Məhkəmə qərarları › İş №2(103)-4353/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4353/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4353/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh1 və X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(010)-415/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 qızı, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əssasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh1 və ailə üzvləri olan X3, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 157, 226 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, məhkəmədən X4, Cavabdeh2 və Cavabdeh3 da iş üzrə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi həmin şəxslərə qarşı da yönəlmiş olduğundan, məhkəmə X4, Cavabdeh2Nizami oğlu və Cavabdeh3 işə cavabdeh qismində cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 157, 226 saylı mənzil ona məxsusdur. Onun həmin ev üzərində olan hüququ şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiyası və qiymətləndirilməsinə aid pasportla rəsmiləşdirilmiş və həmin evi xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldırmaq hüququ yaranmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 157, 226 saylı mənzili məcburi köçkün olan Cavabdeh1 ailə üzvləri ilə birlikdə qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh1 digər X2nun da evini qanunsuz olaraq zəbt etmişdir. X2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və ailə üzvləri olan X3, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılması ilə bağlı ərizə yazmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(010)-1511/2020 saylı qətnaməsi ilə Cavabdeh1 və ailə üzvləri olan X3, Cavabdeh2 və Cavabdeh3 qanunsuz olaraq zəbt etdikləri mənzildən çıxarılmaları qət edilmişdir. Hal-hazırda cavabdehlərin ona məxsus evdə yaşaması onun mənzil hüquqlarını pozur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(010)-415/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 qızı, Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(010)-415/2021 saylı qətnaməsinin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayətində qeyd olunur ki, birinci məhkəmə instansiyasında mülki işə cavabdehlərin iştirakı olmadan baxılmışdır. Qətnamədə göstərilir ki, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almamış, məhkəməyə üzürlü səbəbdən gəlməmişdir. Məhkəmə iddianı təmin edərkən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 157, 226 saylı mənzilin İddiaçı mülkiyyətində olması və iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyada almasına əsaslanmışdır. Məhkəmə qətnamə qəbul edərkən real vəziyyətə diqqət yetirməmişdir. Belə ki, mübahisəli mənzilin yerləşdiyi bina yataqxana olmuş, cavabdehlər Ağdam rayonundan qaçqın düşdükdən sonra 1992-ci ildə həmin mənzildə yerləşmişlər. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Suraxanı rayon sektoru tərəfindən verilmiş 08.10.2020-ci il tarixli, 91 nömrəli məktubdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 5 nəfərlik ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə (keçmiş yataqxana) məcburi köçkün kimi qeydiyyatdadırlar. İddiaçı 01.10.2012-ci il tarixdə, cavabdehlər həmin mənzildə qaçqın kimi məskunlaşdığı gündən 20 il sonra mübahisəli mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış, 9 il sonra isə onların həmin mənzildən çıxarılması tələbini irəli sürmüşdür. Cavabdehlər mənzildə məskunlaşan zaman bina yataqxana olmuş, iddiaçının mənzilə dair heç bir sənədi olmamışdır. Yalnız 20 ildən sonra saxta sənədlər əldə etməklə yataqxanadakı mübahisəli mənzili öz adına qeydiyyata aldırmışdır. Cavabdehlərin hazırda qalmağa başqa yeri yoxdur, 30 ilə yaxındır ki, 5 nəfər ailə üzvləri ilə birlikdə mübahisəli, bir otaqlı mənzildə dözülməz şəraitdə yaşayırlar. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təstiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 saylı Sərəncamının 2-ci bəndinə görə, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilmir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, X3 apelyasiya şikayətini müdafiə etdilər, şikayətin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını, Suraxanı rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(010)-415/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh olan apellyatorlara ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada onlara göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh olan apellyatorlar lazımi qaydada məlumatlandırmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipini pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və cavabdehlərin apellyasiya şikayətlərinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 43,15 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və mənzil üzərində mülkiyyət hüququ 01.09.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1720 nömrəli reyestr kitabının 157987 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Suraxanı rayonu Sektoru tərəfindən verilmiş 08.10.2020-ci il tarixli, 91 nömrəli məktubdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 5 nəfərəlik ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 157, (keçmiş yataqxana) mənzil 226 ünvanında 04.12.1998-ci il tarixdən məcburi köçkün kimi qeydiyyatdadır. Qızı ailə həyatı qurmuş və həmin ünvandanadı kommunal siyahıdan çıxarılmışdır. Hal-hazırda Cavabdeh1 4 nəfərlik ailə üzvləriilə göstərilən ünvanda məskunlaşmışdır. Onun və ailə üzvlərinin həmin ünvanda neçənci ildən məskunlaşdıqları haqqında sektorda hər hansı bir məlumat yoxdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(010)-1511/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1, X4, Cavabdeh2 və Cavabdeh3 onlara məxsus ev əşyaları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 157, mənzil 17-dən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5 maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2 maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxsin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onların bərabər tutulan şəxlərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 2-ci və 4-cü bəndlərində göstərilir ki, “Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və ya rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Onlar əvvəlki yaşayış məntəqəsi daxilində məskunlaşdırılır. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatından asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər”. Qərarda göstərilmişdir ki, hətta mənzilə yaşayış orderinin verilməsi və onun nəticəsində yarana biləcək hüquqlar özü-özlüyündə Konvensiya baxımından mülkiyyət kimi qiymətləndirilməlidir. Həmin qərarla müəyyən edilmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilməsi ərizəçinin mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması deməkdir. Kollegiya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulubpozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə kollegiya qeyd etmişdir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus olan mənzili zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2 və Cavabdeh3 isə Ağdam rayonundan məcburi köçkündürlər və aidiyyəti dövlət orqanına məlum olmayan tarixdən bəri həmin ünvanda yaşayırlar. Bu kontekstdə kollegiya hesab edir ki, məcburi köçkün statusuna malik olan cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Buna görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Kollegiya apellyatorların iddiaçıya məxsus mülkiyyət hüququ haqqında çıxarışın “saxta” olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun “saxta” olması ilə bağlı sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(010)- 415/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 qızı, Cavabdeh3 iddiаçı İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar