Məhkəmə qərarları › İş №2(103)-4373/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4373/2023

22.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4373/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(006)-1388/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 26 sentyabr 2022-ci il tarixli K-1296 saylı əmrinə əsasən İddiaçı Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini vəzifəsinə təyin edilmişdir.

2. Bakı şəhəri 235 nömrəli tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən Cavabdeh2 tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli, 35 saylı təqdimatdan görünür ki, 28 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində direktorun xidməti iş otağında X16 üzrə Direktor müavini İddiaçı ilə X17 direktor müavini X3 arasında baş vermiş insidentlə bağlı hadisənin nəzarətə götürülməsi və hər iki müavin haqqında məktəbin normal iş fəaliyyətinə təsir edəcək münasibət sərgilədiklərinə görə barələrində tədbir görülməsi xahiş olunmuşdur.

3. Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 15 noyabr 2022-ci il tarixli 81 nömrəli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 05 noyabr 2022-ci il tarixli təqdimatının təmin edilməsi və əmək fəaliyyətlərində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir.

4. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 17 noyabr 2022-ci il tarixli, K-1596 saylı əmrinə əsasən Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 noyabr 2022-ci il tarixdən ləğv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin 17 noyabr 2022-ci il tarixli, K-1596 saylı əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbə 04 avqust 2003-ci ildə 66 nömrəli əmrlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamışdır. Daha sonra 26 sentyabr 2022-ci il tarixdə təlim- X17 direktor müavini vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyətini həyata keçirən dövr ərzində barəsində hər hansı tənbeh növü tətbiq edilməmiş, işində daima diqqətli və səriştəli olmuş, lakin buna baxmayaraq əsassız olaraq 17 noyabr 2022-ci il tarixində Əmək müqaviləsinin ləğv edilmə əsasları kimi Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə istinad olunmuşdur. Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrdə pedaqoji şuranın iclas protokolu əsas kimi qeyd edilməmiş, xx.xx.2022-ci il tarixdə cavabdeh və Bakı şəhər, Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin direktoruna onun barəsində keçirilmiş pedoqoji şuranın iclas protokolu və iclasın stenoqramasına dair sənədləri barədə göndərdiyi sorğusuna cavab verilməmişdir. Əmr qanunsuz və əsassız olduğundan hesab edir ki, həmin əmr ləğv edilməli və işə bərpa olunmalıdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(006)- 1388/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbində qeyd etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi hallar üzrə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Təlim- X17 direktor müavini olmuş iddiaçı Bakı şəhəri 235 nömrəli tam orta məktəbdə işlədiyi dövrdə məktəbdə qeyri-sağlam mühit formalaşmış, psixoloji mühit gərginləşmiş və qeyd olunan hallar da tədris mühitinin zəifləməsinə səbəb olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən göstərilən halların təkzib edilməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, o cümlədən iddiaçı barəsində qəbul edilmiş əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Bununla da iddiaçı göstərilən hərəkətləri nəticəsində məktəbdə işin və əmək intizamının normal ahəngini pozmuşdur ki, bu hal da cavabdehə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etməsi üçün əsas verir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məktəbə təyin olunduğu vaxtdan əvvəldən mövcud olmuş, bəzilərinin korrupsiya işində adları hallanan qruplaşma üzvləri İddiaçı qarşı qaryaxma kompaniyasına başlamışlar. Həmin qruplaşma direktor əvəzi Cavabdeh2la birgə onu işdən uzaqlaşdırmaq məqsədilə hərəkətə keçmişlər. Direktor əvəzi Cavabdeh2 İddiaçı özünə alternativ görmüş, onun direktor ola biləcəyindən ehtiyatlanmış, təşkilatçı Humay Paşayeva isə İddiaçı ilə 2013-cü ildən İddiaçı həmin məktəbdən uzaqlaşdırlmasına nail olub onun yerinə gələn şəxs olmuş, odur ki, İddiaçı bu dəfə ondan yüksək vəzifəyə gəlməsini həzm edə bilməmişdir. Ona görə də İddiaçı 26 sentyabr 2022-ci il tarixdən 235 nömrəli orta məktəbə gəldikdən 8-9 iş günü ərzində 13 oktyabr 2022-ci il tarixdə şagirdlərin və müəllimlərin davimiyyəti ilə bağlı Pedeqoji Şuranın iclasını çağırmışlar, lakin, Şuranın gündəliyində olan məsələni deyil, qəflətən İddiaçı işdən azad edilməsi ilə bağlı məsələni müzakirəyə çıxarmışlar. Müəllimlər İddiaçı işdən azad edilməsinə razı olmamışlar, bu zaman qruplaşma üzvləri səs - küy yaratmış, səsvermə baş tutmamış, qərar qəbul edilməmişdir. Buna baxmayaraq Cavabdeh2 və onun qruplaşması Şuranın iclasında gəlməklə bağlı toplanmış imzaları guya İddiaçı işdən azad edilməsi ilə bağlı Şuranın təqdimatı kimi Bakı şəhər Təhsil İdarəsinə təqdim edərək saxtakarlıq etmişlər. Həmçinin, təqdimtda guya Pirallahı rayon İcra Hakimiyyətinin də İddiaçı işdən azad edilməsiilə bağlı təqdimatı olub. Lakin, bu hallar öz təsdiqini tapmamışdır. İş üzrə izahatları alınmış şahidlər X8, X4, X5 izahatlarında İddiaçı müəllimlərdən pul tələb etməsi, müəlimlərlə və rəhbərliklə kobud davranması, intriqalar yaratması, şagirdlərin keyfiyyətli tədris almalarına maneələrin olması kimi hərəkətlərə yol verilmədiyini, belə halların olmadığını, İddiaçı hərkətləri ilə müəssisənin normal iş rejiminin, tədris prosesinin pozulması hallarının olmamasını bildirmişlər. Onlar bildirmişlər ki,əksinə İddiaçı hər kəslə çox mehriban davranmış, heç kəsə qarşı kobud olmamışdır, ümumiyytlər Elza Cəfərfova kobud insan deyildir. İş üzrə izahat vermiş X3 da İddiaçı pul yığması, ona və rəhbərliyə qarşı kobud davranması hallarını təsdiq etməmiş, hər hnası bir sinifdə tədris prosesinin pozulması halını göstərə bilməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı İddiaçı əmrin əsasına yazılmış hərəkətlərə - pul tələb etməsi, kobud davranması, tədris prosesini pozması, şagirdlərin keyfiyyətli tədris almalarına mane olması, müəssisənin iş rejimini pozması, müəssisənin normal iş rejimini və “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozulması, təyin olunduğu vaxtdan məktəbdə qeyri-sağlam mühit formalaşdırması, psixoloji mühiti gərginləşdirməsi, tədris mühitini zəiflətməsi öz təsdiqini tapmamışdır. Əksinə, məktəb rəhbərliyi tərəfindən sənədlərin təhrif edilməsi halları öz təsdiqini tapmışdır. İddiaçı məktəbə 26 sentyabr 2022-ci il tarixdə təyin olunub, 9 iş günündən sonra 13 oktyabr 2022-ci il tarixdə Pedoqoji Şuranın iclası çağrılıb, həmin iclasda heç bir qərar qəbul olunmamasına baxmayaraq müəllimlərin iclasda iştirakı ilə bağlı imzalarını saxtalaşdırılaraq Şuranın İddiaçı işdən azad edilməsi haqqında təqdimata razılıq vermələri kimi Bakı şəhəri üzrə Təhsilİ İdarəsinə təqdim etmişlər. Cavabdeh heç bir obyektiv araşdırma aparmadan, əmrin əsasında dayanan halları təsdiq edən mötəbər sənədlər əldə etmədən iddiaçını işdən azad etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasının, əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı və 72-ci maddədə sadalanan hallarla bağlı əmək müqaviləsinin ləğvini müəyyən edir. Hazırki işdə əmr əmək funksiyasının, əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əsaslandırılmamışdır. Qeyd olunan hüquqi əsaslar məhkəmə baxışı zamanı İddiaçı hərəkətlərində öz əksini tapmamış, yəni, onun hər hansı bir şəxsdən pul tələb etməsi, kobud davranması, bunun nəticəsində hər hansı bir şəxsin xəsarət alması, inzibati və yaxud digər məsuliyyətə cəlb edilməsi, məktəbin mənafeynə ciddi xələl gəlməsi, məktəbdə konkret olaraq hansısa sinifdə tədirsin pozulması kimi hallar təsdiqini tapmamışdır. Bu da məhkəmənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini və onunla bağlı 72-ci maddənin tələblərini pzoduğunu, düzgün tətəbiq etmədiyini göstərir. Şahidlər bildirmişdir ki, İddiaçı pul tələb etməyib, kobud davranmayıb, tədris prosesini pozmayıb. Bu halların mövcudluğunu isə cavabdeh sübut edə bilməmişdir, cavabdeh əmrin əsaslarını təsdiq edə biləcək mötəbər sənəd və sübutlar təqdim edə bilməmişdir, hətta cavabdehin şahidi Humay Paşayeva da İddiaçıın ondan pul tələb etməsini və ona və rəhbərliyə qarşı kobud davranmasını təsdiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnaməsinin tam ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının hərəkətlərində Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmasa da, 70-ci maddəsinin “ç” bəndində qeyd olunan “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” halı mövcuddur. İddiaçı direktor tərəfindən ona verilən tapşırığı yerinə yetirməmişdir. Belə ki, direktor ona dərs saatlarının bölüşdürülməsini tapşırsa da, bu tapşırığı icra etməmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qeyrimötəbər sübutlarla təsdiq edilmişdir.

19. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin 2 şərti nəzərdə tutulmuşdur: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, - Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

20. Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş sadalanan halların (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) mövcud olmaması işin mübahisəsiz halıdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən də bu halların olmaması onun izahatında qeyd olunmuş, həmçinin nə əmrdə, nə də əmrin verilməsi üçün əsas olmuş rəsmi sənədlərdə bu halların mövcudluğu qeyd olunmamışdır.

21. Belə olduğu təqdirdə 1-ci hal, yəni, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halı mövcud olmalıdır və Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

22. Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti olan əmri aşağıdakı qaydada əsaslandırmışdır: “Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini İddiaçı məktəbə təyin olunduğu vaxtdan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllimlərdən aldığı əməkhaqlarının hər ay 1%-ni ona vermələrini tələb etmişdir. İddiaçı təyin olunduğu az bir müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllimlərlə kobud davranmış, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesinin pozulmasına və şagirdlərin keyfiyyətli tədris almalarına mane olmuşdur. Bununla da müəssisənin normal iş rejimi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən «Müəllimlərin etik davranış Qaydaları»nın tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən, təlim-X17 direktor müavini İddiaçı Bakı şəhəri 235 nömrəli tam orta məktəbə təyin olunduğu vaxtdan məktəbdə qeyri-sağlam mühit formalaşmış, psixoloji mühit gərginləşmiş və bu da öz növbəsində tədris mühitinin zəifləməsinə səbəb olmuşdur.

23. Göründüyü kimi əmr iddiaçının hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsi baxımından əsaslandırılmamış, hüquqi əsas olaraq yalnız “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərinin pozulmasına istinad olunmuşdur.

24. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının əmək funksiyasını yerinə yetirməməsini direktor tərəfindən verilmiş müəllimlərin dərs saatlarının bölgüsünün həyata keçirilməsi ilə bağlı tapşırığın yerinə yetirilməməsi ilə əsaslandırsa da, məhkəməyə həmin tapşırığın yerinə yetirilməsinin iddiaçının əmək funksiyasına daxil olması və tapşırığın icra olunmaması barədə heç bir mötəbər sübut təqdim edilməmişdir.

26. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Nəzarət sektorunun aparıcı məsləhətçisi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanlanmış məktubdan görünür ki, 13 oktyabr 2022-ci il tarixdə 49 nəfər pedaqoji kollektiv üzvünün iştirakı ilə Pedaqoji Şuranın iclası keçirilmişdir.

27. İş materiallarının 120-125-ci səhifələrində olan 28 aprel 2023-cü il tarixli məhkəmə iclasının protlokolundan görünür ki, iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində iddiaçının kollektiv ilə heç bir mübahisəsinin olmadığını, onu çox fəal və nizam intizam qaydalarına riayət edən müəllim kimi tanıdığını, pedoqoji şura keçirilən zaman onların iştirakı ilə bağlı sənədə qol çəkdirildiyini, sonradan isə onların məlumatı olmadan sənədin arxa hissəsində iddiaçının işdən çıxarılması barədə protokol tərtib olunduğunu, iddiaçının müəllimlərdən 1% məbləğində pul tələb etmədiyini, belə bir hadiəsini baş vermədiyini bildirmişdir. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X4 da şahid M.İ.Paşayevanın ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər.

28. Həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçının tərtib etdiyi cədvələ görə iş qrafikləri bərbad vəziyyətdədir və buna görə də əziyyət çəkirlər. O, 1% pulun yığılması ilə bağlı iclasda iştirak etməmişdir. İddiaçı məktəbdə mübahisələr yaratmışdır.

29. Mübahisə predmeti olan əmrin əsaslarından birini İddiaçı məktəbə təyin olunduğu vaxtdan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllimlərdən aldığı əməkhaqlarının hər ay 1%-ni ona vermələrini tələb etməsi təşkil etsə də, bu fakt məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə bu xüsusatla bağlı hər hansı bir sübut, yəni bu barədə hər hansı bir müəllimin müraciəti təqdim olunmamış və ya bu faktı təsdiq edə bilən hər hansı şahidin dindirilməsi ilə bağlı vəsatət verilməmişdir. Əksinə, pedoqoji şuranın iclasında iştirak edən müəllimlərdən 3 nəfəri məhkəmə iclasında şahid qismində dindirilərkən bu halı təkzib etmiş, hətta cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 da ifadəsində bu faktı bildirməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi iddiaçının əmək funksiyalarını yerinə yetirməməsinin əsası kimi direktorun ona dərs saatlarının bölüşdürülməsini tapşırsa da, bu tapşırığı icra etməməsinə istinad etsə də, H.C.Paşayevanın ifadəsi ilə bu hal da təkzib olunur. Belə ki, H.C.Paşayeva ifadəsində iddiaçının tərtib etdiyi cədvələ görə iş qrafiklərinin bərbad vəziyyətdə olduğunu, buna görə əziyyət çəkdiklərini bildirmişdir.

30. Bundan başqa Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbinə görə Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

31. Yuxarıda qeyd olunduğu kimi əmək funksiyasını icra etməmə faktı təsdiqini tapmasa da, əmrdə bu normanın tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı təyin olunduğu az bir müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllimlərlə kobud davranmış, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesinin pozulmasına və şagirdlərin keyfiyyətli tədris almalarına mane olmuş, bununla da müəssisənin normal iş rejimi pozulmuş, məktəbdə qeyri-sağlam mühit formalaşmış, psixoloji mühit gərginləşmiş və bu da öz növbəsində tədris mühitinin zəifləməsinə səbəb olmuşdur.

32. Bu xüsusat araşdırılarkən bir nüansa diqqət yetirmək lazımdır ki, İddiaçı direktor müavini kimi 22 sentyabr 2022-ci il tarixdə fəaliyyətə başlamış, 6 gün sonra - 28 sentyabr 2022-ci il tarixdə məktəbin direktoru Cavabdeh2 tərəfindən Bakı şəhəri üzrə Təhsil idarəsinə təqdimat verilərək onun barəsində tədbir görülməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, 6 günlük fəaliyət ərzində iddiaçının məktəbdə normal tədris prosesini pozması, şagirdlərin keyfiyyətli tədris almalarına mane olması, müəssisənin normal iş rejimini pozması, məktəbdə qeyri-sağlam mühit formalaşması, psixoloji mühiti gərginləşdirməsi və tədris mühitinin zəifləməsinə səbəb olması inandırıcı və məntiqə uyğun deyildir. Etik davranış qaydalarının pozulduğu təqdirdə belə iddiaçı barəsində 6 günlük iş fəaliyyəti dövründə ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamış və məhkəmə araşıdrması zamanı bu xüsusatla bağlı cavabdeh tərəfindən hər hansı bir mövqe irəli sürülməmiş, sübut təqdim olunmamışdır.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv, iddiaçı məktəb direktoru vəzifəsinə işə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir.

34. İddia ərizəsində tələblə yanaşı medasiya üçün ödənilən 50 manat pul vəsaitinin tutulması da xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ilkin medasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(006)-1388/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(006)-1388/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası təmin edilsin. Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-1596 nömrəli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini vəzifəsinə işə bərpa edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İlkin medasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar