Məhkəmə qərarları › İş №2(103)-4334/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4334/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4334/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-375/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh 14000 manat məbləğdə pulun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(011)- 375/2023 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh 8802 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə kirayə haqqının müəyyən edilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 350 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi, 100 manat məbləğdə ekspertiza tədqiqatının dəyərinin Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dostu mərhum X5 ikinci həyat yoldaşıdır. Mübahisəli bağ evi Cavabdeh atasından qeyri-rəsmi miras əmlak kimi qalmış və iddiaçının köməkliyi ilə onun adına 2021-ci ildə rəsmiləşdirilmişdir. İddiaçı yaşadığı evi 2014-cü ildə satmış və rayona köçüb getmək qərarına gəlmişdir. Əlində 40 min manatdan artıq pulu olmuş, rayonda ev tikib, sonrakı ömrünü orada yaşayıb başa vurmaq fikrində olmuşdur. Cavabdeh həyat yoldaşı rəhmətə getmiş və maddi imkanları da çox aşağı olmuşdur. Mübahisə predmetinə çevrilmiş ərazi onların bağ sahəsi olmuş, orada mövcud olan tikililər bərbad vəziyyətdə olmuşdur. Yaşamaq üçün heç bir şərait olmamışdır. Cavabdeh təklifi ilə qarşılıqlı razılaşma əsasında həmin bağ evinin bir otağını iddiaçı öz hesabına təmir etdirməklə yaşayış üçün yararlı vəziyyətə salmaq və ümumi həyətdə kommunal şəraiti yaratmaq müqabilində 10 il müddətində yəni 01 sentyabr 2016-cı ildən 01 sentyabr 2026-ci il tarxinə kimi həmin evdə yaşamağa icazə verilməsini öhdəsinə götürməsi barədə şifahı müqavilə bağlamışlar. Həmin bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz hesabına təmir etdirərək 2016-cı ildən başlayaraq orada yaşamışdır. Evin təmirinə 31.000 manat, həyətin təmirinə isə 4.200 manat vəsait xərcləmişdir. Həmin evin təmir işlərini elektrik ustası X1, dam, su quyusu, su anbarı, kafel, metlax, suvama, divar kağızı işlərini isə X6 işləmişdir. Tikinti materiallarını və lazımı avadanlıqları da ustalar almış pulunu isə iddiaçı vermişdir. Həmin evə mətbəx, istilik sistemi, yataq mebeli və hava soyuducusu və mətbəx soyuducusu, paltaryuyan, qaz plitəsi, qaz peçi, aspirator hava təmizləyicisi kimi avadanlıqları da iddiaçı almışdır. 2016-cı ilin sentyabr ayının 1-dən köçüb orada yaşamağa başlamışdır və bu gün də orada yaşayır. Bütün bu müddət ərzində aralarında heç bir münaqişə və ya narazılıq olmamışdır. Bu yaxınlarda Cavabdeh, ola bilsin bağı satmaq fikrinə düşərək, birdən-birə iddiaçının evdən çıxmasını tələb etməyə başlamış və iddiaçının etirazından sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbini həmin mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışın tərəfindən alınaraq ona verilməsi ilə izah edir. Cavabdeh iddia ərizəsində həmin evdə yaşadığına görə ona icarə haqqı ödəməkdən imtina etməsi barədə qeyd etməsi yalandır. Belə ki, aralarında belə bir razılıq olmamışdır. Evin təmirinə xərclədiyi pul vəsaiti yaşayacağı 10 il üçün icarə haqqı kimi hesablanmalı idi. Bu hər ikisinin razılığı əsasında şahidlərin iştirakı ilə olmuşdur. Razılığa əsasən 01 sentyabr 2026-cı ilə qədər həmin mənzildən istifadə edərək orada yaşamalıdır. Bu onların şifahi olaraq aralarında bağlanmış müqavilənin tələblərindən irəli gəlir. Əks halda Cavabdeh yaşamadığı aylar və illərə görə təmirə xərclədiyi vəsaitin yaşadığı illər üzrə icarə haqqı çıxılmaqla qalan hissəsini iddiaçıya geri qaytarmalıdır. Onun evinə 35 min manatdan artıq pul vəsaiti xərcləmişdir. Bir halda ki, o aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmasını tələb edir, iddiaçı da ondan onun evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malikdir və istifadə etdiyi müddətin pulunu çıxmaqla ondan 14.400 manat pulun geri qaytarılmasını tələb edir. Həmin ünvanda bir otaqlı evin icarə haqqını aylıq 300 manat məbləğində qəbul edərək 01 sentyabr 2026cı il tarixə kimi qalan 48 aya görə iddiaçıya 14.400 manat pul geri qaytarılmalıdır.

3. Qətnamədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 16.1, 21.1, 21.2, 135.4, 135.10, 157.6, 157.7, 157.8, 329.2, 329.3, 329.4, 386.1, 560.1, 560.2, 560.3.4, 1091.1, 1091.2, 1092.2, 1092.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 103.1 və 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin mövcud olması və ya belə bir razılaşmanın olması hissəsinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, tərəflər arasında evin abadlaşdırılması qarşılığında, iddiaçının bağ evində kirayəçi kimi yaşaması və onlar arasıında icarə münasibətlərinin yaranmaması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə öz əksini tapmışdır. Həmin hal isə hazırkı məsələnin həllində preyudisial xarakter daşıyır. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin bağ evinə qoyulmuş ayrıla bilən əşyaları (məsələn, paltaryuyan, yataq mebeli, aspirator və digər əşyalar) iddiaçı özündə saxlaya və ya bağ evindən apara bilər. Cavabdeh tərəfin ayrıla bilən yaxşılaşdırmaların iddiaçının özü ilə aparmasına etiraz etmədiyini əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrdə öz təsdiqini tapır. İddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını icarə münasibətləri deyil, məhz onun təmirə qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələblərinə ödənilməmiş kirayə haqqını əvəzi kimi deyil, yaxşılaşdırma işlərinin görülməsi üçün qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdr. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ekspert rəyinə əsasən müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğdə pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e2(008)4907/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı bağ evindən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 22 ünvanda yerləşən evdən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır;- "xxxx" MMC tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 059/Mİ/23 nömrəli qiymətləndirmə işinə dair hesabata əsasən, fərdi yaşayış evinin 02 mart 2023-cü il tarixə aylıq kirayə haqqı 500-700 manat təşkil edir;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 10/691 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016- cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8802 manat məbləğdə olduğu müəyyən edilmişdir;- Şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçıı 1990-cu ildən, Sevda xanımın ailəsini isə 1995-ci ildən tanıyır. Özü təmir ustasıdır. Evin təmirinə başlamazdan əvvəl Sevda xanım bildirmişdir ki, əgər Cəbrayıl evi təmir etmirsə, öz hesabına təmir edə bilməz. Çünki, bağ evini təmir etməyə imkanı yoxdur. Həmin bağ evi pis vəziyyətdə idi və evə baxanda görünürdü ki, 40-50 ildir ki, ev təmir edilməmişdir. İddiaçı isə evi təmir etmək istəmir və rayona köçüb yaşamaq istəyirdi. Evin təmirinə təxminən 25600 manat məbləğində pul xərclənmişdir. Hamama, mətbəxə və evin böyük otağına istilik xətləri çəkmişdir. Evin təmirindən Sevda xanımın da məlumatı olmuşdur. Hətta Sevda xanım ona sonradan digər otaqlara da istilik xətlərinin çəkilməsinin mümkün olub-olmamasını soruşmuşdur. O evin təmirinə dair işlərini bitirdikdən sonra İddiaçı evə dair məişət avadanlıqları, soyuducu, televizor və kondisioner almışdır. Evin təmirinə isə 2015-ci ildə başlamışlar və 2016-cı ilin avqust ayında evin təmiri bitmişdir. Bağ evi bərbad vəziyyətdə olmuşdur. Hətta evin qarajını boşaldan zaman Sevda xanım oğlu ilə birlikdə iştirak etmiş və yorğanın içində pişiyin ölüsü tapılmışdır. Ev təmir edilən zaman hər həftənin şənbə və ya bazar günü evə baş çəkmiş və evin təmir olunduğunun şahidi olmuşdur. Hətta evin anteni xarab olmuş və Sevda xanıma evin antenin təmiri üçün pilləkanla yuxarı qalxdığı zaman, pilləkanın aşmaması üçün tutmasını bildirmişdir və o, da ona kömək etmişdir. İddiaçı 2016-cı ilin sentyabr ayından evdə yaşamağa başlamışdır. Evin təmiri bitdikdən sonra qonaqlıq olmuşdur. O da qonaqlıqda iştirak etmişdir. Həmin vaxt Sevda xanım Cəbrayıla evdə yaşadığına görə nə qədər kirayə pulu ödəcəyini soruşmuşdur. Buna cavab olaraq da Cəbrayıl Sevda xanıma aralarında razılaşma olduğunu, evin təmir edilməsinə görə 10 il həmin evdə qalacağını və pul ödəməyəcəyini bildirmişdir. Həmçinin Cəbrayıl bildirmişdir ki, əgər aylıq pul ödəyəcəyəksə, indidən etdiyi təmir xərcinin əvəzini ona ödəsin. Buna cavab olaraq da Sevda xanım onunla zarafat etdiyini bildirmişdir. İki mərtəbəli bağ evi idi. İkinci mərtəbədə mətbəx olmamışdır. Ancaq birinci mərtəbədə mətbəx var idi. Orada zibillə dolu idi. Evdə yaşamaq üçün şərait yox idi; - şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cəbrayıl və Sevda ilə onu dostu Sergey tanış edib. Sevdaya məxsus evin elektrik işlərini görmüş, ev təmir olunarkən Sevda gəlib təmirin gedişi ilə maraqlanırdı. Evin təmirini Cəbrayıl sifariş etmiş, həmçinin təmir materiallarını və usta xərclərini Cəbrayıl qarşılamışdır. Evin təmiri 2015-ci ildə baş tutmuşdur və 9 ay çəkmişdir. Ev yararsız vəziyyətdə idi. Evdə 2 nəfər, Sergey və o işləmişdir. Evin təmirinə Cəbrayıl 25000 manatdan çox pul xərcləmişdır. Təmirin bitməsini o, Sergey, Sevda və Cəbrayıl qeyd edirdi. Sevda zarafatla Cəbrayıldan soruşmuşdur ki, aylıq ona nə qədər pul ödəyəcək. Cəbrayıl cavab vermişdir ki, hansı puldan söhbət gedir, artıq onlar bu məsələni öz aralarında razılaşdırmışlar. Cəbrayılın evin təmirinə xərclədiyi pul aylıq kirayə haqqı kimi bölünməli idi və o, orada razılaşmaya uyğun 10-12 il yaşayacaqdı. Cəbrayıl ilə Sevda öz aralarında razılaşıblar. Razılaşma vaxtı o, həmin şəxslərin yanında olmamışdır;- şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, qonşu bağ evində mühafizəçi işləyir. Mübahisəli evdə Sevda və onun əri yaşayırdı. Evi Cəbrayıl təmir etdirdi və hal-hazırda orada yaşayır. Evin həyətini o təmir etmişdir. Təmir vaxtı Sevda və onun oğlu evə gəlirdilər, təmirdən sonra da gəliblər. Köhnə ev idi. Cəbrayıl evin sanitar qovşağını, həyəti təmir etdirmiş, otağın divar kağızını dəyişmiş və digər işləri də görmüşdür. Ümumilikdə evin təmirinə 25000-30000 manat pul xərcləmişdir. Cəbrayıl həyətin təmirinə 4200 manat pul xərcləmiş və usta haqqı kimi ona 800 manat pul vermişdir. Təmir materiallarının pulunu da Cəbrayıl vermişdir;- şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Cəbrayıla evdə yaşamağa müvəqqəti icazə vermişdir. Daha sonra onların xəbəri və razılığı olmadan evdə təmir işləri aparmışdır. Onlara məxsus evdə yaşamağı Cəbrayıl təklif etmişdir. Ev təmirdən əvvəl normal vəziyyətdə olmuş, orada gəlib yaşamışlar. Təmir vaxtı evə gəlməmişlər.

5. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5573/2023 nömrəli, 28 noyabr 2023cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1267/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5573/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.6, 157.7, 385.1, 385.2, 386.1, 560.1, 560.2, 560.3.4, 456, 1091.1, 1091.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 106.1, 217.1, 217.3, 217.4, 407.2, 416.1, 416.2, 417.1.3, 418.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunun həmin normasının tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Bu səbəbdən də apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı iddia tələbində cavabdehin sahiblik və istifadəsində olmuş Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 22 ünvanda yerləşən bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz vəsaiti hesabına təmir etdirməklə yaşayış üçün yararlı vəziyyətə salmaq müqabilində 10 il müddətində, yəni 01 sentyabr 2016-cı ildən 01 sentyabr 2026-ci il tarixinə kimi həmin evdə yaşamağa icazə verilməsi barədə cavabdehlə şifahı müqavilə bağlamasını, razılaşmalarına görə evin təmirinə xərcləyəcəyi pul vəsaitinin yaşayacağı 10 il üçün icarə haqqı kimi hesablanmalı olmasını, həmin bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz hesabına təmir etdirərək, evin təmirinə 31.000 manat, həyətin təmirinə isə 4.200 manat vəsait xərcləməsini, evə mətbəx, istilik sistemi, yataq mebeli və hava soyuducusu və mətbəx soyuducusu, paltaryuyan, qaz plitəsi, qaz peçi, aspirator-hava təmizləyicisi kimi avadanlıqları da almasını, 01 sentyabr 2016-cı il tarixdən başlayaraq iddianı qaldırdığı 18 oktyabr 2022-ci il tarixə kimi orada yaşamasını, evin mülkiyyət hüququnu təsdiq edən çıxarışın tərəfindən alınaraq cavabdehə verilməsindən sonra cavabdehin onun evdən çıxarılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməsini, cavabdehin iddia ərizəsində həmin evdə yaşadığına görə ona icarə haqqı ödəməkdən imtina etməsi barədə qeyd etməsinin yalan olmasını, cavabdehlə aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmasını tələb etdiyinə görə onun da cavabdehdən evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını, istifadə etdiyi müddətin pulunu çıxmaqla ondan 14.400 manat pulun geri qaytarılmasını tələb etdiyini, həmin ünvanda bir otaqlı evin icarə haqqını aylıq 300 manat məbləğində qəbul edərək 01 sentyabr 2026-cı il tarixə kimi qalan 48 aya görə ona 14.400 manat pulun geri qaytarılmalı olmasını qeyd edərək, cavabdehdən həmin məbləğdə pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin birinci və apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən bağ evinin cavabdehin mülkiyyətində olması, iddiaçının 2016-cı ildən həmin evdə (bağ evində) yaşayaraq orada təmir işləri aparması işin mübahisəsiz halıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək 5 il müddətinə iddiaçıya evində yaşamasına icazə verdiyini, lakin evi onun icazəsi olmadan təmir etməyə başlamasını, evdə təmir işlərinin aparılmasından məlumatının olmamasının, bu halın ona sonradan məlum olmasını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı əldə olunmuş məhkəmə tikinti-texniki ekspertiza rəyi ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi qismən təmin edərək, Cavabdeh ekspert rəyinə uyğun olaraq 8.802 manat məbləğdə pulun tutularaq iddiaçının xeyrinə ödənilməli olması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının bağ evində kirayəçi kimi yaşaması və onlar arasında icarə münasibətlərinin yaranmaması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022- ci il tarixli qətnaməsi ilə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə öz əksini tapmışdır. Həmin hal isə hazırkı məsələnin həllində preyudisial xarakter daşıyır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin bağ evinə qoyulmuş ayrıla bilən əşyaları (məsələn, paltaryuyan, yataq mebeli, aspirator və digər əşyalar) iddiaçı özündə saxlaya və ya bağ evindən apara bilər. Cavabdeh tərəfin ayrıla bilən yaxşılaşdırmaların iddiaçının özü ilə aparmasına etiraz etmədiyini əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında öz təsdiqini tapır. İddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını icarə münasibətləri deyil, məhz onun təmirə qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələblərinə ödənilməmiş kirayə haqqının əvəzi kimi deyil, yaxşılaşdırma işlərinin görülməsi üçün qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdr. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərini araşdırmadan, birinci instansiya məhkəməsinin əsaslandırmasına istinadən belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə tərəflərin əvvəlki məhkəmə mübahisəsi – Cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair iş üzrə qəbul edilmiş məhkəmə aktlarında müəyyən edilmiş faktiki hallar hazırkı iş üzrə də müəyyən edilmiş hallar kimi qiymətləndirilməlidir. Bunun əksini iddia etmək üçün hər hansı əsas da mövcud deyil. Həmin iş üzrə qəbul edilən məhkəmə aktlarında müəyyən edilmiş hal isə ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair orada yaşamaq, evdən istifadə etmək barədə hər hansı razılaşmanın olmamasıdır. Sözügedən işdə olduğu kimi, bu iş üzrə də İddiaçı Cavabdeh ilə aralarında kirayə münasibətləri ilə bağlı şifahi razılaşma olduğunu iddia etsə də, iddiasının faktiki əsasını evin təmirinə çəkdiyi xərclərin tələb edilməsi üzərində qurmuşdur. Birinci instansiya məhkəməsi hazırkı iddianın faktiki halları baxımından, təmirə çəkilmiş xərclərin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin qənaətinə görə hazırda qeyd edilən təmir öz əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd etmişdir ki, hazırkı mübahisəyə köhnəlmə əmsalı tətbiq edilə bilməz ona görə ki, iddiaçı məhz təmirə görə çəkdiyi xərcləri, yəni uğradığı zərərin məbləğini tələb edir. Həmin məbləğ isə iş üzrə alınmış ekspert rəyi ilə müəyyənləşdirilmişdir. Təmir hazırda bəzi detallara münasibətdə köhnəlsə belə, bu iddiaçının məruz qaldığı zərərin məbləğini dəyişdirmir. Hazırki iş üzrə tərəflərin iştirak etdikləri və hazırda qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh ilə arasında 10 il ərzində evin abadlaşdırılması müqabilində orada yaşamağa icazə verilməsinə dair razılaşma barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsi müəyyən edilmiş, İddiaçı Cavabdeh mülkiyyətində olan bağ evindən istifadə etmək, orada yaşamaq üçün hər hansı qanuni və ya müqavilə əsasının mövcudluğu isə iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda həmin qətnamələrlə müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbində evi İddiaçı müvəqqəti yaşamaq üçün verməsini, 2016-cı ilin sentyabr ayından İddiaçı həmin ünvanda yaşamağa başlamasını, sonuncu ilə razılaşmalarına əsasən onun kirayə pulu verməli olmasını qeyd etməklə, evi ona müəyyən müddətə kirayəyə verməsini də qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan qətnamələrə əsaslanaraq, birinci və apellyasiya instansiya məhkəmələrinin iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair orada yaşamaq, evdən istifadə etmək barədə hər hansı razılaşmanın olmaması barədə gəldikləri nəticəni əsassız hesab edir. Əslində isə qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan qətnamələrə əsasən iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair kirayə münasibətlərinin olması istisna olunmur. Yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən hal, həmin münasibətlərin 10 il ərzində evin abadlaşdırılması müqabilində iddiaçıya orada yaşamağa icazə verilməsinə dair razılaşma barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsi ilə bağlı olmuşdur. Hazırkı iş üzrə iddia tələbindən isə görünür ki, iddiaçı iddia tələbində evin bir otağının və ümumi kommunal xidmət yerlərinin təmirinə görə 35.200 manat pul xərclədiyini qeyd etsə də, çəkdiyi həmin xərcləri bütünlüklə deyil, yalnız evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan 4 il müddətə görə hesabladığı 14.400 manat pulun geri qaytarılmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyinə əsasən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə aylıq kirayə haqqının 500-700 manat təşkil etməsi, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertiza rəyi ilə isə, evdə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmiş, iddiaçı isə nə kirayə haqqının, nə də ekspert rəyində qeyd olunan evin bazar qiymətinin məbləğini mübahisələndirməmişdir. Göründüyü kimi iddiaçı iddia tələbində evə çəkdiyi xərci bütünlüklə deyil, evdə hələ yaşamadığı müddət üçün olan 4 illik dövr üzrə müəyyənləşdirilmiş məbləğin tutulmasını tələb edir. Belə olan halda isə iddiaçının uğradığı zərərin məbləği, onun tələb etdiyi müddətə görə müəyyən olunan məbləğlə məhdudlaşır. Məhkəmələr işə baxarkən iddiaçı və cavabdeh arasında olan münasibətlərin evə çəkilmiş təmir xərcləri ilə bağlı olduğunu, iddiaçının cavabdehə məxsus bağ evində onun razılığı ilə yaşamasını qəbul etsələr də, tərəflər arasında həqiqi münasibətin nədən ibarət olmasını, iddiaçı tərəfindən bağ evinin təmirinə 8.802 manat məbləğində xərclərin çəkilməsinin səbəblərini araşdırmamış, ümumiyyətlə, iddiaçı tələbində evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan 4 il müddətə görə xərclədiyi məbləğin geri qaytarılmasını tələb etdiyi, evin tikinti-təmir və quraşdırma işləri üçün 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat, aylıq kirayə haqqı 500-700 manat olduğu halda, həmin məbləğlər nəzərə alınaraq iddiaçının evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan müddətə görə xərclədiyi məbləğinin nə qədər təşkil etməsini aydınlaşdırmamış, işin müəyyən edilmiş halları baxımından cavabdehin dəlillərini qiymətləndirməmiş, ekspert tərəfindən müəyyən edilmiş 8.802 manat məbləğində pulu iddiaçının xeyrinə bütünlüklə tutmaqda səhvə yol vermişdir. Halbuki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib düzgün yoxlamamış, qanuni qüvvəyə minmiş qətnamələrlə müəyyən edilmiş işin hallarına düzgün hüquqi qiymət verməmiş, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Birinci instansiya məhkəməsi qətnamədə iddiaçının sonradan iddia tələbininin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 27.000 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdiyini qeyd etsə də, iş materiallarında iddiaçının bu məzmunda ərizəsi mövcud deyil. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddianın qismən təmin olunduğunu qeyd etsə də, nəticə hissəsində iddianın təmin edilməsini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi isə həmin ziddiyyətləri aradan qaldırmaqla bağlı hər hansı araşdırma aparmamış, qeyd olunan hallara hüquqi qiymət verməmişdir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

8. Cavabdeh apellyasiya şikayəti vermişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.2, 780.1, 1087.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqe ilə qətnamə qəbul etmişdir. Belə ki, ilk öncə işin faktiki hallarından əvvəl qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsinin hazırkı iş üzrə tədbiq edilməsi tamamilə səhvdir və bu işlə onun heç bir əlaqəsi olmamış, habelə həmin iş üzrə tərəflərin hansı münasibətlərdə olması məsələsi ümumiyyətlə aydınlaşdırılmadan heç bir hüququ qiymət verilməmiş, habelə sözgüdən iş qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, iddiaçının iddiasının predmeti olan 14.400 manat vəsait iddiaçının 4 ili üçün yəni iddia qaldırdığı dövrə olan yerdə qalan müddət olmaqla yaşamadığı dövr üçün pul tələbi olmuş, lakin, məhkəmə isə iddia tələbində göstərilənlərə əhəmiyyət verməyərək və iddia tələbində nəzərdə tutulmayan əsaslarla iddiaçının tələb etmədiyi 2016-cı il tarixə olan təmir işlərinin əvəzini tutmuşdur. Hansı ki, iddiaçı həmin pulun tutulmasını yəni qoyduğu yaxşılaşdırmanı yox, yerdə qalan yaşamadığı müddət üçün olan dövr üzrə pulun tutulmasını xahiş etdiyi halda məhkəmə işin hallarına düzgün qiymət verməyərək, tərəflər arasında yaranmış münasibətləri təhrif edərək, qanunsuz qətnamə qəbul etmişdir. Hansı ki, tərəflər arasında olan münasibətlər xarakterinə görə kirayə münasibətləri olmaqla iddiaçı tərəfindən 2016-cı ildə aparılmış təmir işlərini, öz yaşayışı üçün edilmiş, yəni həmin yaxşılaşdırmalar məhz iddiaçının öz istifadəsi üçün edilməsi və həyat şəraitini yaxışlaşdırmaq niyyəti ilə edilməklə, hazırkı tarixə kimi, həmin təmir işlərinə uyğun olaraq iddiaçı tərəfindən istifadə edilir. Başqa sözlə deyilsə, nəzərə alınsa ki, müvafiq olaraq 2016-cı il tarixə olan təmir xərcinin dəyəri 8.802 manat məbləğdə olmuş hazırda üzərindən keçən müddət ərzində, yəni 7 il ərzində həmin təmirdən iddiaçının özü istifadə etdiyi halda həmin təmirin hazırkı dövrə olan amortizasiyası nəzərə alındıqda qeyd edilən təmirin tamamı ilə əhəmiyyətini itirdiyi açıq aşkardır. Çünki, mövcud praktikaya əsasən orta təmir müddəti 8-10 il arası təşkil edir, hazırda cavabdehin qeyd edilən təmirdən hər hansı bir fayda əldə etdiyi müəyyən edilmir. Məhkəmənin artıq əhəmiyyətini və vəziyyətini itirmiş təmir xərcinə görə, hansı ki, iddiaçının tələbi bununla bağlı olmamasına baxmayaraq cavabdehdən pul tutması tamamilə anlaşılmaz olmaqla qəbul edilməzdir. Nəticə etibarı ilə iddiaçı qeyd edilən evdə 7 il yaşamaqla hər hansı bir kirayə pulu ödəməmiş, hazırda da qeyd edilən evi tərk edəcəyi halda müvafiq olaraq cavabdeh üçün heç bir maddi dəyəri olmayan və əhəmiyyətini itirmiş təmirə görə 2016-cı il təmir xərcinin tutulması isə qəbul edilməzdir. Məhkəmə düzgün olaraq ekspertiza rəyini mötəbər sübut kimi qəbul etsə də bu məbləği bütövlükdə deyil qalan müddət üçün tələb edilməsini nəzərdən qaçırmışdır Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

9. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş, etirazda qeyd etmişdir ki, aşağıda göstərilən hallara görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 375/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız hesab olunmaqla təmin olunmamasını və qətnamənin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş edir. Belə ki, onun iddia tələbiylə bağlı hüquqi məsələlərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Cavabdehlə aralarında yazılı olmasa da, şifahi müqavilə bağlandığı birmənalı olaraq təsdiq olunur. Cavabdeh iddia edir ki, guya o, onun bağ sahəsinə onun razılığı olmadan daxil olmuş və orada özbaşına olaraq tikinti-təmir işləri aparmışdır. Guya tərəflər arasında bununla bağlı heç bir razılaşma olmamışdır və orada yaşadığı müddətə görə icarə haqqı ödəməlidir və icarə haqqı apardığı təmir xərclərindən tutulmalıdır. Belə çıxır ki, onlara məxsus bağ evində uzun müddət apardığı tikinti işlərindən və 6 il orada yaşamağından cavabdehin və ailə üzvlərinin heç bir xəbərləri olmamışdır. İndi isə ondan mənzil icarə haqqı tələb edirlər. Məhkəmə haqlı olaraq onların məsələyə bu cür münasibətini rədd etmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Lotfı Cəbrayılı 1990-cu ildən, Sevda xanımın ailəsini isə 1995-ci ildən tanıyır. Özü təmir ustasıdır. Evin təmirinə başlamazdan əvvəl Sevda xanım bildirmişdir ki, əgər Cəbrayıl evi təmir etmirsə, öz hesabına təmir edə bilməz. Çünki, bağ evini təmir etməyə imkanı yoxdur. Həmin bağ evi pis vəziyyətdə idi və evə baxanda görünürdü ki, 40-50 ildir ki, ev təmir edilməmişdir. Lotfı Cəbrayıl isə evi təmir etmək istəmir və rayona köçüb yaşamaq istəyirdi. Evin təmirinə təxminən 25.600 manat məbləğində pul xərclənmişdir. Hamama, mətbəxə və evin böyük otağına istilik xətləri çəkmişdir. Evin təmirindən Sevda xanımın da məlumatı olmuşdur. Hətta Sevda xanım ona sonradan digər otaqlara da istilik xətlərinin çəkilməsinin mümkün olub-olmamasını soruşmuşdur. O evin təmirinə dair işlərini bitirdikdən sonra Cəbrayıl Lotfı evə dair məişət avadanlıqları, soyuducu, televizor və kondisioner almışdır. Evin təmirinə isə 2015-ci ildə başlamışlar və 2016-cı ilin avqust ayında evin təmiri bitmişdir. Bağ evi bərbad vəziyyətdə olmuşdur. Hətta evin qarajını boşaldan zaman Sevda xanım oğlu ilə birlikdə iştirak etmiş və yorğanın içində pişiyin ölüsü tapılmışdır. Ev təmir edilən zaman hər həftənin şənbə və ya bazar günü evə baş çəkmiş və evin təmir olunduğunun şahidi olmuşdur. Hətta evin anteni xarab olmuş və Sevda xanıma evin antenin təmiri üçün pilləkanla yuxarı qaldığı zaman, pilləkanın aşmaması üçün tutmasını bildirmişdir və o, da ona kömək etmişdir. Lotfı Cəbrayıl 2016-cı ilin sentyabr ayından evdə yaşamağa başlamışdır. Evin təmiri bitdikdən sonra qonaqlıq olmuşdur. O, da qonaqlıqda iştirak etmişdir. Həmin vaxt Sevda xanım Cəbrayıla evdə yaşadığına görə nə qədər kirayə pulu ödəcəyini soruşmuşdur. Buna cavab olaraq da Cəbrayıl Sevda xanıma aralarında razılaşma olduğunu, evin təmir edilməsinə görə 10 il həmin evdə qalacağını və pul ödəməyəcini bildirmişdir. Həmçinin Cəbrayıl bildirmişdir ki, əgər aylıq pul ödəyəcəyəksə, indidən etdiyi təmir xərcinin əvəzini ona ödəsin. Buna cavab olaraq da Sevda xanım, gülərək onunla zarafat etdiyini bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Sevdaya məxsus evin elektrik işlərini görmüş, ev təmir olunarkən Sevda gəlib təmirin gedişi ilə maraqlanırdı. Evin təmirini Cəbrayıl sifariş etmiş, həmçinin təmir materiallarını və usta xərclərini Cəbrayıl qarşılamışdır. Evin təmiri 2015-ci ildə baş tutmuşdur və 9 ay çəkmişdir. Evdə Sergey və o, işləmişdir. Evin təmirinə Cəbrayıl 25.000 manatdan çox pul xərcləmişdir. Təmirin bitməsini o, Sergey, Sevda və Cəbrayıl birlikdə qeyd etmişlər. Sevda zarafatla Cəbrayıldan soruşmuşdur ki, aylıq ona nə qədər pul ödəyəcək. Cəbrayıl cavab vermişdir ki, hansı puldan söhbət gedir, artıq onlar bu məsələni öz aralarında razılaşdırmışlar. Cəbrayılın evin təmirinə xərclədiyi pul aylıq kirayə haqqı kimi bölünməli idi və o, orada razılaşmaya uyğun 10-12 il yaşayacaqdı. Cəbrayıl ilə Sevda öz aralarında razılaşıblar. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş qonşu bağ evində mühafizəçi işləyən X11 ifadəsində göstərmişdir ki, evi Cəbrayıl təmir edib və hal-hazırda orada yaşayır. Evin həyətini o təmir etmişdir. Təmir vaxtı Sevda və onun oğlu evə gəlirdilər, təmirdən sonra da gəliblər. Köhnə ev idi. Cəbrayıl evin sanitar qovşağını, həyəti təmir etdirmiş, otağın divar kağızını dəyişmiş və digər işləri də görmüşdür. Ümumilikdə evin təmirinə 25.000-30.000 manat pul xərcləmişdir. Cəbrayıl həyətin təmirinə 4.200 manat pul xərcləmiş və usta haqqı kimi ona 800 manat pul vermişdir. Təmir materiallarının pulunu da Cəbrayıl vermişdir. Apellyasiya şikayətində və məhkəmə qətnaməsində istinad olunan "xxxx" MMC tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 059/Mİ/23 nömrəli hesabata gəldikdə, qeyd etməyi lazım bilir ki, əslində bu sənəd həqiqəti əks etdirmir və cavabdehin təsiri altında əldə edilmişdir. Bu hesabatda göstərilir ki, guya bu tipli fərdi yaşayış evinin 02 mart 2023-cü il tarixə aylıq kirayə haqqı 500-700 manat təşkil edir. Qeyd edilməlidir ki, bu qiymət həddən artıq şişirdilmişdir. Birincisi, o, mübahisəli bağ evində 2023-cü ildə deyil 2016-2021 -ci illər arası yaşamışdır. Bu dövrdə bir otaqlı bağ evinin kirayə haqqı 150-200 manatdan heç vaxt artıq olmayıb. İkincisi mübahisə predmetinə çevrilmiş bağ evini təmir etməzdən əvvəl, yaşayış üçün yararlı olmamışdır və onun kirayəyə verilməsi üçün heç bir şəraitə malik deyildi. O özü təmir edib, oranı yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Bu tipli, yəni tam təmirili vəziyyətdə olan mənzillər yalnız yay aylarında 3 ay daha baha qiymətə, 500 manata kirayəyə verilə bilər, daha bütün il ərzində yox. Qeyd edi5 ki, məhkəmə mənim iddia tələbimi qismən təmin edərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/691 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmışdır. Hesab edirəm ki, bu rəy həmçinin savabdehin təsiri ilə müşayət olunmuşdur. Rəydə iddia olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015- 2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8.802 manat məbləğində olduğu müəyyən edilmişdir. Halbuki, real olaraq təmir işlərinə tərəfindən 35 min manatdan artıq vəsait xərclənmişdir ki, bunu da tikintini aparan ustalar ifadələrində birmənalı şəkildə təsdiq etmişlər. O bu rəyə etimatsızlığını bildirmişdir və indi də, hesab edir ki, təkrar məhkəmə tikinti- texniki ekspertizası həyata keçirilməklə mübahisəli tikiliyə tərəfindən xərclənmiş vəsaitin dəyəri dəqiqləşdirilməlidir. Tərəfindən həyata keçirilmiş və maliyyələşdirilmiş işlər yerindədir. Bu günün özündə də, heç bir çətinlik çəkmədən tikinti materialı və vəsaitin qiyməti dəqiq müəyyən edilə bilər. Təmir işlərinə onun tərəfindən 35 min manatdan artıq vəsait xərclənmişdir. O bağ sahəsinin həyətində ağac və digər bitkilərin salınmasına sərf etdiyi vəsait və öz əməyini hesaba almır. Hamı, o cümlədən cavabdeh yaxşı bilir ki, bağ evinin həyəti də, xarabalıq olmuşdur. Hazırda mövcud olan yaşıllıq yalnız onun əməyinin sayəsində meydana gəlmişdir. Aralarında mövcud olan mübahisəyə dair, əvvəllər baxılmış və qanun qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Xətai rayon məhkəməsi cavabdehlə aralarında olan münasibətlərə hüquqi qiymət verərkən haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında evin abadlaşdırılması qarşılığında, iddiaçının bağ evində kirayəçi kimi yaşaması və onlar arasında icarə münasibətlərinin varanmaması Bakı səhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə və Bakı Apellvasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cti il tarixli qətnaməsi ilə öz əksini tapmışdır. Həmin hal isə hazırkı məsələnin həllində preyudisial xarakter daşıyır. Deməli orada yaşamaqla bağlı ondan hər hansı icarə haqqının hesablanaraq nəzərə alınması, qanuna ziddir və əsassızdır. Həmçinin də, cavabdeh tərəfin ayrıla bilən yaxşılaşdırmaların iddiaçının özü ilə aparmasına etiraz etmədiyi, əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrdə öz təsdiqini tapır. İddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını icarə münasibətləri deyil, məhz onun təmirə qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələblərinə ödənilməmiş kirayə haqqını əvəzi kimi deyil, yaxşılaşdırma işlərinin görülməsi üçün qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdr. Məhkəmə özü də belə bir qənaətə gəlmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının iddia ərizəsində qeyd etdiyi müddət ərzində tərəflər arasında kirayə münasibətlərinin mövcudluğu iddiaçının izahatında öz əksini tapdığını, bu müddət ərzində iddiaçının həmin əmlakdan istifadə etdiyini, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza zamanı ekspertin qiymətləndiridiyi 8802 manat təmir xərclərinin 2016-cı ildə qoyulan təmir xərcləri olduğunu, iddiaçının iddia ərizəsində qeyd etdiyi 4 ilin pulunu istəməsinə münasibətdə artıq iddia ərizəsinin verildiyi vaxtdan 2 ilə yaxın müddət keçdiyini, təqribi olaraq həmin evlər üçün kirayə haqqının orta qiymətinin 500-700 manat hesab edildiyi halda, iddiaçının tələbinə uyğun hesablama aparıldıqda hələ iddiaçının cavabdehə borclu qaldığını, həmçinin bu mövqeyin Ali Məhkəmənin qərarında da öz əksini tapdığını, həmçinin iddiaçının həmin evi 2016-cı ildə təmir etdiyini artıq həmin təmirin üzərində kifayət qədər uzun müddət keçdiyini beləliklə də, həmin təmirin də artıq öz əhəmiyyətini itirdiyini, ümumiyyətlə, qarşı tərəfin 10 il həmin bağ evində yaşaması ilə bağlı tərəflər arasında razılaşma olmasına dair sübutunun olmadığını, digər tərəfdən hesab edilsə ki tərəflər arasında həqiqətən də iddiaçının dediyi kimi razılaşma olub, çəkdiyi xərclərə münasibətdə 10 il müddətinə həmin evdə qalmalı idisə, yaşamaq üçün müddət verilməsiə idi, onda məntiqi olaraq həmin evdə kirayə pulunun qarşılığında qalmalı olduğunu bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı təqdim etdiyi etiraza uyğun izahat verərək, apellyasiya şikayətini əsassız hesab etdiyini, qarşı tərəfin dəfələrlə ondan bağ evini təmir etməsi ilə bağlı xahiş etdiyini, onun həmin evə heç bir marağının olmadığını, həmin evə təmir etməmişdən öncə evin tam yararsız vəziyyətdə olduğunu, çox baxımsız olduğunu, cavabdehin dəfələrlə ondan həmin evi təmir edib yaşamasını istədiyini, lakin o həmin dövrdə rayona getmək niyyətində olduğunu, bir ilə yaxın cavabdehin ona bu məsələ ilə bağlı təkidlər etdiyini, son razılaşmalarına əsasən iddiaçı tərəfindən bir otağı və orada hamam və mətbəx otağı olmadığından onları təmir edib düzəldəcəyini, həyət də pis gündə olduğundan oranı da abadlaşdıracağını və həmin təmirə çəkiləcək xərclər hesablanarkən ustanın və cavabdehin də iştirakı ilə təqribi 25000-də artıq xərc çəkiləcəyinin müəyyən edildiyini, tərəflər arasında kirayə pulundan ümumiyyətlə söhbət getmədiyini, onun çəkdiyi təmir xərclərinin qarşılığı olaraq orada 2026-cı il sentyabr ayının 1-nə, yəni 10 il müddətinə qalacağı, oradan çıxdıqda həmin təmirin də cavabdehə məxsus olacağı ilə bağlı razılaşma olduğunu, sonradan cavabdehin ev üçün çıxarışla bağlı ondan kömək istədiyini, belə ki sənədlərdə müəyyən problemlər olduğunu, onun köməkliyi ilə evə çıxarış aldıqlarını, bundan bir ay sonra cavabdeh bacısının ondan pul tələb etdiyini, bu səbəbdən də bağı satacağını və ondan bağdan çıxmasını istədiyini, o da yerdə qalan 4 ilin pulunu verməsi şərti ilə evdən çıxmağa razı olduğunu, onun da həmin bağ evinə təqribi olaraq 35.000 manatdan artıq təmir xərci çəkdiyini, usta tərəfindən də həmin evin təmiri üçün nə alınsa siyahı tutub məbləği ilə birgə qeyd etdiyini, lakin sonradan həmin siyahı oğurlandığından məhkəməyə təqdim edilməsinin mümkün olmadığını, həmçinin mebellər, kodisoner kimi avadanlıqların da hamısının bağ evində qoyub çıxdığını, həmçinin ekspertiza keçirilən zaman yerin altından onun tərəfindən təmir zamanı armatura çəkildiyini, ekspertə bu halı bildirsə də, ekspertin bu hala diqqət yetirmədən onun çəkdiyi xərcləri çox aşağı qiymətə dəyərləndirdiyini, kirayə haqqı məsələsinə münasibətdə isə kanalizasiya sistemi, içməli suyu belə olmayan evdə bir insanın 500 manat verərək yaşamasının da absurd olduğunu, eksperti rəyi ilə də razı olmadığını və dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157, 1091, 1092; Mülki Prosessual Məcəlləsinin 14 , 77, 80-82, 106.2, 119, 217.4-cü maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 16.Diqqətə çatdırılmalıdır ki, iddiaçı iddia ərizəsində Cavabdeh ilə arasında 10 il ərzində evin abadlaşdırılması müqabilində orada yaşamağa icazə verilməsinə dair razılaşma olduğunu iddia etsə də, bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh və nümayəndəsi də həm əvvəlki məhkəmə baxışları zamanı, həm də hazırkı məhkəmə baxışında bu iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən yaşamadığı dövrü üçün kirayə haqqı məbləğini hesablamış və onu tələb etmişdir, lakin həm birinci instansiya məhkəməsi iddiaçının 2016-ci ildə çəkdiyi təmir xərclərinin əvəzinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Hazırki apellyasiya icraatı zamanı isə iddiaçı mövqeyini qismən dəyişərək birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşdığını bəyan etmişdir.

17. İddia tələbindən görünür ki, iddiaçı iddia tələbində cavabdehin sahiblik və istifadəsində olmuş Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 22 ünvanda yerləşən bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz vəsaiti hesabına təmir etdirməklə yaşayış üçün yararlı vəziyyətə salmaq müqabilində 10 il müddətində, yəni 01 sentyabr 2016-cı ildən 01 sentyabr 2026-ci il tarixinə kimi həmin evdə yaşamağa icazə verilməsi barədə cavabdehlə şifahı müqavilə bağlamasını, razılaşmalarına görə evin təmirinə xərcləyəcəyi pul vəsaitinin yaşayacağı 10 il üçün icarə haqqı kimi hesablanmalı olmasını, həmin bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz hesabına təmir etdirərək, evin təmirinə 31000 manat, həyətin təmirinə isə 4200 manat vəsait xərcləməsini, evə mətbəx, istilik sistemi, yataq mebeli və hava soyuducusu və mətbəx soyuducusu, paltaryuyan, qaz plitəsi, qaz peçi, aspirator-hava təmizləyicisi kimi avadanlıqları da almasını, 01 sentyabr 2016-cı il tarixdən başlayaraq iddianı qaldırdığı 18 oktyabr 2022-ci il tarixə kimi orada yaşamasını, evin mülkiyyət hüququnu təsdiq edən çıxarışın tərəfindən alınaraq cavabdehə verilməsindən sonra cavabdehin onun evdən çıxarılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməsini, cavabdehin iddia ərizəsində həmin evdə yaşadığına görə ona icarə haqqı ödəməkdən imtina etməsi barədə qeyd etməsinin yalan olmasını, cavabdehlə aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmasını tələb etdiyinə görə onun da cavabdehdən evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını, istifadə etdiyi müddətin pulunu çıxmaqla ondan 14 400 manat pulun geri qaytarılmasını tələb etdiyini, həmin ünvanda bir otaqlı evin icarə haqqını aylıq 300 manat məbləğində qəbul edərək 01 sentyabr 2026-cı il tarixə kimi qalan 48 aya görə ona 14 400 manat pulun geri qaytarılmalı olmasını qeyd edərək, cavabdehdən həmin məbləğdə pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən bağ evinin cavabdehin mülkiyyətində olması, iddiaçının 2016-cı ildən həmin evdə (bağ evində) yaşayaraq orada təmir işləri aparması işin mübahisəsiz halıdır. Hazırki iş üzrə tərəflərin iştirak etdikləri və hazırda qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-4907/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh ilə arasında 10 il ərzində evin abadlaşdırılması müqabilində orada yaşamağa icazə verilməsinə dair razılaşma barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsi müəyyən edilmiş, məhkəmə tikinti-texniki ekspertiza rəyi ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8 802 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı təkrar ekspertizanın keçirilməsini qeyd etsə də, buna dair ilkin əsaslar təqdim etməmişdir.

18. İddiaçı tələbində evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan 4 il müddətə görə xərclədiyi məbləğin geri qaytarılmasını tələb etdiyi, evin tikinti-təmir və quraşdırma işləri üçün 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8 802 manat hesablandığı təqdirdə, aylıq kirayə haqqı, iddiaçının sonradan dəyişmiş mövqeyinə görə 150-200 manat olduğu halda belə, həmin məbləğlər nəzərə alınaraq iddiaçının tələbində qeyd etdiyi evdən istifadə etdiyi müddətin pulu çıxmaqla qalan müddətə görə xərclədiyi məbləği əhatə etmir. Belə ki, 150 AZN x 120 ay = 18 000 AZN, iddia edilən həyətin təmirində (4200 AZN ekspertin müəyyən etdiyi məbləğə) nəzərə alanda 13002 AZN təşkil edir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.218.2. Hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Beləliklə, iddia tələbindən kənara çıxan birinci instansiya məhkəməsinin qənaətin, iddiaçının mövqeyinin dəyişməsi və qətnamə ilə razılaşması üzrə belə, qüvvədə saxlanılması yolverilməzdir. Belə ki, qeyd edilən əsaslar müzakirə predmeti olmayan nəticəni hasil etmişdir. Apellyasiya instansiya məhkəməsi isə, prosessual qanunvericilikdə müəyyən edilmiş istisnalar nəzərə alınaraq, yeni və müzakirə predmeti olmayan tələbləri və onun dəyişdirilmiş əsasını müzakirə etmək səlahiyyətinə malik deyil.

21. kollegiya hesab edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci tərəflərə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci isə iddiaçıya aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-375/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş 10/691 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri ( 100 manat ) İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar