Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4350/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1334/2023 saylı, 10 may 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş hərrac xərclərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 550 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin 31 mart 2022-ci il tarixli, 045/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokolun və eyni tarixli müqavilənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1334/2023 saylı, 10 may 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili şikayət verərək, qərardadın ləğv olunmasını və qarşılıqlı iddianın icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə göstərilib ki, MPM-nin 156.1-ci maddəsinin tələbi baxımından qarşılıqlı iddia həm ilkin iddianın təmin edilməsini aradan qaldıra, həm də qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmaqla onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Həmçinin, MPM-in 51 və 155-ci maddələrinin təhlilindən də göründüyü kimi, ilkin iddia ilə yanaşı qarşılıqlı iddianın bir neçə şəxsə qarşı verilməsi hüquq prinsiplərinə görə heç bir maneə yarada bilməz. Əksinə, mübahisə predmeti üzrə işin obyektiv və daha səmərəli araşdırılması, məhkəmənin həm ilkin həm də qarşılıqlı iddia üzrə yetkin nəticəyə gəlməsi, əlavə məhkəmə yükünün olmaması üçün kifayət qədər geniş zəmin yaradır. Burada isə xüsusilə qeyd olunmalıdır ki, hazırkı qarşılıqlı iddianın məhz ilkin iddia üzrə verilməsinin əsas səbəblərindən biri də Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan üzrə 2017-ci ildən etibarən yaşamaması və bunun nəticəsi olaraq da həmin qeyri-yaşayış sahəsi ilə bağlı təyin edilmiş hərracların keçirilməsi, onun nəticələrinə dair yekun protokol barədə rəsmi məlumatının olmamasıdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən də hazırkı mülki iş üzrə ilkin iddia ilə yanaşı qarşılqılı iddianın bir icraatda baxılması daha səmərəlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(001)- 1334/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, mülki-prosessual qanunvericiliyin tələbinə əsasən cavabdeh iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Halbuki, qarşılıqlı iddia tələbi ilkin iddiaçıdan başqa digər şəxslərə qarşı da yönəlmişdir. Baxmayaraq ki, həmin iddiaya ilkin iddia ilə birlikdə baxılması prosessual qənaət prinsipi baxımından qarşılıqlı iddia üzrə iddiaçıya daha səmərəlidir, lakin prosessual qanunvericiliyin qarşılıqlı iddianın mümkünlüyü şərtinə uyğun hesab edilə bilməz. Bu həm də ilkin iddia üzrə tərəf olmayan şəxslərin mənafelərinin qorunmasına yönəlmişdir. Çünki, ilkin iddia üzrə tərəf olmayan şəxslər ilkin iddiaya münasibətdə hansı prosessual statusda olacaqları qeyri-müəyyəndir və əks halda onları maraqlarına toxunmayan, onlara ümumiyyətlə maraqlı olmayan məhkəmə çəkişməsinin iştirakçısına çevirəcəkdir. Odur ki, qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Əvvəla, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İkincisi, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirildiyindən qarşılıqlı iddia ərizəsi də Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa uyğun olmalıdır. Uyğun olmadıqda isə qarşılıqlı iddia ərizəsi də geri qaytarılır. Çünki, qarşılıqlı iddia ərizəsi də MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Üçüncüsü, cavabdehin ayrıca icraatda məhkəməyə müraciət etməsinə də hər hansı bir maneə yoxdur. Eyni zamanda qarşılıqlı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə də mane olmur. Dördüncüsü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1334/2023 saylı, 10 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1334/2023 saylı, 10 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4350/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4350/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver