Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4353/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və kompensasiya) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Cavabdeh QSC-nin nümayəndəsinin X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1973/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Cavabdeh QSC-nin 936/Ü saylı, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərinin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın keçirilməsi” işlərinin icrası üçün işə qəbul edilmiş işçilərin, eləcə də digər struktur bölmələrində çalışan işçilərin bir qisminin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77, 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla ixtisarının təmin edilməsi qeyd edilmişdir. Həmin əmr üzrə ixtisar edilməsi təklif olunan işçilərin siyahısında İddiaçı adı qeyd olunmamışdır;
2. Cavabdeh QSC-nin 792 saylı, xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyi və həmin müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2024-cü il tarixdən xitam veriləcəyi bildirilmişdir;
3. xx.xx.2024-cü il tarixli, 321/K saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, N1237 saylı əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir;
4. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Cavabdeh QSC tərəfindən 657,64 manat məbləğində pul ödənilmişdir, ödənişin təyinatı son haqqhesab kimi göstərilmişdir;
5. Bakı 10 saylı Mediasiya təşkilatının MŞB/10/2025-00020 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir;
6. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, 14-cü səhifəsində İddiaçı Cavabdeh QSC-də xx.xx.2021-ci il tarixdə Bakı Regional Mərkəzinə İT üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, daha sonra xx.xx.2021- ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən İT və Texniki Təminat şöbəsinə İT üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh QSC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və kompensasiya tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 321/k nömrəli əmrin ləğv edilməsi, Cavabdeh QSC şirkətində İT və X4 İT üzrə mütəxəssisi kimi işə bərpa olunması və işsiz qaldığı günlərə görə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh QSC-də işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh 321/k nömrəli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ilə “Azəriqaz” İB arasında bağlanmış xx.xx.2021-ci il tarixli satınalma müqaviləsinə əsasən yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın xx.xx.2025-ci il tarixdən dayandırılması qərara alınmış və həmin işlərin “Azəriqaz” İB tərəfindən həyata keçiriləcəyi bildirilmişdir. Cavabdeh həmin işlərin “Azəriqaz” İB tərəfindən ləğv edilməsini və bunun nəticəsində həmin müqavilə üzrə əldə edilən gəlirin itirilməsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, 936/Ü nömrəli əmri ilə işçilərin ixtisar edilməsi qərara alınmışdır. İxtisarla bağlı əmr barədə məlumat xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsilə şöbə rəisi tərəfindən ona rəsmi olaraq göndərilmiş və ixtisarların başlanacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İxtisarın başlanacağı bildirilsə də, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləsinin ləğv edilməsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi yerinə, 68.2-ci maddəsinin “b” bəndi (müqavilənin müddətinin bitməsi ilə əlaqədar xitam) qanunsuz olaraq tətbiq edilmişdir. İşəgötürən işçi ilə əmək müqaviləsini bitirmək üçün müddətin bitməsi bəhanəsindən sui-istifadə edərək, ixtisar prosedurunu manipulyasiya etmişdir. Əmək Məcəlləsinə əsasən 3 ildən 5 ilədək stajı olan işçilərə əmək müqaviləsinin ləğv edilməsinə dair ən azı 4 həftə əvvəl bildiriş verilməlidir. Lakin işəgötürən yalnız işçinin əmək müqaviləsini ləğv etməyi seçmişdir. İşçiyə xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi ilə əlaqədar xəbərdarlıq bildirişi verilmiş və işçinin əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir.
9. Cavabdeh QSC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə ixtisar səbəbindən xitam verilməmişdir. Belə ki, ona təqdim edilən əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıq məktubunda ixtisarla bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd edilməmişdir. Əksinə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi qeyd edilmişdir. Xəbərdarlıq məktubunda ixtisarla bağlı, habelə “Azəriqaz” İB ilə bağlanmış satınalma müqaviləsində nəzərdə tutulan bir sıra xidmətlərin alınması səbəbindən xitam verilməsi qeyd edilsə idi, o zaman işçinin ixtisar edilməməsi səbəbindən Cavabdeh QSC məsuliyyət daşıyardı. xx.xx.2024-cü il tarixli, 936/Ü nömrəli ixtisar əmrinin 5-ci bəndində işçilərin ixtisar edilməsi ilə əlaqədar işçilər müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilmələri qeyd edilmişdir. Əgər iddiaçı ixtisar edilsə idi, ona stajına uyğun olaraq, müddətin bitməsi ilə bağlı xəbərdarlıq məktubu əvəzinə ixtisarla bağlı xəbərdarlıq məktubu təqdim edilmiş olardı. Əmrin surəti İT və X4 rəhbəri Ramil Rzayev tərəfindən tabeliyində olan işçilərə təqdim edilmişdir. İddia ərizəsinə qoşma şəklində əlavə edilən elektron poçtun çıxarışından görünür ki, İT və X4 rəhbəri Ramil Rzayev tabeliyində olan bütün işçilərə həmin əmrin surətini təqdim etmişdir. Cavabdeh tərəfindən işçi ixtisar edilməmiş və ixtisara dair siyahıda işçinin adı və soyadı olmamışdır. Əlavə olaraq əmək müqaviləsinə məzuniyyətdə olduğu dövrdə xitam verilməmiş və ya məzuniyyətdə olduğu zaman ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu təqdim edilməmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1973/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə, 35-ci maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68-ci maddələrinə, 73-cü maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddianın rədd olunması ilə razı deyil və onun ləğv edilməsini, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kompensasiya ödənilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş edir. Əmək müqaviləsinə xitam verilməsi forması qanunsuz olmuşdur. İşəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin“b” bəndi ilə xitam verdiyini bildirsə də, real səbəb ixtisar olmuş, bu isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə tənzimlənməli idi. Bu, xitam verilmə formasının manipulyasiyası və işçinin hüquqlarının məhdudlaşdırılması deməkdir. İşəgötürən tərəfindən mənimlə bağlanmış müddətli əmək müqaviləsinə, əslində ixtisar səbəbi ilə deyil, süni şəkildə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi (müddətin bitməsi) ilə xitam verilmişdir. Halbuki, xx.xx.2024-cü il tarixli 936/Ü nömrəli əmr ilə bütün şöbələr üzrə ixtisarların başlanması barədə rəsmi sənəd mövcuddur və bu əmrdən ona e-poçt vasitəsilə məlumat verilmişdir. Əgər bu sənəddə adı yer almayıbsa belə, onunla eyni vəzifədə çalışan digər əməkdaşlarla bağlı ixtisar prosesinin başladığı, eyni struktur bölməsində çalışan əməkdaşlar üzrə ixtisar edildiyi danılmazdır. Bu isə o deməkdir ki, bağlanmış əmək münasibətlərinə formal hüquqi əsasla xitam verilərək ixtisar proseduru pozulmuşdur. İxtisar proseduruna riayət olunmamışdır. Əmək Məcəlləsinin 77- 78-ci maddələri ixtisarın qanuni qaydalarını müəyyən edir. Bu normalara görə: Əmək stajı 3 ildən yuxarı olan işçiyə ən azı 4 həftə öncədən yazılı bildiriş verilməlidir.(73-cü maddə), İşçiyə kompensasiya ödənilməli idi(Maddə 78), Eyni vəzifəni yerinə yetirən digər işçilərlə müqayisədə üstünlük hüquqları nəzərə alınmalı idi(Maddə 79). Bu prosedurlar pozulmuşdur. İşəgötürən əvvəl ixtisar əmrini göndərsə də, sonradan əmək müqaviləsinin müddətinin bitməsi ilə formal səbəb göstərərək, işçini hüquqlarından məhrum etmişdir. İşçinin son haqq-hesabı qanunsuz ödənilmişdir – kompensasiya verilməmişdir. İş materiallarından aydın görünür ki, yalnız 657,64 manat ödəniş edilmiş, əmək məzuniyyətinə görə nəzərdə tutulan kompensasiya ödənilməmişdir. Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya tam şəkildə ödənilməlidir. Bu kompensasiya ofis və texniki mütəxəssis statuslu şəxslər üçün illik əmək məzuniyyətinin hər bir gününə görə orta əməkhaqqının 2.5 misli miqdarında nəzərə alınmalıdır. Qanunvericiliyin tələblərinə əsasən, əmək müqaviləsinə ixtisar və ya müddətin bitməsi səbəbilə xitam verildikdə, işəgötürən işçiyə son haqqhesabla yanaşı, kompensasiya da ödəməlidir. Əmək Məcəlləsinin 77, 78, 79-cu maddələri açıq şəkildə göstərir ki, ixtisar və ya əmək münasibətlərinə xitam verilərkən əmək stajı, orta aylıq əmək haqqı və istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi vacibdir. Lakin "xxxx" QSC tərəfindən yalnız 657,64 manat ödənilmiş, bu ödəniş yalnız son maaş haqq-hesabı kimi təqdim olunmuş, məzuniyyət günlərinə görə kompensasiya (2.5 misli ilə), əmək stajına uyğun kompensasiya və işsiz qaldığı dövr üçün qanuni ödənişlər verilməmişdir. Bu, həm məzuniyyət hüququnun pozulması, həm də son haqq-hesabın natamamlığı anlamına gəlir. İşə bərpa edilməsə də, kompensasiya mütləq ödənilməlidir. Əmək məcəlləsinə və məhkəmə təcrübəsinə əsasən, işçinin qanunsuz işdən azad edilməsi halında, işə bərpa olunmaması belə, kompensasiyanın ödənilməsi öhdəliyini aradan qaldırmır. İşə bərpa olunmadan kompensasiyaya hüquq Əmək hüququnun ümumi prinsiplərinə əsasən (Azərbaycan Respublikası Əmək Məcəlləsi, Avropa Sosial Xartiyası), işçi işə bərpa edilməsə belə, qanunsuz xitam halında kompensasiya alma hüququndan məhrum edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bu istiqamətdə presedent xarakterli qərarlarında da bu prinsip birmənalı tanınır: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-818/2022 saylı Qətnaməsi – İşə bərpa edilməyən işçiyə son haqq-hesabdan əlavə qanunla nəzərdə tutulan kompensasiya ödənilməli olduğu bildirilmişdir. Ali Məhkəmənin 2(102)-2034/2021 saylı Qərarı – Əmək müqaviləsinin xitamı zamanı işçiyə rəsmi ixtisar bildirişi verilmədiyi halda, formal müddətin bitməsi əsasının tətbiqi əsassız hesab edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları (Barbulescu v. Romania) İşəgötürən tərəfindən şəffaflıq və mütənasiblik prinsipinə əməl olunmaması, kompensasiya öhdəliklərini ləğv etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi · Maddə 14.2, 77.1, 88, 217.4, 233 – məhkəmə yalnız təqdim olunan sübutları nəzərə almalı, qərəzsiz, tam, obyektiv və hüquqi normalara uyğun şəkildə qərar qəbul etməlidir. · Maddələr 216–220, 227 – apellyasiya baxışı zamanı sənədlərin və sübutların ümumiləşdirilməsi, yenidən qiymətləndirilməsi tələb olunur. Bu maddələrə əsaslanaraq, ilkin instansiya məhkəməsinin qətnaməsi sübutların düzgün qiymətləndirilməməsinə görə ləğv edilməlidir. Ali Məhkəmənin Praktik Qərarları · “Xəbərdarlıq müddəti”, son əmək haqqı ödənməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması(2025): o İşəgötürən xəbərdarlıq müddətinə riayət etmədiyi halda, məhkəmə yalnız əmrin Əmək Məcəlləsinin 73, 77, 78, 79-cu maddələri üzrə: İxtisar proseduruna riayət olunmaması: 4 həftə əvvəlcədən yazılı bildiriş verilməmişdir. Kompensasiya ödənilməmişdir. Eyni vəzifəli əməkdaşlarla müqayisədə üstünlük hüquqları nəzərə alınmamışdır. Beynəlxalq və milli presedent hüquqlar: • AİHM qərarlarına (Barbulescu, Kudeshkina) və Ali Məhkəmə qərarlarına əsasən, işə bərpa olmasa belə kompensasiya ödənilməlidir. • Bu hüquqi prinsiplər pozulmuşdur. Son haqq-hesabın qanunsuz hesablanması: (Maddə 179) Əmək Məcəlləsi, Maddə 179.1- 179.2 179.2 – bu kompensasiya müvafiq kateqoriya üzrə hesablanmalıdır (ofis və texniki işçilər üçün 2.5 misli ilə). Pozuntu: 657,64 manat ödənilib, lakin məzuniyyət kompensasiyası(2.5 misli), əmək stajına uyğun ödənişlər və digər haqlar nəzərə alınmayıb. • İstifadə olunmamış məzuniyyətə görə 2.5 misli kompensasiya (Maddə 179) verilməmişdir. • Əmək stajına uyğun kompensasiya ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin oxşar işlər üzrə çıxardığı qərarlar diqqətdən kənarda qalmışdır. Ləğvi ilə kifayətlənməməli, əmək haqqını da təmin etməlidir. Məhkəmə işə bərpa etməsə də, xəbərdarlıq müddətinə görə əmək haqqı tələbini təmin etməlidir . Bu presedentlər göstərir ki, “işə bərpa” tələb olunmasa belə, işəgötürən qanuni ödənişləri yerinə yetirməlidir. Konstitusiya Məhkəməsinin 338 saylı qərarı (mülki hüquqların kompensasiyası üzrə): “Məhkəmə iddia ərizəsində kompensasiya göstərilməyibsə belə, kompensasiya məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir” · Mülki Məcəllə 59.1.1 maddəsi: “Əvvəlki vəzifəyə bərpa mümkün olmadıqda, bərabər vəzifəyə və ya pul kompensasiyası almaq hüququ verilir”. · Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında da göstərilmişdir ki, “işə bərpa olunmasa belə, əmək müqaviləsinə xitam verilmə forması və hüquqi əsasların pozulması işçiyə kompensasiya hüququ verir.” D) Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Təcrübəsi · Kudeshkina v. Russia və oxşar işlərdə, AİHM vurğulayır ki, “işə bərpa mümkün deyilsə belə, ədalətli kompensasiya verilməlidir”; Avropa İnsan Hüquqları Məhkəməsinin “Kudeshkina v. Russia” işi üzrə qərarında vurğulanır ki, işə bərpa tələbi təmin edilmədikdə belə, “ədalətli kompensasiya” əsas hüquq prinsipidir. Bütün göstərilənlərə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə qanuni əsaslara söykənmir və əmək hüququ prinsiplərinə ziddir. Bu səbəbdən xahiş edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, işsiz qaldığı müddət üçün orta əmək haqqı ödənilsin. Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya 2.5 misli ilə ödənilsin. Son haqq-hesab tam və qanuni şəkildə yenidən hesablanaraq ödənilsin. İxtisar proseduruna riayət olunmaması: 4 həftə əvvəlcədən yazılı bildiriş verilməmişdir. Kompensasiya ödənilməmişdir. Eyni vəzifəli əməkdaşlarla müqayisədə üstünlük hüquqları nəzərə alınmamışdır. 179.2 – bu kompensasiya müvafiq kateqoriya üzrə hesablanmalıdır (ofis və texniki işçilər üçün 2.5 misli ilə). Pozuntu: 657,64 manat ödənilib, lakin məzuniyyət kompensasiyası(2.5 misli), əmək stajına uyğun ödənişlər və digər haqlar nəzərə alınmayıb. İstifadə olunmamış məzuniyyətə görə 2.5 misli kompensasiya (Maddə 179) verilməmişdir. Əmək stajına uyğun kompensasiya ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin oxşar işlər üzrə çıxardığı qərarlar diqqətdən kənarda qalmışdır. Məhkəmə təqdim olunan sübutları obyektiv və qərəzsiz şəkildə qiymətləndirməli idi. Lakin, sübutlar – ixtisar əmri, e-mail bildirişləri, kompensasiya ödənişinə dair əsaslar – lazımi qaydada nəzərə alınmamışdır. İddiaçı tərəfin verdiyi izahatın da MPM-ə görə sübut olduğu nəzərə alınmalı, izahat əsasında müəyyən edilmiş işin faktiki halları da digər dəlillər ilə əsaslandırmalı idi. Məhkəmə bunu etməmişdir. Hesab edir ki, məhkəmənin müəyyən edilmiş hal sübuta yetmir. Bu işə baxan hakimin mülahizəsidir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr: Qətnamədə müddətin bitməsi əsas göstərilsə də, işəgötürən tərəfindən əvvəlcədən təqdim olunmuş ixtisar əmri real səbəbin ixtisar olduğunu sübut edir. İşin faktiki halları və sənədlərlə təsdiq edilmiş sübutlar məhkəmə tərəfindən qeyri-adekvat şəkildə qiymətləndirilib. Qətnamədə ödənişin qanuni olduğu göstərilsə də, faktiki olaraq yalnız 657,64 manat ödənilib, əlavə kompensasiya haqları rədd edilib. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Yeni və əlavə sübutların təqdim edilməsi üçün vəsatətlə müraciət olunacaq. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, № 2(005)-1973/2025 saylı qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbuledilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
17. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18. Maddə 11. “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
19. Maddə 45.1 Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
20. Maddə 45.2 Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
21. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
22. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
23. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
24. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
25. 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridə əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
26. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
27. 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
28. Maddə 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1973/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
40. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh QSC-də xx.xx.2021-ci il tarixdə Bakı Regional Mərkəzinə İT üzrə mütəxəssis peşəsinə qəbul edilmiş, daha sonra həmin peşə üzrə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən İT və Texniki Təminat şöbəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli, 936/Ü saylı əmr ilə bir sıra işçilərin ixtisara alınması qərara alınmışdır. Həmin siyahıda isə iddiaçının adı qeyd olunmamışdır. Cavabdeh QSC xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfə əmək müqaviləsinin müddətinin bitməsi və müddətin bitməsi təqdirdə müqaviləyə xitam veriləcəyi bildirilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, son haqq-hesab ödənilmişdir.
41. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən çıxarılma barədə əmrinin qanunsuz olduğunu hesab edir. İddiaçı iddia edir ki, ona ixtisarların edilməsi ilə bağlı əmr barədə rəsmi məlumat verildiyi təqdirdə ixtisar əmri ilə işdən azad olunması əvəzinə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Həmçinin, əmək məzuniyyətinə görə nəzərdə tutulan kompensasiyanın və son haqq-hesabın yenidən hesablanaraq ödənilməsini xahiş edir.
42. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin 6 əsası müəyyən edilmişdir. Həmin əsaslardan biri də əmək müqaviləsinin müddətinin bitməsi nəticəsində müqaviləyə xitam verilməsidir. Əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, əmək müqaviləsinin müddətinin bitməsinə 10 gün qalmış işəgötürən tərəfindən işçiyə bildiriş təqdim edilmiş və daha sonra əmək müqaviləsi müddətin bitməsi əsası ilə ləğv edilmişdir. Eyni zamanda işçiyə ixtisarla bağlı xəbərdarlıq məktubu deyil, müddətin bitməsi ilə bağlı xəbərdarlıq məktubu təqdim edilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməli olduğu halda, 68.2-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinin qanunsuz olduğunu əsas gətirsə də, işəgötürən müqaviləni ləğv etməsi barədə iradə ifadəsində tam haqlı olmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla qanuni olaraq işdən azad edilmiş, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tam təkzib olunmuşdur.
43. Kollegiya apellyasiya şikayətinin son haqq-hesabın ödənilməsi dəlilinə münasibətdə hesab edir ki, qeyd olunan tələb birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə daxil olmadığından hazırki məhkəmə icraatı çərçivəsində araşdırılmır. Bununla belə, işin hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən son haqq-hesab ödənilmişdir.
44. Kollegiya iddia tələbinin işsiz qaldığı günlərə görə kompensasiyanın ödənilməsi dəlilinə münasibətdə hesab edir ki, hazırki halda iddia tələbi əmrin ləğvi və işə bərpa hissələrində təmin edilmədiyindən iddia tələbi iddiaçının işsiz qaldığı günlərə görə kompensasiyanın ödənilməsi hissəsində də təmin edilməməlidir.
45. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
48. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
49. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.
50. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəmə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1973/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.