Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4336/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “istilik haqqının əhali istehlakçı qrupu üzrə ödənilməsi və kommersiya qrupu kimi ödənilən pulun qaytarılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-391/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2014-2019-cu illər tarixində onunla cavabdeh arasında bağlanan müqavilələrin etibarsız hesab edilməsi, onunla cavabdeh arasında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulması, onun tərəfindən 2014-2017-ci il tarixinə qədər kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona qaytarılması və 2017-2020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi hesablanmış 542,57 manat məbləğində istilik enerjisi borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci il tarixindən Azərbaycan Respublikası Rəssamlar ittifaqının üzvüdür. Ona məxsus olan emalatxananın içərisinin və çölünün bütün istilik borularını öz hesabına çəkdikdən sonra iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. Ona bildirmişdirlər ki, onun emalatxanası qeyri-yaşayış sahəsi olduğu üçün istilik haqqının ödənişi əhali istehlakçı qrupu üzrə deyil, komersiya qrupu üzrə ödəniləcəkdir. Sonradan ona məlum oldu ki, qanunvericilikdə yarasıcı şəxslər üçün dövlət tərəfindən müəyyən güzəştlər nəzərdə tutulmuşdur və o, istilik haqqının əhali istehlakçı qrupu ilə hesablanmasını cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh cavabında bundan imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-391/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 2014-2019-cu illər tarixində İddiaçı şəxsində “İstehlakçı” yaradıcılıq emalatxanası ilə Cavabdeh ASC arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, İddiaçı ilə istilik enerjisi və isti suyun verilməsi haqqında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması, 2014-2017-ci il tarixinə qədər qeyri-əhali istehlakçı qrupu kimi ödənilən 303 manat pul vəsaitinin İddiaçı geri qaytarılması, 2017-2020-ci illər ərzində İddiaçı qeyri-əhali qrupu üzrə borc kimi hesablanmış 542,57 manat məbləğində istilik enerjisi borcunun silinməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə “Tariflərin istehlakçı qruplar üzrə tətbiqinə dair” 05.06.2020ci il tarixli 2(011)- 1762/2020 nömrəli məktubla müraciət olunmuş və cavab olaraq peşəkar yaradıcı işçilərin yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və telefondan istifadə xərclərinin vətəndaşlar üçün nəzərdə tutulmuş tariflərlə ödənilməsi barədə müddəa Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənmiş 21 dekabr 2012-ci il tarixli 506-İVQ nömrəli “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığı bildirilmişdir. Lakin Səbail rayon məhkəməsi (hakim İlkin Rüstəmli) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.05.2007-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın 5-ci bəndində emalatxana sahələrinin kommunal xərcləri rəssam və heykəltəraşlar tərəfindən əhali istehlakı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilməli olduğu qeyd edildiyindən; -Peşəkar yaradıcı işçilərin yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və telefondan istifadə xərclərinin vətəndaşlar üçün nəzərdə tutulmuş tariflərlə ödənilməsi “Mədəniyyət haqqında” Qanunun müddəalarında nəzərdə tutulmasa da, Nazirlər Kabinetinin 25.05.2007-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları” ilə bu tənzimləndiyindən iddia tələbi istilik haqqının əhali istehlakçı qrupu üzrə ödənilməsi hissəsində təmin edilmişdir. İddiaçı istifadəsində olan yaradıcılıq emalatxanası Azərbaycan Respublikasının Prezidentinin 19 iyun 2003-cü il tarixli “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Sərəncamına əsasən əvəzsiz olaraq emalatxananın üzərində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin dövrdə də qüvvədə olan Azərbaycan Respublikası Prezidenti tərəfindən 06 fevral 1998-ci il tarixində təsdiq olunmuş “Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən Peşəkar yaradıcı işçilərin yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və telefondan istifadə xərclərinin vətəndaşlar üçün nəzərdə tutulmuş tariflərlə ödənilirdi. Həmçinin kommunal xərcləri əhali istehlakı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilməsi mülkiyyətdə olan emalatxana üçün deyil, yalnız Bakı şəhər İcra Hakimiyyətinin balansında olan emalataxanalara şamil edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, aidiyyət qaydalarına uyğun olaraq işin Bakı Kommersiya Məhkəməsində göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, o emalatxananı işlətmək üçün VÖEN hesabı açdırmışdır. O, rəssasmlıq və heykəltaraşlıqla məşğuldur, əsərlərini sərgilərə çıxarmış, müəyyən vaxtlarda əsərlərin satışını həyata keçirmişdir. Eyni zamanda emalatxandan yalnız iş-yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-391/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə hər iki tərəf hüquqi şəxslərdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.09.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxx” ASC, “xxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mübahisəli emalatxanada rəssamlıq və heykəltaraşlıq fəaliyyətinin həyata keçirilməsi ilə məşğuldur və həmin fəaliyyətin həyata keçirilməsi üçün 26.12.2014-cü il tarixdə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış, hazırda iddiaçı 2014-2019-cu illər üzrə cavabdehlə aralarında bağlanmış müqavilələrin etibarsızlığı tələbini irəli sürsə də, iş materiallarına əlavə edilmiş görünür ki, iddiaçı ilə Cavabdeh ASC arasında istilik enerjisi və suyun verilməsi barədə cəmi 2 müqavilə (01.01.2016 və 01.01.2017-ci illər) bağlanmışdır ki, həmin illər ərzində iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Belə olan halda Kollegiya hesab edir ki, mübahisə hüquqi şəxslə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-391/2021 saylı, 26 fevral 2021-ci tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4336/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4336/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver