Məhkəmə qərarları › İş №2(103)-4337/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4337/2023

29.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4337/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(001)-117/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən yarımçıq tikili "xxxx" MMC-nin mülkiyyəti kimi 14 iyun 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. 08 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 08 iyun 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsələri oğlu - X3 və qızı - İddiaçıdır və onların hər biri miras əmlak kimi "xxxx" MMC-dən mərhum X8 məxsus 18 paydan 1/4 irs almalıdır.

3. "xxxx" MMC-nin rəhbəri kimi fiziki şəxs X10 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1-də yüksək mərtəbəli yaşayış evinin 1ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin 18 ay müddətində inşa edilib Cavabdeh istifadəsinə verilməsi nəzərdə tutulmuş, mənzilin cəmi dəyəri 102200 manat təşkil etmişdir.

4. Müqavilənin sonunda Rövşən Rüstəmovun adının önündə imza və möhür vardır, müqavilənin sonunda “ödəniş” hissəsində: - xx.xx.2007 10000 manat, xx.xx.2007 13700 manat, xx.xx.2007 5000 manat, xx.xx.2008 2000 manat, xx.xx.2008 7000 manat, xx.xx.2008 5000 manat, xx.xx.2008 4500 manat, xx.xx.2008 10000 manat, xx.xx.2009 5000 manat, xx.xx.2010 40000 manat qeydləri mövcuddur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin inşa edilib istifadəyə verilməsinə dair X10 ilə Cavabdeh arasında müqavilənin bağlanmasını təsdiq edən sənəd qismində təqdim edilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin ona məxsus əşyalarla birlikdə həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, vurulmuş mənəvi zərərin əvəzi kimi 7000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın, beləliklə cəmi 7100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X10 çoxmərtəbəli yaşayış binalarının tikintisi və binalarda yerləşən mənzillərin satışı ilə məşğul olmuşdur. İnşa etdiyi binalardan biri də təsisçisi olduğu "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1də inşa olunmuş və sakinlərin istifadəsində olan 11 mərtəbəli yaşayış binasıdır. Rövşən Rüstəmov 2011-ci ildə vəfat etdikdən sonra ondan qalan miras əmlak vərəsəlik yolu ilə iddiaçıya və qardaşı X1. O cümlədən, Rövşən Rüstəmovun "xxxx" MMC-nin nizamnamə kapitalında olan payını qanun üzrə vərəsəlik qaydasında iddiaçı və qardaşı qəbul etmişlər, bununla bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Sözügedən binada yaşayan sakinlərin müqavilələri yoxlanılarkən cavabdeh faktiki olaraq istifadə etdiyi 41 nömrəli mənzilə pay hüququnun əldə edilməsinə dair iddiaçının atası ilə bağladığı müqavilənin surətini iddiaçının anası X9 təqdim etmişdir. Müqavilədə mənzilin qiymətinin hissələrlə ödənilməsi ilə bağlı aparılmış qeydlərdə saxtakarlıq əlamətləri müəyyən olunduğundan bununla bağlı iddiaçının anası hüquq-mühafizə orqanlarına şikayət etmiş, lakin cavabdeh hüquq-mühafizə orqanlarına gəlməməklə, müqavilənin əslini təqdim etmədiyindən, müqavilə üzrə ekspertiza aparılması mümkün olmamış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının yaxınlarda aldığı məlumata görə cavabdeh 41 nömrəli mənzilə pay hüququnun əldə edilməsinə dair hər hansı əsl müqaviləyə malik deyildir və o texniki vasitələrlə saxtalaşdırılmış müqavilə əsasında həmin mənzildən qanunsuz istifadə edir.

7. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, mənzil onun tərəfindən qanuni əsaslarla əldə edilmişdir. Həmçinin, iddiaçı hazırkı iddia ilə bağlı iddia müddətini ötürmüşdür.

8. Mülki iş üzrə təyin edilmiş kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli rəyində göstərilmişdir ki: “19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2007 5000 manat”, “xx.xx.2008 7000 manat”, “xx.xx.2008 10000 manat” və “21.11.10 40000 manat” əlyazmaları qarşısındakı imzalar X10 tərəfindən icra olunmuşdur. Həmin müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza, “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10000 manat” yazıları qarşısında əks olunmuş imza X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2008 5000” və “xx.xx.2008 4500” əlyazmaları qarşısındakı imzalar tədqiqat üçün yararsız olduğundan həmin imzaların X10 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Həmin müqavilənin arxa tərəfində olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədin üzərinə birbaşa vurulmuşdurlar. Həmin müqavilənin arxa tərəfinin “Rüstəmov Rövşən” yazısının və “10000 manat” yazısının qarşısında olan “AZƏRBAYCAN RESPUBLİKASİ X10” **********” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. Həmin müqavilənin arxa tərəfində olan 1-ci sətirdəki “Ödəmə xx.xx.2007 10000 manat” mətni və 2-ci sətirdəki “Ödəmə xx.xx.2007 13700 manat” mətni sonradan həmin hissəyə əlavə edilərək çap edilmişdirlər. Həmin müqavilənin arxa tərəfinin sağ hissəsində olan 6 ədəd möhür əksləri bir-birinin üzərlərindən vurulduğu üçün onlara aid olan ümumi və xüsusi əlamətlərini müəyyən etmək mümkün olmamışdır.”

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 4/1832-5/1591 nömrəli rəyində göstərilmişdir ki: “19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasında imza və “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10000 manat” yazıları qarşısında əks olunmuş imza eyni şəxs tərəfindən icra olunmuşdur. Həmin müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007-ci il 13700 manat” yazıları qarşısında, “xx.xx.2008 2000 manat” və “xx.xx.2009 5000” yazıları qarşısında imzalar yoxdur. Həmin müqavilənin arxa tərəfində olan möhür əksləri və imzaların yerləşdiyi hissələrdə montaj əlamətləri müəyyən edilmədi. Həmin müqavilənin arxa tərəfində olan möhür əkslərinn və imzaların sayının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığında ekspertlər qarşısında qoyulmuş “Həmin müqavilədə imza və möhürlərin sayı ödəmə qeydlərinin sayına uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmamışdır”.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(001)- 117/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin inşa edilib istifadəyə verilməsinə dair X10 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh (Nıdzat Akberov) əşyaları ilə birlikdə ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğdə pul vəsaitinin Cavabdeh (Nıdzat Akberov) tutularaq İddiaçı ödənilməsi, ekspertiza xərci kimi 138 manat məbləğdə pul vəsaitinin Cavabdeh (Nıdzat Akberov), 138 manat məbləğində pul vəsaitinin isə İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 19 noyabr 2007-ci il tarixli müqavilə "xxxx"nin rəhbəri fiziki şəxs X10 (icraçı) və Cavabdeh (payçı) arasında ünvan 1-də yüksəkmərtəbəli yaşayış binasından mənzilə pay hüququnun əldə edilməsi barədə bağlanmış, müqavilənin predmetini təşkil edən ünvan 1-də yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin 18 ay müddətində inşa edilib Cavabdeh istifadəsinə verilməsi, mənzil üzrə ödənilməli qiymətin cəmi dəyərinin 102200 manat olması nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilə "xxxx" MMC-nin 14 iyun 2005-ci il tarixdən mülkiyyətində olan ünvan 1-də yerləşən tikilinin 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzillə bağlı olmuşdur ki, həmin mənzillə bağlı R.Rüstəmov tərəfindən hüquqi şəxsin adından deyil öz adından hər hansı əqd bağalamaq səlahiyyətinin olması müəyyən edilmir. Məhkəmə onu da vurğulamışdır ki, 19 noyabr 2007-ci il tarixli müqavilədə fiziki şəxs Rüstəmov Rövşən "xxxx"nin rəhbəri olması qeyd olunmuşdur. Müqavilənin predmetini isə "xxxx" MMC-nin mülkiyyətində olan binadakı mənzil təşkil edir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1.-ci və 91.2-ci maddələrinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır, cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir, o halda müqvilədə Rüstəmov Rövşən fiziki şəxs kimi deyil "xxxx" MMC-nin ali orqanı və nizamnaməsi ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində cəmiyyətin adından və onun mənafeyi baxımından çıxış etməli idi. Müqavilədən də göründüyü kimi imza "xxxx" MMC-nin qanuni təmsilçisi adından deyil fiziki şəxs adından icra olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfdən müqavilənin həm giriş, həm də predmet hissəsində “mənzilə pay hüququnun əldə edilməsi” və “mənzilin payçının istifadəsinə verilməsi” ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı halda məhdud məsuliyyətli cəmiyyətin 19 noyabr 2007-ci il tarixli müqavilədə nəzərdə tutulmuş formada “pay haqqının əldə edilməsi” də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1.-ci və 91.2-ci maddəllərində müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Eyni zamanda hüquqi şəxsin mülkiyyətində olan əmlakın onun üzvlərinin paylarına bölünməsi, pay haqlarının verilməsi qaydası və s. məsələlər təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti deyil kooperativ olan hüquqi şəxslərə aiddir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-111-ci maddələri). Həmçinin məhkəmə onu da vurğulamışdır ki, 19 noyabr 2007-ci il tarixli müqavilə üzrə cavabdehin sahiblik və istifadə hüququnun əmələ gəlməsi üçün mənzilə dair əqdin notariat qaydasında təsdiq edilməsi də qanunvericiliyin tələblərindəndir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 19 noyabr 2007-ci il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozmaqla bağlanmışdır. Bundan başqa, mübahisəli mənzil üzrə ödənişlərin də natamam və qüsurlu olması yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli və 22 dekabr 2022-ci il tarixli, 4/1832-5/1591 nömrəli rəylərlə təsdiq olunur. Məhkəmənin qənaətinə görə 19 noyabr 2007-ci il tarixli müqavilə etibarsız olduğundan Cavabdeh iddia tələbində göstərilən mənzildən istifadə etməsi əsassızdır və o, mənzildə olan əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən iddia müddətinin və kəsici müddətin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Tələbin mənəvi zərər hissəsinə dair qeyd olunmuşdur ki, iddiaçı mənəvi zərərin əvəzi qismində 7000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 146.1, 337, 354.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, müqavilədən irəli gələn tələblər üçün iddia müddəti üç və altı ildir. Mübahisə predmeti olan müqavilə 19 noyabr 2007-ci il tarixində bağlanmışdır. İddia müddəti ötürülmüşdür. Eyni zamanda iddiaçı tərəfindən kəsici müddət də ötürülmüşdür. Məhkəmə tərəfindən kəsici müddətlə bağlı Konstitusiya Məhkəmsinin qərarı qeyd edilsə də, işin halları ilə əlaqəli şəkildə əsaslandırılmamışdır. Mülki iş üzrə təyin edilmiş kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli müvafiq rəyinə əsasən, müqavilələrə möhür vurulmuş, imzalanmışdır. Ödəniş qəbzləri mərhum tərəfindən qəbul olunmuşdur. İddiaçının atası X10 tərəfindən əqd faktiki olaraq bəyənilmişdir və əqd həmin dövrdə mübahisələndirilməmişdir. Onun ölümündən sonra da iddiaçı tərəfindən kommunal xərclər ödənilmiş, heç bir etiraz olmadan iddiaçı mənzildə yaşamağa davam etmişdir. Yəni, həm iddiaçının atası, həm də iddiaçı tərəfindən əqd bəyənilmişdir. Eyni zamanda cavabdeh kommunal xidmətlərə görə X4 - mərhumun qızına ödnişləri etmiş və sonuncu tərəfindən müvafiq qəbzlər təqdim edilmişdir. Bu müddətdə cavabdeh etirazsız olaraq həmin əmlakdan sahiblik və istifadə etmişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə hüquqi şəxsin adından bağlanmalı idi və mərhum Rüstəmov Rövşən tərəfindən bağlanıla bilməzdi. Lakin, bu halda hazırkı iddia elə hüquqi şəxs tərəfindən qaldırılmalı idi, iddiaçı isə fiziki şəxs kimi iddianı qaldırıb. Yəni, məhkəmənin qənaətincə iddiaçının subyektiv hüququ olmamışdır. Ümumiyyətlə iddiaçı mübahisəli mənzili onun mülkiyyətində olması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını xahiş etdi.

17. İddiaçının nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. ... Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.”

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər;  müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – yoxlanılan iddia təmin edilən hissədə ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.

25. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən tikili "xxxx" MMC-nin mülkiyyətindədir. Cəmiyyətin nizamnamə kapitalından 18 pay mərhum X8 məxsus olmuş, 08 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən vərəsələri oğlu - X2 və qızı - İddiaçı hər biri miras əmlak kimi "xxxx" MMC-dən mərhum X8 məxsus 18 paydan 1/4 irs almışdır.

26. İddiaçı hazırkı iddia ilə ilk növbədə ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilə dair X10 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi xahiş etmiş, bu hissədə tələbini mənzilin qiymətinin hissələrlə ödənilməsi ilə bağlı aparılmış qeydlərdə saxtakarlıq əlamətlərinin olması ilə əsaslandırmışdır.

27. Birinci instansiya məhkəməsi isə bu hissədə iddianı təmin edərkən ilk növbədə ona əsaslanmışdır ki, mübahisələndirilən müqavilə "xxxx" MMC ilə bağlanmalı olduğu halda X10 arasında bağlanmış, həmçinin “pay haqqının əldə edilməsi” ilə bağlı Mülki Məcəllənin 91.1 və 91.2-ci maddələrinin qaydalarına əməl edilməmişdir.

28. İş üzrə alınmış ekspert rəylərindən görünür ki, mübahisəli müqavilədəki və həmin müqavilənin üzərindəki ödənişlər hissəsindəki imzaların bəziləri X10 və Cavabdeh tərəfindən icra olunmuş, tədqiqatının aparılmasının mümkün olduğu hissədə tədqiqata təqdim edilmiş möhür nümunələri ilə müqavilədəki möhür izlərinin eynilik təşkil etməsi müəyyən olunmuşdur.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid şərt, əqdin məzmununa aid şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid şərt, əqdin formasına aid şərt.

30. Əqdlərin etibarsız hesab edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 339-350-ci maddələrində tənzimlənmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, hazırkı işdə əqdin etibarsızlığı ilə bağlı nəticəyə gəlmək üçün əsaslar mövcud deyil. Belə ki, işdə olan ekspert rəylərindən də göründüyü kimi, mübahisələndirilən müqavilədəki imzaların bir qismi həqiqətən müqavilənin tərəfləri tərəfindən şəxsən icra olunmuş, müqaviləyə hüquqi şəxs "xxxx" MMC-nin möhürü vurulmuş, mənzilə dair ödənişlər qəbul edilmiş, mənzil faktiki olaraq cavabdehin istifadəsinə verilmiş və cavabdehin orada fasiləsiz yaşamış, kommunal ödənişlər ödəmişdir. Bütün bunlar tərəflər arasında həqiqətən müqavilə münasibətlərinin mövcud olduğu barədə qənaətə gəlməyə əsas verir.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müqavilənin "xxxx" MMC ilə bağlanmalı olduğu halda X10 ilə bağlanmasına görə müqavilənin etibarlı olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır.

33. Belə ki, müqavilədə möhürün həqiqiliyi təsdiq edildiyi halda, həmin sənədin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması eyni sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir.

34. Məhkəmə kollegiyası bildirir ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki, bir qayda olaraq, möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir.

35. İş üzrə mübahisələndirilən müqavilədə olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapır. İddiaçı həmin dövrdə möhürlərin oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir.

36. Digər tərəfdən, müqavilədəki imza da hüquqi şəxsin rəhbəri qismində çıxış edən X10 tərəfindən icra olunmuşdur. Rövşən Rüstəmova hüquqi şəxs tərəfindən belə bir səlahiyyət verilmədiyi halda belə, bu hal müqavilənin etibarlılığını birmənalı şübhə altına almır. Çünki, müqavilə imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilməsi o mənaya gəlir ki, hüquqi şəxs həmin müqaviləni bəyənmişdir. Yaxud, əgər hüquqi şəxsin qanuni təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də o, hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini öncədən nəzərə alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir.

37. Göründüyü kimi, həm müqavilə bağlanan zaman tərəflərin hərəkətləri, həm müqavilədən sonrakı müddət ərzində cavabdehin mənzilə yiyələnməklə faktiki sahibliyi həyata keçirməsi onu deməyə əsas verir ki, müqavilə "xxxx" MMC tərəfindən bəyənilmiş, cavabdeh tərəfindən də bu müqaviləyə etimad göstərilməklə daimi olaraq mənzildən istifadə edilmişdir.

38. Qeyd olunmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da təsbit olunmuşdur ki, tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda tərəf müqaviləni mübahisələndirmək hüququna malik deyil.

40. Məhkəmə kollegiyası şikayətin iddianın hüquqi şəxs tərəfindən qaldırılmalı olması, iddiaçının subyektiv hüququ olmaması ilə bağlı dəlilini isə əsaslı hesab etməyərək qeyd edir ki, əqd təkcə onun tərəfləri tərəfindən yox, maraqlı olan digər şəxslər tərəfindən də mübahisələndirilə bilər. Hazırkı halda isə iddiaçı "xxxx" MMC-nin müəyyən hissədə paylarını əldə etdiyindən hazırkı mənzilə dair bağlanmış müqaviləni mübahisələndirilmək hüququ da vardır.

41. Sonda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, əqdlərin etibarsızlığına səbəb olan hallar əqd bağlanana qədər mövcud olan hallardır. Mübahisəli mənzil üzrə ödənişlərin bir qismi həqiqətən ödənilməsə belə, bu hal müqavilənin etibarsızlığına əsas olan hal deyil.

42. Göründüyü kimi, məhkəmə araşdırması ilə mübahisələndirilən müqavilənin etibarsızlığı öz təsdiqini tapmamışdır. Buna görə, hüquqi müqəddəratı birbaşa bu müqavilənin etibarlılığından asılı olan cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə iddia tələbləri də təmin edilə bilməz.

43. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ünvan 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X10 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh (Nıdzat Akberov) əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi hissədə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin bu hissəsində ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması baxımından qismən – qeyd olunan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia rədd olunmalı, şikayət qismən təmin olunmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(001)- 117/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(001)- 117/2023 nömrəli qətnaməsi qismən – Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X10 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh (Nıdzat Akberov) əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertizanın keçirilməsinə sərf edilmiş 276 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar