Məhkəmə qərarları › İş №2(103)-437/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-437/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-437/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı KB ASC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-82/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 48.078,50 ABŞ dolları, cərimə borcu üzrə 234.815,87 ABŞ dolları olmaqla, cəmi 390.247,98 ABŞ dollarıiddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqviləsi üzrə 390.247,98 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq, İddiaçı KB ASC-yə ödənilməsi, İpoteka predmetinin ilkin satış qiymətinin 144.000 (bir yüz qırx dörd min) məbləğində müəyyən edilməsi, 4. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində yerləşən 2c saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.045 ha sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 aymüddətinə, xx.xx.2017-ci il tarixədək, illik 20%ödəmək şərtilə, 127.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi İddiaçı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya RX №0448447, qeydiyyat №**********). Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq İddiaçına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. xx.xx.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsiİddiaçı KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2014-cü il tarixli 48Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 144.000 (bir yüz qırx dörd min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən mənzildən cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxşlərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaqdır. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borcludan iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı KB ASC-yə və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı KB” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 148Bİ8/14 saylı ipoteka müqaviləsinin əhəmiyyətsiz sayılmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48B8/14 saylı Əsas kredit müqaviləsinə əsasən 60ay müddətinə 1000.000 manat məbləğini aşmamaq şərtilə, əlavə kredit müqaviləsi bağlanmaqla Bank tərəfindən Cavabdeh1 kredit verilməsi razılaşdırılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək kredit məbləğlərinin müddəti, şərtləri və müddətləri və s. ödəniş qaydaları əlavə kredit müqavilələri ilə razılaşması müəyyən olunmuşdur. Əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 oğlu ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2014-cu il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı KB ASC ilə bağladığı xx.xx.2014-ci il tarixli 48B8/14-1 saylı kredit razılaşması əsasında 36 ay müddətinə faiz dərəcəsi 20 % olmaqla 127 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunmalıdır ki, ipoteka ilə Cavabdeh1 tərəfindən Bankın xeyrinə yüklü edilmiş əmlak Cavabdeh1lə onun birgə nikah dövründə əldə etdiyi əmlakdır. Əsas kredit müqaviləsində götürüləcək kreditin məbləği manatla göstərilmişdir. Cavabdeh1lə birgə əmlakın dəyəri ipoteka müqaviləsində göstərilən məbləğdən kifayət qədər artıqdır. İpoteka müqaviləsi bağlanarkən əmlakın qiymətinin 144.000 manat göstərilməsindən məlumatı olmamışdır. Həmçinin, Cavabdeh1 manatla kredit götürəcəyinə dair müqavilə bağlanmasına etibar etmişdir. Lakin sonradan, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə, Bankla aralarında əlavə kredit müqaviləsi bağlamaqla 127 000 ABŞ dolları kredit götürmüşdür. İndi, məhkəmədə iddia qaldırıldığı vaxt ona məlum olur ki, manatla onun da mülkiyyətində olan əmlak ipoteka olunduqdan sonra, əlavə kredit müqaviləsinə aid edilməklə, həmin əlavə kredit müqaviləsi ilə dollarla kredit götürülmüşdür. Bu isə onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə nəticələnməsinə təsir göstərir. Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli 48B8/14 saylı Əsas Kredit Müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir: Borc verən Borc alana ******* (bir milyon) AZN müddətinə, xx xxxx 2019-cu il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. 1.2. Kreditin məbləğinə hesablanmış faizlər və kredit ödənişləri, məqsədləri və digər şərtləri Tərəflərin razılığı ilə Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əsas Kredit Müqaviləsinin 8.1-ci bəndində göstərilmişdir: «Bu müqavilənin müddəaları heç bir halda «Borcverən»in «Borcaİan»a kredit vermək vədi kimi təfsir oluna bilməz.” Əsas Kredit müqaviləsi adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməmişlər, başqa sözlə, mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. Əsas Kredit müqaviləsində tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən Əsas kredit müqaviləsi tərəflər üçün məcburiyyət yaratmır. xx.xx.2014-cü il tarixli 48B8/14 saylı Əsas Kredit Müqaviləsinin 8.1-ci cümləsində qeyd edildiyi kimi, «Bu müqavilənin müddəaları heç bir halda “Borverən”in “Borcalan”a kredit vermək vədi kimi təfsir oluna bilməz.» Bu müddəanın həmin müqavilə göstərilməsi kifayət qədər deməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilənin adı Əsas kredit müqaviləsi adlansa da, həmin müqavilənin mahiyyəti niyyət razılaşmasıdır. Əsas Kredit Müqaviləsində tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqddir. İş materiallarında olan Cavabdeh1 ilə «İddiaçı KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48Bİ8/14 saylı İpoteka Müqaviləsində isə yalnız Kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməklə yuxarıda sadalanan qanunun müddəalarında tələb olunan şərtlər öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bankın Cavabdeh1 və ona qarşı ilkin iddia ərizəsində tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair tələbi təmin olunmamalı, ipoteka qoyan Cavabdeh1lə onun birgə nikah dövründə əldə ipoteka qoylmasına dair xx.xx.2014-cü il tarixli 48Bİ8/14 saylı İpoteka Müqaviləsi əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməlidir. Əks təqdirdə əhəmiyyətsiz ipoteka müqaviləsinə əsasən tutmanın əmlaka yönəldilməsi halında, onun mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmiş ola bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-82/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmiş, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə Kredit Müqaviləsinin ləğv edilməsi, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə Kredit Müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 16.741,58 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 124.295,19 ABŞ dolları (yüz iyirmi dörd min iki yüz doxsan beş ABŞ dolları, 19 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), 30 manat məbləğində dövlət rüsumunun, həmçinin bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin 380.200 (üç yüz səksən min iki yüz) manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçi- Cavabdeh1 oğluna qaytarılmasi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması, ipoteka predmetinin satıldıqdan ən geci 1 ay ərzində boşaldılması, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun Cavabdeh1 oğlundan tutularaq, Dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozularaq qanunsuz və əsassız qətnamə qəbul etdiyi arqumenti ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4636/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8107/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonradan birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 da apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Təkrar apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 vəkili Habil İsgəndərov çıxışında kredit müqaviləsinin 3 dəfə dəyişildiyini və hər dəfəsində kredit müqaviləsi üzrə hesablanmalı olan faiz dərəcəsi aşağı endirilmiş, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, bununla belə Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, teleqram kollegiyaya məhkəmə iclasından sonra təqdim edilmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddianın təmin edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissəsi üzrə yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “...işə birinci instansiya məhkəməsində baxılıb qərar qəbul edilərkən işə cavabdehlərin iştirakı olmadan baxılmış və cavabdehlərin ziyanına qətnamə qəbul edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi işə apellyasiya qaydasında baxılması üçün xx xxxxx 2019-cu il tarixə təyin etmiş, Cavabdeh1 məhkəməyə teleqramma vuraraq səhhəti ilə əlaqədar məhkəmə icrasına gələ bilmədiyini, vəsatətləri olacağını bildirib məhkəmə iclasının təxirə salınmasını, onun növbəti məhkəmə iclasında iştirakına şərait yaradılmasını məhkəmədən xahiş etmiş, lakin apellyasiya instansiyası məhkəməsi cavabdehlərin ədalətli məhkəmə araşdırılmasında iştirak etmək hüququnu pozaraq Cavabdeh1 işin təxirə alınmasına dair vəsatətini müzakirə etmədən həmin gün onun iştirakı olmadan işə baxaraq onun ziyanına qətnamə qəbul etmiş, bununla da Cavabdeh1 məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Bundan əlavə iddianı qismən təmin edən məhkəmələr bankla cavabdeh arasında bağlanmış kredit müqavilələrinin dəfələrlə dəyişdirilməsi səbəblərini aydınlaşdırmamış, cavabdehin qalıq borc və faizlərin düzgün hesablanmamasına dair dəlillərinə qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin İddianın qismən təmin edilməsinə, qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qarşılıqlı iddianın təmin edilməməsi üzrə gəldiyi nəticəni əsaslandırmamış, öz qərarında ümumiyyətlə bu məsələyə toxunmamışdır.”. Kassasiya instansiyasının mövqeyini də əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-82/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi əsas və faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. İş materiallarında olan İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 48B8/14 nömrəli əsas müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında əlavə kredit müqavilələri bağlanılmaqla Borcalana 60 ay müddətinə xx xxxx 2019-cu il tairxinədək ******* (bir milyon) manat pul verilməsini öhdəsinə götürür. İş materiallarında olan İddiaçı KB ASC ilə cavabdeh “Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 48B8/14-1 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, bank 127000 (yüz iyirmi yeddi min) ABŞ dolları məbləğində illik 20(iyirmi) faiz olmaqla 36 ay müddətində, xx xxxx 2017-ci il tarixinədək kredit verməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı KB ASC ilə cavabdeh “Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 48Bİ8/14 ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c nömrəli fərdi yaşayış evini və onun yerləşdiyi 0.045 ha torpaq sahəsini 48Bİ8/14 saylı xx xxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinin təminatı olaraq İpotekaya qoyulmuşdur. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi (bundan sonra– Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 8982 nömrəli vərəqində qeydiyyata alınmışdır. İlk apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixə Cavabdeh1 İddiaçı KB ASC-yə olan borcu 124.171,41 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən əsas kredit borcu üzrə 107.429,83 ABŞ dolları, faiz borcu üzrə 16.741,58 ABŞ dolları müəyyən edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyini nəzərə alan kollegiya təkrar apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasə təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 oğlunun xx.xx.2016-cı il tarixə banka 106 846,64 ABŞ dolları əsas və 14 880,93 ABŞ dolları faiz borcu borcu vardır. Buna görə də kollegiya cavabdehlərin borc məbləğlərinin düzgün hesablanmamsı arqumentini qismən əsaslı hesab edir ve qeyd edir ki, cavabdehdən tutulmalı olan borcun məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. Kollegiya cavabdehlərin əsassız olaraq cərimə borcunun hüablanması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclularının 106 846,64 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borclarına münasibətdə iddiaçı 234 815,87 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 200 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, o, bu arqumentlərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya, iddiaçının iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci Cavabdeh1a aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-82/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 əsas borc üzrə 107.353,61 ABŞ dolları və faiz borcu üzrə 16.741,58 ABŞ dolları məbləğində pulun İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi hissəsində, həmçinin cəmi borcun məbləğinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 İddiaçı KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas borc 106 846,64 (yüz altı min səkkiz yüz qırx altı dollar 64 sent) ABŞ dolları və faiz borcu 14 880,93 ABŞ dolları (on dörd min səkkiz yüz səksən dollar 93 sent) ABŞ dolları, cəmi borc 121.927,57 (yüz iyirmi bir min doqquz iyirmi yeddi dollar 57 sent) məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizalarının xərci qismində 145 (yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar