Məhkəmə qərarları › İş №2(103)-435/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-435/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-435/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(004)-42/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə”xxxx"Cavabdeh1’ MMC-dən 07.07.2011-cı il tarixli, KT 008/11 saylı kredit müqaviləsinə əsasən cavabdeh "Cavabdeh1” MMC-nin ləğv prosesində olan “xxxx" ASC qarşısında əsas borc üzrə 57 082,84 AZN əsas borc, faiz borcu üzrə 13.899,53 AZN, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 35.704.00 AZN faiz borcu, cəmi 106.686,37 AZN məbləğində borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3159,89 nömrəli evdə olan 2 otaqlı, 40 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edərək açıq hərraca çıxarılaraq satılması, satışdan eldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləği yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış KT-008/11 nömrəli, 07.07.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1-yə 60 (altmış) ay müddətinə, illik 7% olmaqla, 100.000 yüz min məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 3159, 89 nömrəli evdə olan 2 otaqlı, 40 nömrəli mənzil ipoteka predmeti kimi banka 05.09.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydatra həll etmək məqsədilə tərəflərindən cavabdeh "Cavabdeh1” MMC-nə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07.07.2011-ci il tarixli, KT 008/11 saytı kredit müqaviləsinə əsasəncavabdeh “xxxx” KFT MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 57082,84 manat, faiz borcu üzrə 13899,53 manat, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 35.704.00 AZN (otuz beş min yeddi yüz dörd manat) faiz borcu, cəmi 106.686,37 AZN (yüz altı min altı yüz səksən altı manat. 37 qəpik) məbləğində borc öhdəliyi yaranmışdır. Tərəflər arasında bağlanmış 07.07.2011-ci il tarixli, KT 008/11 saylı kredit müqaviləsinin 1-6 maddəsinə əsasən borcalan Bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 60 (altmış) ay müddətinə 7% faiz ödəməklə 07.07.2016 cı il tarixdən 100.000 AZN (yüz min manat) məbləğində kredit vermişdir. İpoteka müqavilənin 1.3- 6maddəsinə əsasən, kreditin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, H Zərdabi prospekti 3159, 89 nömrəli evdə yerləşən 2 otaqlı, 40 nömrəli mənzil çıxış edir. Göründüyü kimi, cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(004)-42/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 07.07.2011-cı il tarixli, KT 008/11 saylı kredit müqaviləsi üzrə cavabdeh "Cavabdeh1” MMC-dən əsas borc üzrə 34 858,88 manat, faiz borcu üzrə 5 875,91 manat, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 7332 manat faiz borcu, cəmi 48 066.79 (qırx səkkiz min altmış altı manat 79 qəpik) məbləğində borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3159, 89 nömrəli evdə olan 2 otaqlı, 40 nömrəli mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 123 500 manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh1-dən tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılması qət olunmuşdur. Qətnamədən Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə sədrlik edən hakim zaminlik müqaviləsinin şərtlərinə birtərəfli qaydada qiymət vermişdir. Zaminlik müqaviləsi cavabdehin iradəsinə zidd olaraq və müqavilənin nəticələri barədə yanlışlığa yol verilməklə imzalanmışdır. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin əsas, faiz, cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirlikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etmək hüququna malik olması qeyd olunub. Həmin Qərarda pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmədiyi gün üçün bank uçot dərəcəsi illik 5%-dən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hüsablaması hüququ qeyd olunub. Həmin hüquqdan istifadə edərək, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan 35704 manat borcun tutulmasını məhkəmədən xahiş etmişlər. Əsas borc və faiz hissədə də iddia tələbi tam əsaslıdır. Ekspert rəyinin hansı tədqiqat metodu ilə aparılması, rəyin düzgün olub-olmaması müəyyən olunmamışdır. Təkrar ekspertiza keçirilməsini xahiş etsələr də, təmin edilməmişdir. Məhkəmə iclasları vaxtı ipoteka predmetinin qiymətinin 100.000 manat civarında qiymətləndirilməsi barədə xahiş etməmiş və ya buna öz razılığını verməmişdir. Yalnız iddia ərizəsinin təsviri hissəsində o qeyd olunmuşdur ki, ipoteka müqaviləsi bağlanarkən həmin ipoteka predmeti bank tərəfindən 25.000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka müqaviləsində girov əmlakın qiymətinin müəyyən edilməsi banklarda kredit riski və kreditlərin verilməsi üzrə bankın daxili strategiya və qaydalarına dair minimum tələbləri yerinə yetirmək və bankı kredit əməliyyatı üzrə dəyən mümkün zərərdən qorumaq üçün nəzərdə tutulan tədbirdir. Belə tələb Azərbaycan Respublikasının Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi qaydaları”nda öz əksini tapmışdır və bank əməkdaşlarının işini tənzimləyir. “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan müddəasının tələbinə görə, məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair qərar qəbul edilərkən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bu mənada hesab edirik ki, ipoteka saxlayanla ipoteka qoyan arasında razılaşma hər hansı yazılı sənəd əsasında müəyyən olunmalıdır, tərəflərin iradə ifadəsi rəsmi qaydada, onların imzaları ilə fiksə olunmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə qətnamə qəbul edərkən tərəflərin yazılı razılığını almamışdır. Bununla da, əmlaka yüksək qiymət qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 öz apellyasiya şikayətlərini müdafiə etdi, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, hazırkı qiymətləndirmə rəyi ilə razı deyil. Belə ki, ipoteka predmetinin qiyməti rəydə qeyd olunan qiymətdən çox aşağıdır. Rəydə isə qiymət çox yuxarı göstərilib. Lakin bu barədə təqdim olunası sübutu yoxdur. Həmçinin məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə razı deyil. Cavabdeh1-nin qanuni təmsilçisi X2 Cavabdeh2 apellyasiya şikayətini qəbul etdi, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, izahatında qeyd etdi ki, hazırkı qiymətləndirmə rəyi ilə razı deyildir. Həmin rəydə əmlakın qiyməti çox aşağı qeyd olunub. Qətnamədə göstərilən qiymətlə razıdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış KT-008/11 nömrəli, 07.07.2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 60 (altmış) ay müddətinə, illik 7% olmaqla, 100.000 yüz min məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, 05 sentyabr 2011-ci il tarixli İpoteka müqaviləsinə əsasən digər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 3159, 89 nömrəli evdə olan 2 otaqlı, 40 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 35000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 10.07.2018-ci il tarixli maliyyə arayışından görünür ki, kredit alanın müvafiq kredit müqaviləsi üzrə banka 57 082,84 AZN əsas borc, faiz borcu üzrə 13.899,53 AZN, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 35.704.00 AZN faiz borcu, cəmi 106.686,37 AZN məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 29 noyabr 2019-cu il tarixli, 5882 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, KT-008/11 nömrəli, 07.07.2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1-nin banka borcu 10.07.2018-i il tarixə cəmi 40 734,79 manat təşkil edir, o cümlədən, əsas borc üzrə 34 858,88 manat, faiz borcu üzrə 5 875,91 manat. İş materiallarından “xxxx” MMC-nin 18.12.2018-ci il tarixli, 189 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 3159-cu məhəllədə yerləşən 89 saylı evin, 40 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 123500 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlıvaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın Cavabdeh2 mülkiyətində olduğu ipoteka ilə yüklü edilmiş mənzilinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, Cavabdeh1-nin borcunun yoxlanılması ilə bağlı məhkəməmühasibatlıq ekspertizası keçirilərək, rəy alınmışdır. Ekspert qarşısında qoyulmuş suallar maliyyə arayışında qeyd olunmuş əsas və faiz borcunun yoxlanılması ilə bağlı olmuşdur. Apellyator olan iddiaçı tərəf ekspert rəyi ilə razılaşmasa da, həmin rəyi şübhə altına ala biləcək sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, kollegiya birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə 34 858,88 manat əsas və 5 875,91 manat faiz borcunun tutulması ilə bağlı hissədə gəldiyi nəticəni əsaslı hesab edir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlili olan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin materiallaından göründüyü kimi, kredit müqaviləsinin müddəti 07.07.2016-cı ildə bitmişdir. Maliyyə arayışı isə 10.07.2018-ci ildə verilmişdir. 07.07.2016-cı ildən 10.07.2018-ci il tarixədək olan müddət 733 gün təşkil edir. Buna görə də, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği 3548,8 (34858,88 manat əsas borc x 5% : 360 gün x 733 gün=3548,8 manat) manat təşkil edir. Göründüyü kimi kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz 3548,8 manat təşkil etdiyi halda, birinci instansiya məhkəməsi 7332 manat müəyyən etmişdir. Bu hissədə iddiaçı tərəf həmin məbləğin azlığından apellyasiya şikayəti verdiyindən, həmin məbləğin məhkəmə tərəfindən az tutulması müəyyən olunmadığından, cavabdeh tərəf isə qeyd olunan hissədə apellyasiya şikayəti vermədiyindən, kollegiya qətnamənin kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 7332 manat faiz məbləği ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyator olan ipoteka qoyan apellyasiya şikayətində zaminlik müqaviləsinin onun iradəsinə zidd olaraq bağlandığını bildirsə də, kollegiya qeyd edir ki, apellyator müqavilə azadlığı şəraitində zaminlik müqaviləsi deyil, ipoteka müqaviləsi imzalamış, qüvvədə olan müqaviləni mübahisələndirmədiyindən, onun qeyd olunan dəlili əsassız hesab olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin ilkin satış qiyməti ilə bağlı dəlili ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən, məhkəmə kollegiyasının 05.08.2020-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 23 noyabr 2020-ci il tarixli, PR-M/025-2020 saylı rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 89 saylı binada yerləşən 40 saylı mənzilin 20.11.2020-ci il tarixə bazar dəyəri 112000 manat, likvid dəyəri 104000 manat təşkil edir. Kollegiya hesab edir ki, “xxxx” MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, əmlakın mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, kollegiya hesab edir ki, “xxxx” MMC-nin 23 noyabr 2020-ci il tarixli, PR- M/025-2020 saylı rəyi əsas götürülməklə mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətlərinin likvid dəyəri müəyyən olunmaqla, qətnamə həmin hissədə dəyişdirilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti 104000 manat müəyyən olunmalıdır. Kollegiya apellyatorun “xxxx” MMC-nin rəyi ilə razılaşmaması, ipoteka predmetinin ilkin satış qiymətinin həddən artıq aşağı olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator rəyi şübhə altına ala biləcək mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi- yəni iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 90 manatı Cavabdeh1-dən, 110 manatı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ58RBTA********************, Bank: Rabitəbank ASC Nərimanov filialı, VÖEN:990001061, Müxbir hesab: AZ61NABZ********************, FAL:505442; S.W.İ.F.T: RBTAAZ22) keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(004)- 42/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin, ilkin satış qiyməti 104000 (yüz dörd min) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 90 (doxsan) manatı Cavabdeh1-dən, 110 (yüz on) manatı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ58RBTA********************, Bank: Rabitəbank ASC Nərimanov filialı, VÖEN:990001061, Müxbir hesab: AZ61NABZ********************, FAL:505442; S.W.İ.F.T: RBTAAZ22) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar