Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4354/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) “əmrin ləğv edilməsinə və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada insan resurslarının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmış və İİ qrup əlildir. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 480 №-li Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 775 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 95 №-li Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun məşğulluq sahəsində dövlətin vəzifələri barədə 8-ci maddəsinin 8.03-ci bəndinə uyğun olaraq işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda qeyd olunan Fərmanın icrasının ƏƏSMN tərəfindən guya gerçəkləşdirildiyi vaxt onu xx.xx.2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) öz xahişi ilə həmin tarixdən işdən azad olunması barədə ərizə yazmağa məcbur etmişlər. Elə həmin tarixdən də ona ƏƏSMN-in tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada işlə təmin olunmasına dair X1 adına ərizə yazdırmışlar. xx.xx.2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan onun öz xahişi ilə işdən azad olunmasına dair ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı xx.xx.2020-ci il tarixli, 01/411 №-li sənədə əsasən xx.xx.2020-ci il tarixdən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. xx.xx.2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar o, yenə evdə olduğuna görə işə çağırılıb işdən azad olunduğu ona şifahi olaraq bildirmişdir. İşdən azad olunduğu gün ona bu barədə bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar xx.xx.2020-ci il tarixdə ƏƏSM X3 kollektiv müraciət etmişlər. Belə ki, onunla birlikdə 12 nəfər işdən eyni qaydada azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Baş Nazirinin imzaladığı xx.xx.2020-ci il tarixli, 01/411 №-li sənədə uyğun olaraq pandemiya şəraitində işçilərin orta əmək haqlarının ETTM-də saxlanılması və həmin ETTM-in ləğv edilməsinin də mütləq olduğu bir vaxtda, ona məcburi ərizə yazdıraraq yeni yaradılan Observatoriyada e-sosial portaldan verilən çıxarışa əsasən xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək əsas iş yeri kimi 1D45V9N000401 saylı əmək müqaviləsini bağlamaqda məqsədi ona məlum deyildir. O, ilk öncə ETTM-in əməkdaşları kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi öz xahişi ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda ona 3 ay fəaliyyət göstərməsinə baxmayaraq əmək haqqı əskik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. O, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Bundan əlavə ona təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və ona imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən Observatoriya tərəfindən öncədən pozulmuşdur. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi məlum deyildir. O, cavabdehin hazırki əməlləri nəticəsində əmək kitabçasını əldə edə bilməmişdir. Son haqqhesab olaraq ona 142 manat ödənilmişdir. Onunla 3 aylıq müddətli əmək müqaviləsi bağlanması özlüyündə qanun pozuntusudur. Belə ki, onun vəzifə səlahiyyətləri müddətli xarakter daşımır. Həmçinin cavabdeh tərəfindən ayrı seçkiliyə yol verilmişdir. Belə ki, köhnə işçilərin əksəriyyəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq daha sonra müddətin bitməsi ilə bağlı müqavilələrə xitam verilmişdir. Bu halı onun yeni iş yerində faktiki olaraq cəmi 15-20 gün işlədikdən sonra əmək müqaviləsinə xitam verilməsi bir daha təsdiq edir. İşdən azad olunduqdan sonra işəgötürən ona başqa iş təklif etməmişdir. Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli **********8 saylı əmrin ləğv edilməsi, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətli bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Milli Observatoriya publik hüquqi şəxs üzrə xx.xx.2020-ci il tarixli, **********8 saylı əmrə əsasən İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə olmuşdur.Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər.Başqa sözlə Əmək qanunvericiliyi heç də əmək müqaviləsinin müddətli bağlanmasım təkcə işçinin əmək funksiyalarının icrasının müddətli və ya müvəqqəti xarakter daşıması ilə şərtləndirməmiş, hətta işçinin əmək funksiyalarının icrasının mütəmadi xarakter daşıması halında da tərəflərin qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasını mümkün və qanuni hesab etmişdir (Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi). Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir.Qeyd olunanlara əsasən, istinad olunan sahəvi qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edirik ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Lakin buna baxmayaraq məhkəmə iş üzrə səhv hüquqi nəticəyə gələrək iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Başqa sözlə sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. Həmçinin məhkəmə faktiki olaraq iddia tələbindən kənara çıxaraq nəticə etibarilə tərəflər arasında 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına hüquqi qiymət vermiş və faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş müqavilə müddəasının doğurduğu hüquqi nəticələri ləğv etmişdir. Halbuki iş üzrə materiallardan göründüyü kimi tərəf əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir. Göründüyü kimi məhkəmə maddi hüquq normalarını pozaraq və səhv təfsir edərək Əmək Məcəlləsinin 47- ci maddəsinin f bəndinin tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanıla bilməsi hüquqi imkanını nəzərə almadan işçi ilə əmək müqaviləsinin müddətli bağlana bilməməsi qənaətinə gəlmiş, eyni zamanda prosessual hüquq normalarını pozaraq iddia tələbinin həcmindən kənara çıxmaqla əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərtinin, yəni 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinin nəticə etibarilə etibarsız hesab edilməsi və bununla da iddiaçının ayrı-seçkiliyə məruz qalması qənaətinə gəlmiş və faktiki olaraq onun doğurduğu hüquqi nəticələrin ləğvi barədə qətnamə qəbul etmişdir. Mübahisəli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən göründüyü kimi məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçı birbaşa tələb etmədiyi halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin müddəalarını iddiaçının ayrı-seçkiliyə məruz qalması əsası ilə etibarsız hesab etmiş, bununla belə qətnamədə bunun üçün istinad etdiyi qanunu və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6886/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1384/2022 saylı 13 aprel 2022ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş; hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6886/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrara apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur: “...müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, həmin Məcəllənin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Məlum olduğu kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu səbəbdəndir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Ona görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh şikayət verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı əvvəl işlədiyi Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzindən öz ərizəsi ilə işdən azad edilərək yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik hüquqi şəxsdə İnsan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bununla bağlı 30 mart 2020-ci ildə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmiş və işçinin 30 mart 2020- ci il tarixdən işə başlaması göstərilmişdir. 3 aydan sonra, yəni 30 iyun 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən işçi əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, işçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsində İnsan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır; Müqaviləsinin 2.2-ci bəndinə əsasən işçi xx.xx.2020-ci il tarixdə işə başlayır; Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür; 3.2. kadrlar üzrə cari prespektiv planları işləyib hazırlayır. Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təklifinə dair təkliflər hazırlayır. Müəssisə, idarə və təşkilatların kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir. Kadr axınının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir. Struktur rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirir; Əmək müqaviləsinin 4.12-ci bəndindən müəyyən olunur ki, işçinin iş dövrü xx.xx.2020-xx.xx.2021-ci ili əhatə edir; Əmək müqaviləsinin 4.13-cü bəndindən müəyyən olunur ki, .... işəgötürən bununla yanaşı işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixədək aylıq əmək haqqı 1200 manat olmaqla Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarə edilməsi şöbəsinə əsas iş yeri üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli **********8 saylı əmrindən müəyyən olunur ki, İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, işçi İddiaçı ilə xx.xx.2020- ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qəbul etdiyi əmrin qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi daşıyan işəgötürənin nümayəndəsi tərəflər arasında qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsinin bağlamasını bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan tərəflər arasında bağlanan əmək müqaviləsində hansı səbəbdən müqavilənin müddətli bağlamasına dair hər hansı bir şərt göstərilməmişdir. Əksinə əmək müqaviləsindən müəyyən olunur ki, işçinin əmək funksiyalarına müəyyən müddətə deyil, icrası müddətsiz xarakter daşıyan işələr daxildir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasına yol verilir. Lakin tərəflər arasında bağlanan əmək müqaviləsindən bu prinsipə əməl edilməsi, yəni uzun müddət müddətsiz əmək müqaviləsinə əsasən işləyən işiçinin işlədiyi müəssisə ləğv edildikdən sonra hansı səbəbdən daimi xarakter daşıyan işlərə görə müddətli əmək müqaviləsi bağlamağa razı olması bu müqavilədən müəyyən olunmur. Həmçinin, iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi iddiaçı ilə bağlanan əmək müqaviləsinin müddətinin işəgötürən tərəfindən uzadılmamasının səbəbinin işçiyə tapşırılan işin öhdəsindən gəlməməsi ilə izah etsə də, bu halı da sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya nə vaxt, hansı tapşırığın verilməsi, bu tapşırığın sonuncu tərəfindən icra edilməməsi barədə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və onlara tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur. İşçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Və belə olan halda Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə kollegiyası qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmətinə baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlaması, digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilə bilməli və bu halın baş verməsi öz-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. Kollegiya, həmçinin nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(002)-802/2019 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4354/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4354/2022
16.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver