Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4361/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndələri X2 eyni zamanda vəkili X1, Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı 19 noyabr 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, boşaldılması və geri tələb edilməsinə dair tələbin yönəldiyi tikili sahəsinin aid olduğu Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin bir otağının küçəyə açılan qapısı vardır və əvvəllər foto atelye kimi işlədilmiş, son illərdə isə qadın bərbəri salonu kimi istifadə olunur. Əvvəllər həmin sahənin icarə və işlədilməsinə xalası X7 baxırdı. Kirayə haqqı olaraq hər ay ona 300 manat verirdi. X6 vəfatından sonra, onunla işləyən qadın bərbəri Cavabdeh, salonu işlətməkdə davam etmiş, lakin hər dəfə bir bəhanə ilə kirayə haqqını ödəmir. Salondan çıxıb, boşaldılmasından da imtina edir. Sonuncunun iradəsinə zidd əmlakından istifadə etməsi kimi qanunsuz özbaşınalığı ilə bağlı şikayətinə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsində baxılmışdır. Cavabdeh salonla bağlı qeyd etdiklərini izahatında təsdiqlənmiş, eyni zamanda salonda tək çalışdığını və çıxmayacağını bildirmişdir. Məsələnin mülki xarakterli olduğu qənaəti ilə polis araşdırmanı dayandırmış, bu barədə arayış vermiş və mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Bundan sonra da cavabdehlə məsələni mübahisəyə çevrilmədən, həll etməyə çalışsa da, nəticəsi olmamışdır. Bu səbəbdən də məsələni məhkəmə qaydasında həll etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış evinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən maraqlarına toxunan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iiş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, sözügedən əmlak heç vaxt ona məxsus olmamış, onun məhkəməyə təqdim etdiyi sənədlər isə saxtadır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndələri X4 eyni zamanda vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan üçün şəxs Maraqlı şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh eləcə də digər maraqlarına toxunan üçüncü şəxslər məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Apellyasiya baxışı zamanı şahid qismində ifadə vermiş mübahisəli yerin dərzi kimi fəaliyyət göstərməsinin şahidi olmamışdır, həmin yer ilk öncə foto atelye daha sonra isə ət dükanı kimi fəaliyyət göstərib, sonradan isə salon olmuşdur. Maraqlı şəxs1 həmin ünvana gəlin gəlib, oranı tanıya bilməz. İş üzrə 19 saylı MİS tərəfindən verilmiş mənzil kirayəçisi haqqında 19009 saylı məlumata əsasın İddiaçı Salyan yolu, dalan 3, 3 saylı özbaşına tikili olan evin 15.09.2011ci ildən kommunal xidmətlərinin ödəmək məqsədilə ərizəsi əsasında 28 saylı forma üzrə arayış tərtib edilmişdir. İş üzrə mənzil-kommunal xidməti üçün DĞM seriyalı 346304 nömrəli 16.09.2011-ci tarixli mədaxil qəbzinin kserosurətindən görünür ki, Bakı şəhəri, Salyan yolu, dalan 3, ö/t 3A ünvan üzrə kommunal ödənişləri İddiaçı tərəfindən ödənilmişdir. İş üzrə Səbail rayonu, ünvan 1 ünvanında yaşayış X2 13.02.2020-ci il tarixli əizəsinin baxılmasına dair Səbail RPİ-nin 8-ci polis sahə inspektoru tərəfindən tərtib edilmiş arayışından görünür ki, ərizədə T.Məmmədova Salyan yolu, 3 ünvanında foto atelye kimi istifadə olunan yerinə ona məxsus olmasını bacısı rəhmətə getdikdən sonra oranın kimin istifadə etdiyini bilməməsini qeyd etmişdir. Araşdırma aparılmış və həmin yerdə gözəllik salonunda işləyən Cavabdeh izahatı alınmışdır. İzahatında o, 7-8 ildir ki, orada işlədiyini və Gülnarə Əliyeva adlı qadınla müqaviləsinin olduğunu, hazırda həmin qadının rəhmətə getməsi səbəbindən heç kimlə müqavilə bağlamadan işlədiyini bildirmişdir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış Cavabdeh izahatının surətindən görünür ki, o, 7-8 ildir ki, Salyan yolu, 3-də yerləşən qadın gözəllik salonunda tək işləyir. O, Gülnarə Əliyeva adlı qadınla müqavilə bağlamışdır. 2019-cu ildə Gülnarə Əliyeva rəhmətə getmişdir və bu səbəbindən o, heç kimlə müqavilə bağlamadan işləyir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış İddiaçı izahatların surətlərindən görünür ki, onun Səbail rayonu, Salyan yolu, 3a ünvanında evləri var, orada ona məxsus şəxsi yeri qadın atelyesi vardır. Həmin yeri anası və xalası Gülnarə işlədirdilər, oranı icarəyə Südabə adlı qadın götürüb işlədir. Xalası Gülnarə rəhmətə getmişdir. Hal-hazırda həmin yeri sənədləşdirib işlətmək istəyir. Xalası qızı Günay ona məxsus olan yerini işlətməyə imkan vermir, heç bir müqavilə olmadan ona məxsus olan yerini icarəyə verərək hər ay oradan 200 manat icarə pulu alır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, hesab etmişdir ki, iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlak onun faktiki sahibliyində olduğu üçün, onun pozulmuş hesab etdiyi hüquqlarının məhkəmə vasitəsi ilə bərpa edilməsini tələb etməyə subyektiv hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. İddiaçının Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış evinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahəyə dair onun faktiki sahibliyində olması barədə iş materiallarında hər hansı sübut olmamış, birinci instansiya məhkəməsi yalnız Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış ərizələrə istinad etmişdir ki, həmin ərizələrlə də qeyd olunan ünvana dair iddiaçının faktiki sahibliyi müəyyən edilmir. Bunun əksi olaraq apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 3-də istifadədə olan 0.01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.38 kv.m yaşayış, 27.9 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə və Maraqlı şəxs2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 9202 nömrəli vərəqində qeydə alınmışdır. Həmçinin apellyasiya baxışı zamanı mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sahə gözəllik salonu kimi istifadədədir, qeyd edilən sahə i.v 68-də olan eskiz layihəyə uyğundur. Belə ki, maraqlarına toxunan şəxslərə paylı mülkiyyət hüququ ilə məxsus hissəyə aiddir. Göründüyü kimi iddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 3-də istifadədə olan 0.01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.38 kv.m yaşayış, 27.9 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə və Maraqlı şəxs2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 9202 nömrəli vərəqində qeydə alınmışdır və mübahisəli tikilinin işin faktiki halları ilə iddiaçıya aid olması müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məkhəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı ona məxsus Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4361/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4361/2021
28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver