Məhkəmə qərarları › İş №2(103)-4358/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4358/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4358/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1016/21 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3993,71 manat əsas borc, 1267,84 manat faiz borcu, 50 manat dəbbə pulu olmaqla, cəmi 5311,55 (beş min üç yüz on bir manat, əlli beş qəpik) manat borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “Saipa 132 EX” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3993,71 manat əsas borc, 1267,84 manat faiz borcu, 3291 manat dəbbə pulu olmaqla, cəmi 8552,55 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus “Saipa 132 EX” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə (buraxılış ili 2013, mühərrik- 4964744, banNAS421100E1140773, ağ rəngli) yönəldilərək, açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” X1 (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında 09 dekabr 2013-cü il tarixli 17-A-1-0-6828-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 16 % hesablanmaqla 48 aylıq müddətə cavabdehə 6900 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, “Saipa 132 Ex” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1140773 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 09 dekabr 2013-cü il tarixli 17-A-1 -0-6828-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 8650 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “SAİPA 132 EX” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1140773 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilidir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, “xxxx” İKB ASC-nin adı İddiaçı ASC adına dəyişdirilmişdir. İşdə olan “xxxx” İKB ASC-nin 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 09.12.2013-cü il -cü il tarixli, 17-A-1-0-6828-13 nömrəli kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə 16% dərəcəsi ilə hesablanmaqla, 6900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh arasında 09.12.2013-cü il tarixli, 17-A-1-0-6828-13 saylı ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinin predmeti kimi cavabdehə məxsus “Saipa 132 EX” markalı, 99-GH519 dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 09 dekabr 2013-cü il tarixli, AA seriyalı, 112712 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində olan “Saipa 132 EX” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” İKB ASC-nin 6 saylı filialı qarşısında ipoteka ilə yüklü edilməsinə dair müqavilə qeydiyyata alınmışdır İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış 28 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh mülkiyyətində olan “Saipa 132 EX” markalı, **-GH- *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildiriş 30.10.2020-ci il tarixdə qeydə alınmışdır. Həmçinin, 20.10.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan 09.02.2021-ci il tarxli maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdehin banka olan borcu 3993,71 manat əsas borc, 1267,84 manat faiz borcu, 3291 manat dəbbə pulu olmaqla, cəmi 8552,55 manat təşkil etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar