Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-434/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilin boşaldılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmadığı üçün Rayon Məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onların maraqlarına toxunduğunu bildirən X2, Maraqlı şəxs3, X3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 verdikləri apellyasiya şikayətinə, iddiaçılar X2, Maraqlı şəxs3, X3, Maraqlı şəxs1, Maraqlı şəxs2 cavabdehlər İddiaçı, X6 və Cavabdeh1 qarşı “aktın etibarsız hesab olunması tələbi barədə” birgə iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 06 noyabr 2020-ci il tarixli qətnamədən bu iş üzrə iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə, ikinci iş üzrə iddiaçıların birgə vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşlərin bir icraatda birləşdirilməsi və apellyasiya baxışı hədləri ilə bağlı məlumat: Birinci işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.01.2018-ci il tarixli qətnaməsi (İş № 2(004)-376/2018) ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və A.Dadaşova qarşı irəli sürdüyü iddiasına dair mülki iş üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal dairəvi küçəsi, bina № 2-də yerləşən 22, 24 “a”, 25, 26 və 75 №-li mənzillərin cavabdehlər tərəfindən boşaldılmasını, iddiaçının həmin mənzillərə köçürülməsini, iddiaçının həmin mənzillər üzərində sahiblik və istifadə hüquqlarına, o cümlədən həmin mənzillərə sərbəst giriş və çıxışına maneə yarada biləcək hərəkətlərin edilməsinin cavabdehlərə qadağa edilməsini qət etmişdir. İddia tələbi, (bina tikən fiziki şəxs) X7 ilə (İddiaçı atası) X8 arasında bağlanmış 26.07.2006-cı il tarixli akta əsaslanmışdır. İş üzrə tərəf olmadıqları üçün Rayon Məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş Ceyhun İbrahimov, Maraqlı şəxs3, Mübariz Xasiyev, Maraqlı şəxs1 və Maraqlı şəxs2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və İddiaçı iddiasının təmin edilməməsini xahiş etmişlər. İkinci işə baxmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.11.2020-ci il tarixli qətnamə (İş № 2(005)-335/2020) ilə Ceyhun İbrahimov, Maraqlı şəxs3, Mübariz Xasiyev, Maraqlı şəxs1 və Maraqlı şəxs2 cavabdehlər İddiaçı, Venera Rüstəmova və Cavabdeh1 qarşı irəli sürdükləri “X7 ilə X8 arasında bağlanmış 26.07.2006cı il tarixli aktın etibarsız hesab olunması tələbi barədə” birgə iddialarını təmin edilməməsini qət etmişdir. Bu iş üzrə iddiaçılar həmin qətnamədən də Məhkəməyə birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və birgə iddialarının təmin edilməsini xahiş etmişlər. Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə əsasən Məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. Məhkəmənin qəbul etdiyi 16.07.2021-ci il tarixli qərardad ilə birinci iş üzrə qəbul edilmiş qətnamədən Ceyhun İbrahimov, Maraqlı şəxs3, Mübariz Xasiyev, Maraqlı şəxs1 və Maraqlı şəxs2 birgə verdikləri apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İşin (icraatda qalmış ikinci işin) baxılması ilə bağlı məlumat: Məhkəmə, apellyasiya baxışında qalan işlə bağlı qeyd edir ki, Ceyhun İbrahimov, Maraqlı şəxs3, Mübariz Xasiyev, Maraqlı şəxs1 və Maraqlı şəxs2 birgə verdikləri iddia ərizəsi və iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış birgə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında mənzillərdən 28.02.2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 25 saylı mənzil payçı Maraqlı şəxs3, 2007-ci ilin may ayında bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 22 saylı mənzil Mübariz Xasavevə, fevral 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 24 “a” saylı mənzil payçı Ceyhun İbrahimova, 07.04.2007-ci il tarixli müqavilə əsasında dəyəri tam ödənilməklə bina tikən fiziki şəxs X7 tərəfindən sakinlərə pay müqaviləsi əsasında satılmış və mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışları mövcuddur. Buna baxmayaraq (bina tikən fiziki şəxs) X7 ilə (İddiaçı atası) X8 arasında bağlanmış 26.07.2006-cı il tarixli aktda qeyd edilir ki, bir neçə mənzil, o cümlədən (hazırki iş üzrə iddiaçılar) Ceyhun İbrahimov, Maraqlı şəxs3, Mübariz Xasiyev, Maraqlı şəxs1 və Maraqlı şəxs2 satılmış mənzillər yaşayış binasının inşasının tam başa çatdırılması məqsədi ilə Ş.Hüseynov tərəfindən R.Rüstəmova təhvil verilir. İddiaçılar məhkəmənin diqqətini o hala cəlb edirlər ki, qeyd edilən akt Ş.Hüseynov tərəfindən imzalansa da, R.Rüstəmov tərəfindən imzalanmamışdır. İddiaçılar hesab edirlər ki, həmin aktın hüquqi qüvvəsi yoxdur, çünki “akt” “müqavilə” deyil və hər hansı hüququ təsdiq etmir və yaratmır. Bundan başqa nəzərə alınmalıdır ki, Ş.Hüseynov ilə R.Rüstəmov arasında müqavilə bağlamamışdır. Müqavilə bağlanmadan aktda qeyd olunanların həyata keçirilməsi mümkün deyil. Belə ki, Mülki Məcəllənin tələblərinə görə müqavilə yoxdursa, deməli, öhdəlik də yoxdur və yaranmayıb. İddiaçılar bildirirlər ki, onlar mübahisəli mənzilləri müqavilə əsasında və dəyərini Ş.Hüseynova tam ödənilməklə satın almışlar. Odur ki, göstərilənlər nəzərə alınmalı və Ş.Hüseynov ilə R.Rüstəmov arasında bağlanmış 26.07.2006-cı il tarixli aktın etibarsız hesab olunmalıdır. İddiaçılar daha sonra bildirirlər ki, mübahisəli aktı imzalamış Ş.Hüseynov 2016-cı ildə vəfat etmişdir və cavabdehlərdən biri olan Cavabdeh1 mərhumun (övladıdır) vərəsəsidir. Mübahisəli aktda adı qeyd edilmiş, lakin aktı imzalamamış R.Rüstəmov də vəfat etmişdir və digər cavabdeh İddiaçı onun (övladıdır) vərəsəsidir. R.Rüstəmovun digər vərəsəsi (övladı) X1 azyaşlı olduğundan cavabdeh Venera Rüstəmova onun qanuni nümayəndəsidir. İddiaçıların birgə vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək təmsil etdiyi şəxslərin birgə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və onların məzmununa uyğun izahat verdi. Cavabdehin İddiaçı vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçıların mübahisələndirdikləri akta qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, akt etibarlıdır və R.Rüstəmov həmin aktı imzalamasa da, akt onun razılığı ilə tərtib edilmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçılar qeyd edilən aktın mövcudluğundan artıq 2015-ci ildə məlumatlı idilər və aktı mübahisələndirmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşlər. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların birgə verdikləri apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçılar – mərhum Rövşən Rüstəmovun azyaşlı övladları İddiaçı və Cəfərsadiq Rüstəmzadənin qanuni nümayəndəsi (anaları) Venera Rüstəmovanın cavabdeh Şakir Hüseynova (iş üzrə üçüncü şəxs Cavabdeh1 olmaqla) qarşı “öhdəliklərin icra edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal dairəvi küçəsi, bina № 2-də yerləşən 2, 5, 6a, 7, 16, 19, 22, 24 “a”, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73 və 75 №-li mənzillərin cavabdehdən alınaraq iddiaçılara təhvil verilməsi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X9 iddiaçılara və cavabdeh Şakir Hüseynova qarşı “21.01.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 24 “a” saylı mənzilin ona təhvil verilməsi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.04.2013-cü il tarixli qətnamə (İş № 2(004)- 871/2013) ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2014-cü il tarixli qətnaməsindən (İş № 2(103)-1868/2014) görünür ki, həmin qətnamə ilə, azyaşlı olan iddiaçıların qanuni nümayəndəsi X5 Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı və Cəfərsadiq Rüstəmzadənin cavabdeh Şakir Hüseynova (üçüncü şəxs Cavabdeh1) qarşı “öhdəliyin icra edilməsi və mənzillərin təhvil verilməsi tələbi barədə” iddianın təmin edilməsi, 2, 5, 6a, 7, 16, 19, 22, 24 “a”, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73 və 75 №-li mənzillərin cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.08.2014-cü il tarixli qərarından (İş № 2(102)-2817/2014) görünür ki, həmin qərarla cavabdeh Şakir Hüseynovun və üçüncü şəxs Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən məhkəmə aktlarından görünür ki, iddianın təmin edilməsi üçün əsas (bina tikən fiziki şəxs) Şakir Hüseynov ilə (azyaşlı iddiaçıların atası) Rövşən Rüstəmovun arasında bağlanmış 26.07.2006-cı il tarixli akt olmuşdur. Məhkəmə bildirir ki, həmin aktdan görünür ki, Ş.Hüseynov ilə R.Rüstəmov razılığa gəlmişlər ki, yaşayış binasının inşasının tam başa çatdırılması məqsədi ilə Ş.Hüseynov tərəfindən R.Rüstəmova təhvil verilir. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçılar 26.07.2006-cı il tarixli aktdan 2015-ci ildən etibarən məlumatlı olmuşlar. Belə ki, onlar mübahisəli mənzillər ilə bağlı həyata keçirilən icra hərəkətlərin mübahisələndirmiş və müvafiq ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər (bax: həmin məhkəmənin 2-1(81)- 2953/2015 №-li iş üzrə qəbul etdiyi 23.11.2015-ci il tarixli qərarı). Hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsi isə 11.09.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçılar mübahisələndirilən 26.07.2006-cı il tarixli aktdan 2015-ci ildən məlumatlı olsalar da, “aktın etibarsız hesab edilməsi tələbi barədə” iddia təxminən 5 il sonra müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşlər. Bu səbəbdən də iddia rədd edilməlidir. Məhkəmə Rayon Məhkəməsinin bu yanaşması ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Göründüyü kimi Yasamal Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillərin boşaldılması zamanı iddiaçılara mənzillərlə bağlı mübahisənin olması məlum olmuşdur. Hətta sakinlərin mənzillərdən çıxarılması ilə bağlı icra məmurlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, onların mənzillərdən çıxarılmalarına dair inzibati aktın və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə iddiaçılar 2015-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışlar. İşə baxılan zaman cavabdeh işə baxmış Rayon Məhkəməsinə iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçılar 1 illik kəsici müddətini ötürmüşdür. Belə ki, iddiaçılar aktdan Yasamal Rayon İcra Şöbəsinin icra məmurlarının icra tədbirlərini həyata keçirən zaman məlumatlı olmuşlar. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə bildirir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən 1 il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur və kəsici müddətlər, onların ötürülməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçılar yuxarıda qeyd olunan akt üzrə hüquqlarının ehtimal olunan pozulmasını bildiyi halda, onlar yuxarıda qeyd edilən Aktın etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişlər. İddiaçıların iddiası təmin edilə bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 06.11.2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçıların birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 06 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-434/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-434/2021
16.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver