Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4343/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, nümayəndələr X3 və Vəkil1 (vəkil) iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 sentyabr 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə işəgötürən "xxxx" ASC-nin Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
3. İddiaçı 06 mart 2023-cü il tarixli 34/K №-li əmri mübahisələndirir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2020-ci ildən MMC-də Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsində çalışmışdır. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu sahədə 2000-ci ildən işləyir və iddiaçının xəbəri olmadan 2020-ci ildə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki, sadəcə iş yerinin adı dəyişmişdir. Belə olan halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4525/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim F.Əlizadə).
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasındakı mediasiya prosedurası xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə bitmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ən geci xx.xx.2023-cü il tarixdə mübahisələndirilən əmrdən məlumatlı olmuş, iddia müddətinin axımı ən geci xx.xx.2023cü il tarixdən başlanmışdır. xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində mediasiya prosedurası ilə bağlı iddia müddətinin axımı dayanmış, xx.xx.2023-cü il tarixdən isə iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddəti üzrlü səbəb(lər) olmadan həddən artıq uzun müddətə ötürülmüş, 85 gündən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Cavabdehin ərizəsi əsasında mübahisəyə iddia müddəti tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. İddia tələbi üzrə iddiaçı tərəfindən 1 (bir) aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 375.2-ci, Əmək Məcəlləsinin 296 (1), 296.(2) və 296(6)-cı, “Mediasiya haqqında” Qanunun 35.1 və 35.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı qanunla müəyyən edilmiş qaydada mediasiyaya müraciət edəndən sonra fəaliyyət göstərdiyi Mingəçevir sahəsinin rəisi Ramin Şirinov iddiaçının arvadı ilə olan “Vatsap” yazışmasında bildirmişdir ki, cavabdehin rəhbəri Nahid müəllim iddiaçını işlə təmin edəcək, gedib sənəd yığsın, tibbi sənədləri hazırlasın, onu işə qaytaracaq. İddiaçının əlavə etdiyi sənədlərdən göründüyü kimi o, tibbi sənədlər almaq üçün 40 man ödəmişdir. Belə hesab edir ki, iddiaçı müddəti cavabdehin nümayəndəsi üzündən buraxmışdır. Bundan başqa, iddiaçı işə bərpaya dair Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamışdır. Vəkil onu aldadaraq, iddia sənədlərini özündə saxlayaraq məhkəməyə təqdim etməmişdir. Sonradan isə həmin sənədləri 28 avqust 2023-cü ildə məhkəməyə təqdim etmiş, ötürdüyü müddətlə bağlı başqa əsasla məhkəməyə müddət bərpasına dair ərizə vermişdir. Hazırda bununla bağlı vəkil Şəlalə Tağıyeva barəsində intizam icraatı başlanmışdır. Vəkil iddiaçıdan savayı cavabdehə qarşı işə bərpaya dair başqa iddia qaldırmış, Vüsalə adlı şəxsə qarşı da eyni hərəkətləri törətmişdir. Ancaq məhkəmə iddiaçının müddət bərpasına dair ərizəsini hansı səbəbdən qəbul etmədiyinə dair hər hansı dəyərləndirmə aparmamışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-957/2024 nömrəli, iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova).
Kassasiya instansiyası məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2056/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etməsə də, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında o və nümayəndəsi (vəkili) iştirak etmiş, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər.
14. Cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasında iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 68 (b bəndi). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 296 (1). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296 (2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
18. “Mediasiya haqqında” Qanun
35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, qətnamə ləğv olunmaqla iddia tələbi təmin edilməlidir.
22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, iddiaçı ən azı öz dəlilinin əsası kimi istinad etdiyi sübutu təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi bu məktuba qiymət verməmiş, nə onu sübut kimi qəbul etmədiyini bildirməmiş, nə də həmin məktubda qeyd edilənlərin iddiaçının dəlillərini təsdiq edib-etməməsinə aydınlıq gətirməmiş və qeyd edildiyi kimi iddiaçının bununla bağlı hər hansı sübut təqdim etməməsinə istinad etmişdir. İddiaçı prosessual qanunvericiliyin sübut etmə vəzifəsi və Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks edilən hüquqi mövqeyinə uyğun olaraq iddia müddətini ötürməsinin üzrlü səbəbi kimi istinad etdiyi halla bağlı sübut təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübuta qiymət verməmiş, iddiaçının iddia müddətini ötürməsi halını sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun gəlməyən qaydada qiymətləndirməklə müəyyən etmiş, bununla da, gəlinən ikinci nəticə, yəni müddətin üzrsüz səbəbdən ötürülməsi barədə nəticə də əsaslı olmamışdır. Başqa sözlə, ilk növbədə iddiaçının təqdim etdiyi sübuta qiymət verilməli, bundan sonra müddətin üzrlü (obyektiv) səbəbdən ötürülüb-ötürülməməsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə uyğun qiymət verilməli idi.
24. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
25. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
26. Göründüyü kimi, qanunvericilik müddətin üzrlü səbəblərdən ötürüldüyü halda, onun bərpa edilməsi imkanını da nəzərdə tutmuşdur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarxili qərarında da hüquqi mövqe belə olub ki, bu cür (müddətin bərpası barədə) ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsində gəlinən nəticə işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
29. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür.
30. İşdən görünür ki, iddiaçı iddia müddətini həqiqətən də ötürmüşdür.
31. Belə ki, MMC-nin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş əmək kitabçalarının təhvil alınması barədə reyestrə əsasən iddiaçı əmək kitabçasını özü şəxsən xx.xx.2023-cü il tarixində götürmüşdür. xx.xx.2023-cü il tarixli MŞB/16-00802 nömrəli arayışa əsasən iddiaçı cavabdeh arasındakı mediasiya prosesi xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi ilə bitmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
32. Eyni zamanda işdən görünür ki, iddiaçı müddətin bərpasını xahiş edərək, müddəti ötürməsinin üzrlü səbəbi kimi Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamasını, vəkilin onu aldadaraq iddia ərizəsini özündə saxlayıb məhkəməyə təqdim etməməsini, bununla bağlı Vəkillər Kollegiyasının İntizam Komissiyasının həmin vəkil barəsində qərarı olduğunu bildirmişdir.
33. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iddiaçıya ünvanlanmış 29 yanvar 2024-cü il tarixli, 102 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə əsasən Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X2 xəbərdarlıq edilmiş, ona peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə əməl etməsi tapşırılmışdır (i.v.138,139).
34. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
35. İddiaçı bu hüququndan istifadə edərək keyfiyyətli hüquqi yardım almaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X2 tapşırıq vermiş, yəni iradəsi iddia ərizəsinin verilməsinə yönəlmiş, lakin həmin vəkilin səhlənkarlığı nəticəsində iddia ərizəsi vaxtında verilməmişdir. Həmin vəkil barəsində isə şikayət ərizəsi ilə müraciət edilmişdir.
36. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində buraxılmış müddətin bərpa edilməsi əsasları sırasında “digər obyektiv hallar” da yer almışdır ki, Kollegiyanın qənaətinə görə də, iddiaçının göstərdiyi bu hal məhz digər obyektiv hal kimi qiymətləndirilməlidir.
37. Mübahisənin mahiyyətinə gəldikdə isə iddiaçı cavabdeh müəssisədə 2000-ci ildən işləməsini və bu səbəbdən onunla müddətli əmək müqaviləsi bağlanmasının əsassız olmasını bildirmişdir.
38. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
39. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
40. Hazırki işin halları baxımından Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
42. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab etmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni, işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
43. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə, həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
44. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
45. Apellyasiya baxışı zamanı iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsində imzanın ona məxsus olmamasını bildirmiş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 3-16/16/2- 4/1240 saylı ekspert rəyi ilə Cavabdeh MMC ilə İddiaçı arasında bağlandığı göstərilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsində (i.v.132) “İddiaçı” imzası qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.
46. Digər tərəfdən, iddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Azərbaycan DRES sahəsinə 3-cü dərəcəli “izolirovşik” vəzifəsinə işə qəbul edilmiş, 2020-ci ilədək həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzi təmir sexinin istilik izolyasiya və hörgü sahəsinə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, xx.xx.2020-ci il tarixdə Cavabdeh Mexaniki Emal Xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir.
47. Göründüyü kimi, iddiaçı xx.xx.2000-ci il tarixdən 2020-ci ilə qədər "xxxx" MMC-də işləmiş, daha sonra struktur dəyişikliyi ilə əlaqədar olaraq Cavabdeh MMCdə başqa vəzifəyə təyin olunmuşdur. Lakin istər birinci iş yeri olan "xxxx" MMC, istərsə də sonuncu iş yeri olan Cavabdeh MMC "xxxx" ASC-nin tabeliyində olan qurumlardır.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi dövrdə onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur.
49. Kollegiya qeyd edir ki, iddiaçı uzun müddətdir "xxxx" ASC-nin tabeliyində olan bu qurumlarda eyni sahədə işləmiş və yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisə doğurmur, belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.
50. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır.
51. Kollegiyanın qənaətinə görə, uzun illər eyni müəssisədə çalışmış işçi ilə 2 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz.
52. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
53. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, iddia təmin olunmalı, cavabdehin xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
54. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. Cavabdeh "xxxx" ASC-nin Cavabdeh MMC-in İddiaçı barəsində xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin, İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki işinə bərpa olunsun və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.