Məhkəmə qərarları › İş №2(103)-4350/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4350/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4350/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, 10 iyun 2024cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək 19224,40 manat sığorta ödənişi məbləği və ödənilmiş 147,67 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, 26 fevral 2024cü il tarixli qərardadı ilə cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti prosessual müddət buraxılmaqla verildiyindən qaytarılmışdır. Bundan sonra, Cavabdeh2 apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində göstərir ki, barəsində gedən iş üzrə məhkəmə prosesində iştirak edə bilməyib. Belə ki, ona məlumat verilməyib. Qətnamənin olması ilə bağlı məlumatı İcra şöbəsinə çağrılarkən bilib və məhkəməyə müraciət etməklə qətnamənin surətini alıb. Hesab edib ki, qətnamənin surətini aldıqdan sonra bir ay müddətinə apellyasiya şikayəti verilir. xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə alıb. Bununla bağlı da apellyasiya şikayətinin dəlillərində qeyd edib. Yeni qərardadla bağlı yaşadığı mənzilə qərardad göndərilməyib və xx.xx.2024-cü il tarixdə qərardadla tanış olub və bu səbəblə apellyasiya şikayətini təkrar elektron yükləyir və müddəti bərpa etməklə şikayətin apellyasiyaya göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, 10 iyun 2024cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi üçün hər hansı bir əsas yoxdur, qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəblər olmadan ötürüldüyündən, cavabdehin bununla bağlı ərizəsi təmin edilməməlidir. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2024-cü tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılıb, həmin qərardad Cavabdeh2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilib. Cavabdeh2 həmin qətnamədən ikinci apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə xx.xx.2024-cü il tarixdə müraciət etməsini qeyd etməsi və müddətin bərpa olunmaması əsassız hesab edilməlidir. Belə ki, elektrondan tanış olma tarixinə nəzər yetirməsi bir daha sübut edir ki, cavabdeh həmin qərardadla xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. Məhkəmənin elektrona qərardadın surətini xx.xx.2024-cü il tarixdə yerləşdirməsinin cavabdehin qərardadla həmin gündə tanış olması qənaətinə gəlməsi əsassızdır və məhkəmə bununla ədalətli araşdırma hüququnun tələbini pozmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, 14 iyun 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İşdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(007)-204/2023 saylı qətnaməsi poçt vasitəsi ilə tərəflərin ünvanına, o cümlədən Cavabdeh2 iş materiallarında olan ünvan 1 ünvanına göndərilib, sifarişli-xəbərnaməli poçt xx.xx.2023-cü il tarixdə imza edilməklə alınıb. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə qətnamənin surətini rəsmi qaydada aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməyib, xx.xx.2024-cü il tarixdə qətnaməni təkrarən aldıqdan sonra apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə verib. Məhkəmənin xx.xx.2024-cü tarixli qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılıb, həmin qərardad Cavabdeh2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilib. Cavabdeh2 həmin qətnamədən ikinci apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə xx.xx.2024-cü il tarixdə müraciət edib. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər təsdiq olunmadığından şikayət təmin edilə bilməz. Çünki Cavabdeh2 üzrlü səbəb kimi göstərdiyi hallara qədər apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bununla yanaşı, təkrar apellyasiya şikayətini də qərardad elektron kabinetinə yerləşdirildikdən 3 aydan artıq bir müddətdə vermişdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, 10 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, 10 iyun 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar