Məhkəmə qərarları › İş №2(103)-4336/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4336/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4336/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X3 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1154/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X8 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzilə istifadə hüququna xitam verilməsi və Cavabdeh həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili öz hesabına cavabdehlə nikaha daxil olmamışdan əvvəl xx.xx.1997-ci il tarixdə almışdır. Onun adına mənzilə dair verilmiş mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi və texniki pasport vardır. Cavabdehlə xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 26 aprel 1999-cu ildə X11 doğulmuşdur. Uşaq autizim - anadangəlmə əqli geriliklə doğulmuş, hal-hazırda da 1-ci qrup əlildir və yetkinlik yaşına çatdıqdan sonra məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunaraq o, onun üzərində qəyyum təyin edilmişdir. Cavabdeh 2013-cü ildən başlayaraq özünü sərbəst aparmağa başlamış, o, cavabdehin başqa şəxslə münasibət saxladığını öyrənmiş, bundan sonra ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6949/2014 saylı 05 dekabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlə nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.1999-cu il təvəllüdlü X5 onun himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh uşağı üçün heç bir aliment ödəməmişdir. Uşağı təkbaşına o, saxlamışdır. Nikahın pozulması məhkəmə qətnaməsi əsasında Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin vaxt cavbdeh onun mənzilini tərk etməmiş, mənzildə ayrı-ayrı yaşamış, aralarında faktiki ər-arvad münasibətləri olmamışdır. xx.xx.2016-cı ildə xəstələndiyini əsas gətirərək əməliyyat olunması üçün ondan 3000 manat məbləğində borc istəmiş və o da ona xx.xx.2021-ci tarixinədək qaytarması şərtilə pul vermişdir. Həmin vaxtdan təxminən 1 ay sonra cavabdeh bütün əşyalarını ona xəbər etmədən götürərək gizli şəkildə evdən getmişdir. Daha sonra qardaşı ona məlumat vermişdir ki, o başqa bir kişi ilə münasibət saxlamış, daha sonra onunla evlənmişdir. Lakin sonra bildiyi qədər qardaşı və digər ailə üzvləri nikaha daxil olmağına qarşı çıxmış və onun problemləri olmuş, xx.xx.2016-cı il tarixdə hətta intihara da cəhd etmişdir. Onun qardaşı ilə problemləri olmuş, onu döymüşdür. Həmin vaxt onun getməyə yeri olmamış, ondan sığıncaq istəmişdir. Mənzili bir otaqlı şəraitsiz olmağına baxmayaraq o, insanlıq göstərərək ona yaşamağa icazə vermiş, cavabdeh ona məxsus mənzilin mətbəxində yaşamağa davam etmişdir. 2019-cu ildə cavabdeh ona qarşı zor tətbiq etmiş, baş nahiyyəsunə küt alətlə vurmuşdur. Yasamal RPİnin 28-ci Polis Bölməsi araşdırma aparmış, cavabdeh bununla bağlı cərimə olunmuş, cəriməni ödəyə bilməmiş, cəriməni də o, ödəmişdir. Cavabdeh onun mətbəxində yaşadığı üçün mətbəxdən istifadə edə bilmir, hamamdan və ayaqyolundan istifadə edə bilmir. Ən əsası da cavabdeh onu təhdid edir, tezliklə öləcəyini bildirir. Şəxsi təhlükəsizliyi təhlükə altındadır. Bütün bu illər ərzində o, cavabdehin təhqirləri, təhdidləri altında onu mənzilindən çıxara bilməmişdir. Cavabdehin sayəsində o, özünə məxsus mənzildə yaşaya bilmir, cavabdehin artıq onun mənzilində yaşamasını istəmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1154/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X4 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və X4 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması, qətnamənin X4 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzilə olan qeydiyyatının ləğvi üçün əsas olması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X10 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1154/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. O, mənzilə 1999-cu ildə pasport qeydiyyatına alınmışdır. Mübahisə üzrə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Həmin maddə onun istifadə hüququnun ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılması ilə bağlıdır və itirilməsi üçün qətnamədə qeyd edilən əsaslar göstərilməmişdir. Nəzərə alınmamışdır ki, cavabdehin yaşamağa başqa yeri yoxdur, əks halda həmin mənzilə geri qayıtmazdı. Tərəflər arasında hüquq münasibətləri yaranan tarixdə ümumiyətlə hazırki Mənzil Məcəlləsi qüvvədə olmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1154/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh X10 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1154/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı cavabdeh Həlimə Həsənova tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1154/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Həlimə Həsənova apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. Cavabdeh X10 1997-ci ildə iddiaçı ilə ailə qurmaqla iddiaçının mülkiyyətində olan mənzildə yaşamışdır. Ailə üzvi kimi cavabdehin də həmin mənzilə istifadə hüququ yaranmışdır. Lakin 2016-cı ildə cavabdeh başqa bir şəxslə nikaha girmiş və mənzili tərk etmişdir. Bununla da cavabdehin sözügedən mənzilə istifadə hüququ itirilmişdir. Hazırda cavabdeh yenidən iddiaçının mənzilinə qayıdıb orada yaşasa da onun həmin mənzilə istifadə hüququ yoxdur və onun həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 228, 262-ci və maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH № 072660 saylı Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Şərifzadə küçəsindəki 88 №-li yaşayış evinin 14 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi Hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 706 №-li Reyestr kitabında 105957-ci səhifədə qeydəalma 30, № 6524 ilə xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır.(İ.vər. 10) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6949/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə İsgəndərova (Həsənova) Həlimə Fizuli qızı arasında bağlanmış xx.xx.1997-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.1999-cu il təvəllüdlü X5 atası İddiaçı yanında qalması müəyyən edilmişdir.(İ.vər. 16 - 18) İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 iyun 2015-ci il tarixdə verilmiş AZ-İ № 220579 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə olan nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin iyun ayının 03 günündə 237 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə İsgəndərov, qadına Həsənova soyadı verilmişdir.(İ.vər. 15) İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, X10 ünvan 1 ünvanında qeydiyyatdadır.(İ.vər. 14) İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 17 may 2016-cı il tarixdə verilmiş AZ-İİ № 119564 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Həlimə Fizuli qızı ilə xx.xx.2016-cı il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin may ayının 17 günündə 117 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Azadəliyev, arvada Həsənova soyadı verilmişdir.(İ.vər. 77) Məhkəmə kollegiyası işin materialları və tərəflərin kollegiyada verdiyi izahatları ilə müəyyən etmişdir ki, İddiaçı hazırki mülki iş üzrə cavabdeh X10 ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha girib ailə qurmuş və nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, mənzildə 14-də birgə yaşamışlar. Tərəflər arasında olan nikah 03 iyun 2015-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra da cavabdeh həmin mənzildə yaşamaqda davam etmişdir. 17 may 2016-cı ildə cavabdeh X2 Azadəli Sərvər oğlu ilə rəsmi nikaha girib ailə qurmuş və nikaha daxil olduqdan sonra iddiaçının mənzilini tərk etmişdir. Lakin cavabdeh X2 Azadəli Sərvər oğlu ilə nikah pozulduqdan sonra təkrarən iddiaçının mənzilinə qayıtmış və hazırda həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Məhkəmə kollegiyası cavabdehin mübahisəli evə hüquqi bağlılığı, yəni istifadə hüququnun olub-olmaması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; 2. Yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbiilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair AR kontsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında yaşayış sahəsindən “istifadə hüququ”nun mülki və ailə qanunvericiliyinə münasibətdə fərqli hüquqi rejimi olması xüsusilə qeyd edilmişdir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Yəni “istifadə hüququ” özü-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətlərini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətlərinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahyyətlərini təmin etsələr də, bu imkan təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyətləri aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarılə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin qeyd edilən faktiki hallarını qiymətləndirərkən məhkəmə kollegiya müəyyən edir ki, iddiaçı mülkiyyətində olan hazırki mənzili cavabdeh X10 ilə rəsmi nikaha daxil olmamışdan əvvəl əldə etmişdir. Cavabdeh 17 may 2016-cı ildə X6 ilə rəsmi nikaha girib ailə qurmuş və nikaha daxil olduqdan sonra iddiaçının mənzilini tərk etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Həlimə Həsənovanın apеlyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh Həlimə Həsənovanın apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh Həlimə Həsənovanın apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1154/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1154/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar