Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4370/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər: pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 98 nömrəli kooperativ binada mənzil tikintisi barədə müqaviləyə əsasən cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində 98 saylı, ümumi sahəsi 108 kvm olan mənzil iddiaçıya 1 kvm -i 800 manat hesablanmaqla 86.400 manata satılmış, iddiaçı mənzilin dəyərini tam ödəmişdir.
2. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 98 nömrəli müqaviləyə dəyişiklik olaraq bağlanmış xx.xx.2016-cı il tarixli, (166) 98 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının ümumi sahəsi 105,32 kvm olan 98 saylı mənzili İddiaçı 1 kvm-i 800 manat hesablanmaqla 83.700 manata satılmışdır. İddiaçı həmin məbləği tam ödəmişdir.
3. Sözügedən mənzil üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 89,30 kv.m göstərilmişdir.
4. xx.xx.2022-ci il tarixli 10/6083 saylı ekspert rəyindən görünür ki, tədqiqat nəticəsində mənzilin ümumi sahəsinin (daxili parametrləri (içdən-içə)) 95,0 kvm, eyni zamanda mənzilin faktiki sahəsinin içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları da daxil olmaqla 99,3 kvm təşkil etməsi müəyyən edilmişdir. Bundan başqa sözügedən mənzilin faktiki sahəsi (99,3 kvm) ilə həmin mənzilə dair bağlanmış 03 fevral 2014-cü il tarixli (18 iyun 2016-cı il tarixli dəyişikliklə) müqavilədə göstərilmiş (105,32 kvm) sahə arasında 6,02 kvm fərq olduğu müəyyən edilmişdir
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin satışı zamanı sahəni artıq göstərməklə iddiaçıdan artıq alınmış 15.860 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 138 manat, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat və hüquqi yardım üçün ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasındakı müqavilə 03 fevral 2014-cü il tarixdə bağlanmış, müqavilə bağlanarkən o, ümumi sahəsi 108,00 kv.m. olan mənzil üçün cəmi 86400 manat pul ödəmişdir. Sonradan cavabdeh iddiaçıya eyni ölçüdə bir mərtəbə aşağıda yerləşən mənzili təklif etmişdir. Bu təklifi onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçıya satılmış mənzilin yerləşən mərtəbədə digər mənzil sahibi öz oğlu üçün də eyni mərtəbədən mənzil almaq niyyətindədir. İddiaçı buna öz razılığını vermiş və tərəflər arasında mövcud olan müqaviləyə dəyişiklik edilmişdir. Yeni müqavilənin 2.2.1-ci bəndinə əsasən 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105.32 kvm olan 3 otaqlı, 98 saylı mənzilin dəyəri sahəsinin hər kvadrat metri üçün 800 manat olmaqla, cəmi 83700 manat müəyyən edilmişdir. Lakin, müqavilədən də göründüyü kimi, cavabdeh müqaviləyə dəyişiklik edərkən mənzilin ölçüsünü tərəflər arasında razılaşdırılmış 109.32 kvm -dən 4 kvm az qeyd etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıdan 4 kvm üçün əlavə 3600 manat məbləğində ödəniş almış və iddiaçıya əlavə 4 kvm ərazini də təhvil vermişdir. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa edilmiş 6 saylı çoxmərtəbəli kooperativ yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 109.32 kvm olan 98 saylı 3 otaqlı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və iddiaçının cavabdehə heç bir borcu yoxdur. Ümumilikdə, qeyd olunan müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə 87.300 manat məbləğində ödəniş edilmişdir. Mənzilə dair ona çıxarış verilərkən isə məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 89,30 kvm təşkil edir. Göründüyü kimi, mənzilin faktiki sahəsi alğı-satqı müqaviləsində nəzərdə tutulmuş sahədən azdır, yəni cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə ilə nəzərdə tutulan mənzili tam sahəsi ilə, yəni 109.32 kvm-dən ibarət olan iddiaçıya təhvil verməmişdir. Mənzilin 1 kvm sahəsinin qiyməti 800 manat olduğu nəzərə alınaraq iddiaçı tərəfindən artıq ödənilmiş məbləğ 15.860 manat təşkil edir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Əkbərli) 2(004)-103/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən artıq ödənilmiş 5360 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pulun ½ hissəsi olan 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 73,6 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 105,32 kvm əvəzinə 99,3 kvm olan, yəni müqavilədə nəzərdə tutulandan 6,02 kvm az sahəsi olan mənzili təhvil vermişdir. Tərəflərin razılaşmasına əsasən mənzilin hər kvadrat metri 800 manat qiymətləndirilmişdir. İddiaçı isə cavabdehə müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı 87.300 (səksən yeddi min üç yüz) manat ödəniş etmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliyinin icrası ilə bağlı 5360 (87300- (99,3x800+2500)) manat artıq ödənilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 385.1, 404, 425, 442, 443, 578.1, 646, 752, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - əlavə xərclərə görə ödənilən 2500 manat hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş mənzilin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil qəbzlərində ödənişin təyinatı konkret olaraq göstərilmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsində iş araşdırılarkən 5 hazırlıq iclasının heç birində Müqavilənin 2.2.2-ci bəndində qeyd olunan sayğaclara görə ödəniş məsələsi araşdırılmamış, ancaq yekun baxış iclasında həmin ödənişlərin ayrıca həyata keçirilib-keçirilmədiyi məhkəmə tərəfindən araşdırılmışdır. Sayğaclara görə ayrıca qəbzlərin olması məhkəmənin nəzərinə çatdırılmışdır. Həmin qəbzlərin iddia tələbi ilə əlaqəsi olmadığı üçün, məhkəməyə təqdim etmək zərurəti də yaranmamışdır. Bu səbəbdən də həmin kassa mədaxil qəbzlərini apellyasiya şikayətinə əlavə edərək göndərmək məcburiyyətindədir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
14. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır;
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
21. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
22. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
25. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
26. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə qətnamə iş üzrə iddiaçı tərəfindən qismən - əlavə xərclərə görə ödənilən 2500 manat hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixli müqavilələr əsasında yaranmışdır.
31. xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının ümumi sahəsi 105,32 kvm olan 98 saylı mənzili payçı İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 89,30 kv.m göstərilmişdir.
32. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.
33. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.
34. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
36. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
37. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.
38. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.
39. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi müəyyən edilmişdir ki, sözügedən mənzilin içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları da daxil olmaqla ümumi sahəsi 99,3 kvm təşkil edir.
40. Göründüyü kimi məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 105,32 kvm əvəzinə 99,3 kvm olan, yəni müqavilədə nəzərdə tutulandan 6,02 kvm az sahəsi olan mənzili təhvil vermişdir.
41. Tərəflər arasında bağlanmış hər iki müqavilənin 2.2.2-ci bəndinə əsasən müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini öz hesabına ödəməyi, yəni mənzilin təmirinə başlayanda kooperativə 2.500 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkilinin verdiyi izahatdan və işin faktiki hallarından müəyyən edilir ki, mənzilə kommunal xidmətlərə görə sayğaclar quraşdırılmışdır. Lakin iddiaçı həmin məbləği hansı tarixdə və hansı qaydada cavabdehə ayrıca ödəməsi barədə məhkəməyə sübut təqdim etməmiş, apellyasiya şikayətinə də əlavə etməmişdir. Bu halda məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə müqavilə üzrə öhdəliyinin icrası ilə bağlı, yəni həm mənzilin ümumi sahəsinə görə dəyəri, həm də müqavilənin 2.2.2-ci bəndində qeyd olunmuş öhdəliyinin icrası ilə bağlı cavabdehə 87.300 manat ödəniş etmişdir.
42. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının tələbi artıq sahəyə görə alınmış məbləğin qaytarılması barədədir. 2500 manat isə mənzilin sahəsinə görə deyil, başqa məqsədlə ödənilmişdir.
43. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.