Məhkəmə qərarları › İş №2(103)-4354/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4354/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4354/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəşad Məhəmməd oğlu Həsənovun sədrliyi və məruzəsi ilə, X1 və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Elmir İlqar oğlu Murquzovun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Abdul oğlunun Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 5d saylı evin 27 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-621/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh son 12 ildə həmin mübahisəli mənzildə yaşayır. İddiaçıların özlərinə məxsus olan başqa mənzilləri vardır. İddiaçılar ona qarşı düşmənçilik münasibəti bəsləyirlər və bu səbəbdən evə köçürülmə tələbi qoymuşlar. Mübahisəli mənzil bir otaqlı olduğuna görə naturada bölünməsinin mümkün deyildir. İddiaçılar qanunun onlara verdiyi hüquqdan sui-istifadə etməklə, öz mənzilləri olduğu halda dövlətin onlara verdiyi hüquqlardan sui-istifadə edərək onun hüquqlarını pozurlar. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qərəzli, sübutlara hüquqi qiymət vermədən çıxarıldığı üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 Abdul oğlu məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 5d saylı evin 27 saylı mənzilinin 1/3 hissəsi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 5d saylı evin 27 saylı mənzilinin 1/3 hissəsi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş üzrə müəyyən olunur ki, miras əmlak olan mübahisələndirilən mənzil iddiaçılar tərəfindən vərəsəlik qaydasında qəbul edilmişdir və onlar hazırda həmin mənzilin paylı mülkiyyətçiləridir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən mənzil faktiki olaraq tərəflərin birgə mülkiyyəti olduğundan iddiaçıların da, həmin mənzildən qanunvericiliyə uyğun sahiblik və istifadə etmək hüquqları vardır. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıların həmin hüquqlarının həyat keçirilməsinə dair maneələrin aradan qaldırılmasına və onların mənzilə köçürülməsinə dair qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçıların öz hüquqlarının həyata keçirilməsi ilə cavabdehə zərər vurmaq niyyətində olmasına dəlalət edən hər hansı sübut mövcud deyildir və bu dəlil iddia tələbinin rədd olunması üçün əsas kimi qiymətləndirilə bilməz. Həmçinin, apelyasiya şikayətində dəlil kimi göstərilən iddiaçıların başqa ünvanda yaşamaları faktı da, mülkiyyətlərində olan digər mənzildən də istifadə etməkdən imtina üçün əsas ola bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar