Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4359/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh, X1 və X3 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X1 və X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair 2(008)-3422/2021 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Torpağın mülkiyyətə verilməsinə dair 09 sentyabr 2002-ci il tarixli JN --- 4138D seriyalı KOD 00500076 saylı şəhadətnamədən görünür ki, Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi 20 avqust 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətinə verilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 aprel 2021-ci il tarixli çıxarışa və həmin tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahəsi 0,0650 ha olan, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır və qeydiyyata əsas torpağın mülkiyyətə verilməsinə dair JN- 4138D seriyalı KOD 00500076 saylı şəhadətnamə olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Cavabdeh, X1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsindən cavabdehlərin ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılaraq torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşlar.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(008)- 3422/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Zaur Hacıyev)
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər hər hansı qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsində məskunlaşmış, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşlar.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.4-cü maddələrinə, eləcə də İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 2005-ci ildə iddiaçının oğlu X6 ilə ailə qurmuş və Bakı şəhəri Sabunçu rayonu Böyükşor qəsəbəsində yerləşən evə gəlin köçərək oraya qeydiyyata düşmüşdür. Onlar birgə nikahlarından doğulmuş 3 uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Bakı Olimpiya Stadionunun tikilməsi ilə əlaqədar 2016-cı ildə sözügedən ev sökülmüş və onların hər birinə dövlət tərəfindən kompensasiya verilmişdir. Keçmiş əri Elşad ona verilmiş kompensasiyanı da mənimsəmişdir. Bundan sonra iddiaçı onu mülkiyyətində olan, Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə köçürmüş, halhazırda da o həmin özbaşına tikilidə yaşayır. İddiaçı torpaq sahəsinin onun mülkiyyətində olmasından istifadə edərək onu evdən çıxarmaqla hədələyir. Məhkəmə iddianı təmin etməklə işin faktiki hallarını tam araşdırmamış, maddi hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazını iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı izahatında bildirdi ki, cavabdehlərin məskunlaşdıqları özbaşına tikili ona məxsus olmaqla mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdehlərin həmin torpaq sahəsinə və üzərində yerləşən özbaşına tikiliyə heç bir hüquqları yoxdur. Əvvəllər yaşadıqları evin sökülməsi əvəzində dövlət tərəfindən verilmiş kompensasiyanın Cavabdeh aidiyyatı yoxdur. Cavabdeh bundan əvvəl ona və oğlu Elşada qarşı əmlak tələbinə dair məhkəmədə iddia qaldırmış, bütün məhkəmə proseslərini uduzmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi düzgündür və onun ləğv edilməsinə əsas yoxdur.
12. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.
13. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, işin mübahissəsiz halından görünür ki, cavabdehlərin məskunlaşdıqları özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh tərəf məskunlaşdığı torpaq sahəsinin iddiaçıya məxsus olmasını inkar etmir. Məhkəmə araşdırması zamanı cavabdehlərin həmin torpaq sahəsinə və üzərində yerləşən özbaşına tikiliyə hər hansı hüquqları müəyyən edilməmişdir. Eyni zamanda cavabdehlər iddiaçının ailə üzvü deyillər və aralarında yaxın qohumluq münasibətləri yoxdur.
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı mülki iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.