Məhkəmə qərarları › İş №2(103)-4356/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4356/2025

25.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4356/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: öhdəliyin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi Nümayəndə3 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Cavabdehndə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya aid edilmiş 1100000a-11297 kodu ilə qazmaçı köməkçisi peşəsi, 1100000b-22247 kodu ilə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşəsi üzrə işləmiş, bu peşə üzrə iş stajı 4 il 9 ay 25 gün təşkil etmişdir. O, güzəştli şərtlərlə pensiya almaq üçün AR ƏƏSMN DSMF XŞT-ya müraciət etsə də, həmin pensiyanın alınması üçün iş stajı çatışmazlıqlar olduğundan müraciəti təmin edilməmişdir. O, Trestdə 1995-2005-ci illərdə çalışdığı vəzifələrin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahıda əksini tapdığını rəhbər tutaraq, bu halın öz təsdiqini tapması üçün həmin tarixlərdə işlədiyi dövr ərzində istehsalat zərurəti ilə əlaqədar olaraq gecə işlərinə görə əlavə əmək haqqı arayışına hansı istehsalat, texniki və texnoloji prosesləri yerinə yetirdiyini və görülən işlərin siyahıda hansı aidiyyəti koda uyğunluğu barədə arayış verilməsi üçün iş yerinə müraciət etmişdir. Lakin müəssisə tərəfindən bu barədə verilən arayışlar İddiaçı qane etmədiyindən, o, zəruri məlumatları ehtiva edən sənədin Cavabdehndən alınması üçün məhkəməyə müraciət etmişdir.

2. 30.04.2025-ci il tarixli Əmək haqqı barədə arxiv arayışından görünür ki, İddiaçı 1995-2005-ci illərin ayları üzrə əmək haqqı gecə işinə görə hesablanmışdır. Yekun məbləğ 7946829,43 manat təşkil edir. İşçinin 1994-cü il və 2006-cı illərin əmək haqqı cədvəli arxivdə aşkar olunmadığına görə arayışda qeyd göstərilməmişdir. İşçinin əmək haqqı cədvəlinə əsasən gecə işləri texniki istehsalat şöbəsində göstərildiyindən və bu amil Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmadığından həmin illərə dair güzəştli arayış təqdim oluna bilmir.

3. 24.04.2024-cü il tarixli Pretenziyanın surətindən görünür ki, İddiaçı gecə işlərinə görə əlavə əmək haqqı arayışına hansı istehsalat, texniki və texnoloji prosesləri yerinə yetirdiyini və görülən işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında təsbit olunmuş hansı aidiyyəti koda uyğunluğu barədə arayış verilməsini Cavabdeh müdiri P.İsayevdən xahiş etmişdir;

4. 10.07.2023-cü il tarixli “Sorğunun araşdırılmasının nəticəsi haqqında” məktubun surətindən görünür ki, ərizə əsasında seçmə üsulla 1995, 1996, 2001 və 2004cü illərdə bütün aylar üzrə İddiaçı gecə işinə cəlb olunduğu müddət müəyyənləşdirilmiş və aylıq faktiki iş günləri ilə müqayisə edilmişdir. Nəticədə seçilmiş dövr üzrə heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə olunması haqqında heç bir sənəd aşkarlanmamışdır. Onun çalışdığı vəzifə isə Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilməmişdir;

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X6 göstərilməklə) “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-2005-ci il tarixlərdə işlədiyi dövr ərzində istehsalatın zərurəti ilə əlaqədar olaraq işləri gecə vaxtı yerinə yetirməyi və bu işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının hansı bəndinə aid olması barədə uyğun arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli, 183 saylı əmri ilə “Neft Daşları” X7 İdarəsində işləmişdir. Hazırda Cavabdeh “Neft Daşları” Qazma İşlər İdarəsi ləğv olunaraq “Neft Daşları” istehsalat bölümü kimi fəaliyyət göstərir. O, müəssisədə qazmaçı köməkçisi, qazmaçı, mühəndis-texnoloq, qazma üzrə mühəndis, texniki istehsalat şöbəsinin rəisi vəzifələrində işləmişdir. Əmək fəaliyyəti və digər əlavələr ilə birlikdə 1982-xx.xx.1989-cu il tarixlərdə və xx.xx.1989-xx.xx.2006-cı il tarixləri olmaqla, müddət cəmi 22 il 05 ay 11 gün təşkil edir. Bu da onu təsdiq edir ki, güzəştli şərtlərlə pensiya hüququ verən kifayət qədər iş stajı var. AR ƏƏSMN DSMF XŞT üzrə Mərkəzi Filialına müraciəti təmin edilməmişdir. Səbəbi isə əmək fəaliyyəti üzrə yerinə yetirdiyi funksional vəzifələrin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında qeyd edilməməsidir. “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri” adlı 1 nömrəli siyahısına “Neftin qazılması və hasilatı, dəniz neftçiləri üçün neft, qaz kondensatı, kömür şistin emalı, rəhbər və mütəxəssislər bölməsində, kod-1100000b-24094 buruq qurğularının rəisləri, 1100000b-222477 kodu ilə müəyyən olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər” peşələri daxil edilir, lakin onun funksional vəzifəsi siyahıda olmadığından və güzəştli şərtlərlə yaşa görə 5 il 3 ay müddət onun birbaşa funksional vəzifəsi olmaqla çatışmazlıq təşkil etdiyindən imtina edilmişdir. Zərərli iş stajı 1989-1994cü il tarixləri əhatə edir, digər vəzifələrdə zərərli işlə əmək fəaliyyəti isə 1995-2005-ci il tarixlərini əhatə etsə də. funksional vəzifə rəhbər işçilərin siyahısına aid olduğundan əmək fəaliyyəti zərərli peşələrin siyahısına aid edilməmişdir. Lakin 1995-2005-ci il tarixlərdə yerinə yetirdiyi işlər arxiv arayışında birbaşa qeyd edilmiş, gecə işlərinə cəlb edildiyi üçün əmək haqqına əlavələr ödənilmişdir. Bunlar onu göstərir ki, gecə növbəsi zamanı yerinə yetirdiyi iş birbaşa siyahıda kod-1100000b-24094 buruq qurğularının rəisi, 1100000b- 222477 kodu ilə müəyyən olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşələri sırasına aiddir. 1995-2005-ci il tarixləri ərzində hansı istehsalat proseslərini yerinə yetirməyi, gecə vaxtı konkret hansı işləri yerinə yetirməyi və işlərin Nazirlər Kabinetinin qərarında göstərilməsi barədə uyğun arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətdə verilən suallar cavabsız qaldığından nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının əmək stajına dair Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun arayış verilmişdir. Həmin qərarın 1100000a-11297 kodu ilə qazmaçı köməkçisi peşəsi, 1100000b-22247 kodu ilə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşəsi üzrə iddiaçıda 4 il 9 ay 25 gün güzəştli iş stajı təşkil edir. İddiaçının 1995, 1996, 2001 və 2004-cü illərdə bütün aylar üzrə gecə işinə cəlb olunduğu müddət müəyyənləşdirilmiş və aylıq faktiki iş günləri ilə müqayisə edilmişdir. Nəticədə müəyyən edilmiş dövr üzrə heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə oluması barədə heç bir sənəd aşkarlanmamışdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1913/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin olunmamışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının rəhbər tutduğu əsaslar mövcud olmadığından və iddiaçı tərəfindən onları doğrulayan sübutlar məhkəməyə təqdim edilmədiyindən, İddiaçı 1995-2005-ci il tarixlərdə işlədiyi dövr ərzində istehsalat zərurəti ilə əlaqədar olaraq işləri gecə vaxtı yerinə yetirməyi və bu işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının hansı bəndinə aid olması barədə arayışı Cavabdehndən tələb etməkdə haqlı deyildir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8, 42.1, 88-ci, “İnformasiya əldə etmək haqqında” Qanunun 2, 10, 13, 24-cü maddələrinə və s. normalara istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin halları ətraflı araşdırılmamış və buna görə də iş üzrə yanlış nəticəyə gəlinmişdir. Belə ki, texniki istehsalat şöbəsinin rəisi vəzifəsinin təlimatında gecə işləri nəzərdə tutulmayıb. Deməli, o, gecə işlərini digər vəzifənin icrası zamanı həyata keçirib. Ona görə də o, cavabdehdən gesə işlərinə cəlb edildiyi zaman yerinə yetirdiyi vəzifəyə uyğun arayış verilməsini tələb edir.

13. Apelyator daha sonra göstərir ki, məhkəmə 1995-2005-ci illər ərzində onun gecə işindəki iş günlərinin miqdarı və gecə işlərinin texniki istehsalat şöbəsinin rəisinin vəzifə təlimatında göstərilib-göstərilmədiyi faktını da aydınlaşdırmayıb.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır: 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 8-ci maddəsinə əsasən işçinin iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq hüququ vardır; 88-ci maddəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə borcludur.

17. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır; 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir; 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir; 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır; 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur; 10.4.1-ci maddəsinə əsasən informasiya sahibi: 10.4.1 - informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 10.4.5 – sorğuçuya kömək göstərməlidir; 13.1-ci maddəsinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1 - informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2 - sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı; 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir; 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir.

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

20. Cavabdehin nümayəndəsi Nümayəndə3 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etmədiklərini bildirdilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı iş üzrə iddia rədd olunduğundan və qətnamə yalnız iddiaçı tərəfindən mübahisələndirdiyindən, məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxladı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

25. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdehndə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya aid edilmiş 1100000a-11297 kodu ilə qazmaçı köməkçisi peşəsi, 1100000b-22247 kodu ilə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis peşəsi üzrə işləmiş, bu peşə üzrə iş stajı 4 il 9 ay, 25 gün təşkil etmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq üçün AR ƏƏSMN DSMF XŞT-ya müraciət etsə də, həmin pensiyanın alınması üçün iş stajı tələbində çatışmazlıqlar olduğundan müraciəti təmin edilməmişdir. O, trestdə 1995-2005-ci illərdə çalışdığı vəzifələrin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahıda əksini tapdığını rəhbər tutaraq, bu halın öz təsdiqini tapması üçün həmin tarixlərdə işlədiyi dövr ərzində istehsalat zərurəti ilə əlaqədar olaraq gecə işlərinə görə əlavə əmək-haqqı arayışına hansı istehsalat, texniki və texnoloji prosesləri yerinə yetirdiyini və görülən işlərin siyahıda hansı aidiyyətli koda uyğunluğu barədə arayış verilməsi üçün iş yerinə müraciət etmişdir. Lakin müəssisə tərəfindən bu barədə verilən arayışlar İddiaçı qane etmədiyindən, o, zəruri məlumatları ehtiva edən sənədin Cavabdehndən alınması üçün məhkəməyə müraciət etmişdir.

26. İddiaçı 1995-2005-ci illər ərzində Cavabdehndə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş siyahıdakı vəzifəyə uyğun işlədiyini hesab etdiyindən güzəştli şərtlərlə pensiya hüququ əldə etmək üçün lazım olan iş stajı tələblərinə riayət olunduğunu bildirir. İddiaçı mülahizəsini onun müəssisədə gecə işlədiyi günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi, gecə işlərinə cəlb edildiyi üçün əmək haqqına əlavələr ödənilməsi ilə əsaslandırır. Lakin Cavabdeh tərəfindən edilən etirazdan, “Sorğunun araşdırılmasının nəticəsi haqqında” məktubdan, o cümlədən əmək haqqı barədə arxiv arayışlarından məlum olur ki, heç bir halda gecə işlənmiş günlərin faktiki iş günlərinin əksəriyyətini təşkil etməsi qeydə alınmamışdır. Gecə işinə cəlb olunma zamanı əlavə əmək funksiyalarının həvalə olunması haqqında heç bir sənəd aşkarlanmamışdır. Onun çalışdığı vəzifə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilməmiş və bu fakt şahid ifadəsində də vurğulanmışdır.

27. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsaslanaraq bu qənaətə gəlmişdir ki, iddiaçının rəhbər tutduğu əsaslar mövcud olmadığından və iddiaçı tərəfindən onları doğrulayan sübutlar məhkəməyə təqdim edilmədiyindən, İddiaçı 1995- 2005-ci il tarixlərdə işlədiyi dövr ərzində istehsalat zərurəti ilə əlaqədar olaraq işləri gecə vaxtı yerinə yetirməyi və bu işlərin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının hansı bəndinə aid olması barədə arayışı Cavabdehndən tələb etməkdə haqlı deyildir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

29. Apellyasiya şikayətinin dəlillərinə görə texniki istehsalat şöbəsinin rəisi vəzifəsinin təlimatında gecə işləri nəzərdə tutulmayıb. Deməli, o, gecə işlərini digər vəzifənin icrası zamanı həyata keçirib. Ona görə də o, cavabdehdən gesə işlərinə cəlb edildiyi zaman yerinə yetirdiyi vəzifəyə uyğun arayış verilməsini tələb edir.

30. Apelyator daha sonra göstərir ki, məhkəmə 1995-2005-ci illər ərzində onun gecə işindəki iş günlərinin miqdarı və gecə işlərinin texniki istehsalat şöbəsinin rəisinin vəzifə təlimatında göstərilib-göstərilmədiyi faktını aydınlaşdırmayıb.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq onları əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün lazım olan bütün tədbirlər görülmüş, tərəflərə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutlar təqdim etmək üçün lazımi şərait və imkan yaradılmışdır. Lakin araşdırma nəticəsində iddia tələbinin əsası kimi istinad olunan hallar öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən iddiaçının sorğusuna əsasən iki dəfə müvafiq arayış verilsə də, həmin arayışların məzmunu iddiaçını qane etməmişdir. İddiaçının tələb etdiyi məzmunda arayışın verilməsi isə arxiv məlumatları ilə təsdiq olunmadığından mümkün olmamışdır.

32. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 07 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar