Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4342/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Yəhya Nəzərovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X22 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-yə qarşı əmrin etibarsız sayılaraq ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair 2(009)-605/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMCnin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X22 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-yə qarşı əmrin etibarsız sayılaraq ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 13.11.2020-ci il tarixdən iddiaçını tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə 13.11.2020-ci il tarixli, 1980 saylı əmrinin ləğv edərək həmin əmrin etibarsız sayılması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki iş yerinə Cavabdeh1 MMC-nin X18 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12.05.1989-cu il tarixdən işdən azad olunduğu 13.11.2020-ci il tarixə kimi əvvəlcə rabitə qovşağı, daha sonra isə adı dəyişdirilən Cavabdeh1 MMC-nin X19 30 ildən çox bir müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu illər ərzində həmişə işinə məsuliyyətlə yanaşaraq rəhbərlik və xidmət etdiyi şəxslərin onun işindən razı qalmalarına çalışmışdır. İndiyə qədər iş yerində ondan heç bir narazılıq olmayıb, bu səbəbdən də o, heç vaxt intizam tənbehi almamışdır. Sonuncu iş yerində X18 Müştəri Xidmətləri Şöbəsində əməliyyatçı vəzifəsində işlədiyi dövrdə, yəni 13.11.2020-ci il tarixdə onu işdən azad etmişlər. Bu zaman onun bir sahədə otuz ildən çox zaman ərzində nöqsansız işləməsini nəzərə almayaraq onun barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır və sonuncu intizam tənbehi tətbiq edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişlər. Bu barədə işəgötürənin 13.11.2020-ci il tarixli, 1980 saylı əmrində qeyd edilir ki, “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq əmr edirəm: Cavabdeh1 MMC-nin X18 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 13.11.2020-ci il tarixdən tutduğu vəzifəsindən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin”. İşəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında olan bu əmri ilə işçilərlə işəgötürlənlər arasında yaranan əmək münasibətlərini habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər münasibətlərini tənzim edən Əmək Məcəlləsinin tələblərini, onun hüquqları və qanunla qorunan mənafeyi kobud şəkildə pozulmuşdur. İşəgötürənin 13.11.2020-ci il tarixli, 1980 saylı əmrində əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi onun tərəfindən əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi, bu əmrin verilməsi üçün əsas isə Siyəzən PF-nin təqdimatı, Siyəzən PF-nin Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqedici sənədlər olmuşdur. Hesab edir ki, işəgötürənin mövqeyi ona qarşı qeyri-qanuni və qərəzlidir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi zaman qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, işlədiyi müddətdə daima əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. İşəgötürənin əmrdə göstərdikləri həqiqətə uyğun olmadığı üçün onun işdən azad edilməsi əmək qanunvericiliyinin tələblərinin kobud pozuntusu ilə həyata keçirilmişdir. İşəgötürənin onun işdən azad etməsinə səbəb onun tərəfindən 3 nəfər Siyəzən şəhər sakinlərinə dövlət tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmələr (190 manat) ilə əlaqədar verilən zaman, yəni 2020-ci ilin aprel ayında belə şəxslərin şəxsiyyət vəsiqələrini poçta təqdim edən həmin şəxslərin yaxınlarına verməsi olmuşdur. İşəgötürən ona intizam tənbehi tətbiq edərək onu işdən azad edərkən onun uzun müddət bu sahədə qüsursuz çalışmasını və 30 il müddətində işində heç bir nöqsana yol verməməklə, intizam məsuliyyətinə heç vaxt cəlb edilməməsini nəzərə almamış, əmək münasibətlərini intizam tənbehlərinin verilməsi sahəsində əmək qanunveriliciyində təsbit edilmiş özünün diskresion hüququndan qərəzli olaraq istifadə edərək aralarındakı əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bundan əlavə işəgötürənin ona qarşı qərəzli olmasının nəticəsi ondan ibarətdir ki, 2020-ci ilin aprel ayında baş vermiş pozuntuya görə işəgötürən ona qarşı ən ciddi və sonuncu intizam tənbehini tətbiq edərək, onunla bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixdə ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bununla da intizam xətasına yol verməsi hesab olunan hərəkətlərə görə onu işdən azad etmiş, bu zaman qanunvericiliyin konkret olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin “İntizam tənbehi verilməsi qaydaları” adlanan 187-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin maddəsinə əsasən “intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, işəgötürən onun tərəfindən intizam xətası törətməsi hesab etdiyi 190 manat işsizlik müavinətlərinin verilməsi zamanı 2020-ci ilin aprel ayında törədilmiş intizam xətasını əsas götürərək işəgötürən tərəfindən həmin müddətdən 7 ay keçəndən sonra ona intizam tənbehi verərək, onunla bağlanmış əmək müqaviləsinə 13 may 2020-ci il tarixli, 1980 saylı əmrlə xitam verməsi kobud qanun pozuntusudur. Eyni zamanda işəgötürən tərəfindən bir sıra digər qanun pozuntularına yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona münasibətdə işəgötürən hüquq normasının bu imperativ tələbini kobud şəkildə pozmuş, nəinki hüquq normasına əməl etməmiş, eyni zamanda daha ciddi qanun pozuntusuna yol verərək, onun 15, 16, 17 və 18 noyabr 2020-ci il tarixlərindən işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyanı və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə əhəmiyyət verməyərək, işəgötürən özünün 13.11.2020-ci il tarixli 1380 saylı əmri ilə 13.11.2020-ci il tarixdən onu tutduğu vəzifədən azad etməklə, onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən 13.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə görə əgər o, 15,16,17 və 18 noyabr 2020-ci il tarixlərində iş yerində X19 işdə olmaqla, Müştəri xidmətləri şöbəsində əməliyyatçı kimi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdirsə, işəgötürənin onun işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə olan 13.11.2020-ci il tarixli 1980 saylı əmri qanunsuz olmaqla özüözlüyündə etibarsız əmr sayılaraq ləğv edilməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə düzgün hüquqi qiymət verməmiş, məhkəmə iclasında təqdim etdikləri sübutlar məhkəmənin diqqətindən kənarda qalmış, işə öz prizmasından yanaşaraq qanunun tətbiqində səhvə yol vermiş, bununla da Cavabdeh1 MMC-nin hüquqları pozulmuşdur. İddiaçı faktiki olaraq öz əmək funksiyasına aid olan məsələrlə bağlı ciddi pozuntuya yol vermiş, bununla da Cavabdeh1 MMC- yə həm maddi ziyan vurmuş, həm də mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl yetirmişdir. Hesab edirlər ki, iddiaçı tərəfindən vurulmuş maddi ziyanın sonradan onun tərəfindən ödənilməsi pozuntunun ümumiyyətlə olmaması kimi qiymətləndirilə bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə onların verdiyi izahatlarla sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin işə baxan hakim qanunvericiliyi bir kənara qoymuş öz parametrləri ilə işə baxıb nəticə çıxarmışdır. Bununla da məhkəmə kollegiyası maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 02.12.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 MMC-nin X18 Müştəri xidmətləri şöbəsində əməliyyatçı vəzifəsinə təyin edilmişdir. Mirzəyeva (Şahverdiyeva) Bürhanə Allahverən qızının əmək kitabçasına əsasən, o, 02.12.2019-cu il tarixdə Cavabdeh1 MMC-nin X18 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə təyin edilmiş, 13.11.2020-ci il tarixdə onunla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X18 Həmkarlar İttifaqı Komitəsinin 03.11.2020-ci il tarixli qərarına əsasən MXŞ-nın əməliyyatçısı İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə etiraz olunmamışdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 13.11.2020-ci il tarixli,1980 saylı əmrə əsasən, Cavabdeh1 MMC-nin X18 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13.11.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Siyəzən PF-nın təqdimatı, Siyəzən PF-nın Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqləyici sənədlər. İş üzrə Cavabdeh1 MMC-nin X18 17.11.2020-ci il tarixli və 18.11.2020-ci il tarixli mədaxil qəbzlərin dublikatlarından görünür ki, göndərən X4 alan X5 aid 17.11.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin dublikatı üzrə, - göndərən X15 alan X9 aid 17.11.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzin dublikatı üzrə, - göndərən X16 alan X9 aid 17.11.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzin dublikatı üzrə, - göndərən X17 alan X10 aid 18.11.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzin dublikatı üzrə, - göndərən X7 alan X3 aid 18.11.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzin dublikatı üzrə, göndərən X11 alan X6 aid 18.11.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzin dublikatı üzrə, - göndərən X1 alan X8 aid 18.11.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzin dublikatı üzrə əməliyyatları icraçı İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə. 2. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” və “e” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, yaxud əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçı 2020-ci ilin aprel ayında əmək fuknsiyalarını icra edərkən nöqsana yol vermişdir. Həmin nöqsan ondan ibarət olmuşdur ki, iddiaçı işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etmişdir. Beləliklə, əmək vəzifələrinin kobud pozulması işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Habelə, iddiaçının əmək münasibətlərinə xitam verən cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmışdır və aşkar edilmiş nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilməlidir. Bundan başqa, X18 rəisi tərəfindən Cavabdeh1 MM-nin baş direktoruna ünvanlanmış təqdimatdan görünür ki, İddiaçı Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, mövcud poçt qaydalarının tələblərini pozaraq, işsiz əhaliyə birdəfəlik (190 manat) ödənişlər zamanı müəyyən olunmuş prosedur və eyniləşdirmə qaydalarının tələblərinə cidd əməl olunması barədə Cavabdeh1 MMC tərəfindən dəfələrlə verilmiş tapşırıq və tövsiyələrə əməl etməyərək qanuna zidd hərəkətlərə yol vermişdir. Məhkəmə araşdırılması zamanı sonradan iddiaçının təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etməsi müəyyən edilsə də, həmin hal nəticəsində mülkiyyətçiyə ziyan vurulmasa da, iddiaçının bu nöqsanı müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən iddiaçının bu nöqsanı əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən işçinin əmək vəzifələrinin pozulmasına görə onun barəsində intizam tənbehi tətbiq etməkdə öz mülahizəsinə görə sərbəstdir və bu imkan qanunla müəyyən olunur. Bu səbəbdən tətbiq edilmiş intizam tənbehinin çox ağır olması əsası ilə qanunsuz hesab edilməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanun birmənalı şəkildə işəgötürənə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara düzgün riayət etməsi vəzifəsi qoymuşdur. Beləliklə, cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını gözləmişdir. Əmək müqaviləsinə xitam verilməsi qaydasının gözlənilməsi onda ifadə olunmuşdur ki, işəgötürən əmri yuxarıda qeyd olunduğu kimi düzgün əsaslandırmışdır. Əmək müqaviləsinə xitam verilməsi əsasının gözlənilməsi isə ondan ifadə olunmuşdur ki, işəgötürən əmr qəbul edərkən əsas tutduğu halı qanunun tələblərinə riayət etməklə tətbiq etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(009)-605/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X22 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-yə qarşı işəgötürənin 13.11.2020-ci il tarixdən iddiaçını tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə 13.11.2020-ci il tarixli, 1980 saylı əmrinin ləğv edərək həmin əmrin etibarsız sayılması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki iş yerinə Cavabdeh1 MMC-nin X18 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4342/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4342/2021
04.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver