Məhkəmə qərarları › İş №2(103)-4365/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4365/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4365/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021 il tarixli 2(001)-718/2021 saylı qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özləri və azyaşlı qızları X6, X5 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və onların mənzildən istifadə hüququnu həyata keçirmələrinə yaradılan bütün maneələrin cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə 28.12.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin tarixdən mübahisəli mənzilə köçüb orada yaşamışdır. Tərəflərin üç uşaqları da həmin mənzildə doğulmuşdur. 29.07.2020-ci il tarixdə cavabdehlər İddiaçı1 uşaqları ilə birlikdə evdən qovmuş və mənzildən istifadələrinə maneə törətmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021 il tarixli 2(001)-718/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçıların ödədikləri dövlət rüsumu onların özlərinə aid edilmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmunlu pelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçıların nümayəndəsivəkili apelyasiya şikayəti müdafiə edərək, təmin edilməsini, Cavabdeh1 nümayəndəsivəkili isə apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı1 Cavabdeh1 ilə 28.12.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin tarixdən Cavabdeh1 atasına məxsus olan mübahisəli mənzilə köçüb orada yaşamış, həmin mənzildə onların üç uşaqları doğulub böyümüş, ana və uşaqlar mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Hazırda da onların qeydiyyatı mübahisəli mənzilədir. 29.07.2020-ci il tarixdən İddiaçı1 uşaqları ilə birlikdə həmin mənzildə yaşamır. Mübahisəli mənzil 1995-ci il tarixdə Zeynalov X3 adına qeydiyyata alınmış, 14.05.2020-ci il tarixdə mənzilin mülkiyyətçisi ölmüş və mənzil 08.12.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir. İddiaçı1 aid hissədə Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, evə köçürülmə tələbinin əsaslı olub-olmamasına münasibət bildirmək üçün, ilk öncə onun həmin evə istifadə hüququnun yaranıb-yaranmamasını müəyyənləşdirmək lazımdır. Kollegiya qeyd edir ki, İddiaçı1 mübahisəli evə istifadə hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, bu müddəa Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq, yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Bununla bağlı nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan yalnız ər (arvad), valideynlər və övladlar mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək, orada daimi yaşamaqdan asılıdır. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu baxımdan mülkiyyətçi ilə aralarında etibarlı ailə münasibətləri olmayan şəxslərin yaşayış sahəsinə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir ki, həmin razılaşma yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmadır. Göründüyü kimi mübahisəli ev İddiaçı1 qayınatası Zeynalov X4 məxsus olmuşdur (hazırda isə qayınanası - Cavabdeh2 mülkiyyətindədir) və sonuncu ilə İddiaçı1 arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Eləcə də iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan qayınatası Zeynalov X3 deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, İddiaçı1 ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, İddiaçı1 mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır. İddiaçı1 ilə Cavabdeh1 birgə nikahlarından 03.10.2002-ci il təvəllüdlü İddiaçı2, 17.03.2004-cü il təvəllüdlü X6 və 02.12.2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Digər İddiaçı2 və azyaşlı uşaqlar X6, X2 münasibətdə Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti düzgün olmamışdır. İddiaçı2 iddia qaldırılarkən hələ yetkinlik yaşına çatmaması ilə bağlı Kollegiya hesab edir ki, eyni zamanda anası İddiaçı1 da iş üzrə iddiaçı olmaqla həm də İddiaçı2 qanuni nümayəndəsi kimi iştirak edərək, iddia tələbində sonuncunun hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə qoruyaraq onun mənafeyi baxımından çıxış etmişdir. Digər tərəfdən, işə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı2 artıq yetkinlik yaşına çataraq, mülki prsessesual fəaliyyət qabilyyəti əldə etmişdir. Kollegiya hesab edir ki, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh1 birgə nikahlarından doğulmuş azyaşlı Zəhra Zeynallının mübahisəli mənzilə köçürülməsi iddia tələbi əsaslıdır. Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, mülkiyyətçi Zeynalov X3 ailə üzvü olan Cavabdeh1 uşaqların atası kimi Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri qaydasında öz övladlarını mübahisəli mənzilə köçürmək ixtiyarına malik olduğuna görə yetkinlik yaşına çatmayan uşaqları 03.10.2002-ci il təvəllüdlü İddiaçı2 və 17.03.2004-cü il X6 mübahisəli mənzildə doğulmuş və valideynlərinin yaşayış yeri olan mübahisəli mənzilə köçmüş və doğulduğu vaxtdan həmin mənzilə istifadə hüquqları əldə etmişlər. Bu hüquqa isə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 02.12.2011-ci il təvəllüdlü X2 münasibətdə isə Kollegiya qeyd edir ki, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı). Göründüyü kimi 02.12.2011-ci il təvəllüdlü X5 mənzilin mülkiyyətçisinin nəvəsi olduğundan «digər qohum» kateqoriyasına aiddir və bununla da yuxarıda qeyd olunan normaya əsasən onun da mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmışdır. Bu hüquqa da müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mübahisəli mənzilin hazırda Cavabdeh2 mülkiyyətində olmasına münasibətdə Kollegiya qeyd edir ki, mənzil onun mülkiyyətinə vərəsəlik qaydasında nəvələrinin istifadə hüquqları ilə yüklü vəziyyətdə keçmişdir və Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. Mülki Məcəllənin 228.3-cü maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Beləliklə müəyyən edilir ki, İddiaçı2 və digər azyaşlı uşaqlar X6, X1 mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır və belə olan halda onlara münasibətdə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçıların apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-718/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilməmiş “İddiaçı2 və azyaşlı uşaqlar X6, X1 ünvan 1 ünvanına köçürülmələri və onların mənzildən istifadə hüququnu həyata keçirmələrinə yaradılan bütün maneələrin cavabdehlərə qadağan edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçı2 və azyaşlı uşaqlar X6, X5 ünvan 1 ünvanına köçürülsünlər və onların mənzildən istifadə hüquqlarının həyata keçirmələrinə yaradılan bütün maneələr cavabdehlərə qadağan edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar