Məhkəmə qərarları › İş №2(103)-4336/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4336/2023

17.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4336/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlu və X2 ibarət tərkibdə, oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1712/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Qənbərova (Gören) Xəyalə Cavanşir qızı "xxxx" ASC-də X3 Departamentində mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. Həmin əmək müqaviləsinə bir neçə dəfə dəyişiklik edilmiş, sonuncu xx.xx.2016-cı il tarixli dəyişikliyə əsasən Qənbərova (Gören) Xəyalə Cavanşir qızı "xxxx" ASC-də Təhlükəsizlik Departamentinin Monitorinq şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir.

2. Qənbərova (Gören) Xəyalə Cavanşir qızı xx.xx.2016-cı il tarixində ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixdinə işdən azad edilməsini xahiş etmiş, "xxxx" ASC– nin xx.xx.2016-cı il tarixli 1421/16/K nömrəli əmri ilə o, xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmişdir.

3. "xxxx" ASC ilə Qənbərova(Gören) Xəyalə Cavanşir qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən, Qənbərova(Gören) X1 iş şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 600 manat müəyyən edilmiş, əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır.

4. 24.02.2021-ci il tarixli xəbərdarİıq bildirişinin və qaimələrin surətlərinə əsasən, İddiaçı əmək müqaviləsində, xx.xx.2016-cı il tarixli ərizəsində qeyd edilən və məlum olan digər ünvanlarına, onunla xx.xx.2016-ci il tarixində bağlanmış 715/15 saylı əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixində bitməsi və bununla əlaqədar olaraq "xxxx" ASC ilə arasında bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinin müddəti uzadılmayacağı və həmin müqaviləyə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyəti bitdikdən sonra işə çıxacağı ilk iş günü tarixindən etibarən xitam veriləcəyi barədə bildiriş göndərilmişdir, lakin bildirişin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd edilən bildiriş “Whatsapp” programı vasitəsilə İddiaçı göndərilmişdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli 3203/22/K nömrəli əmri ilə AZSİĞORTA» ASC-nin Sığorta Hadisələri xidmətində Hadisələrin tənzimlənməsi üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir.

6. İddiaçı xx.xx.2022-ci il tarixədək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdə olmuşdur.

7. xx.xx.2022-ci il tarixdə İddiaçı 65,66 manat məbləğində son haqq-hesabın ödənilməsi barədə "xxxx" ASC tərəfindən tapşırıq verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmrinin ləğv olunaraq İddiaçı işə bərpa olunması və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmrinin ləğv olunaraq İddiaçı işə bərpa olunması və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin son haqq-hesabın təkrar hesablanaraq qalan pulun ödənilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdən "xxxx" ASC ilə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir. Onun "xxxx" ASC-də bağlanmış müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə çevrilməsin deyə xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-dən işdən azad olunaraq, xx.xx.2016-cı il tarixdə təkrar "xxxx" ASC-də işə qəbul edilmişdir. "xxxx" ASC-də beşgünlük iş həftəsidir. Onun işdən çıxarıldığı xx.xx.2016-cı il tarixi həftənin sonuncu iş günü olduğundan xx.xx.2016-cı il tarixində, yəni həftənin birinci günü təkrar "xxxx" ASC-yə işə qəbul edilmişdir. O, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən Azərabaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (bağlanmış əmək müqaviləsinin müddətin qurtarmasına görə) tutduğu vəzifədən azad edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmri qanunsuz və əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, ona əmək müqaviləsinin müddətinin bitməsi və müqavilənin müddətinin uzadılmayacağı barədə bildiriş gəlməmişdir. O, həmin bildirişi almadığından "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinin müddətinin uzadıldığını və müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə çevrildiyini hesab etmişdir. Əlavə olaraq o, xx.xx.2012-ci il tarixdən "xxxx" ASC-də əmək müqaviləsi ilə işlədiyindən, onunla bağlanmış müddətli əmək müqaviləsi Azərabaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) müddətsiz əmək müqaviləsi olduğundan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmri ləğv olunaraq İddiaçı "xxxx" ASC-yə işə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmçinin, ona son haqqhesab düzgün hesablanmayaraq ödənilməmişdir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1712/2023 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi müqavilə növü olmaqla mülki hüququn ümumi prinsiplərindən olan müqavilə azadlığı prinsipi rəhbər tutulmaqla tərəflərin iradəsini ifadə edən əmək münasibətlərinin yaranma əsasıdır. Müqavilə üzrə işçi və işəgötürən müqavilə azadlığı əsas götürülməklə mülki hüququn subyektləri qismində öz iradə və razılıqları əsasında hüquq və vəzifələr qəbul etməklə müqavilə münasibətlərinə daxil olurlar. Əmək Məcəlləsinin 47-ci maddəsi həm işçi və işəgötürən arasında bağlanan müddətli əmək müqaviləsi ilə münasibətləri müfəssəl, xüsusi olaraq tənzimlədiyindən, həm də rəqəm olaraq “sonrakı” hüquq norması olduğundan sözügedən maddə həmin Məcəllənin 45-ci maddəsinə münasibətdə xüsusi hüquq norması kimi çıxış etməklə üstün hüquqi qüvvəyə malikdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli formada razılaşdırılmışdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Belə ki, nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndi qüvvədədir, aşkar və müəyyən normadır, Əmək Məcəlləsinin 45-ci maddəsinə münasibətdə xüsusi hüquq norma kimi çıxış edir və qeyd olunan norma şərtsiz tətbiq edilməlidir. Mülki hüquq münasibətlərinin subyektləri (hazırki iş üzrə müqavilə subyekti olan iddiaçının ali təhsilli, savadlı və təcrübəli şəxs olması nəzərə alınmaqla) müqavilə münasibətləri üzrə hüquq və öhdəliklərini dərk etməklə müvafiq hüquq münasibətlərinə daxil olmalı və müqavilə azadlığı prinsipini nəzərdə saxlamaqla müqavilə bağlamalıdırlar. Bundan əlavə, cavabdeh kommersiya hüquqi şəxsi olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən hüquqi şəxsin bir növüdür. Hüquq münasibətlərin müstəqil növü olan kommersiya hüquqi şəxsin digər subyektlərlə müstəqil formada, iradə sərbəstliyi və müqavilə azadlığı prinsip rəhbər tutulmaqla müqavilə münasibətlərinə daxil olmaq və müqavilə şərtlərini müəyyən etmək hüququ vardır. Subyektin üzərinə müqavilə şərtlərindən əlavə digər vəzifələr qoymaq qanuni hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətləri publik (inzibati) hüquq münasibətlərindən fərqli olaraq tərəflərin bərabərliyinə əsaslanır. Bu səbəbdən, qanuna əsasən bərabər olan tərəflərin birinin hüquqlarını hər hansı bir formada məhdudlaşdırmaq, çərçivəyə salmaq yolverilməz olmaqla qanunçuluq və hüquqi müəyyənlik prinsipinə ziddir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi isə izahatında iddiaçının işəgötürənin təzyiqi ilə işdən ərizəsi əsasında çıxdığını və yeni əmək müqaviləsini bağladığını qeyd etsə də, həmin xüsusatları sübut edə bilməmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində son haqq hesabın düzgün hesablanmadığını bildirsə də, ümumiyətlə həmin hal prosessual tərəf olaraq iddiaçı tərəfdən ( iddiaçı və ya nümayəndəsi) məhkəmə iclasında səsləndirilməmiş, bu barədə hər hansı mövqe ifadə edilməmişdir. Bununla belə qeyd edilməlidir ki, iddiaçı işlədiyi xx.xx.2016-xx.xx.2017-ci və xx.xx.2017-xx.xx.2018-ci iş ili üzrə əsas və əlavə məzuniyyətə çıxmış, xx.xx.2018-ci ildən sonrakı dövrdə isə analıq və qismən ödənişli məzmuniyyətdə olmuşdur. Belə olan halda, əmək haqqının məbləği də nəzərə alınmaqla ona ödənilən son haqq hesab ağlabatan məbləğ qəbul edilir.

16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə dəlilləri əsassızdır. Bu səbəbdən, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi təmin edilə bilməz. İddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün, prosessual qənaət prinsipinə əsasən, digər, yəni, işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqın tutulması hissəsi üzrə araşdırma aparılmasına və bu tələbə hüquqi qiymət verilməsinə zərurət yoxdur. İddia tələbi həmin hissədə də təmin edilə bilməz.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə, 43.1, 45.1, 45.4, 45.5, 47-ci maddənin “f” bəndinə, 68.2, 73.1, 73.2-ci maddələrinə, Mülki Məcəlləsinin 43.5-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-də xx.xx.2012-ci il tarixdən, xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının ƏM-nin 45.5-ci maddəsinə əsasən fasiləsiz olaraq 5 ildən artıq işlədiyindən əmək müqaviləsi müdətsiz hesab edilir. İddiaçı "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmri ilə xx.xx.2022-ci il tarixindən Azərabaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (bağlanmış əmək müqaviləsinin müddətin qurtarmasına görə) tutduğu vəzifədən azad edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3203/22/K nömrəli əmri qanunsuz və əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, iddiaçıya əmək müqaviləsi xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fasiləsiz olaraq 5 ildən artıq işlədiyindən müddətsiz hesab olunur və müqavilənin bitməsi və müqavilənin müddətinin uzadılmayacağı barədə bildiriş gəlməyibdir. İddiaçı həmin bildirişi almadığından "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinin müddətinin uzadıldığını və müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə çevrildiyini dərk etmişdir. İddiaçı Azərabaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Bundan əlavə, iddiaçıya son haqq-hesab düzgün hesablanmamışdır. İddiaçı "xxxx" ASC-yə işə qəbul barədə xx.xx.2012-ci il tarixli və xx.xx.2016-cı il tarixli ərizələrində də onunla müddətli əmək müqaviləsi bağlayaraq işə qəbul edilməsini xahiş etməmişdir. Buna baxmayaraq "xxxx" ASC iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçıya ödənilmiş son haqq-hesab 1 gün işə çıxmasına, 1 gün isə istifadə edilməmiş məzuniyyətə görə ödənilmişdir.

22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında ilk dəfə xx.xx.2012-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçının ərizəsinə əsasən o, öz təşəbbüsü ilə xx.xx.2016-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2016-cı il tarixdə 1 il müddətinə yeni əmək müqaviləsi bağlanmış, iddiaçı başqa vəzifəyə işə götürülmüş, sonradan müqavilənin müddəti əmək münasibətləri davam etdiyinə görə hər dəfə həmin müddətə uzadılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 3203/22/K nömrəli əmri ilə iddiaçı sosial məzuniyyətdən işə qayıtdıqdan sonra bir təqvim həftəsi keçməmiş, yəni xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə tutduğu vəzifədən azad edilmişdir.

29. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Hazırki iş üzrə də tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanmışdır.

30. İddiaçı apellyasiya şikayətində xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fasiləsiz olaraq 5 ildən artıq işlədiyindən əmək müqaviləsinin müddətsiz hesab olunmasını bildirdisə də, məhkəmə kollegiyası buna münasibətdə qeyd edir ki, cavabdehin müvafiq əmri ilə iddiaçı xx.xx.2016-cı il tarixdən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş, həmin əmr iddiaçı tərəfindən heç zaman mübahisələndirilməmişdir.

31. İddiaçının apellyasiya şikayətində digər bir dəlili ondan ibarətdir ki, müqavilənin bitməsi və müqavilənin müddətinin uzadılmayacağı barədə bildiriş ona təqdim olunmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işəgötürən tərəfindən işçiyə xəbərdarlığın göndərilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq, işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının məlum ünvanlarına poçt, habelə “Whatsapp” programı vasitəsilə xəbərdarlıq göndərilmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və ona xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.

33. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının xx.xx.2018-ci ildən sonrakı dövrdə analıq məzuniyyəti və qismən ödənişli məzuniyyətdə olmasını, əmək haqqının məbləğini nəzərə almaqla ona ödənilən son haqq-hesabı ağlabatan məbləğ kimi qəbul etmişdir. Belə ki, iddiaçı tərəf son haqq-hesabın düzgün hesablanmaması ilə bağlı dəlilini ümumiyyətlə əsaslandırmamış, konkret olaraq hesablamada hansı pozuntulara yol verildiyini göstərməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1712/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar