir, şəxs 6-7 ay müddətinə işdə olmamışdır. Sorğunun cavabına ehtiyac yoxdur. Çünki oradan gələn cavab bu olacaq ki, həmin yerlər reabilitasiya müəssisəsidir və yaxud deyil. İddiaçı tərəf məhkəməyə sübut təqdim etməlidir ki, həmin müəssisələrə getmək üçün fərdi reabilitasiya planı vardır. Şəxs özü istədiyi vaxt reabilitasiya müəssisəsinə gedə bilməz. Şəxsi Sosial Ekspert Komissiyası çağırmalı, müayinə etməlidir. Daha sonra hər bir şəxsə fərdi reabilitasiya planı hazırlanmalıdır. Fərdi reabilitasiya proqramı elektron formada vurulur, bir nüsxəsi özündə saxlanılır, digər nüsxəsi onların sistemi ilə reabilitasiya müəssisəsinə göndərilir. İddiaçının nə fərdi planı olmuş, nə məhkəməyə təqdim olunmuşdur. Reabilitasiya müəssisələri ilə bağlı Nazirlər Kabinetinin 30 dekabr 2020-ci il tarixli 519 saylı qərarı vardır. Qərarda konkret olaraq reabilitasiya müəssisələrinə hansı hallarda, necə və hansı əsaslarla gedilir. İddiaçı reabilitasiya müəssisələrində olmayıbdır, o uzun illər müalicə almışdır. İddiaçı öz ərizəsində konkret olaraq yazır ki, “mən 15 martda məzuniyyətdə olanda mənim xəstəliyin başlamışdır və ona görə də uzadıram”. Həmçinin bildirmişdir ki, iddiaçı ilə barışığa gəlinməsi mümkün deyildir, birinci instansiya məhkəməsində də barışığa gəlinmədi. İddiaçı işdən çıxarılan dövrdə müalicədə olmamışdır. Qanunvericilikdə məzuniyyətin uzadılması anlayışı yoxdur. 35.Məhkəmə iclasında iştirak edən iddiaçı X7 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-134/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, bülletendə olduğu dövrdə cavabdeh tərəf bülletenin düzgünlüyünün yoxlanılması üçün poliklinikaya sorğu göndərmişdir. Həmin sorğuya cavab verilmişdir ki, bülleten qanunidir. Ona 2015-ci ildən sistem vurulur, 2007-ci ildən onkoloji xəstədir. 2015-ci ildən-2021-ci ilə qədər hazırkı rəhbərlik gələnə qədər onun bülleteni olmayıbdır. O, işlərinin ləngiməməsi üçün 42 günlük məzuniyyət gününü 4 hissəyə bölərək həmin tarixlərdə kimyanı vurdurmuşdur. Cavabdeh tərəf bildirir ki, o, iki il bülletendə olub, o, iki il bülletendə olmamışdır. O, 4 ay bülletendə olmuşdur, səbəbi isə rəhbərlik onu əsəbləşdirirdi ki, işdən çıxmalısan və ona məzuniyyət vermirdi, o, axırda məcbur olaraq bülletenə çıxdı. O, bank üzrə yeganə adamdır ki, Mərkəzi Bankda attestasiyadan keçib, baş əməliyyatçıdır. Onun iki ay kimyaterapiyası gecikdi və nəticədə fəsadları çoxaldı. Müdriyyət onun maaşını azaltdı. O, Türkiyədə əməliyyat olub, əvvəl müalicəni orada götürüb. Daha sonra onu buraya göndəriblər və 2008-ci ildə onkologiyada qeydiyyata düşüb. Hər bir şəxsə 188 gün bülleten verilir. Ona bir ildə 4 ay, digərində isə 3 ay bülleten verilmişdir. O, 42 gün məzuniyyət müddətindən istifadə etməyib. 36.Məhkəmə iclasında iştirak edən iddiaçı X5 nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-134/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Ali Məhkəmə əsas məsələni kənarda qoyaraq reabilitasiya məsələsinə qiymət vermişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəməsinin qərarlarında konkret olaraq X4 Azərbaycan tərəfindən 1993-cü il 3 iyul tarixində ratifikasiya olunmuş illlik ödənişli məzuniyyətə əlavə 52 saylı konvensiyanı nəzərə almışlar. Hüquqlarını müdafiə etdiyi şəxs məzuniyyət istəmir, o, məzuniyyətdə olduğu dövrdə xəstələnir və 1971-ci il tarixli Əmək Məcəlləsinə əsasən əmək məzuniyyətinin müddəti avtomatik olaraq uzadılırdı, hazırda isə həmin norma yoxdur. Hazırda Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarında vardır, lakin işəgötürənlər onu tətbiq etmirlər. Lakin X4 Konvensiyası vardır. İnsana əmək məzuniyyəti sağlamlığını və əmək qabiliyyətini bərpa etmək məqsədilə verilir. Şəxs xəstə olduğu müddətdə sağlamlıq və əmək qabiliyyətini bərpa etmir, onun bir həftə xəstəlik müddəti vardır və işəgötürən həmin müddəti uzatmalıdır. Bütün məzuniyyətlər əmrlə rəsmiləşdirilməlidir, lakin bu uzatmadır, uzatma qanunda nəzərdə tutulmamışdır. Əgər işəgötürən əmək məzuniyyətini uzatmaq istəməsə belə, ƏM-nin 130-cu maddəsinə əsasən işçi müraciət etdiyi halda işəgötürən razı olub-olmamasından asılı olmayaraq ödənişsiz əmək məzuniyyətini verməlidir. Ali Məhkəmənin qərarında Konvensiyanın adı ümumiyyətlə çəkilmir. Qanunvericilikdə reabilitasiya müəssisəsi anlayışı yoxdur. Qanunvericilikdə tibbi reabilitasiya anlayışı vardır, orqanizmin funksiyasının bərpası üçün həyata keçirilən tibbi tədbirlərin məcmusudur. İnsan hospitalda orqanizmin funksiyasının bərpası üçün müalicə alır. İddiaçı hər 28 gündən bir insan kimyaterapiya alır. İşdənazad olunma barədə əmrdə işçinin işin ahənginin pozulmasına, işçinin bunu qəsdən etməsinə dair heç nə qeyd edilməmişdir. İşçi işəgötürəndən əmək məzuniyyətinin 1 həftə müddətinə uzadılmasını, ayın 13-ü işə çıxmasını xahiş etmişdir. İşəgötürən ayın 13-ü işdən çıxmaqla bağlı əmri vermişdir. İşçinin işdənçıxma barədə əmri əsaslandırılmamışdır. Əsaslandırılmış əmr Məcəllənin maddəsinin əmrə köçürülməsi demək deyildir. Əmrdə işin faktiki halları əsaslandırılmalıdır. İddiaçının işlədiyi müddət ərzində heç bir töhməti olmamışdır. O, 28 nömrəli şəhər poliklinikasında 2011-ci ildən onkoloji xəstə kimi qeydiyyatdadır. 2017-ci ildən ona müddətsiz əlillik qrupu təyin edilmişdir, süd vəzinin xərçəngi, çoxsaylı metastas, proqressivləşmə diaqnozu ilə kimyəvi terapiya alır. Hər şey gözqabağındadır. İddiaçını intizam tənbehi qaydasında çıxarıblar. ƏM-nin 186-cı maddəsi ilə çıxarıblar. İddiaçı yeganə əməliyyatçıdır ki, Mərkəzi Bankın attestasiyasından keçmişdir. İddiaçının intizam xətası nədən ibarətdir?! İddiaçı ərizə yazaraq 1 həftəlik xəstəlik müddətinin əmək məzuniyyətinin müddətindən çıxmasını xahiş etmişdir. Konvensiya buna imkan verir ki, əmək məzuniyyətinin daxilində xəstəlik müddəti nəzərə alınmasın. Konvensiyanın tələblərinə əsasən şəxsin xəstəlik müddəti məzuniyyət dövrünə təsadüf etdiyi halda məzuniyyətin müddəti uzadılmalıdır. İddiaçının hələ işə gəlməməsi o demək deyildir ki, o üzrsüz səbəbdən işə gəlməmişdir. İddiaçının üzrlü səbəbi vardır, o xəstədir. Ali Məhkəmə öz qərarında bir dəfə də olsun Konvensiya maddəsinə istinad etməmişdir. Faktiki olaraq cavabdeh tərəf iddiaçını əlillik əlamətinə görə işdən çıxarmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Əmək Məcəlləsinin 79-cu maddəsinin həmin hissəsində “müalicə keçən” sözünü qeyd etmişlər. Fərdi reabilitasiya planını şəxs özü tərtib etmir. Fərdi reabilitasiya planını Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərtib etməlidir. Fərdi reabilitasiya planının tərtib edilməməsi iddiaçının təqsiri deyildir. Şəxs hospital, lisenziya əsasında fəaliyyət göstərən tibb müəssisəsində müalicə almışdır, bu artıq reabilitasiyadır. İddiaçı məzuniyyət müddətində xəstə olmuşdur. İddiaçı kimya terapiyadan sonra gün olmalı imiş, iddiaçı elə bilib ki, həmin müddət ərzində özünə gələcəkdir, lakin həmin müddət ərzində iddiaçı özünə gələ bilmədiyi üçün əmək məzuniyyətinin uzadılmasını xahiş etmişdir. Reabilitasiyanın bu məsələyə aidiyyəyi yoxdur. Şəxs illik ödənişli məzuniyyətə çıxmışdır, məzuniyyət müddətində xəstələnmişdir. Əmək məzuniyyətinə verilmiş anlayışa əsasən o sağlamlığın mühafizəsi və əmək qabiliyyətinin bərpası məqsədilə verilir. Bu müddətdə o kimyaterapiya alır, 1 həftə xəstəlik məzuniyyətində olmuşdur. Həmin müddətdə məzuniyyət öz məqsədinə çatmamışdır. Konvensiya bunu birmənalı olaraq göstərir. Onkoloji xəstələrə münasibətdə istənilən özəl və tibb müəssisəsi reabilitasiya müəssisəsi kimi çıxış edir. Apellyasiya baxışının hədləri

37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 38.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 40.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

41.Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

42.12-ci (“i” hissə) maddəsinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 43.68-ci (1-ci hissə) maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmişəsaslarla və qaydada xitam verilə bilər. 44.70-ci (“ç” bəndi) maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 45.71-ci (2-ci hissə) maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdətutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 46.71-ci (3-cü hissə) maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyənedilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 47.72-ci (a bəndi) maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfatetməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 48.76-cı (1-ci hissə) maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitamnverilə bilər. 49.79-cu (3-cü hissə) maddəsinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla,müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 50.80-ci (1-ci hissə) maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 51.83-cü (1-ci hissə) maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğvedilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 52.110-cu (1-ci hissə) maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 53.133-cü (3-cü hissə) maddəsinə əsasən, əlilliyi olan şəxslərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. 54.134-cü (1-ci, 2-ci hissə) maddəsinə əsasən, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. Əmək qabiliyyəti müvəqqəti itirildikdə, əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə, işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə işçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. 55.135-ci (1-ci hissə) maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 56.138-ci (1-ci hissə) maddəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsiəsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

57. 186-cı (1-ci hissə) maddəsinə əsasən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. 58.186-cı (2-ci hissə) maddəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. 59.187-ci (1-ci hissə) maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidənyazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

60.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

61. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

62.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 63.İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2010-cu il tarixli əmək müqaviləsi əsasında Cavabdeh ASC-yə işə qəbul edilmişdir. Daha sonra onkoloji xəstə olduğundan ona İİ qrup əlillik təyin edilmiş, o, dövri olaraq kimya terapiyası müalicələri almışdır. xx.xx.2022-ci işə çıxmaq şərtilə iddiaçıya 2020-2021-ci iş illərinin əmək məzuniyyətindən 27 gün və 2021-2022-ci iş illərinin əmək məzuniyyətindən 25 gün olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 52 gün məzuniyyət verilmişdir. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlil olduğu üçün səhhətində olan problemlə əlaqədar müalicə almış və bununla bağlı müvafiq xəstəlik vərəqəsi işəgötürənə təqdim etmişdir. İddiaçı müalicə olunduğu 6 gün müddətin məzuniyyətinin son günləri - 15, 16, 17, 18, 19 və 20 mart 2022-ci il tarixlərinə düşməsini nəzərdə tutaraq, müalicədən sonra işə çıxmalı olduğu xx.xx.2022-ci il tarixdə həmin 6 günün əvəzinə onun əmək məzuniyyətinin uzadılması ilə bağlı işəgötürənə müraciət etmiş və işə xx.xx.2022-ci il tarixə kimi çıxmışdır. Həmin tarixdə də 85-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (ƏM-in 72-ci maddəsinin “a” bəndində göstərilən hal) əsasən onun tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. 64.İddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən halları göstərmiş, həmçinin qeyd etmişdir ki, məzuniyyətinin son 6 günü (15, 16, 17,18,19 və 20 mart 2022-ci il tarixləri) xəstəlik dövrünə düşür və həmin 6 gün müddətində ona əlavə məzuniyyət verilməli idi. Bu səbəbdən də onun xəstəlik dövrünə təsadüf edən məzuniyyətindən istifadə etməsi üçün ayrıca əmrin verilməsinə ehtiyac olmamışdır. Cavabdeh - işəgötürən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının işə gəlməməsini əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirərək xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. 65.Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının əmək məzuniyyəti dövrünə təsadüf edən müddətin uzadılması ilə bağlı işəgötürənə məlumat verməsini və bu barədə yazılı müraciət etməsini qeyd edərək, bununla bağlı Əmək Məcəlləsinin 133.3-cü və 134.3-cü maddələrinə istinad etmiş, işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmadığını bildirmişdir. 66.Eyni zamanda məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinə istinad edərək göstərmişdir ki, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 67.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, mülki-hüquq münasibətlərinin iştirakçılarından fərqli olaraq əmək-hüquq münasibətlərinin iştirakçıları bərabər mövqedə deyillər. Bu münasibətlərdə işəgötürən işçiyə münasibətdə daha əlverişli vəziyyətdədir və onun müvafiq hakimiyyət səlahiyyətlərindən istifadə etmək imkanı mövcuddur. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Dünyada əmək qanunvericiliyinin bütün sistemləri, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsi bu təminatlar əsasında hazırlanmışdır. Belə ki, əmək qanunvericiliyinin ilkin vəzifələri də məhz əmək münasibətlərinin iki tərəfinin bərabərsizliyini aradan qaldırmaq və tabeçilik vəziyyətində olan işçini qorumaqdan ibarətdir. 68.Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. 69.Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. 70.Bundan əlavə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi ilə işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının yalnız minimum səviyyəsi təmin edilir. 71.Belə ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən, növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir. 72.Azərbaycan Respublikası Milli Məclisinin 27 yanvar 1993-cü il tarixli, 467 nömrəli Qanunu ilə ratifikasiya edilmiş X4 04-24 iyun 1936- cı il tarixlərində Cenevrə şəhərində keçirilmiş 20-ci sessiyasında qəbul edilmiş “X1” 52 nömrəli Konvensiyasının (1970-ci ildə yenidən işlənmiş) 2-ci maddəsində göstərilir ki, xəstəlik nəticəsində işdəki fasilələr ödənişli illik məzuniyyət müddətinə daxil edilmir. 73.İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdə “məzuniyyətin başqa vaxta keçirilməsi” ilə bağlı işəgötürənə müraciət etmiş və işəgötürən tərəfindən bununla bağlı müvafiq əmrin verilməsini gözləmədən işə çıxmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 74.Əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, işçi məzuniyyətlərdən istifadə etmək hüququna malikdir. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əlilliyi olan şəxslərə əmək məzuniyyəti isə arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.(ƏM 133, 134, 135 və 138-ci maddələri) 75.Sadalanan maddələrin məzmunundan göründüyü kimi, işçiyə verilmiş əmək məzuniyyətinin başqa vaxta keçirilməsi tərəflərin qarşılıqlı razılığı əsasında həm işəgötürənin həm də işçinin təşəbbüsü ilə mümkündür. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsinə səbəb olan hər bir konkret halı buna təşəbbüskar olan tərəf əsaslandırmalıdır. İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi onun təşəbbüsü ilə əmək məzuniyyətlərinin başqa vaxta keçirilməsinə əsas olan hallardan biridir. Qeyd edilməlidir ki, qanunverici “əmək məzuniyyətinin uzadılması” deyil “əmək məzuniyyətinin başqa vaxta keçirilməsi” anlayışını “əmək məzuniyyətinin verilməsi” anlayışından ayıraraq aydınlıq gətirir, əmək məzuniyyətinin başqa vaxta keçirilməsinin cari ildə əmək məzuniyyətinin verilmə növbə cədvəlində nəzərdə tutulan vaxtın bir aydan (cari iş ilindən) başqa aya (cari iş ilinə), habelə növbəti təqvim iş ilinə keçirilməsi başa düşülməli olduğunu qeyd edir. 76.Beləliklə işçi məzuniyyətdə olduğu zaman əmək qabiliyyətini itirdiyi halda illik məzuniyyəti başqa vaxta keçirməsi hüququnu əldə edir və bu hüququnu məzuniyyəti davam etdirmək və ya təxirə salmaq arzusunu ifadə edən ərizə verməklə həyata keçirir. İşəgötürən isə, öz növbəsində, bütün detalları, o cümlədən əmək məzuniyyətinin başqa vaxta keçirilməsinə əsas olan hallarını göstərən müvafiq əmr verir. 77.Hazırki işin materiallarından göründüyü kimi İİ qrup əlilliyi olan iddiaçı məzuniyyətinin son 6 günü (15, 16, 17,18,19 və 20 mart 2022-ci il tarixləri) xəstəlik dövrünə düşdüyünə, həmin 6 gün müddətində ona əlavə məzuniyyət verilməli olduğuna, bununla bağlı işəgötürənin adına yazılı qaydada müraciət etdiyinə, bu barədə xəstəlik vərəqəsini təqdim etdiyinə istinad edir. Beləliklə müəyyən edilir ki, iddiaçı məzuniyyət günlərinin başqa vaxta keçirilməsinə səbəb olan halı təşəbbüskar olan tərəf kimi əsaslandırmışdır. 78.Cavabdeh isə öz növbəsində həmin əsaslandırmanı qəbul etməsinin mümkünsüz edən əsasların mövcudluğuna istinad etmədən buna razılıq verməmiş, qanunla müəyyən edilmiş qaydada qeyd edilən ərizəyə əsasən sənədləşdirmə işlərini aparmamışdır. Halbuki işəgötürən məzuniyyət müddətinin başqa vaxta keçirilməsinin işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulub-pozulmayacağını və ya mülkiyyətçinin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyib-dəyməyəcəyini, imtinanın işçinin istirahət hüququnun pozulmasına səbəb olub-olmayacağını araşdırmamışdır. 79.Kollegiya onu da bildirir ki, əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə ən ağır tənbeh tədbiri olan əmək müqaviləsi ləğv edilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalı, mümkün olduqda istinad olunan pozuntularla bağlı işçinin dinlənilmək hüququ təmin edilməlidir. Buna baxmayaraq əmr verilən günü iddiaçıya izahat verilməsi təklif edilmiş, daha sonra izahat verməkdən imtina edilməsi barədə akt tərtib edilməklə əmək müqaviləsinə xitam verilməsi əmr edilmiş, iddiaçı, ona istinad olunan əmək pozuntuları ilə bağlı dinlənilmək və öz dəlillərini bildirmək imkanı təmin edilməmişdir. 80.Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı İİ qrup əlilliyi olan şəxsdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci və 25.2-ci maddələrinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əmək haqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin bu Qanunda tənzimlənməyən digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 133-cü maddəsinin üçncü hissəsinin dördüncü abzasına görə də əlilliyi olan şəxslərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. 81.Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, iddiaçı növbəti ödənişli məzuniyyət müddətində əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar əmək qabiliyyətini itirdiyi günlərin sayına uyğun olaraq məzuniyyəti başqa vaxta keçirmək hüququna malik olmuş, növbəti məzuniyyəti uzatmaq hüququndan sui-istifadə etməmiş, əmək qabiliyyətini müvəqqəti itirməsi barədə işəgötürənə vaxtında məlumat vermək üçün müvafiq tədbirləri görmüş, yəni öz iradəsini müvafiq ərizə verməklə işəgötürənə bildirmiş, bununla da əmək qanunvericiliyinin hər hansı pozuntusuna yol verməmiş, üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. 82.Bu şəraitdə işəgötürənin işə çıxmamağa görə intizam tənbehi tətbiq etmək üçün heç bir qanuni əsası yox idi. Əks yanaşma Əmək Məcəlləsinin 135-ci maddəsinin tələblərinə zidd olacaqdır. Belə ki, həmin maddəyə görə işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 83.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinə etməkdə haqlı olmamışdır. Bununla da iddiaçının məhkəməyə təqdim etdiyi arayışlarda qeyd olunan, onun xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı ambulator qaydada polikimyəvi müalicə (kimyaterapiya) aldığı tibb müəssisələrinin müvafiq Qaydaların tələbinə uyğun olaraq “reabilitasiya müəssisəsi və digər reabilitasiya subyekti” olub-olmamasının araşdırılmasına ehtiyac qalmadığı müəyyən edilir. 84.Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 85.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

86. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 87.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-134/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar