Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4338/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: protokoldan çıxarışın və maliyyə arayışının verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “protokoldan çıxarışın və maliyyə arayışının verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 640/2025 saylı, 14 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Tərəflər arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzili almış, əvəzində müqavilə ilə müəyyən edilmiş məbləğdə cavabdehə pul ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 noyabr 2019-cu il tarixli, 2(011)-7298/2019 saylı qətnaməsi ilə "xxxx" MTK ilə X6 arasında Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10D, giriş 2, 15-ci mərtəbədə 126 nömrəli mənzilə dair bağlanmış 15 mart 2019-cu il tarixli müqavilə, habelə həmin mənzilə dair X3 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrində (8 aprel 2019-cu il tarixli, Seriya RX, 1519645) 3019 nömrəli reyestr kitabının 231936 nömrəli vərəqində ********** nömrə ilə aparılmış dövlət qeydiyyatı etibarsız hesab edilmişdir.
2. Daha sonra İddiaçı ilə keçmiş arvadı X7 arasında 28 noyabr 2023-cü il tarixində barışıq sazişi bağlanmışdır. Tərəflər razılaşmışlar ki, X1 prospekti 10 "D”-giriş 2, 15-ci mərtəbə, mənzil 126 ünvanında yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzilin ona məxsus ½ pay hüququnun əvəzində İddiaçı tərəfindən 100.000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsi müqabilində 24 sentyabr 2018-ci il tarixli müqavilə üzrə yaranmış mənzilə dair bütün hüquqlarından tam şəkildə İddiaçı xeyrinə imtina edəcəkdir.
3. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzilin tam payda mülkiyyətçisidir. O, həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarış və müqavilə üzrə borcunun olmamasını təsdiq edən maliyyə arayışının cavabdeh tərəfindən ona təqdim edilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən tikilən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzilə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarışın və mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, o, ünvan 1 ünvanda yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzili almışdır. xx.xx.2018-ci il tarixdə cavabdehlə aralarında olan qarşılıqlı razılaşmaya əsasən mənzilin tam dəyəri olan 130.000 manatı ödəmişdir. Bundan sonra həmin mənzilə dair ərizəsinə əsasən atası X6 ilə xx.xx.2019-cu il tarixdə müqavilə imzalanmış və ona da dəyərin tam ödənilməsi barədə arayış verilmişdir. Keçmiş həyat yoldaşı X4 iddiasına əsasən Xətai Rayon Məhkəməsinin 2(011)-7298/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə MTK ilə atası M.Piriyev arasında bağlanmış müqavilə və bunun əsasında verilmiş çıxarış etibarsız hesab edilmiş, həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilərək keçmiş həyat yoldaşı ilə onun həmin mənzildə 1/2 payı müəyyən edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı N.Quluzadənin Sumqayıt Şəhər Məhkəməsində pay tələbinə dair iddiasına baxılarkən aralarında barışıq sazişi bağlanmış və qarşılıqlı razılaşma əsasında iddiaçı həmin mənzildəki payı kimi ona 100.000 manat ödəmiş və barışıq sazişi məhkəmə tərəfindən qəbul edilərək icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Qəbul edilən məhkəmə qətnamələrindən məlum olur ki, onun MTK ilə bağlanmış müqaviləsi məhkəmə tərəfindən etibarlı hesab edilmiş, həmin mənzilə dair N.Quluzadənin payı tərəfindən ona ödənmiş və o, hazırda mənzilin tam payla sahibidir. Mülkiyyət hüquqlarının qeydə alınması üçün MTK tərəfindən ona Protokoldan çıxarış və maliyyə arayışı verilməlidir. Həmin Protokoldan çıxarış və maliyyə arayışı o mənzilin atası M.Piriyevin adına keçməsinə dair ərizə verilərkən MTK-ya təhvil verilmişdir və hazırda MTK-da saxlanılır. O, həmin protokoldan çıxarışın və maliyyə arayışının ona verilməsi üçün MTK-nın əməkdaşı Təranə xanıma müraciət etmiş, o isə həmin sənədləri ona verməkdən imtina etmişdir. Ona görə də o rəsmi olaraq MTK-ya bu barədə müraciət etmişdir. Həmin məktub MTK tərəfindən qəbul edilsə də, rəsmi olaraq ona cavab verilməmişdir. Qeyri-rəsmi olaraq bildirilmişdir ki, o, o vaxt cavabdehi prokurorluğa və polisə şikayət etdiyi üçün və cavabdehə orada əziyyət verildiyi üçün, cavabdeh də indi həmin çıxarışı və protokolu vermir. Bundan əlavə bildirmişlər ki, guya həmin protokoldan çıxarış və maliyyə arayışı Bakı Baş Polis İdarəsində araşdırılma aparılarkən polisə təqdim edilmiş və oradadır. O, həmin araşdırmanı aparan Polis İdarəsinə müraciət etmiş və iş materialları araşdırılarkən məlum olmuşdur ki, protokoldan çıxarış ümumiyyətlə polisə təqdim edilməmiş, maliyyə arayışının isə kserosurəti təqdim edilmişdir. Bundan sonra başa düşmüşdür ki, MTK rəhbərliyi arada yaranmış narazılıqlara görə bilərəkdən onun adına olan protokoldan çıxarışı və maliyyə arayışını verməkdən imtina etmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda qüvvədə olan alqı-satqı müqaviləsinə əsasən həmin mənzilin mülkiyyətçisi odur. O, bu mənzilə dair mülkiyyət hüquqlarını qeydə almaq üçün Reyestr Xidmətinə müraciət etdikdə ona bildirilmişdir ki, bu hüquqların qeydə alınması üçün payçılığa qəbul edilmə barədə protokoldan çıxarış və maliyyə arayışı təqdim edilməlidir. Həmin sənədlər isə hazırda MTK-dadır, bilərəkdən həmin sənədləri ona verməkdən imtina edirlər. Bu isə onun həmin mənzilə dair mülkiyyət hüquqlarını pozur. Ona görə də həmin sənədlər məhkəmə qaydasında cavabdehdən alınaraq ona verilməlidir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-640/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarış və həmin müqavilə ilə bağlı maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8, 752.1, 752.2, 769, 567, 568.1, 575, 452, 442, 448, 139.1, 139-1.1.6 və 144-1.4-cü maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. Cavabdeh "xxxx" MTK qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-640/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaya qarşı cavabdeh "xxxx" MTK-nın verdiyi yazılı etirazda da qeyd olunduğu kimi, cavabdeh "xxxx" MTK fəaliyyətini dayandırmışdır. "xxxx" MTK-da iddiaçı Qəhərəman Piriyevə və digər şəxslərə məxsus müqavilələr, maliyyə arayışları və digər sənədlər mövcud deyil. "xxxx" MTK da vaxtilə mənzil almış şəxslərə müqavilələr və maliyyə arayışlarının əsli verilmişdir. Lakin iddia ərizəsində qeyd olunduğu kimi, sonradan İddiaçı aldığı mənzilə dair xx.xx.2018-ci il tarixli protokolundan çıxarışı və maliyyə arayışını "xxxx" MTK-a qaytarmamış, bu sənədləri MTKya təhvil verməmişdir. Bu barədə iddiaçının dəlilləri həqiqəti əks etdirmir. İddiaçı bu dediklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin buna baxmayaraq, Xətai Rayon Məhkəməsi əsassız olaraq cavabdehin üzərinə öhdəlik qoymuşdur. Onu da qeyd edirik ki, "xxxx" MTK-nın inşa etdiyi binadan mənzillər əldə edən sakinlər binanın idarə olunması məqsədilə MTK-nın ləğv edilməsi və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə qərar qəbul etmiş, həmin MMMC-nin qeydiyyata alınması üçün müvafiq sənədlər Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə göndərilmişdir. "xxxx" MTK-da iddiaçı X2 adına maliyyə arayışı və xx.xx.2018-ci il tarixli protokolundan çıxarış yoxdur. Olmayan sənədlərin verilməsinin mümkün sayan Xətai Rayon Məhkəməsi bu barədə qəbul etdiyi qətnamənin hansı qaydada icra olunacağını heç düşünməmişdir. Bunlardan başqa, İddiaçı və arvadı Nilufər Quluzadə arasında məhkəmə mübahisələri olmuşdur. Sözügedən mənzilə dair iddiaçının atası Məhəmməd Piriyevin adına mülkiyyət hüququna dair çıxıraş verildiyinə görə, iddiaçı mənzilə çıxarış əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia qaldırmalıdır. “Yapı İnşaat MTK da mövcud olmayan sənədləri İddiaçı təqdim etmək fiziki olaraq mümkün deyil. İşə baxan Xətai Rayon Məhkəməsi isə bütün bunlara əhəmiyyət verməmiş, sənədlərin verilməməsində cavabdehin hər hansı təqsirinin olmadığını nəzərə almamış, işi səthi araşdırmış, yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq iş üzrə əsassız və qaunsuz qətnamə qəbul etmişdir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, barışıq sazişi üzrə tərəfindən keçmiş həyat yoldaşına pul vəsaiti ödənilmişdir. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
18.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
19.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 22.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 24.390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 25.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26.425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 27.441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 28.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 30.560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
31.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 32.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 35.İşin araşdırılmış hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzili almış, əvəzində müqavilə ilə müəyyən edilmiş məbləğdə cavabdehə pul ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 noyabr 2019-cu il tarixli, 2(011)-7298/2019 saylı qətnaməsi ilə "xxxx" MTK ilə X6 arasında Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10D, giriş 2, 15-ci mərtəbədə 126 nömrəli mənzilə dair bağlanmış 15 mart 2019-cu il tarixli müqavilə, habelə həmin mənzilə dair X3 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrində (08 aprel 2019-cu il tarixli, Seriya RX, 1519645) 3019 nömrəli reyestr kitabının 231936 nömrəli vərəqində ********** nömrə ilə aparılmış dövlət qeydiyyatı etibarsız hesab edilmişdir. 36.Daha sonra İddiaçı ilə keçmiş arvadı X7 arasında 28 noyabr 2023-cü il tarixində barışıq sazişi bağlanmışdır. Tərəflər razılaşmışlar ki, X1 prospekti 10 "D”-giriş 2, 15-ci mərtəbə, mənzil 126 ünvanında yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzilin ona məxsus ½ pay hüququnun əvəzində İddiaçı tərəfindən 100.000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsi müqabilində 24 sentyabr 2018-ci il tarixli müqavilə üzrə yaranmış mənzilə dair bütün hüquqlarından tam şəkildə İddiaçı xeyrinə imtina edəcəkdir. 37.Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzilin tam payda mülkiyyətçisidir. O, həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün payçı kimi qəbul edilməyi barədə Protokoldan çıxarış və müqavilə üzrə borcunun olmamasını təsdiq edən maliyyə arayışının cavabdeh tərəfindən ona təqdim edilməsini tələb edir. 38.Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 39.Belə ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin müqavilə ilə bağlı hər hansı tələb də məhz müqavilə şərtləri çərçivəsində dəyərləndirilməlidir. 40.Cavabdeh tərəfin inşa etdiyi binadan iddiaçının 24 sentyabr 2018-ci il tarixdə müqavilə əsasında ünvan 1 ünvanında yerləşən sahəsi 112,22 kv.metr olan 2 otaqdan ibarət mənzili aldığı, əvəzində müqavilə ilə müəyyən edilmiş məbləğdə cavabdehə pul ödədiyi işin mübahisələndirilməyən hallarındandır. Etirazının dəlilləri isə İddiaçı və digər şəxslərə məxsus müqavilələrin, maliyyə arayışlarının və digər sənədlərin MTK-da mövcud olmadığı, bu sənədlərin vaxtilə mənzil almış şəxslərə verildiyi, mübahisəli mənzilə dair iddiaçının atası Məhəmməd Piriyevin adına mülkiyyət hüququna dair çıxarış verildiyinə görə, iddiaçının mənzilə çıxarış əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia qaldırmalı olduğu, "xxxx" MTK fəaliyyətinin dayandırıldığı barədə hallardan ibarətdir. 41.Kollegiya apellyasiya şikayətində istinad olunan bu dəlillərə tənqidi yanaşır. Belə ki, hazırkı işə aid mühüm əhəmiyyəti olan hallardan müəyyən edilir ki, iddiaçı tərəf olduğu müqavilə ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmişdir. Belə ki, iş materiallarına əsasən iddiaçının yuxarıda qeyd olunan mənzil üçün cavabdehə borclu olmaması aşkardır. Müvafiq rəsmiləşdirmənin də yalnız mənzilin dəyərinin tam ödənilməsi halında baş verməsi faktı şübhəsizdir. Belə olan halda məhkəmə mübahisəli mənzilin əldə olunmasına dair maliyyə arayışnın və MTK tərəfindən verilən mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan digər sənədlərin verilməməsi əsassızdır. 42.MTK-nın İddiaçı və digər şəxslərə məxsus müqavilələrin, maliyyə arayışlarının və digər sənədlərin mövcud olmadığı, bu sənədlərin vaxtilə mənzil almış şəxslərə verildiyi və s. dair dəlillərinə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, istinad olunan bu halların mövcudluğu iddiaçının mənzilə dair hüquqlarının hər hansı formada cavabdeh tərəfindən məhdudlaşdırılmasına əsas vermir. Belə ki, iddiaçı mübahisələndirilən mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini tam ödədikdən sonra əldə etdiyi mənzilə sahib olmaq, istifadə etmək və barəsində sərəncam vermək kimi hüquqları vardır ki, bu hüquqların da məhdudlaşdırılmasına yol verilmir. Çünki, tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan müqavilə vardır ki, onun da qanuniliyi keçən müddət ərzində heç bir formada MTK tərəfindən mübahisələndirilmədiyindən orada nəzərdə tutulan şərtlər tərəflər üçün məcburi xarakter daşıyır. 43.24 sentyabr 2018-ci il tarixli müqavilənin 3.1-ci bəndində tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini (mənzilin dəyərini tam ödəmək şərtilə) alıcıya təhvil verməsi icraçının vəzifələrinə aid edilmişdir. Belə olan halda da mövcudluğuna xitam verilməmiş MTK iddiaçıya müvafiq sənədləri verməməklə Mülki Məcəllənin 385 və 425-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müqavilə əsasında yaranmış hüquqlarını pozmuşdur. 44.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-640/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev