Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4360/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı - cavabdehlər Cavabdeh1 və X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 2(009)- 319/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı - cavabdehlər Cavabdeh1 və X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onun uşağı X1 ünvan 1 ünvanından çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1-i iddiaçının anası bağışlama müqaviləsi ilə iddiaçıya bağışlamışdır və hazırda iddiaçı həmin mənzilin mülkiyyətçisidir. Həmin mənzildə iddiaçının anası və iddiaçının bacısı və bacısı uşaqları ilə birlikdə yaşayır. ünvan 2 ünvanında iddiaçının anasının adına xüsusi mülkiyyət var idi. İddiaçının atası ilə anası ayrılmışdırlar. İddiaçının atası ünvan 3 ünvanında yaşayır. İddiaçı Ukrayna Respublikasında olarkən iddiaçının anası Bakı şəhəri, Naxçıvani küçəsində yerləşən 5 saylı evin 103 nömrəli mənzilini satmışdır. İddiaçı və bacısı vərəsə olduqları üçün iddiaçının anası həmin evdən onlara düşən payı iddiaçıya və bacısına ayrı-ayrılıqda vermək qərarına gəlmişdir. Bu səbəbdən iddiaçının anası iddiaçının bacısına Bakı şəhəri, İnqilab küçəsində iddiaçının ünvanını tam bilmədiyi mənzil almış, ünvan 1-i isə iddiaçıya bağışlamışdır. İddiaçının bacısına çatası pay verildikdən sonra o, ünvan 1-dən çıxmaqdan imtina etmişdir. Cavabdeh hal-hazıradək həmin mənzildən çıxmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, qeyd olunan mənzildə Natəvan öz uşaqları ilə birlikdə 2007-ci ildən yaşayır. Həmin mənzilə köçməzdən qabaq o, anası və digər ailə üzvləri ünvan 2 ünvanında yaşamışlar. 2007-ci ildə həmin mənzili satıb sözügedən mənzili almışlar. Ev anasının adına rəsmiləşdirilmişdir. Sonradan anası sözügedən mənzili onun qardaşı Rəşadın adına rəsmiləşdirmək istədiyini bildirdikdə, Natəvan buna heç bir etiraz etməmişdir. Bundan başqa, ünvan 2 ünvanda yerləşən mənzil satıldıqdan sonra həmin pul ilə yalnız sözügedən mənzil alınmışdır və Rəşadın iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, Natəvana heç bir mənzil alınmamışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbinin təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 2(009)-319/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh1, X2 və X1 ünvan 1 ünvanından çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının heç bir sübuta əsaslanmadan onun Bakı şəhəri İnqilab küçəsində mənzilinin olması, atalarından qalan mənzilin vərəsə kimi hər ikisinə ev alınmasına əsaslanmışdır. Bütün bunlar tamamilə əsassızdır. O, ünvan 6 ünvanında olan mənzilə notariat qaydasında özgəninkiləşdirilməsinə razılıq verərkən yeni alınacaq mənzildən istifadə hüququnun olması şərti ilə razılıq vermişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 27.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquq üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli arayışda ünvan 1-də iddiaçı ilə yanaşı Səlimzadə Fəridə Balabəy qızının qeydiyyatda olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə ilk və qarşılıqlı iddiaçıların analarına məxsus olmuşdur. Sonuncu həmin mənzili satıb, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini satın almışdır. Tərəflər həmin vaxtdan, yəni 2007-ci ildən köçüb bu mənzildə yaşamışlar. Sonradan ilk və qarşılıqlı iddiaçıların anaları ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ilk iddiaçıya bağışlamış və mənzilin onun mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş, mənzil ilk iddiaçının adına qeydə alınmışdır. İlk iddiaçı tələbini anasının ilk iddia üzrə Cavabdeh1 Bakı şəhəri, İnqilab küçəsində ünvanını tam bilmədiyi mənzil alması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla Cavabdeh1 Bakı şəhəri, İnqilab küçəsində yaşayış sahəsinə malik olması təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. MM-in 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. MM-in 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş üzrə sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi anası tərəfindən satın alındığı andan başlayaraq, onun mülkiyyətində olduğu dövr ərzində ilk iddia üzrə Cavabdeh1 övladları ilə birgə həmin mənzildə yaşamaqla ondan istifadə hüququ əldə etmişdir. Mənzilə mülkiyyət hüququ ilk iddiaçıya keçənədək, o cümlədən bağışlama müqaviləsi bağlanarkən isə o, yaşayış sahəsindən imtina barəsində notariat qaydasında təsdiqlənmiş öhdəlik vermədiyindən mənzilin iddiaçının mülkiyyətinə keçməsi onun və övladlarının həmin mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 Bakı şəhəri, İnqilab küçəsində yaşayış sahəsinə malik olmasının təsdiq edilməsi halı belə ilk iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, ilk iddia üzrə cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları əmələ gəlsə də, ilk iddiaçı bu hüquqa Cavabdeh1 Bakı şəhəri, İnqilab küçəsində yaşayış sahəsinə malik olması əsası ilə xitam verilməsini tələb etməmiş, ümumiyyətlə bu halı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq ilk iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdehlər ilk iddiaçıya məxsus yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduqlarından, həmin mənzildən çıxarılmalarına dair ilk iddia onların yaşadıqları mənzildən qanunsuz məhrum etmə xarakteri daşıyır və təmin edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə belə hesab edir ki, qarşılıqlı iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi anası tərəfindən satın alındığı vaxtdan köçüb orada yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ əldə etdiyindən onun həmin mənzildən istifadə hüququ tanınmalı, qarşılıqlı iddia təmin edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2, 385 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 2(009)-319/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanına istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4360/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4360/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver