Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4347/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 (bundan sonra Observatoriya) qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Observatoriyada əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 9.338,4 manat maddi və 5.000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 14.338,4 manatın və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ƏƏSMN-in nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləmiş, işlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşurların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu il tarixli, 479 nömrəli Fərmanı ilə bir sıra dövlət orqanlarına, o cümlədən ƏƏSMN-ə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmiş, Prezidentin 18.01.2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Nazirliyə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmış, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04.06.2019-cu il tarixli, 775 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 17.03.2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq “Milli Observatoriya” publik hüquqi şəxsi yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Qanunun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından ibarətdir. Lakin aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. Prezidentin ETTM-in ləğvi ilə bağlı fərmanının icrasının ƏƏSMN tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt 29.03.2020-ci il tarixdə onu iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar evdə oturduqları vaxtda) ərizə yazmağa məcbur etmişlər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Observatoriyada işlə təmin olunmasına dair X2 adına ərizə yazdırılmışdır. Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20.03.2020-ci il tarixli, 01/411 nömrəli sənədə əsasən 29.03.2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30.06.2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirmişlər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmiş, belə bir kobud hüquq pozuntuları ilə əlaqədar 02.07.2020-ci il tarixdə nazir Sahil Babayevə kollektiv müraciət etmişlər. 20.07.2020-ci il tarixdə isə Mehriban xanım Əliyevanın adına ünvanlanmaqla, əvvəlki məktubun və yeni məktubun Ombudsmana, ƏƏSMN-ə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər. Sonuncu müraciətlərinə ƏƏSMN-in Aparatının rəhbərinin imzası ilə 28.08.2020-ci il tarixli və Ombudsmanın 07.09.2020-ci il tarixli cavab məktublarını almışlar. İddiaçı, ilk öncə ETTM-in əməkdaşı kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra “öz xahişi” ilə işdən azad edilmiş və Observatoriyada 3 ay müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında onun əmək müqaviləsinə əmək müqaviləsinin vaxtının bitməsinə görə xitam verilmişdir. Həmin müddət ərzində əmək haqqı əksik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. O, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir və onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Bundan əlavə, əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün ona təqdim edilmiş və imzalatdırılmışdır. Hansı əsaslarla işdən azad edildiyi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi onun üçün mücərrəd olaraq qalmaqdadır. Eyni zamanda, işəgötürən cavabdeh əmək haqqı ödənməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyənləşdirmişdir. Cavabdehin əməlləri nəticəsində bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq imkanı xaricindədir və bu səbəblə cavabdeh cərimə funksiyasında cəzalandırılmalıdır. Bundan əlavə, artıq bir neçə müddətdir işsiz qaldığı üçün ona mənəvi ziyan vurulmuşdur. Belə ki, bütün dünyanı ağuşuna alan pandemiya şəraitində işsiz qalmaq və ailə saxlamaq onu həqiqətən də çox acınacaqlı vəziyyətə salmışdır. Bu vəziyyət ona əsəb-stress və mənəvi iztirablar vermişdir. Buna görə də bu mənəvi ziyanın əvəzi olaraq da 5000 manat pul cavabdehdən tutulmalıdır. Eyni zamanda işdən çıxdıqdan sonra sosial ödənişlərlə, işsizlik sığortası ilə bağlı müraciət etməyinə baxmayaraq cavabdehin təqsiri ucbatından bu cəhdi də uğursuz alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, əmək qanunvericiliyinin tələblərini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, tərəflər arasında 30.03.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30.06.2020-ci il tarixdə bitmiş və Observatoriyanın 30.06.2020-ci il tarixli, **********3 nömrəli əmri ilə “Əmək bazarının montironqi və təhlili” şöbəsində mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanan əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam verilmişdir. Əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, apellyator tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir. Başqa sözlə, sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmişdir, təsadüfi deyildir ki, apellyator əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. Halbuki, işçi əmək müqaviləsinin müddətli bağlanması barədə müddəası ilə onun məzmunundan tanış olmuş, hətta apellyasiya şikayətinin dəlillərində də müqavilənin 3 aylıq müddətə bağlanması barədə müddəasının esosial (Vahid Sosial Reyestr) portalı vasitəsilə ona məlum olduğunu etiraf etmişdir. Buna baxmayaraq, əmək müqaviləsinin bağlanmasından ötən müddət ərzində onun müddətli bağlanması barədə hər hansı məhkəmə və ya digər orqan qarşısında şikayət, müraciət və ya iddia qaldırmamışdır. Bu fakt bir daha tərəflər arasında əmək müqaviləsinin könüllü əsaslarla, heç bir məcburiyyət və s. təsirə məruz qalmadan, sərbəst iradə ifadəsi əsasında müddətli bağlandığını təsdiq edir. Odur ki, göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı, 16 oktyabr 2013-cü il tarixdən 30 mart 2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə çalışmış, həmin Mərkəzin Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli 480 nömrəli Fərmanına əsasən ləğv edilməsi ilə bağlı görülən tədbirlərlə əlaqədar 30 mart 2020-ci il tarixdə öz xahişi əsasında Mərkəzdə tutduğu vəzifədən azad olunmuş, həmin tarixdə onunla yeni yaradılmış “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq “Əmək bazarının montironqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə işə götürülmüş, cavabdeh təşkilatın 30 iyun 2020-ci il tarixli əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilməklə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Baxılan işin hallarından görünür ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Hazırda iddiaçı, onunla bağlanmış əmək müqaviləsinin müddətli olmasından xəbərdar olmadığını, bu faktla bağlı aldadıldığını bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər və kifayətedici sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi, işə bərpa və onunla bağlı olan digər iddia tələblərini rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1734/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4347/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4347/2021
16.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver