Məhkəmə qərarları › İş №2(103)-4376/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4376/2021

20.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4376/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-910/21 saylı 25.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, öz razılığı ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini müdiriyyətin təhdidi ilə yazdırıldığından onunla “Cavabdeh” İstehsalat Birliyi arasında bağlanmış 18 iyun 2020-ci il tarixli 222 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə həmin tarixli əmri etibarsız hesab etməklə onun öz işinə bərpa edilməsi və qanunsuz əmrə görə məcburi proqul müddətində ala bilmədiyi əmək haqqı miqdarının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Memarlıq və İnşaat universitetini bitirərək mühəndis sistemlərinin və qurğularının tikintisi, istilik-qaz təchizatı və ventilyasiya ixtisası üzrə bakalavr, habelə mühəndis sistemlərinin və qurğularının tikintisi, bina və qurğuların texniki istismarı və rekonstruksiyası ixtisası üzrə magistr ixtisas dərəcəsi almışdır. 18 iyun 2018-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 222 saylı əmək müqaviləsinə əsasən Birliyin Bakı regional Qazın satışı Departamentinin Qazın balansı və satışı şöbəsinə 10-cu dərəcəli mühəndisi vəzifəsinə təyin olunmuşdur. Müqavilə üzrə vəzifələrini layiqincə yerinə yetirmişdir. İşlədiyi müddətdə heç bir intizam xətasına yol verməmişdir və hər hansı intizam cəzası almamışdır. 2020-ci ilin iyun ayında hiss etmişdir ki, müdiriyyət onunla olan əmək müqaviləsini pozmaq və onun yerinə ayrı adamı işə götürmək üçün bəhanə axtarır. Əsassız olaraq ona iradlar tutulur, vətəndaşların ondan narazı olması təəsüratı yaradılırdı. Konkretləşdirmədən, kimliyi bildirmədən ondan narazılıq olması bildirilirdi. Nəhayət Hüquq departamentinin rəisi V.C.Eyvazov onu yanına çağıraraq bildirmişdir ki, öz razılığı ilə işdən çıxmaq haqda ərizə yazmasa, barəsində olan şikayətləri prokurorluğa göndərərək onu cinayət məsuliyyətinə cəlb etdirəcəklər. Ona demişlər ki, bir vətəndaş ondan 1600 manat pul alaraq ona qanunsuz qaz xətti çəkməyi haqda şikayət etmişdir. Araşdırılmasını tələb etsə də, onu şantaj etməkdə davam etmişlər. O, barəsində saxta ittiham sübutları toplanacağı ehtimalının real olduğunu görərək, 18 iyun 2020-ci ildə əmək müqaviləsinin xitamına razı olmağı barədə Hüquq departamentinə ərizə yazıb vermişdir. 18 iyun 2020-ci ildə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və həmin tarixli əmrlə işdən azad edilmişdir. Əmək müqaviləsi pozularkən nə ölkədəki pandemiya, nə ailə vəziyyəti, nə də mövcud əmək qanunvericiliyi nəzərə alınmamışdır. 3 azyaşlı uşağı vardır. Onlardan biri xroniki xəstə olmaqla mütəmadi həkim nəzarətindədir. O, sonradan dəfələrlə şifahi şəkildə müraciət edərək ərizə yazmağından peşman olmağını bildirib, ərizəsini geri götürmək istəmişdir. Rəhbərliyə məlumat verəcəklərini və ondan sonra onu çağıracaqlarını desələr də, başa düşmüşdür ki, onu aldadırlar. Ona görə də, məhkəməyə iddia ərizəsi vermək qərarına gəlmişdir. Yaşadığı Beyləqan rayonunda və Bakı şəhərində karantin olduğundan uzun müddət Bakı şəhərinə gələrək ərizə vermək imkanlarından məhrum olmuşdur. Ona görə də, ərizəni indi verə bilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini könüllü olaraq yazmadığından, barəsində toplanmış materialların prokurorluğa göndəriləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi təhdidi ilə yazdığından və ərizə onun həqiqi iradəsini əks etdirmədiyindən onunla “Cavabdeh” İstehsalat Birliyi arasında bağlanmış 18 iyun 2020-ci il tarixli 222 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə həmin tarixli əmr etibarsız hesab edilməli, o, öz işinə bərpa edilməlidir. Qanunsuz əmrə görə məcburi proqul müddətində ala bilmədiyi əmək haqqı miqdarı ona qaytarılmalıdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xətai rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 222 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı 07 noyabr 2018-ci il tarixdə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 9.5.1.-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin aşağıda sadalanan bəndlərində nəzərdə tutulan hallarda xitam verilə bilər: a)tərəflərin qarşılıqlı razılığı. İş materiallarında olan X3 Qrupu MMC-nin Duzdağ Klinikası tərəfindən verilmiş tibbi arayışdan görünür ki, X5 29.07.2019-cu il tarixdən 05.08.2019-cu il tarixinədək Speleoterapiya müalicəsində olmuşdur. İş materiallarında olan X4 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, X2 06.07.2018-ci il tarixdən 16.07.2018-ci il tarixinədək astmatik bronxit diaqnozundan müalicə olunmuşdur. İş materiallarında olan SOCAR**********00040020A00765 nömrəli intizam tənbehinin tətbiqi haqqında əmrin surətindən görünür ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinin mühəndisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət verilmişdir. İş materiallarında olan SOCAR**********00070020B00855 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinin mühəndisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2a-ci maddəsi ilə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, “Cavabdeh” İstehsalat Birliyinin SOCAR**********00070020B01151 nömrəli 07.11.2018- ci il tarixli əmrinə əsasən İddiaçı Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş və SOCAR**********00070020B00855 nömrəli 08.06.2020-ci il tarixli əmrinə əsasən İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “Cavabdeh” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 222 saylı əmək müqaviləsinə əsasən İddiaçı 07 noyabr 2018-ci il tarixdə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 9.5.1.-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin aşağıda sadalanan bəndlərində nəzərdə tutulan hallarda xitam verilə bilər: a)tərəflərin qarşılıqlı razılığı. İddiaçı tərəfindən 18 iyun 2020- ci il tarixdə verilmiş əmək müqaviləsinin xitamına dair ərizə əsasında onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2a maddəsinə əsasən xitam verilmişdir. İddiaçı məhkəməyə 02.11.2020-ci il tarixdə müraciət etmişdir. Bununla yanaşı iddiaçı öz razılığı ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini müdiriyyətin təhdidi ilə yazdırıldığını iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia müddətinin uşaqların xəstəliyi ilə bağlı ötürdüyünü bildirsə də, məhkəməyə təqdim etdiyi arayışların iddia müddətinə təsadüf etmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə görə bu Məcəllənin 294cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən, iddiaçının işə bərpa edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar