Məhkəmə qərarları › İş №2(103)-4348/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4348/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4348/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadəyə maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(001)-743/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin edilərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan İddiaçı tərəfindən istifadə edilməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanına köçürülməsinə, orada yaşamasına, həmin evdən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması və cavabdeh təərəfindən qeyd-şərtsiz şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə verərək İddiaçı ünvan 2 ünvanındakı mənzildə yaşamasına, həmin mənzildən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə verərək İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi 21V nömrəli evdə yaşamasına, həmin evdən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, 01.09.1987-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuş, həmin tarixdən cavabdehin atasına məxsus ünvan 1 ünvanında yaşamış, həmin evdə onun övladları doğulub böyümüşlər. 19.02.2020-ci il tarixdə cavabdeh onu evdən qovmuşdur. O, özü müəllimədir və mübahisəli evin faktiki sahəsinin artırılması, tikilməsi və təmir edilməsində onun da zəhməti və maddi iştirakı olub. Evin sahəsi çıxarışda cəmi 72,5 kv.m. olsa da, real sahə qat-qat artıqdır. Həmin evdə hal-hazırda cavabdeh tək yaşayır, o isə eyni həyətdə oğlunun ailəsi ilə birlikdə yaşadığı digər evə sığınmaq məcburiyyətindədir. Həmin ev iki balaca otaqdan ibarətdir, sanitar qovşağı isə oğlunun və gəlinin yataq otağındadır. Belə olan halda onun bu yaşlı vaxtında həmin evdə yaşaması cavan ailənin də həyatını əsaslı şəkildə çətinləşdirmişdir. Eyni zamanda cavabdeh onların birgə nikahı zamanı böyük oğlu üçün ev almış, lakin gəlininə etibar etmədiyi üçün həmin evi onun adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin mənzilin ½ hissəsi onun adınadır, lakin onun həmin mənzildə yaşamağa nə istəyi, nə də ki, imkanı yoxdur. Belə ki, oğlu və gəlini ilə münasibətləri çox gərgindir və onların bir evdə yaşamaqları mümkün deyil. İddiaçının həmin evdə ½ payının olması onun 01.09.1987-ci ildən yaşamış olduğu evə dair istifadə hüququnu məhdudlaşdırmır və həmin hüququn həyata keçirilməsinə məhdudiyyət yaratmır. İddiaçının qayınatası uzun illər əvvəl vəfat etsə də, halhazırda onun istifadə hüququnu reallaşdırmaq istədiyi ev qayınatasının adına olaraq qalıb. Belə olan halda cavabdehin onun həmin evdə yaşamasına maneələr törətməsi qanunsuz və əsassızdır. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. İş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarı tətbiq edilməli idi. Belə ki, iddiaçının adına 17.09.2012-ci il tarixli alqı-satqı müqavilsi əsasında alınmış, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən əmlakı mövcüddur və onun həmin mənzilə köçürülməsi barədə qanuni qüvvədə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(001)-5467/2020 saylı qətnaməsi mövcüddur. Beləliklə, iddiaçının mülkiyyətində başqa yaşayış sahəsi olduğundan və bu baxımdan yaşayış sahəsinə olan ehtiyacı təmin edildiyindən mübahisəli evin mülkiyyətçisi olaraq onun iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbləri rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 tam pay üzrə İddiaçı mülkiyyətindədir, qeydiyyat tarixi 28.09.2012 (i.v 39). İşdə olan digər çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 ½ hissədə İddiaçı mülkiyyətində, ½ hissədə isə Cavabdeh mülkiyyətindədir. İddiaçı qeydiyyat tarixi 28.09.2012, Cavabdeh qeydiyyat tarixi 28.01.2021-ci il tarixləridir. İşdə olan çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət kimi tam pay olaraq X2 mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(001)- 5467/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanına köçürülməsi, onun həmin mənzildə yaşamasına və mənzildən istifadə etməsinə yaradılmış maneələrə son qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, İddiaçı qayınatası X3 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə hüququnun yaranması qanunvericiliyin müddəaları ilə təsdiq olunur. Belə olan halda onun istifafə hüququna xitam verilməsinə yalnız mülkiyyətçi tərəfindən ona kompensasiya ödənilməsi yolu ilə mümkün ola bilər. Bunun üçün hal-hazırda (X5 vəfat etdiyi halda) ilkin olaraq daşınmaz əmlakın mülkiyyətçisi müəyyən olunmalıdır. Hal-hazırda isə hər iki tərəf mübahisəli mənzilə münasibətdə eyni statusdadırlar (mülkiyyətçinin daşınmaz əmlakdan istifadə hüququ olan ailə üzvü) və bir-birinə daşınmaz əmlakdan istifadə hüququna maneə törətmələri üçün heç bir qanuni əsas mövcud deyil. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmır və işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Plenum həmçinin izah edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Kollegiya İddiaçı mülkiyyətində yaşayış sahəsi olduğunu, onun yaşayış sahəsi ilə təmin olunması məsələsinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(001)- 5467/2020 nömrəli qətnaməsi ilə həll olunduğunu, həmin qətnamə əsasında Bakı şəhəri, ünvan 3 ünvanına köçürüldüyünü, həmin qətnamənin qanuni qüvvədə olduğunu və bununla da onun yaşayış sahəsinə ehtiyacın aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbləri təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi işi tam araşdırmadan iddianı təmin etməklə əsassız nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(001)- 743/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı verdiyi “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi 21V nömrəli evdə yaşamasına, həmin evdən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə” iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar