Məhkəmə qərarları › İş №2(103)-434/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-434/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-434/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: «əsassız silinmiş məbləğin geri qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3131/2022 saylı, 23 avqust 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh ASC ilə "xxxx" Firması arasında xx.xx.2019-cu il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqavilə imzalanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız silinmiş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ***********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən, xx.xx.2021-ci il tarixədək 4956,77 manat pul vəsaitinin, **********105 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 1640 manat pul vəsaitinin, fərqli saatlarda əsassız olaraq ümumilikdə silinmiş 6596,77 manat pul vəsaitinin "xxxx" ASC tərəfindən hesabına geri qaytarılması və hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona ödənilməsi vəzifəsinin “cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini bununla əsaslandırır ki, ona məxsus olan ***********105 və **********103 nömrəli Cavabdeh ASC-dən aldığı ödəniş kartı üzrə hesablarından ona məlum olmayan artıq məbləğlər çıxılmışdır. Cavabdeh ASC-yə bu barədə müraciət edərək, əsassız olaraq hesabından silinmiş məbləğin hansı səbəbdən silinməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Həmin silinmiş vəsaitlərin ödəniş kart hesabına bərpa edilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsini Cavabdeh ASC-dən xahiş etmişdir. Cavabdeh ASC tərəfindən müraciətinə cavab olaraq ona bu vaxta qədər hər hansı bir cavab məktubu ünvanlanmamışdır. ***********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək 4956,77 manat pul vəsaitinin, **********105 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 1640 manat pul vəsaitinin, fərqli saatlarda əsassız silinmiş ümumilikdə 6596,77 manat pul vəsaitinin hansı məqsədlə və nə üçün silindiyi ona məlum olmamışdır. Daha əvvəl bu barədə məlumatlı olsaydı hər bir halda banka müraciət edərdi. Qeyd olunan hal ona həmin vaxt məlum olmuşdur ki, dərhal banka müraciət etmişdir. Lakin bu günə qədər ödəniş kartı hesabından əsassız silinmiş məbləğ geri qaytarılmamışdır. Bu barədə Cavabdeh ASC-yə dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülməmiş, əvəzində isə onun əmək haqqı kart hesabları dondurularaq həmin kartlar üzrə əməliyyatlar həyata keçirilməsinə məhdudiyyətlər qoyulmuşdur. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək onun hüququdur. Chargeback - müştərinin ərizəsi əsasında kart sahibinin ticarət nöqtəsində (internet-mağazada) apardığı kart əməliyyatının bank tərəfindən mübahisələndirilməsi prosesini özündə əks etdirir. Malların və ya xidmətlərin alınması ilə bağlı hər hansı bir əməliyyat qondarma və ya saxta ola bilər və heç kim bundan qorunmur. Üstəlik, bu, ödəmə kart vasitəsi ilə edildikdə baş verə bilər. Əgər satıcı onu aldadırsa və ya ödəniş onun xəbəri olmadan edilirsə, buna bank cavabdehlik daşımalıdır. Bu vəziyyətdə pul vəsaitini geri ala bilmək onun hüququdur və bunu etmək bankın borcudur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3131/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi (hakim Toğrul Axundov) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, Cavabdeh ASC ilə "xxxx" Firması arasında xx.xx.2019-cu il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqavilə imzalanmışdır. Bu müqavilə onun tərəflərindən biri olan Sifarişçinin işçisi olaraq İddiaçı tərəfindən də imzalanmışdır. Qeyd edilən müqavilənin 3.5.1-ci bəndinə əsasən müştəri kartdan istifadə qaydalarına düzgün əməl etməli və kartın təhlükəsizinini təmin etməlidir. Müqavilənin 3.5.2-ci bəndinə əsasən müştəri kartı itirdikdə, kart oğurlandıqda və ya səlahiyyətli olmayan şəxs tərətindən qanunsuz istifadə edildikdə müştəri dərhal bu fakt barədə mümkün kommunikasiya vasitələrindən (ən azı telefon, mobil, internet) istifadə etməklə Bankı məlumatlandırmalıdır. Müştəri aşağıda göstərilən telefon və internet saytı vasitəsilə ilə “Azərikard" MMC ilə əlaqə saxlaya bilər: əlaqə tel (customer support service): (994 12) 194; internet sayt: www.azericard.com. Bank kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadə edilməsi üçün məsuliyyət daşımır və bu bənddə göstərilən məlumatlandırma ilə bağlı xəbərdarlıq "xxxx" MMC tələbləri üzrə müəyyən edilən müddətdə qüvvəyə minir. Həmçinin müqavilənin 4.4.2-ci bəndinə əsasən Bank tərəfindən verilmiş plastik kartların itirilməsi, oğurlanması nəticəsində və ya hər hansı digər səbəbdən plastik kartlardan qanunsuz istifadə edilməsinə görə bank sifarişçi və ya onun işçiləri və digər şəxslər qarşısında məsuliyyət daşımır. Hazırkı mübahisədə iddiaçı 6596.77 manat məbləğində olan pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda işarə qoyulmaqla mübahisələndirilmiş silinmələrin məbləği 3945.03 manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, mübahisələndirilən dövrlərdə iddiaçının kartından Apple.Com tətbiqində aparılmış əməliyyatlar nəticəsində 3945.03 manat silindiyi müəyyən edilir. İlk növbədə qeyd edilməlidir ki, bu tətbiqdə əməliyyat aparmaq üçün 2 şərt olmalıdır. Birincisi bu tətbiqdə əməliyyat aparmaq üçün şəxsin mobil telefonunda Applestore tətbiqinə daxil olmaq lazımdır. Sonrakı mərhələdə isə eyniləşdirmə məlumatlarını daxil etmək və əməliyyat aparmaq lazımdır. Nəticə etibarı ilə bu əməliyyat yalnız şəxsə aid olan mobil telefon və yalnız şəxsin bilməli olduğu eyniləşdirmə məlumatlarını daxil etməklə aparıla bilər. İddiaçı tərəfindən mobil telefonunun və ya eyniləşdirmə məlumatlarının başqası tərəfindən bu və ya digər yollarla ələ keçirilməsi birbaşa onun məsuliyyətindədir. Bu da iddiaçının bank kartı üzrə hesabından olan silinmələrin birbaşa və ya dolayı yolla onun təqsirinə görə silindiyini təsdiq edir. Bu səbəbdən də, istifadəçiyə məxsus plastik kartdan çəkilmiş məbləğlərə görə bank məsuliyyət daşımır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıa məxsus müxtəlif banklara aid kartlardan eyni dövrlərdə iddiaçının birbaşa və ya dolayı təqsiri olmadan aparılmış əməliyyatların nəticəsində əsassız olaraq vəsaitin silinməsi inandırıcı deyildir. Qanunvericiliyin mənasından göründüyü kimi hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi və öz əli ilə imza analoqlarından istifadəsi ilə yanaşı, eyni zamanda elektron ödəmə vasitələri, kodlardan, parollardan da, üztanıma sistemindən istifadə edilməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yəni, hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun verilməsi üçün mütləq qaydada müştərinin yazılı tapşırığına (ödəniş tapşırığına) zərurət olmamaqla, bu hal sərancam hüqunun həyata keçirilməsi vasitələrindən biri kimi müəyyənləşdirilmişdir. Məhkəmə iddia tələbini bu hissədə təmin etməyərkən onu da nəzərə alır ki, iddiaçı tərəfindən məhkəməyə, onun bank hesablarına hər hansısa formada müdaxilə edilərək ona qarşı kiber cinayətin həyata keçirilməsi ilə bağlı hər-hansısa sübutlar; bu barədə polisə müraciət (şikayət) ərizəsi, cinayət işinin başlanılması və ya başlanılmasının rədd edilməsi barədə qərar və s. sübutları təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız silinmiş məbləğin geri qaytarılması hissəsində təmin edilmədiyindən, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılmanın aparılmasına zərurət qalmadığından iddia tələbi “hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin tutulması” hissəsində də, əsassız hesab edilməli və təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 957.4-cü maddəsinə əsasən, əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə biməsin. Lakin Cavabdeh ASC-nin nümayəndəsi öz etirazında göstərdiklərini, həmçinin əsassız silinmələrin hesab sahibinin təqsiri üzündən silindiyini sübut edə biməmişdir. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Hazırkı iş üzrə həmin vəsaitlərin silinmə əməliyyatlarının təyinatı olaraqa Apple.com qeyd olunmuşdur, lakin silinmələrə səbəb olmuş ilkin sənədlər nə elektron, nədəki, kağız daşıyıcılarında mövcud deyildir. Həmçinin İddiaçı məxsus »»»»»»»»»»»103 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən, xx.xx.2021-ci il tarixədək 4956,77 manat, »»»»»»»»»»105 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci il tarixindən xx.xx.2021 -ci il tarixinədək 1640 manat pul vəsaitinin fərqli saatlarda əsassız olaraq hesablarından silinmiş ümumilikdə 6596,77 manat məbləğdə pul vəsaitinin silinməsinə dair iddiaçının hər hansı razılığı (sərəncamı) olduğunu özündə əks etdirən ödəniş tapşırığı (və ya hər hansı digər sənəd) mövcud deyildir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş "xxxx" MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 ayrıayrılıqda təqdim etdikləri rəyi müdafiə edərək, iddianın və apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Maddə 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Maddə 957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Maddə 957.2. Üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun.. Maddə 957.3. Müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Maddə 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Maddə 966. Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Maddə 967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissədə düzgün olmuşdur.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdi.

20. Belə ki, iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslı olub-olmaması, eləcə də həqiqətin müəyyən edilməsi məqsədilə apellyasiya baxışı mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Mərkəzi Bankın, "xxxx" MMC-nin, "xxxx" MMC-nin verdiyi mütəxəssis rəyləri (məlumatları) alınmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, mütəxəssis və ekspertlər qarşısında... İddiaçı ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli “Bank hesabı(fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq haqqında” qarışıq müqaviləyə əsasən iddiaçıya açılmış ***********103 nömrəli bank kartı hesabından xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək 4956,77 manat, **********105 nömrəli bank kartı hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1640 manat silinmələr(apple.com tərəfindən) aparılmışdırmı, aparılmışdırsa, hansı tarixlərdə, məbləğdə, formada və qaydada və nəyə əsasən aparılması, silinmələr aparılmışdırsa, bu silinmələrin iddiaçı(kart sahibinin) yaxud onun razılığı əsasında başqa şəxslər(ailə üzvləri, digər qohumları,etibar etdiyi şəxslər və.s) tərəfindən aparılıb-aparılmaması yaxud bu silinmələrin cavabdeh bankın hansısa təqsirli hərəkətləri(hərəkətsizliyi) yaxud səhv əməliyyat(texniki overdraft, yanlış əməliyyat və.s) nəticəsində baş verib-verməməsinə dair suallar qoyulmuşdur.

21. "xxxx" MMC-nin 32/203 saylı, 23 dekabr 2022-ci il tarixli məktubunda qeyd edildi ki, "xxxx" ASC "xxxx" prosessinq mərkəzində kartlar üzrə xidmət olunmur və bu səbəbdən də 17 oktyabr 2022-ci il tarixli qərardadda ekspert qarşısında qoyulan sualların cavablandırılması üçün tələb olunan məlumatlar "xxxx" MMC-nin prosessinq sistemində mövcud deyildir.

22. Azərbaycan Respublikası Mərkəzi Bankının 6-1-11/2-399/2023 saylı, 26 yanvar 2023-cü il tarixli məktubunda qeyd edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli "Bank hesabı (fizıki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq haqqında" qarışıq müqaviləyə (Müqavilə) əsasən iddiaçıya açılmış **********103 nömrəli bank kartı hesabından xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 4956.77 manat, **********105 nömrəli bank kartı hesabtndan xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək 1640 manat silinmələr üzrə aşağıdakıları bildiririk:

1. Silinmələrin (apple.com tərəfindən) aparılmasına, əməliyyatların tarixinə, məbləğinə, aparılma üsulu, növü və avtorizasiyasına dair məlumatların cavabdeh "xxxx" ASC-yə prosessinq xidməti göstərən "xxxx" MMC tərəfindən məhkəməmühasibatlıq ekspertizasına təqdim edilməsini məqsədəuyğun hesab edirik;

2. Silinmələrin iddiaçı (kart sahibinin) yaxud onun razılığı əsasında başqa şəxslər (ailə üzvləri, digər qohumlar, etibar etdiyi şəxslər və s.) tərəfindən apanldtğını "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilmiş materiallar əsasında müəyyən edilməsi mümkün deyil. Lakin kart məlumatlarının 3-cü tərəfə təqdim edilməməsi və ödəniş kartının internet şəbəkəsində təhlükəsiz istifadəstnə dair müştərinin öhdəlikləri İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış Müqavilənin müvafiq bəndlərində öz əksini tapmışdır.

3. Silinmələrin cavabdeh bankın hansısa təqsirli hərəkətləri (hərəkətsizliyi) yaxud səhv əməliyyat (texniki overdraft, yanlış əməliyyat və s.) nəticəsində baş verməsinin Mərkəzi Banka təqdim edilmış materiallar əsasında müəyyən edilməsi mümkün deyil.

Məhkəmə-mühasibatlıq ekspertizası aparılarkən iddiaçı, cavabdeh və xidmət mərkəzlərindən alınmış müvafiq təsdiqedici sənədlər və əlavə məlumatlar təqdim olunduqda yuxarıda qeyd edilən sualların cavablandırılması mümkün ola bilər.

23. "xxxx" MMC-nin 08-01/092 saylı, 02 mart 2023-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2022-ci ii tarixli, 04/2 saylı Qərarı ilə təsdiq edilmiş "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"na və xx.xx.2012-ci il tarixli, 16/3 saylı Qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na uyğun olaraq bank hesabının açılması, kartların verilməsi, istifadəsi və hesab üzrə əməkdaşlıq münasibətləri müvafiq qaydalara əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtləri üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfındən təqdim edilən və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli müqavilənin predmetini bank hesabının açılması, debet kartların verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq edilməsi ilə bağlı münasibətlər təşkil edir. Həmin müqavilənin 2.2.1., 2.7.2., 2.7.4., 3.8.4-cü bəndlərinə uyğun olaraq bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində müqavilə ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Bank müştəri tərəfindən qoyulan pul vəsaitinin qanunsuz yollarla əldə edilməsi və ya müştəri tərəfindən məlumatın düzgün göstərilməməsinə görə, müştəri köçürmələrinin icrasında iştirak edən kredit (maliyyə) təşkilatının köçürməni icra etməməsi, köçürmənin icrasını gecikdirməsi və ya digər səbəbdən köçürmə məbləğini dondurması halında, İnternet şəbəkəsində kart ilə apardığı əməliyyatlara dair müştərinin kart hesabından hər hansı silinmələrə, habelə silinmiş vəsaitin ödənilməsinə görə məsuliyyət daşımır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq müqavilə azadlığı prinsipi üzrə banklar müştərilərə ikitərəflı müqavilələr əsasında müstəqil olaraq xidmət göstərdiyi üçün məsələ üzrə tam dəqiq məlumat yalnız müqavilənin tərəfi olan şəxslər (bank və müştəri) vasitəsilə müəyyənləşdirilə bilər.

24. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/8014 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd edildi ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, ******* saylı "Bank hesabı (fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq haqqında" qarışıq müqaviləsinə əsasən İddiaçı açılmış ***********103 nömrəli bank kartı üzrə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək 4956,77 manat və **********105 nömrəli bank kartı üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1640 manat məbləğində silinmələr apple.com tərəfindən aparılması, hansı tarixlərdə, məbləğdə, formada və qaydada və nəyə əsasən aparılması, bu silinmələr iddiaçı (kart sahibinin) yaxud onun razılığı əsasında başqa şəxslər (ailə üzvləri, digər qohumları,etibar etdiyi şəxslər və.s) tərəfindən aparılması, bu silinmələr cavabdeh bankın hansısa təqsirli hərəkətləri (hərəkətsizliyi) yaxud səhv əməliyyat (texniki overdraft, yanlış əməliyyat və s. nəticəsində baş verməsini müəyyən etmək mümkün olmadı.

25. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-ni iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edərək və növbəti dəfə sorğu ünvanlayaraq "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 08-01/092 nömrəli məktubunda məhkəmə qərardadının icrasına, yəni qərardadda qoyulan suallara cavab verməyə cəhd edilsə də, əslində verilən cavabların mahiyyət etibarı ilə qərardadda göstərilən sualların məzmununa uyğun olmadığı, hüquqi məsələlərə dair fikirlər söylənildiyi, məhz "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 08-01/092 nömrəli məktubunda göstərilənlərə əsasən məhkəmə mühasibatlıq ekspertizasının 9/8014 saylı, xx.xx.2023-cü il tarixli rəyində ekspert qarşısında qoyulan suallara cavab verilməsi mümkün olmadığı, ona görə də ekspert qarşısında qoyulmuş suallar üzrə mütəxəssis rəyi verilməsi üçün "xxxx" MMC-yə yenidən müraciət edildiyi göstərildi.

26. Məhkəmə sorğusuna cavab oaraq "xxxx" MMC 03-01/169 saylı, 05 may 2023-cü il tarixli məktubunda qeyd edir ki, əlavələrdə qeyd olunmuş cədvəllərdə əməliyyatlar barədə qeyd etdiyiniz bütün məlumatları təqdim edir. Göstərilən əməliyyatların keçirilməsi üçün əlavədə qeyd olunan verifikasiya əməliyyatları baş vermişdir. Verifikasiya əməliyyatlarının aparılması zamanı kart istifadəçisi tərəfindən daxil olan kart məlumatları (kartın nömrəsi, kartın bitmə tarixi, CW2 kod) bizim sistemdə olan məlumatla eyniləşdirilib və verifikasiya əməliyyatları uğurla başa çatıb. Bu xidmətin Ödəniş sistemlərinin spesifikasıyaları hal-hazırda əməliyyatı həyata keçirən şəxsin biometrik identifikasiyasına imkan vermir. Sözügedən silinmələr X1 sistemi vasitəsilə Bank Ekvayerdan alınan ödəniş tapşırığının Bank Emitent tərəfindən işlənməsi nəticəsində baş vermişdir. X5 dedikdə kart sahibinə xidmət göstərən bank; Bank Ekvayer dedikdə isə müəssisəyə xidmət göstərən bank nəzərdə tutulmuşdur. "xxxx" MMC həmin məktubu ilə birlikdə ********** 105 nömrəli bank kartı hesabına və ********** 103 nömrəli bank kartı hesabına aid əməliyyatlarla bağlı əlavələri də təqdim etmişdir.

27. Göründüyü kimi, iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslılığının müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər yoxlanıldı və nəticə etibarı ilə iddiaçının hazırki iddianın verilməsində haqlı olmadığı təsdiq edildi. Belə ki, iddiaçı Mülki Məcəllənin 957.4-cü maddəsinə istinad etsə də cavabdeh bank onun həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini hesabdan silməmişdir ki, bunun üçün də məsuliyyət daşımalı olsun. Əksinə, "xxxx" MMC 03-01/169 saylı, 05 may 2023-cü il tarixli məktubunda da iddiaçının göstərdiyi hesabından pulun silinməsi ilə bağlı verifikasiya əməliyyatlarının baş verdiyi, yəni verifikasiya əməliyyatlarının aparılması zamanı kart istifadəçisi tərəfindən daxil olan kart məlumatları (kartın nömrəsi, kartın bitmə tarixi, CW2 kod) sistemdə olan məlumatla eyniləşdirildiyi və verifikasiya əməliyyatlarının uğurla başa çatdığı qeyd olunmuşdur. Deməli, hesabdan pulun silinməsi cavabdeh bankın hansısa təqsirli hərəkətləri(hərəkətsizliyi) yaxud səhv əməliyyat(texniki overdraft, yanlış əməliyyat və.s) nəticəsində baş verməmişdir. Başqa sözlə, bu əməliyyatlar kart istifadəçisi tərəfindən Mülki Məcəllənin 957.3-cü maddəsində nəzərdə tutulan qaydada həyata keçirildiyi açıq-aşkar təsdiq olunur. O başqa məsələ ki, bu xidmətin Ödəniş sistemlərinin spesifikasıyaları halhazırda əməliyyatı həyata keçirən şəxsin biometrik identifikasiyasına imkan vermir. Lakin bu o demək deyil ki, həmin əməliyyatı həyata keçirən kart istifadəçisi iddiaçı olmamış yaxud kimsə bunu iddiaçının iradəsinə zidd həyata keçirmişdir. Heç iddiaçı da bunu israr etmir. İddia etdiyi yalnız cavabdeh bankın fəaliyyətinə aiddir ki, burada da bankın hansısa qanuna zidd fəaliyyəti təsdiq olunmur.

28. "xxxx" MMC 03-01/169 saylı, 05 may 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş cədvəllərdə əməliyyatlar barədə bütün məlumatlar əksini tapmışdır. İddiaçının qeyd etdiyi dövrdə hər iki kart hesabından iddia etdiyi məbləğdə də pul vəsaiti üzərində sərəncam verildiyi yaxud silindiyi təsdiq olunmur. Demək ki, iddiaçı özü üçün hər iki kart hesabından qeyd etdiyi dövrdə hansı miqdarda pul silindiyini də özü üçün dəqiq müəyyənləşdirməmişdir. "xxxx" MMC-nin nümayəndələri də apellyasiya baxışı zamanı verdikləri izahatlarda qeyd olunan əməliyyatların yalnız kart istifadəçisinin sərəncamı əsasında həyata keçirildiyini, bu əməliyyatlar zamanı bankın hər hansı bir təqsirinin olmadığı təsdiq etdilər.

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3131/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3131/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar