Məhkəmə qərarları › İş №2(103)-4352/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4352/2022

06.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4352/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1747/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən barəsində verilmiş 08 sentyabr 2021-ci il tarixli, 218/Ü nömrəli əmrin ləğv edilməsini, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiada göstərilir ki, o, 27 mart 2019-cu il tarixdən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində meşə uçotu və kadastr üzrə baş mühəndis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə hər hansı əmək qanunvericiliyi üzrə pozuntuya yol verməmişdir. 29 iyul 2021-ci il tarixdə səhər saatlarında idarənin müavini Faiq Əmişov ona bildirmişdir ki, Nazirlikdən tapşırıq var, 2-3 saat müddətində payız əkin kompaniyası olacaq hər meşə bəylikdən 1,9 hektar əkin yerinin koordinatını və sxemini hazırlamalıdır və onlar da sxemi nazirliyə göndərməlidirlər. Lakin bunları ərazidə deyil, idarədə oturub etməlidir. O, isə, 2 saat müddətin az olmasını, həm də əkin yerlərinə getməklə bu işin görülməli olduğunu bildirdikdə, cavab olaraq buna vaxtın, əraziyə getməyə nəqliyyat vasitəsinin olmaması deyilmişdir. O, da dərhal nazirliyin 168 qaynar xəttinə zəng edərək, bu barədə məlumat vermiş, işlədiyi mərkəzdə özbaşınalıq olduğunu demişdir. Onun şikayətindən xəbər tutan rəhbərlik günorta saatlarında nahar fasiləsi zamanı onun məlumatı olmadan həmkarlar ittifaqının iclasını keçirmiş, güya onun nizam-intizamı pozması, ona verilən tapşırığı yerinə yetirməməsi əsası ilə ona töhmət verilməsi müzakirə olunmuşdur. O, nahar fasiləsindən qayıdan zaman bu məsələdən xəbərdar olmuşdur. Qaynar xəttə etdiyi şikayətlə bağlı nazirliyin əməkdaşları tərəfindən ondan izahat alınsa da, məsələ bugünədən araşdırılmamışdır. Ona 31 avqust 2021-ci il tarixdə töhmət verilmiş, lakin o, bundan 03 sentyabr 2021-ci il tarixdə xəbər tutmuşdur. Həmin əmrin surəti ona təqdim edilməmişdir. O, dərhal Əmək Müfəttişliyinə və digər aidiyyəti orqanlara bu barədə müraciət etmiş, habelə, iş yerinə ərizə ilə müraciət edərək səhhətinin ağır olması, İİ qrup əlil olması ilə əlaqədar 06 sentyabr 2021-ci il tarixdən əmək məzuniyyətinə buraxılmasını xahiş etmişdir. Belə ki, o, sonuncu dəfə məzuniyyətini 03 noyabr 2020-ci il tarixdə istifadə etmişdir. Məzuniyyətə buraxılmasına dair ərizənin bir nüsxəsini iş yerinə əlbəəl, bir nüsxəsini isə poçtla təqdim etmişdir. Məktubla göndərdiyi ərizə 06 sentyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə iş yerinə çatdırılmış, 07 sentyabr 2021ci il tarixdə həmkarlar təşkilatı iclas keçirərək onun işdən azad edilməsini qərara almışlar. O, buna etiraz etdikdə bildirmişlər ki, şikayət etdiyinə görə, işdən azad olunmasını nazirlikdən tapşırıblar. Əmrə isə onun işə getməməsi səbəbindən işdən azad edildiyini qeyd etmişlər. Halbuki, o, hər gün iş tabelinə imza etmiş, ona son haqq hesab verilmiş, işdən azad edilməsinə dair ona hər-hansı xəbərdarlıq edilməmiş, izahatı alınmamışdır. O, işdən azad edildiyini 09 sentyabr 2021-ci il tarixdə bilmiş, bu barədə əmri tələb etsə də, yalnız 21 sentyabr 2021-ci il tarixdə töhmət verilməsi və işdən çıxarılma ilə bağlı əmrin surətini ala bilmişdir. Əmək kitabçası isə 15 sentyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə güya onun işə səbəbsiz getmədiyi göstərilmişdir. Halbuki, işə getmədiyi halda onun əmək haqqından tutmalar aparıla bilərdi, habelə, tabeldə göstərilən məlumatlarla sübut olunur ki, o, səbəbsiz iş buraxmamışdır. O, ikinci qrup əlildir, himayəsində 1 azyaşlı uşağı var, ailəsində ondan başqa işləyən, gəlir əldə edən şəxs yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1747/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli, 218/Ü saylı əmrin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X5 Təsərrüfatı Mərkəzinə meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsinə işə bərpa edilməsi; 08 sentyabr 2021-ci il tarixdən hazırki qətnamə qanuni qüvvəyə minənədək olan dövr ərzində məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş edib şikayətində qeyd edir ki, məhkəmə gəldiyi nəticəni belə əsaslandırır ki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməli olduğu halda, İddiaçı iş yerinə gəlməməsi ilə bağlı tərtib edilmiş aktlar əsaslı olsalar belə, sonuncuya bunun səbəbləri barədə izahat verməsi təklifi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilməzdən əvvəl olunmalı idi. Məhkəmənin İddiaçı intizam tənbeh tədbiri tətbiq olunmasından əvvəl izahatının alınmaması ilə bağlı mövqeyi əsassız hesab edilməlidir. Belə ki, işçiyə izahat verməsi barədə təklifin Həmkarlar İttifaqı Komitəsinin iclasından əvvəl olunması barədə qanunvericilikdə imperativ norma mövcud deyil. Masallı RMTM-in direktorunun İddiaçı 06.09.2021-ci il tarixdə keçirilən iclasında qeyri-etik hərəkətləri, işinə laqeyd yanaşması və verilən tapşırqları icra etməməsi barədə məsələnin müzakirə edilərək qərar qəbul olunması barədə Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı 07.09.2021-ci il tarixli 451 nömrəli məktubundan göründüyü kimi, iclasın keçirilməsinin məqsədi işçiyə intizam tənbehinin verilməsi deyil, sözügedən əməkdaşın hərəkətləri barədə onun münasibətini öyrənmək, işçilərlə müzakirə edilməklə qərara gəlməkdir. Həmkarlar İttifaqı Komitəsinin 07.09.2021-ci il tarixli iclasının gedişində İddiaçı əmək fəaliyyətindəki nöqsanlarla bağlı mövqeyi və izahatı dinlənildikdən, habelə komitə üzvlərinin müzakirəsindən sonra intizam məsuliyyətinə cəlb olunma məsələsi səsə qoyulmuş və müvafiq qərar qəbul olunmuşdur. Göstərilənlər iclasın protokolunda öz əksini tapmışdır. Göründüyü kimi, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən Həmkarlar İttifaqı Komitəsinin iclasında işçiyə izahat verməsini təklif edilmiş, İddiaçı öz hərəkətləri ilə bağlı izahat verdikdən, eləcə də aparılmış müzakirələr və komitənin digər üzvlərinin rəyləri öyrənildikdən sonra işçinin intizam məsuliyyətinə cəlb olunma məsələsi səsə qoyulmuş və müvafiq qərar qəbul olunmuşdur. İddiaçı 03, 06 və 07 sentyabr 2021-ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktların 2021-ci ilin iyul-avqust-sentyabr ayları üzrə idarə heyəti işçilərinin tabeli ilə şübhə altına alınaraq hərtərəfli araşdırılmamışdır. Belə ki, aktı tərtib edən əməkdaşlar mahiyyəti üzrə şahid qismində dindirilməmiş, işin halları tam araşdırılmadan sözügedən sübuta obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, İddiaçı özbaşına iş yerini tərk etməsi, 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktlarda qeyd olunsa da, 2021-ci ilin iyul-avqust-sentyabr ayları üzrə idarə heyəti işçilərinin tabelindən görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixədək, həmin tarix də daxil olmaqla işdə olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən tabeldə yalnız işçinin saat 9:00-da iş yerinə gəlməsini təsdiq edən imzası əks olunur, gün ərzində isə işçinin iş yerini icazəsiz tərk etməsi yalnız şahid ifadələri ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş aktlardan, eləcə də hakimin gəldiyi nəticədən də belə məlum olur ki, İddiaçı sözügedən tarixlərdə həqiqətən vaxtında iş yerinə gəlmiş, lakin üzrlü səbəb olmadan və heç kimdən icazə almadan iş yerini özbaşına tərk etmişdir. İşçinin iş tabelində imzasının olması onun iş vaxtının müəyyən saatlarında iş yerini özbaşına tərk etməsini istisna etmir. Odur ki, məhkəmənin tərtib edilmiş aktları şübhə altına almasına dair xüsusatı əsassız hesab edilməli, İddiaçı 03, 06 və 07 sentyabr 2021-ci il tarixlərdə tam iş günü yerində olmasını sübut edə bilməmişdir. Məhkəmənin nəticəyə gəlməsinin digər əsaslarından biri də 07 sentyabr 2021-ci il tarixdə İddiaçı məzuniyyətə buraxılmasına dair ərizənin iş yerinə daxil olmasına baxmayaraq, həmin ərizəyə münasibət bildirilmədən 08 sentyabr 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsidir. Qeyd edilməlidir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə onun əmək məzuniyyəti ilə bağlı ərizəsinə münasibət bildirilməməsi arasında heç bir səbəbli əlaqə mövcud olmadığından onun bu əsasla işə bərpa edilməsinə dair iddiasının təmin edilməsi qəbuledilməzdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 218/Ü saylı, 08 sentyabr 2021-ci il tarixli əmrin əsaslandırma hissəsində göstərilmişdir ki, X6 Təsərrüfatı Mərkəzi təqdimatla müraciət edərək İddiaçı üzərinə düşən vəzifələrin icrası ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları icra etməməsi, özbaşına heç kimə xəbər vermədən iş yerini tərk etməsi, üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bununla bağlı dəfələrlə ona edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymaması, eyni zamanda, 31 avqust 2021-ci il tarixli, 200/ü saylı Əmrlə əmək funksiyalarını və öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi səbəbi ilə töhmət verildiyini və bundan nəticə çıxarmadığını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı özbaşına iş yerini tərk etməsi, 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktlarda qeyd olunsada , 2021-ci ilin iyul-avqust-sentyabr ayları üzrə idarə heyəti işçilərinin tabelindən görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixədək, həmin tarix də daxil olmaqla işdə olmuşdur. Digər tərəfdən, X5 X2 direktor müavini və digər əməkdaşları tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı baş verənlərlə bağlı izahat verməsi üçün 08 sentyabr 2021-ci il tarixdə, saat 14:50-də heç bir səbəb göstərmədən işdə olmadığı üçün Mərkəzin işçisi Mehti İsayev və sürücü X8 Ağayevin yaşadığı evə getmişlər. İddiaçı öz evində yatmış və telefonu söndürmüşdür. Ona Mərkəzə gələrək izahat verməsi bildirilmişdir, o, evdən çıxaraq çayxanaya getmiş, ona niyə töhmət verilməsini bildirərək izahat verməkdən imtina etmişdir. Bir müddət sonra İddiaçı idarəyə gəlmiş, işçilər tərəfindən yenidən ondan izahat istənilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Halbuki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Hazırki iş materiallarından görünür ki, İddiaçı baş verənlərlə bağlı izahat verməsi üçün 08 sentyabr 2021-ci il tarixdə işə çağırılmış, lakin bundan bir gün əvvəl, yəni 07 sentyabr 2021-ci il tarixdə artıq X5 X1 İttifaqı Komitəsinin iclas keçirmiş, onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsindən ötrü xidmətə təqdimat göndərilməsi qərara alınmış, elə həmin tarixdə Meşələrin İnkişafı Xidmətinin rəisinə təqdimatla müraciət olunmuş və 08 sentyabr 2021-ci il tarixli əmrlə İddiaçı işdən azad edilmişdir. Digər tərəfdən, 07 sentyabr 2021-ci il tarixdə İddiaçı məzuniyyətə buraxılmasına dair ərizə iş yerinə daxil olmuş, həmin ərizəyə münasibət bildirilmədən, 08 sentyabr 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə iş yerində olmaması ilə bağlı aktlar tərtib edilməsinə baxmayaraq, tabel cədvəlində onun həmin tarixlərdə iş yerində olmasına dair qeydlərin olması, habelə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar ittifaqı komitəsinin 07 sentyabr 2021-ci il tarixdə keçiriləcək iclasına çağırılmalı olduğu halda, 08 sentyabr 2021-ci il tarixdə baş verənlərlə bağlı izahat verməsi üçün işə çağırılması tərtib olunmuş həmin aktların etibarlılığını şübhə altına alır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, İddiaçı iş yerinə gəlməməsi ilə bağlı tərtib edilmiş aktlar əsaslı olsalar belə, İddiaçı bunun səbəbləri barədə izahat verməsi təklifi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqı komitəsinin iclası keçirilməzdən əvvəl olunmalı idi. Çünki, 218/Ü saylı əmr X5 Təsərrüfatı Mərkəzinin təqdimatına, həmin təqdimat isə X5 X1 İttifaqı Komitəsinin 07 sentyabr 2021-ci il tarixli iclasının 12 nömrəli protokolunda göstərilənlərlə əsaslandırılmışdır. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 4-cü hissəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığı üçün iddia haqlı sayılır və birinci instansiya məhkəməsi də iş üzrə düzgün qətnamə qəbul etmişdir. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etsə də, Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozularaq əmrin təsviri(giriş) hissəsi ilə qərar hissəsi arasında ziddiyyət yaranmışdır. Belə ki, əmrin təsviri(giriş) hissəsində X5 Təsərrüfatı Mərkəzinin təqdimatına istinad edilərək iddiaçının...üzərinə düşən vəzifələrin icrası ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları icra etməməsi, özbaşına heç kimə xəbər vermədən iş yerini tərk etməsi, üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bununla bağlı dəfələrlə ona edilmiş şifahi xəbərdarlığa məhəl qoymaması... göstərilmiş, eləcə də aidiyyəti üzrə məsul şəxslərdən alınmış izahatlar və s. sənədlərin təhlilinə əsasən işəgötürən belə qənaətə gəlmişdir ki, əməkdaşa həvalə olunmuş vəzifələr lazımi şəkildə və məsuliyyətlə icra edilməmiş və bununla da bu sahədə olan olan müvafiq qanunvericiliyin tələbləri pozulduğu göstərilmişdir. Göründüyü kimi, mübahisələndirilən əmrin məzmunu özü ziddiyyətlidir. Çünki, iddiaçının üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi nə mübahisə predmeti olmuş, nədə bu barədə işdə hər hansı bir sübut olmamışdır. Demək, bu əsas əmrin məzmununda ola bilməzdi. Özbaşına heç kimə xəbər vermədən iş yerini tərk etməsi dəlili ilə bağlı cavabdeh şikayətində göstərir ki, iddiaçının 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktlarda qeyd olunsa da, məhkəmə bunu şübhə altına almışdır. Birincisi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunduğu kimi, iddiaçının heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə dair işdə heç bir akt yaxud hansısa sübut yoxdur. Cavabdeh tərəf də bunu iddia etmir. O ki, qaldı qeyd olunan aktlara birinci instansiya məhkəməsi onların mötəbərliliyinə hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi də bununla razılaşır. Çünki, hər üç akt direktor müavini, baş mühasib, anbardar, bir aktda isə direktor müavini əvəzinə baş mühəndis imzalamışdır (bax.i.v.59,61,62). Bu aktlar qeyd olunan əsasla iddiaçının işdən azad edilməsi üçün mötəbər sübut və yetərli ola bilməzdi. Çünki, cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Təbii ki, cavabdeh qurumun əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar cavabdehin mənafeyinə uyğun olsa da mötəbər qəbul edilə bilməz. Çünki, birtərəfli olmaqla, yalnız cavabdehin maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur. Ona görə bu cür sübutlar mötəbər olmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi xitam verilməsi üçün də heç bir halda əsas ola bilməzdi. Əksinə həm iddia ərizəsinin və işdə olan sənədlərin məzmunundan, həm də iddiaçı tərəfin izahatlarından bəlli olur ki, X5 Təsərrüfatı Mərkəzinin vəzifəli şəxslərinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı 2021-ci ilin iyul ayının axırlarından başlayaraq aidiyyəti orqanlara məlumat verdiyi üçün iddiaçının barəsində ən ağır intizam tənbehi tətbiq edilmişdir. Həmin vaxta qədər, yən 27 mart 2019-cu ildən bəri iddiaçının heç bir intizam məsuliyyətinə cəlb edilməməsi cavabdehin işdə olan 31 avqust 2021-ci il tarixli əmrinin məzmunundan da görünür. Deməli, cavabdeh qurum intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır(ƏM.m.187.4).Bu Əmək Məcəlləsinin imperativ tələbidir. Ancaq nə iş materiallarında, nədə cavabdeh tərəfin məlumatlarında bu məsələyə ümumiyyətlə münasibət bildirilmir. Demək ki, cavabdeh tərəf də bu faktı təkzib edə bilmir. Bundan əlavə, əmrin məzmununda göstərilən “həvalə olunmuş vəzifələr lazımi şəkildə və məsuliyyətlə icra edilməməsi” arqumenti ilə bağlı qeyd olunur ki, iddiaçının bu əsasa görə də əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, eləcə də 72-ci maddənin “a” bəndində nəzərdə tutulan şərtləri pozmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Mübahisələndirilən 08 sentyabr 2021-ci il tarixli, 218/Ü nömrəli əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi də əsaslandırılmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1747/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1747/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar