Məhkəmə qərarları › İş №2(103)-4375/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4375/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4375/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(011)-205/2021 nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, məhəllə 2316, 1b saylı evin, 13 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(011)-205/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş, bu isə əsassız olaraq onun mülkiyyət hüququndan məhrum olmağına səbəb olmuşdur. Satışa çıxarılan əmlak 97.7 m2 ümumi sahəsi olan əmlak olmaqla əla təmirli mənzildi. 28 yanvar 2020-ci il tarixli 06/01 saylı protokoldan guya ilkin və təkrar hərracların keçirildiyi və hərracların baş tutmadığı məlum olsa da bu hərraclar barədə ona bildiriş verilməmişdir. Bundan başqa, əmlakın müstəqil qiymətləndirilməsi həyata keçirilməmiş, əmlak real bazar dəyərindən qat-qat aşağı qiymətə satılmışdır. Bu səbəbdən də hərracın yekunlarına dair tərtib edilmiş protokolu məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh səbəbini göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, ipoteka qoyulmuş həmin mənzil satılmışdır və hazırda bankın mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, iddianın təmin olunmayan hissəsində isə qətnaməyə toxunulmamalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdeh qətnamənin qanunsuz və əsassız olduğunu göstərsə də bu qanunsuzluğun nədən ibarət olduğunu və əsassızlığın nədə ifadə olunduğunu konkret göstərməmişdir. Belə ki, apellyasiya şikayətində göstərdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşürdü, lakin o, bu halların həqiqətən mövcudluğuna dair şikayətinə heç bir mötəbər dəlil əlavə etməmişdir. Göründüyü kimi, cavabdeh qətnamənin əsassızlığını və qanunsuzluğunu yalnız şəxsi mülahizəsindən irəli gələn fikir olaraq söyləyir. İkincisi, cavabdeh mübahisə predmeti olan mənzili hər hansı bir problem olmadan iddiaçıya ona görə təhfil verməlidir ki, iddiaçı ipoteka predmeti olmuş həmin mənzili hərracın nəticələri olaraq əldə etmiş və hazırda da mülkiyyətindədir. Düzdür, cavabdeh bu halı, yəni hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu və buna görə də hərracın yekunlarına dair protokolu mübahisələndirdiyini göstərsə də, buna dair şikayətinə heç bir sübut əlavə etməmişdir. Çünki, bəyan etdiyinə dair sübut təqdim etmək və həmin halı sübut etmək yükü onun üzərinə düşürdü. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Qanunvericiliyin məhz şərh olunan normalarının tələbinə əsasən cavabdehin artıq başqasının mülkiyyətində olan mənzildə heç bir əlaqəsi olmamalıdır. Əks halda mülkiyyətin toxunulmazlığına qanuni əsas olmadan xələl gələ bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(011)- 205/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar