Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4348/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi) məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1957-ci ildə Laçın rayonunda doğulmuşdur. Məlum hadisələrlə əlaqədar olaraq, ərizəçi ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Ərizəçi 1974-cü ildən əmək fəaliyyətinə başlamışdır. Belə ki, o, 1974-cü ildən 1984-cü ilə kimi Laçın rayon Rabitə şöbəsində telefonçu işləmişdir. Ərizəçi yaşa görə əmək pensiyası alınması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etsə də, şöbə bundan imtina edərək ona bildirmişdir ki, 1974-1984-cü illərdə Laçın rayonunda işləməyinə görə iş stajının düzgünlüyünü yerində yoxlamaq mümkün olmadığından bu illərə aid iş stajının pensiyaya hesablanmasında sığorta stajı kimi nəzərə alınması qanunamüvafiq deyildir. Sonra ərizəçi Laçın rayon Dövlət arxiv idarəsinə müraciət etmiş və oradan bildirmişlər ki, 1974-1984-cü illərdə Laçın rayon Rabitə şöbəsində telefonçu işləməyi barədə arxiv sənədləri xx xxx 1992-ci ilə qədər Laçın rayonun işğalı ilə əlaqədar işğal ərazisində qalmışdır. Göstərilənlərə əsasən ərizəçinin 1974-1984-cü illərdə Laçın rayon Rabitə şöbəsində telefonçu işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1432/2020 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində iddia ərizəsində istinad edilən dəlillərə əsaslanmaqla göstərilmişdir ki, məhkəmə onun sübutlarını təqdim etməyə şərait yaratmadan, şahidlərini çağırıb dinləmədən ziyanına qətnamə çıxarmışdır. O, işlədiyi Laçın rayon Rabitə şöbəsindən kurs keçmək üçün Bakı şəhərinə göndərilmiş və bu kurslarda iştirak etmişdir. Belə ki, onun əlində kurs keçməsi ilə bağlı sənədi vardır, lakin həmin sənədi sübut kimi məhkəməyə təqdim etməyinə hakim şərait yaratmamışdır. Həmçinin, onunla rayonda işləyən iş yoldaşlarının da məhkəmədə şahid qismində iştirak etməsinə hakim heç bir imkan yaratmamışdır. Buradan da görünür ki, hakim işi qərəzli aparmışdır. Məhkəmə iclasında Ərizəçi apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan xx.xx.1979-cu il tarixli, 1679 saylı vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxx 1979-cu il tarixdən xx xxxx 1979-cu il tarixədək olan müddət ərzində teleqrafçı peşəsi üzrə ixtisasartırma kurslarında iştirak etmiş və kursları müvəffəqiyyətlə başa vurmuşdur. İş materiallarında olan 28..09.2005-ci il tarixli, AA № 124884 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DSMF tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, yaşa görə əmək pensiyası əmək kitabçasına əsasən hesablanır. Onun 1974-1984-cü illərdə Laçın rayonunda işlədiyinə görə iş stajının düzgünlüyünü yerində yoxlamaq mümkün olmadığından bu illərə aid iş stajının pensiyanın hesablanmasında sığorta stajı kimi nəzərə almaq qanunamüvafiq deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli X16 Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, onun 1974-1984-cü illərdə Laçın rayon Rabitə şöbəsində telefonçu işləməyi barədə arxiv sənədləri xx xxx 1992-ci ilə qədər Laçın rayonunun işğalı ilə əlaqədar işğalda qalmışdır. Apelyasiya instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 rayon Rabitə şöbəsində 1962-ci ildən 1992-ci ilə kimi baş telefonçu vəzifəsində işlədiyini, Ərizəçi da 1974-cü ildən 1984-cü ilə kimi həmin şöbədə telefonçu vəzifəsində işlədiyini qeyd etmişdir. Apelyasiya instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 rayon Rabitə şöbəsində 1973-cü ildən texnik vəzifəsində işlədiyini, Ərizəçi da həmin işlədiyi vaxtda tanıdığını, onun 1974-cü ildən 1984-cü ilə kimi həmin şöbədə telefonçu vəzifəsində işlədiyini bildirmişdir. Apelyasiya instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 Ərizəçi ilə birlikdə Laçın rayon Rabitə şöbəsində işlədiklərini, Ərizəçi Laçın rayon Rabitə şöbəsində telefonçu vəzifəsində işlədiyini qeyd etmişdir. İş materiallarını araşdıraraq, şahidlərin izahatlarını dinləyərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya ilk növbədə apellyasiya şikayətində ərizəçinin sübutlarını təqdim etməyə və şahidlərini dindirməyə işə baxan məhkəmə tərəfindən şərait yaradılmaması ilə bağlı dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Qanunvericiliyin sadalanan normalarının və KM Plenumunun qeyd edilən Qərarındakı hüquqi mövqedən çıxış edərək kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi ərizəçinin hazırkı iş üzrə iddianın uğurluluğu baxımından zəruri ola biləcək sübutları təqdim etməsi ilə bağlı prosessual hüquqlarını həyata keçirməsinə kömək göstərməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarının 13.1-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki işin hallarından görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən (Laçın rayonunun işğal altında olması) onun Laçın rayonunda işləməsini təsdiq edən sənədləri əldə etmək mümkün olmamışdır. Ərizəçi Azərbaycan Respublikasının Milli X16 Rayon Dövlət Arxivinə müraciət etmiş, müraciətə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında onun 1974-1984-cü illərdə Laçın rayon Rabitə şöbəsində telefonçu işləməyi barədə arxiv sənədlərinin xx xxx 1992-ci ilə qədər Laçın rayonunun işğalı ilə əlaqədar işğalda qalması bildirilmişdir. Buna baxmayaraq, məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçi ilə bir müəssisədə işlədiklərini, ərizəçinin həqiqətən də, iddiada qeyd edilən müddət ərzində Laçın rayon Rabitə şöbəsində telefonçu vəzifəsində işlədiyini təsdiq etmişlər. Məhkəmə kollegiyası iş üzrə şahid kimi dindirilmiş şəxslərin ifadələrinə Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyinə uyğun olaraq sübut növü kimi qiymət verərək qeyd edir ki, şahidlər ərizəçi ilə eyni müəssisədə işləmələri barədə məhkəməyə hər hansı sübut təqdim etməsələr də, onların ifadələri mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, adıçəkilən şəxslər və ərizəçinin özü məcburi köçkündürlər və onların yaşadıqları rayonu tərk edərkən özlərinə aid hüquq müəyyənedici sənədləri, o cümlədən əmək kitabçalarını özləri ilə həmin ərazidən çıxararaq gətirməsi az ehtimal olunandır. Həmçinin, bu şəxslərin yaşadıqları və işlədikləri Laçın rayonuna aid arxiv sənədlərinin işğal altında olan ərazilərdə qalması arxiv idarəsi tərəfindən verilmiş arayışla təsdiq olunur. Bundan başqa, AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdaifə Fondu tərəfindən məhkəməyə təqdim edilmiş şahid X6 pensiya işinə aid sənədlərin surətlərindən aydın olur ki, o, həqiqətən rabitə işçisidir və 1996-cı ildən 2010-cu ilədək Abşeron Telekommunikasiya qovşağında elektrik mexaniki vəzifəsində çalışmışdır. Eyni zamanda, kollegiya Ərizəçi xx xxx 1979-cu il tarixdən xx xxxx 1979-cu il tarixədək müddətdə teleqrafçı peşəsi üzrə ixtisasartırma kurslarında iştirak etməsinə dair sübut kimi təqdim etdiyi xx.xx.1979-cu il tarixli 1679 saylı vəsiqə ilə bağlı qeyd edir ki, bu cür kurslar bir qayda olaraq, müvafiq peşə üzrə çalışan şəxslərin peşə ixtisasının artırılması məqsədi ilə təşkil olunur. Bu baxımdan, Ərizəçi belə kurslarda iştirak etməsi, üstəlik həmin müddətdə Laçın rayonuna daimi yaşamasının mübahisəsiz olması onun həmin rayonda rabitəçi işləməsinə dair dəlillərini dolayısı ilə bir daha təsdiq edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında göstərilir ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarındakı hüquqi mövqeyə əsasən hazırkı işin hallarını araşdıraraq və təqdim edilmiş sübutlara məcmu halda, bir-biri ilə əlaqəli şəkildə qiymət verərək bu nəticəyə gəlir ki, Ərizəçi Laçın rayon Rabitə şöbəsində 1974-1984-cü illərdə telefonçu işləməyi faktı sübuta yetir. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırki iş üzrə ərizəçinin verdiyi apelyasiya şikayəti təmin edilməli, onun Laçın rayon Rabitə şöbəsində 1974-1984-cü illərdə telefonçu işləməyi faktı müəyyən edilərək tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1 maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin Apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1432/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi Laçın rayon Rabitə şöbəsində 1974-1984-cü illərdə telefonçu işləməyi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-4348/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4348/2020
15.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver