Məhkəmə qərarları › İş №2(103)-434/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-434/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-434/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)- 4336/2021 saylı qətnaməsindən və İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)- 5939/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayan cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən fərdi yaşayış evi 23 avqust 2016- cı ildən iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının tanışıdır. O hazırda iddiaçıya məxsus olan fərdi yaşayış evini zəbt edərək orada qeydiyyatsız yaşayır. Cavabdehdən ona məxsus olan evdən çıxmasını tələb etsə də, o, mənzildən çıxmaqdan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı öz tələbini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, habelə Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələri ilə əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-4336/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan əlavə İddiaçı Cavabdeh qarşı özünə məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əvvəlki iddia tələbinin dəlilləri ilə əsaslandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)-5939/2021 saylı qətnaməsi ilə bu iddia da rədd edilmişdir. İddiaçı hər iki qətnamədən apellyasiya şikayəti vermiş, qətnamələrin ləğv edilib iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsus olduğu, cavabdehin bu evə hər hansı hüquqları olmadığı halda, məhkəmə işin faktiki hallarını tam araşdırmayaraq və maddi hüquq normalarını pozaraq iddiaları təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(103)-2466/2022 saylı qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərin təmin edilməsini, Cavabdeh və onun nümayəndəsi X14 isə şikayətlərin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-4336/2021 saylı və 21 sentyabr 2021-ci il tarixli 2(011)-5939/2021 saylı qətnamələri ləğv edilməli və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində əvvəllər qeydiyyatda olmuş X3 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o özünə məxsus olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən 2 otaqlı 30 kv.m sahəsi olan fərdi yaşayış evini 20 avqust 2016-ci il tarixdə İddiaçı satmış və həmin əmlaka görə İddiaçı 28000 (iyirmi səkkiz min) manat pul almışdır. X4 gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbinin olmayacağı bildirilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazda iddiaçının qardaşı X17 ilə 7 fevral 2016-cı il tarixdə ailə həyatı qurduğunu, həmin ildə Rafiq İsmayılovun Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən ata yurdu olan evin satılaraq əldə olunmuş vəsaitin bölündüyünü, həyat yoldaşının payına düşən 28000 manat pulun onlara verildiyini, bundan sonra anası X15 və İddiaçı ilə birlikdə Bakı şəhəri kənd Əhmədlidə yerləşən sözü gedən mübahisəli evə baxmaq üçün getdiklərini, 28000 manat pula həmin evi evin sahibi olan Ələviyyədən aldığını və həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamağa davam etdiklərini, xəstə baldızı Zemfiraya da həmin evdə baxaraq qulluq etdiyini göstərmişdir. Cavabdeh hesab etmişdir ki, ev özbaşına tikili olmaqla iddiaçı həmin evin mülkiyyətçisi olmadığından, hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. (i.v.38-41) İddiaçı da mübahisəli evi Ələviyyə adlı şəxsdən 28000 manata aldığını göstərmişdir. Məhkəmə kollegiyası adı çəkilən X2 məhkəmədə şahid qismində dindirilməsi üçün məhkəməyə təqdim olunmasını hər iki tərəfə təklif etmişdir. İddiaçı Ə.İbrahimovanın sağlamlıq durumuna görə məhkəməyə gəlməsinin mümkün olmadığını bildirmiş, cavabdehin nümayəndəsi Könül İsgəndərli isə həmin şahidin dindirilməsinə etiraz etdiyini bildirmişdir. İş materiallarından göründüyü kimi, hər iki şəxs mübahisəli evi X1 28000 manata aldığını bildirir. Lakin Cavabdeh fərqli olaraq, İddiaçı həmin evi Ələviyyəxanım İbrahimovadan almasına dair məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Bundan əlavə, Cavabdeh iddia ərizəsinə yazılı etirazda və izahatında həyat yoldaşı X11 Biləcəri qəsəbəsində yerləşən ata yurdunun satılmasından əldə olunmuş vəsaitdən onlara 28000 manat pay düşdüyünü, həmin pula mübahisəli evin alındığını göstərmişdir. Cavabdeh izahatından və iş materiallarından görünür ki, onun X17 ilə rəsmi nikahı olmamışdır. Bundan əlavə, cavabdehin qeyd etdiyi Biləcəri qəsəbəsində yerləşən evin Rafiq İsmayılovun ata yurdu olması, evin satışından əldə olunmuş puldan Rafiq İsmayılova hər hansı məbləğdə pul verilməsi təsdiq olunmamışdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh iddiaçının mərhum qardaşı Rafiq İsmayılovla 2016-cı ildə qeyri-rəsmi nikaha daxil olmuş və bir neçə il onunla qeyri-rəsmi nikah münasibətlərində olmuşdur. Tərəflərin izahatlarından görünür ki, cavabdehin anası Tünzalə Qasımova İddiaçı ilə xala qızıdırlar. Bakı şəhəri Binəqədi RİH Səhiyyə şöbəsinin 15 dekabr 2000-ci il tarixli 248 saylı rəyindən görünür ki, Bakı şəhəri 1 saylı Klinik psixiatriya xəstəxanasının 30.05.2000-ci il tarixli 49/94 saylı arayışına əsasən X12 1994-cü ildən psixonevroloji dispanserdə ruhi xəstə kimi qeydiyyatda olmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2000-ci il tarixli 2218 saylı sərəncamı ilə İddiaçı ruhi xəstə, 1-ci qrup əlil olan bacısı X6 qəyyumu təyin edilmişdir.(i.v.44) Yasamal rayon tibbi ekspert komissiyasının 16.10.1995-ci il tarixli arayışına əsasən X17 2-ci qrup əlil olmaqla əmək qabiliyyətsiz olmuşdur. (i.v.46) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 1998-ci il tarixli 760 saylı sərəncamı ilə iddiaçının bacısı X7 Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.metr ölçüdə torpaq sahəsi ayrılmışdır.(i.v.39-42) X13 ilə X22 arasında bağlanmış 19 avqust 2016-cı il tarixli torpaq alqısatqısına dair notarial qaydada təsdiq olunmuş ilkin müqavilənin surətindən görünür ki, Zemfira İsmayılovanın qəyyumu İddiaçı ilə X22 Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən, Zemfira İsmayılovaya məxsus 600 kv.metr torpaq sahəsinin 81000 manata alqı-satqısına dair razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş və Bakı şəhəri Xətai RİH başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəliyinin möhürü ilə də təsdiq olunmuş 23 avqust 2016-cı il tarixli hesabat cədvəlinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair hesabat cədvəli İddiaçı adına tərtib olunmuşdur.(i.v.7-10) İş materiallarında olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 30 noyabr 2016-cı il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində həmin xidmətlərin göstərilməsinə dair müqavilə İddiaçı ilə bağlanmış (i.v.11), həmin evdə elektrik enerjisindən istifadə edən abonent kimi "xxxx" ASC-də İddiaçı qeydə alınmışdır. (i.v.24-25) Bundan əlavə, Əhmədli Bələdiyyəsində qeyd olunan evə görə vergi ödəyicisi kimi İddiaçı qeydə alınmışdır. (i.v.27-28) Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X9 ifadəsində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2016-cı ildə bacısı İddiaçı tərəfindən xəstə bacıları Zemfiraya baxmaq üçün alındığını, digər şahid X16 isə ifadəsində baldızı İddiaçı əri, Sevilin xəstə bacısı Zemfiranın onlarda qalmasına razı olmadığına görə kənd Əhmədlidə yerləşən evin İddiaçı tərəfindən xəstə bacısı və qardaşının yaşaması üçün alındığını bildirmişdir. Yuxarıda sadalanan sübutlar ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən alındığını təsdiq edir. Beləliklə, İddiaçı mübahisəli evin ona məxsus olması barədə məhkəməyə sübutlar təqdim edərək üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmişdir. Cavabdeh isə həmin evin ona məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X18, X10 və X15 ifadələrində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində X19 yaşadığını göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli evdə yaşaması barədə şahid ifadələri, habelə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qaz və su təchizatı ilə müqavilələrin 2021-ci ilin iyun ayında Cavabdeh ilə bağlanması və mənzildən istifadəyə görə ödənişlərin Cavabdeh tərəfindən aparılması həmin evin ona məxsus olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi iddiaları rədd edərkən ona əsaslanmışdır ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsində yerləşən 15a nömrəli ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, həmin evdə Cavabdeh yaşayır və onun yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı yaşayış yeri isə onun ərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi ev 141-də yerləşən 11 saylı mənzildir. Kollegiya iddia tələblərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Yenə həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, həmin evin titul sahibidir. Onun həmin ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ vardır. Cavabdeh isə həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun olması müəyyən edilməmişdir.İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh başqa ünvanda---ünvan 2llegiya hesab edir ki, mübahisəli mənzilin İddiaçı məxsus olması onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini və mənzil üzərində hər hansı hüququ olmayan Cavabdeh mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçı başqa yaşayış yerinin olması özünə məxsus olan evə köçürülməsi tələbini irəli sürməyə mane olmur. Mülki Məcəllənin 27.1-ci maddəsinə görə, şəxsin bir neçə yaşayış yeri ola bilər. Ona görə də kollegiya hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən və gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilərək iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-4336/2021 saylı və 21 sentyabr 2021-ci il tarixli 2(011)-5939/2021 qətnamələri ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 30 manat pul Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar