Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4374/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(007)-3916/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın əvəzi olaraq 100200 manat məbləğində pul vəsaitinin, 500 manat ekspertiza xərcinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 16 dekabr 2005-ci il tarixli, JN-16086H KOD 00900003 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında, Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 11 sentyabr 2003-cü il tarixli, 4 “ə” 4-661 saylı müqaviləsi ilə satılmış 0,02 hektar fərdi yaşayış evi tikilməsi üçün ünvan 2də yerləşən torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Qeyd olunan ev yaşayış üçün hazır vəziyyətdə olduqdan sonra maddi vəziyyəti ilə əlaqədar olaraq satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin torpaq sahəsini almaq istəyən cavabdehlər - Cavabdeh və onun qardaşı Nümayəndə ilə alqı-satqıya dair razılıq əldə etmişlər. 28 iyul 2008-ci il tarixdə, Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontorunda onunla Cavabdeh arasında ilkin müqavilə bağlanmışdır. İlkin müqavilənin şərtlərinə əsasən, satıcı öhdəsinə götürür ki, Azərbaycan Respublikası DT və XK tərəfindən verilmiş JN-16086, KOD-00900003 olan “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, ünvan 2 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 ha torpaq sahəsini bu günə razılaşdığımız qiymətə, yəni, 60247,5 manata alıcıya satmışdır. Qeyd elmək lazımdır ki, ilkin müqavilə bağlandıqdan sonra ev cavabdehlərə təhvil verilmişdir. Həmin ilkin Müqavilənin 4-cü maddəsinə əsasən, Alıcı daşınmaz əmlakın razılaşdırılmış satış qiymətinin 28115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq Satıcıya ödəmişdir. Qalan 32132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür. Əsas müqavilənin bağlanılması üçün tərəfindən cavabdehlərə bir neçə dəfə şifahi və yazılı şəkildə 36 saylı Dövlət notariat kontoruna müraciət edilməsi təklif olunsa da, müraciətləri cavabsız qalmış, alqı-satqının yekunlaşması və əsas müqavilənin imzalanması üçün heç bir addım atılmamışdır. Cavabdehlər bu günə kimi nə müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, nə də evi boşaldaraq ona təhvil vermişdir. 2011-ci ildə müqavilə üzrə pulun ödənilməmiş hissəsinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(005)- 2799/2011 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(103)- 1527/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə görə, əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət bitənə qədər bağlanmazsa və ya tərəflərdən biri digərinə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə ilkin müqavilə üzrə öhdəliklərə xitam verilir. Yeni iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək, AR DT və XK tərəfindən verilmiş JN-16086, KOD- 00900003 olan “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, ünvan 2 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0, 015 ha torpaq sahəsinin Cavabdeh satılmasına dair alqı-satqı müqaviəsinin bağlanmış hesab edilməsi və qalıq borcun ödənilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən və cavabdehin davranışından da göründüyü kimi, 10 ildən artıq müddətdir ki, mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdehlər nə müqavilə üzrə qalıq borcu ödəmiş, nə də ona məxsus olan yaşayış evini tərk etmişdir. Məhkəməyə təqdim edilən sübutlardan (torpağın texniki pasportu və JN-16086, KOD-00900003 şəhadətnaməsi, fərdi yaşayış evinin ƏMDK yanında DƏDRX-dən çıxarışı) da göründüyü kimi qeyd olunan torpaq sahəsi və tikilmiş fərdi yaşayış evi onun mülkiyyətindədir. Bununla yanaşı 05 oktyabr 2019-cu il tarixdə 0,02 hektar torpaq sahəsi üzərində yerləşən 269,1 kv.m yaşayış sahəsi ilə bağlı ƏMDK yanında DƏDRX-dən tam xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Göründüyü kimi Cavabdeh qeyd olunan yaşayış evi üzərində hər hansı bir mülkiyyət, yaşamaq yaxud istifadə hüququ yoxdur. Tərəflər arasında qeyd olunan əmlakın alqı-satqısına dair razılaşma olsa da, müqavilə bağlanmamışdır. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 dekabr 2013-cü il tarixi qətnaməsi ilə alqı-satqı müqaviləsi bağlanmamış hesab edilmişdir. Bununla yanaşı, hazırki dövrədək Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi hər iki məhkəmə qətnaməsinin əsaslandıncı hissəsindən görünür ki, məhkəmələr ilkin müqaviləni müddəti keçməsi səbəbindən etibarsız hesab etmişlər. Lakin göstərilən xüsusatlara rəğmən cavabdehlər, 10 ildən artıqdır ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, yaşayış evini tərk etməmişlər. Bununla da ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, özünə məxsus olan evi kirayəyə verərək gəlir əldə elmək məqsədində olsa da, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. Mülki qanunvericiliyə əsasən, dəymiş ziyan cavabdehlərdən tutularaq ona ödənilməlidir. Bildirir ki, qeyd olunan evin real əmlak bazarında hazırki aylıq kirayə məbləği 1000 manat təşkil edir. Əvvəlki illərin kirayə qiymətlərini və dəymiş ziyanın real məbləğini nəzərə alaraq, hesab edir ki, cavabdehdən ona məxsus əmlakdan qanunsuz olaraq istifadə etdiyi və qaytarmaqdan boyun qaçırdığı üçün 2008-ci ilin avqust ayından etibarən hər aya görə ortalama 800 manat dəyərində kirayə ödənişi tutularaq iddiaçıya ödənilməkdir. Əmlakın artıq 10 il 7 aydır (ilkin müqaviləyə əsasən müqavilə 28 iyul 2010-cu ilədək bağlanmalıydı) ki, cavabdehin qanunsuz istifadəsində olmasını və ortalama kirayə pulunun 800 manat təşkil etdiyini bilərək dəymiş ziyanın ümumi məbləği 101600 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(007)- 3916/2021 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin olunaraq, Cavabdeh istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması, İddiaçı təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində (ziyanın tutulması) əsassız olması, iddianın tam təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ilkin alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair iddiaçının adına mülkiyyət hüququ üzrə çıxarışın 05 oktyabr 2019-cu il tarixdə verilməsi, halbuki aralarında bağlanmış ilkin alqısatqı müqaviləsindən sonra iddiaçının həmin evə dair çıxırışı bir il müddətində əldə etməsinə vəd verməsi, lakin çıxarışın 11 il sonra əldə olunması, bu səbəbdən də əsas müqavilənin bağlanmamasında onun təqsirinin olmaması, öhdəliyin iddiaçının özü tərəfindən pozulması, buna görə də qalan pulu iddiaçıya ödəməməsi, iddiaçıya hazıradək 100000 ABŞ dolları pul ödəməsi, həmin pulun həm torpaq sahəsinə, həm də onun üzərində yerləşən fərdi yaşayış evinə aid olması, hazırda 18850 ABŞ dolları borcunun qalması, birinci instansiya məhkəməsi tərəfindən onun evdən çıxarılması barədə qətnamə qəbul olunsa da, evin dəyərinin iddiaçı tərəfindən ona ödənilməsinə münasibət bildirilməməsi, evin hazırki bazar dəyərinin 350000 ABŞ dolları həddində olması, həmçinin evi alan zamanı yararlı vəziyyətdə olmadığından ora 50000 ABŞ dolları pul vəsaiti xərcləməsi, işin tam və hərtərəfli araşdırılmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apelyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apelyasiya şikayətinə etiraz edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 16 dekabr 2005-ci il tarixdə verilmiş JN-16086H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və ona əlavə edilmiş torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün surətlərindən görünür ki, həmin şəhadətnamə Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 11 sentyabr 2003-cü il tarixli 4 “Ə”-4-661 saylı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış ünvan 2 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsi ilə bağlı verilmişdir, qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi qrafasında “İddiaçı” qeyd edilmişdir. İşdə olan “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış 28 iyul 2009-cu il tarixli ilkin müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 16 dekabr 2005-ci il tarixdə verilmiş JN-16086H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar torpaq sahəsini 60247,5 manata “Alıcı”ya satmışdır, əsas müqavilənin bağlanması bir il müddətinə başa çatdırılmalıdır, “Alıcı” daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq “Satıcı”ya ödəmişdir, qalan 32132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür, müqavilə şərtlərinin yerinə yetirilməməsinin Mülki Məcəllənin 491-492-ci maddələri ilə tənzimlənməsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evi üçün verilmiş 04 oktyabr 2019-cu il tarixli, **********84-10301 reyestr nömrəli texniki pasportun və ona əlavə edilmiş torpaq sahəsinin planının surətlərindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,01412 hektar hissəsi tikinti altı sahə və 0,00588 hektar hissəsi digər sahələr üçün nəzərdə tutulmaqla, ümumilikdə 0,02 hektar torpaq sahəsi üzrə hüquq subyekti İddiaçıdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 05 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır, torpaq sahəsinin ölçüsü 0,02 hektar, daşınmaz əmlakın reyestr nömrəsi **********84-10301 kimi qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli, 2(005)-2799/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə ünvan 2də yerləşən üzərində 10 otaqdan ibarət 3 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi 0,015 hektar torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən yaranmış 40000 (qırx min) ABŞ dolları məbləğində borc pulun, vurulmuş maddi zərərə görə 5000 (beş min) manatın və mənəvi zərərə görə 10000 (on min) manatın tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli, 2(005)-3668/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh, Nümayəndə və maraqlı şəxs 36 saylı Dövlət Notariat Kontoruna qarşı “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun cavabdehlərdən tutulması” tələbi barədə iddia tələbi təmin olunmamışdır; İşdə olan "xxxx" Qiymətləndirmə Şirkətinin 21 aprel 2021-ci il tarixli, BF-3471 ER saylı mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş cədvəldən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 28 iyul 2009-cu il tarixdən 01 aprel 2021-ci il tarixinədək hər ay və hər il üçün ümumi kirayə haqqının məbləği 100200 manat təşkil etmişdir. İddiaçı hazırki tələbində - cavabdehlə aralarında 28 iyul 2009-cu il tarixli ilkin alqısatqı müqavilələrinin bağlanmasını, həmin müqaviləyə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar hissəsini 60247,5 manata cavabdehə satmağı razılaşdırmalarını, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılmalı olmasını, lakin bu müddət ərzində əsas müqavilənin bağlanmamasını, öhdəliklərin cavabdeh tərəfindən pozulmasını, bu məqsədlə əvvəllər iki dəfə müxtəlif iddia tələbləri ilə (əvvəlcə “ilkin alqı-satqı müqaviləsindən yaranmış borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi”, sonra isə “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq pulun cavabdehlərdən tutulması”) məhkəməyə müraciət etməsini, lakin hər dəfə iddiasının təmin olunmamasını, məhkəmələrin mövqeyinin ilkin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş 1 il müddət ərzində əsas müqavilənin bağlanmaması, əsas müqavilənin bağlanmaması halında isə ilkin müqavilədə nəzərdə tutulmuş pulun tələb olunmasının əsaslı olmaması, əsas alqı-satqı müqaviləsinin məhkəmə qaydasında bağlanmış sayılması barədə tələbin də əsaslı olmaması, bu səbəbdən də hazırki iddianı qaldırmaq məcburiyyətində olması, cavabdehin yaşadığı fərdi yaşayış evinin və müvafiq torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması, cavabdehin hazırda onun mülkiyyətində istifadə etməsinin qanuni əsaslanının olmamasını, mülkiyyətçi kimi hüquqlarının pozulmasını, ona zərər dəyməsini və s. göstərmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, əsas müqavilənin bağlanmamasının təqsirinin onda deyil, məhz iddiaçıda olmasını, ilkin müqavilənin torpaq sahəsinə bağlanmasına baxmayaraq şifahi razılıqlarına əsasən həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin də satılmasının nəzərdə tutulmasını, lakin həmin vaxtı evə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasını, bu səbəbdən də əsas alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmamasını, iddiaçının evə dair mülkiyyət hüquqlarının 2019-cu ildə dövlət qeydiyyatına alınmasını, daşınmaz əmlaka dair iddiaçıya 100000 ABŞ dolları pul ödəməsini, eyni zamanda evin təmirinə də 50000 ABŞ dolları pul xərcləməsini, evdən çıxarıldığı təqdirdə iddiaçı tərəfindən ona evin real bazar dəyərinin ödənilməli olmasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən əsaslı olması nəticəsinə gələrkən – ilkin müqavilədən sonra, müqavilədə nəzərdə tutulmuş 1 il müddət ərzində əsas müqavilənin bağlanmamasını, bu səbəbdən də ilkin müqaviləyə qanunla xitam verilməsini, həmin vaxtdan sonra mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının da dövlət qeydiyyatına alınmasını, həmin qeydiyyatın qüvvədə olmaqla, mübahisələndirilməməsini, cavabdehin iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan istifadəsinin qanunsuz olmasını və s. göstərmişdir. Məhkəmə kollegiyasının ilkin olaraq iddianın təmin olunan hissəsində qətnamənin qanuniliyinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də ilkin müqavilədir. Belə ki, MM-nin 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İşin faktiki hallarından və qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuş hallardan aydın olur ki, tərəflər aralarında 28 iyul 2009-cu il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar hissəsinin 60247,5 manata cavabdehə satılması, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılmalı olması barədə razılığı gəlmişlər, lakin müəyyən olunmuş müddət ərzində əsas müqavilə bağlanmamış, bu səbəbdən də ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə qanunvericiliyin qeyd edilən tələblərinə əsasən xitam verilmişdir. İddiaçı əvvəllər cavabdehə qarşı iki dəfə müxtəlif iddia tələbləri ilə (əvvəlcə “ilkin alqısatqı müqaviləsindən yaranmış borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi”, sonra isə “torpağın alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq pulun cavabdehlərdən tutulması”) məhkəməyə müraciət etsə də, iddia tələbləri təmin olunmamışdır. Yəni, məhkəmələrin hüquqi mövqeyinə görə ilkin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş 1 il müddət ərzində əsas müqavilə bağlanmamış, öhdəliklərə xitam verilmişdir. Bu səbəbdən də iddiaçının ilkin müqaviləyə istinad edərək razılaşdırılmış pulu tələb etməsi və ya əsas müqavilənin bağlanmış sayılması və s. tələbləri əsaslı hesab oluna bilməz. Göründüyü kimi, iddiaçı ilkin müqavilənin bağlanmasından sonra məsələnin bu və ya digər formada başa çatdırılması istiqamətində müvafiq hərəkətlər etmiş, bir neçə dəfə məhkəməyə müraciət etmiş, lakin tərəflər mübahisəni həll edə bilməmiş, ümumi razılığa gəlməmişlər. Bundan sonra iddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın tam mülkiyyətçisi kimi hazırki iddia tələblərini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində əsaslıdır. Çünki, iddiaçı həmin hissədə tələb hüququ mülkiyyətin müdafiəsindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X2rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır. Cavabdeh tərəf iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçərək, orada yaşamasının əsası kimi aralarında bağlanmış ilkin müqaviləyə əsaslansa da, yuxarıda da qeyd edildiyi kimi ilkin müqavilə ilə tərəflər məhz gələcəkdə əsas müqavilənin bağlanmasını öhdələrinə götürürlər. Əks halda isə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Yəni, ilkin müqavilə cavabdehə daşınmaz əmlak üzərində hər hansı əmlak hüquqları yaratmamışdır. Eyni zamanda tərəflər ilkin müqavilədə gələcəkdə müvafiq torpaq sahəsinin (0,015 ha) alqı-satqısı barədə razılığa gəlmiş, müqavilədə fərdi yaşayış evi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, hətta tərəflər şifahi olaraq fərdi yaşayış evinin də alqı-satqısını şərtləşdirmişlərsə belə, bu hal yenə də cavabdehin hazırki vəziyyətdə həmin yaşayış sahəsindən istifadəsini qanuni hala gətirmir. Cavabdehin mübahisəli yaşayış sahəsini zəbt etməməsi, iddiaçının razılığı ilə ilkin müqaviləyə əsasən orada yaşamağa başlaması halı da vəziyyəti dəyişdirmir. Çünki, yuxarıda da qeyd edildiyi kimi ilkin müqavilə öz əhəmiyyəti itirmişdir və cavabdehin hazırki vaxtda iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə (orada yaşamasına) haqq qazandıran digər qanuni əsas mövcud deyildir (cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir). Cavabdeh etirazının digər əsası kimi əsas müqavilənin bağlanmamasının onun təqsirindən baş verməməsini, iddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının 2019-cu ildə qeydiyyata alınmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qanuni həlli baxımından əsas müqavilənin bağlanmamasının kimin təqsirindən baş verməsi xüsusi önəm daşımır. Önəmli olan məsələ əsas müqavilənin bağlanılmaması, bununla da ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsidir. Belə olan halda isə, mülkiyyətçinin dəyişməsi baş vermir və hüquqi vəziyyət dəyişmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan fikrin davamı olaraq həmçinin qeyd edir ki, əsas müqavilənin tərəflərdən birinin təqsiri üzündən bağlanmaması halı bunun nəticəsində dəymiş ziyanla bağlı məsələni ortaya çıxara bilər ki, cavabdehin də belə bir tələbi mövcud deyildir. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, tərəflər ilkin müqavilədə yalnız torpaq sahəsinin (0,015 ha) alqı-satqısı barədə razılığa gəlmişlər və həmin hissədə də əsas müqavilə bağlanmamışdır. İşin qeyd edilən halları fonunda isə iddiaçının hazırki vindikasiya (əmlakın qanunsuz sahibdən alınması) barədə tələbi əsaslı hesab olunmalıdır. Çünki, iddiaçının tələb hüququ həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh tərəf etirazının əsası kimi – fərdi yaşayış evinin təmirinə xərc çəkməsini, eyni zamanda iddiaçıya 100000 ABŞ dolları pul ödəməsini, evdən çıxdığı təqdirdə evin bazar dəyərinin ona ödənilməli olmasını və s. göstərsə də, məhkəmə kollegiyası həmin hallara hazırki icraat çəkçivəsində hüquqi qiymət verilməsini mümkün hesab etmir. Çünki, cavabdeh bununla bağlı müstəqil tələb (qarşılıqlı iddia) verməmişdir. Müvafiq tələb olmadağı halda isə cavabdehin etirazında göstərdiyi pul vəsaitlərinin iddiaçıdan tutulması məsələsinə baxılması prosessual qanuünvericiliyin tələbləri ilə uzlaşmır (lakin, cavabdeh qeyd etdiyi hallarda bağlı müstəqil qaydada məhkəməyə müraciət etməkdə tələb hüquqlarını özündə saxlayır). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmaqla, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğvinə əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının da apellyasiya şikayəti təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi həmin hissədə qeyd etmişdir ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10 ildən artıqdır ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, yaşayış evini tərk etməmiş, bununla ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, özünə məxsus olan evi kirayəyə verərək gəlir əldə elmək məqsədində olsa da, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. 21 aprel 2021-ci il tarixli, BF-3471 ER nömrəli mütəxəssis rəyinə əsasən 01 avqust 2009-cu il tarixdən 01 aprel 2021-ci il tarixədək dəymiş ziyanın ümumi məbləği 100200 manat təşkil edir. Halbuki, işin faktiki müəyyən olunmuş halları və tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtləri ilə təsdiq olunur ki, iddiaçının 28 iyul 2009-cu il tarixli müqaviləni bağlamaqda niyyəti ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar hissəsini Cavabdeh satmaq olmuşdur, sonrakı məhkəmə mübahisələrinin predmeti də “üzərində fərdi yaşayış evi inşa edilmiş torpağın alqısatqısına dair ilkin müqavilədən yaranmış borc pulun, vurulmuş maddi (pulun infilyasiyası baxımından) və mənəvi zərərin ödənilməsi”, bundan başqa “torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun tutulması” olmuşdur. İddiaçı həmin iddialarında heç vaxt iddia etməmişdir ki, əmlakı kirayə vermək niyyətində olmuşdur. 2014-cü ildə sonuncu məhkəmə mübahisəsindən sonra tərəflərin heş biri bir-birinə qarşı hər hansı predmetlə bağlı iddia qaldırmamışlar. Məhkəmə təkrar olaraq xatırladır ki, ilkin müqavilənin özündən, eləcə də məhkəmə mübahisələrinə dair qətnamələrdən də aydın olur ki, iddiaçının niyyəti məhz əmlakı satmaq olub, o, həmin əmlakı kirayə vermək məqsədilə tikməsi, kirayəyə vermə ilə məşğul olması və sair bu kimi sübutlarını təqdim etməmişdir. Məhkəmə kollegiası iddianın təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, iddiaçı maddi zərər kimi əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır. İddiaçı keçən müddət ərzində cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsini kirayə verməklə iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. bu istiqamətdə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yəni, iddiaçı həmin əmlakı cavabdehin istifadəsinə verməmişdən əvvəl kirayəyə verməsi və kirayə haqqı almasına və ya sonradan belə bir hüquqi əsasın yaranmasına, yaşayış sahəsinə dair digər şəxslərlə real olaraq kirayə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına və s. dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Əksinə, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı əvvəllər cavabdehə qarşı qaldırdığı iddia tələblərində bu hala istinad etməmiş, yaşayış evinin qaytarılmasını, cavabdehin çıxarılmasını və s. tələb etməmişdir. İddiaçı yoxlanılan hissədə mütəxəssis rəyinə görə 500 manat pul da tələb etmiş, lakin məhkəmə kollegiyasının yuxarıda sadalanan mövqeyinə görə iddia zərər hissədə əsassız olduğundan, iddiaçının kirayə haqqına dair təqdim etdiyi mütəxəssis rəyi hər hansı əhəmiyyət daşımır. Bu səbəbdən də iddiaçının həmin xərci özünə aid edilməlidir. Göründüyü kimi iddia qeyd edilən hissədə əsassızdır, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət* açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətlərinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayətlər təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(007)-3916/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(007)- 3916/2021 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4374/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4374/2022
02.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver