Məhkəmə qərarları › İş №2(103)-4377/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4377/2020

30.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4377/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxx” X2 və Cavabdeh2nə qarşı “fərdi yaşayış evinin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-170/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnamədən cavabdeh “xxxxxxxxxxxxxxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxx” X2 və Cavabdeh2nə qarşı “fərdi yaşayış evinin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 5 ünvanında yerləşmiş, ümumi sahəsi 104,4 kv.m. təşkil edən fərdi yaşayış evinin (bundan sonra – fərdi yaşayış evi) cavabdehlər tərəfindən sökülməsi, qanuni şəkildə tikintisinə icazə verilmiş ümumi sahəsi 121,5 kv.m. təşkil edən qeyri-yaşayış binasının (mağazanın) (bundan sonra – mağaza) cavabdehlər tərəfindən sökülməsi, həmin fərdi yaşayış evinin və mağazanın yerləşdiyi, söküntüyə qədər istifadələrində olan 413,3 kv.m. torpaq sahəsinin cavabdehlər tərəfindən ödənişsiz şəkildə alınması ilə əlaqədar olaraq 360.000 manat məbləğində, vurulmuş mənəvi zərərə görə 200.000 manat məbləğində kompensasiyanın, hüquqi xidmət müqaviləsinə əsasən tərəfindən ödənilmiş 500 manat məbləğində ödəniş haqqının və 31 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun - ümumilikdə 560.531 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-170/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı sahibliyində və istifadəsində olmuş mübahisəli fərdi yaşayış evinin, yeni çoxmənzilli yaşayış kompleksinin tikilməsi ilə əlaqədar sökülməsi nəticəsində kompensasiya olaraq 104,4 kv.m. sahənin hər kvadrat metri üçün 1.500 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat, hüquqi xidmətin göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 500 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxxxxxxxxxxxxxxx” MTK tərəfindın apellyasiya şikayəti verilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı deyil. Belə ki, həm iddiaçının tələbi, həm də məhkmə qətnaməsi ilə göstərilmiş öhdəliklər “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı yönəlmişdir. Lakin MMC əsl olan tərəf kimi işə cəlb edilməmişdir. Eyni zamanda iddiaçı ona vurulmuş zərərin Cavabdeh2ndən də müştərək qaydada tutulmasını iddia etsə də, qətnamə ilə kompensasiyanın ödənilməsi öhdəliyi yalnız MMC-nin üzərinə qoyulmuşdur. İddiaçı ərizələrində və məhkəmə iclası zamanı verdiyi izahatlarında mənzilindən ailə üzvləri ilə birlikdə zorla çıxarıldığını, evinin söküldüyünü, əşyalarının evdən çölə atıldığını, onunla qabaqcadan heç bir razılaşma olmadığını iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” xx.xx.2014-cü il tarixli 464 saylı Sərəncamına əsasən Səbail rayonu, G.Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən özəlləşdirilmiş 1,04643 ha torpaq sahəsində hündürmərtəbəli kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsinə “X4” MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 500 saylı digər sərəncamı ilə “X4” MMC-yə dair verilmiş xx.xx.2014-cü il tarixli 464 saylı Sərəncam “xxxxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin adına rəsmiləşdirilmiş və ayrılmış torpaq sahəsinə bitişik, əlavə olaraq 2,84357 ha. torpaq sahəsi Kooperativin istifadəsinə verilmiş və torpaq sahəsinin ümumi ölçüsü dəqiqləşdiilərək 3,89 ha müəyyən edilmiş və bu barədə müvafiq 16/139 saylı Ayrıc Aktı verilmişdir. Bundan sonra Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli 81 saylı Sərəncamına əsasən Səbail rayonu ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan G.Əliyev küçəsi 9 ünvanda yerləşən 1-2 mərtəbəli binaların söküntüsü “xxxxxxxxxxxxxxxxx” MTK-ya həvalə edilmiş və Kooperativə ayrılmış 3,89 ha. torpaq sahəsində çoxmərtəbəli yaşayış binaların layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Həmçinin ərazidəki yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, köçürülən sakinlərin müvəqqəti kirayə edilən mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi və onlara yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi Kooperativə tapşırılmışdır. Qeyd olunan Sərəncamlardan doğan vəzifələr MTK tərəfindən həyata keçirilməyə başlamış və Cavabdeh2 vəzifəli şəxsləri ilə birlikdə xeyli müddət ərazidə yaşayan sakinlərlə dəfələrlə görüşülmüş, onlara izahatlar verilmiş və sakinlər ərazini boşaltdıqdan sonra orada yerləşən xeyli sayda özbaşına tikililər sökülmüş, sakinlər müvəqqəti kirayə edilən mənzillərlə təmin edilmiş və onlara G.Əliyev 9 ünvanda tikilməkdə olan 17 mərtəbəli müasir yaşayış binasından müvafiq mənzillər ayrılmışdır. O cümlədən, iddiaçi İddiaçı də ona edilən təkliflə razılaşmış və evini boşaldaraq köçmüş və ona MTK tərəfindən 64,1 kv.metr sahəsi mənzil ayrılmışdır. İddiaçı evindən zorla çıxarılması haqqındakı iddiası yalandır. Belə ki, yuxarıda deyildiyi kimi, onunla aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən o, evini boşaldaraq köçmüş və MTK-nın inşa etdiyi yeni binadakı mənzili ona təhvil verilənə qədər başqa ünvanda müvəqqəti yaşamasından ötrü kirayə haqqı köçürülməsindən ötrü X8 filialında şəxsi hesab açaraq, bank sənədini təqdim etmişdir. MTK həmin hesaba hər ay üçün 300 manat olmaqla, 900 manat pul köçürmüş və onlar həmin pulu almışlar. Lakin sonradan onlar razılaşmanı pozaraq, evinin əvəzində müvafiq mənzil verilməsinə dair MTK ilə müqavilə bağlamaqdan müəyyən müddət yayınmış və sonradan məhkəməyə müraciət etmişlər və onlara ayrılmış mənzilin sahəsinin onları qane etmədiklərini iddia edərək, rayon icra hakimiyyəti və MTK-dan külli miqdarda pul tələb etmişdir. Mənzildən və kirayə haqqından imtina etdiklərinə görə MTK bundan sonra şəxsi hesablarına hər ay 300 manat pul köçürməyi müvəqqəti olaraq dayandırmışdır. Bundan əlavə, Ə.Yusifi məhkəməyə yaşayış evinin Texniki Pasportunu və Səbail Rayon Məhkəməsinin 2-445/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsinin surətini təqdim edərək, istifadəsində 413,3 kv.metr torpaq sahəsi, həmin sahədə 104,4 kv.metr yaşayış evi və 121,5 kv.metr qeyri-yaşayış sahəsi olduğunu iddia etmişdir. Araşdırma zamanı və məhkəmədə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının xx.xx.2001-ci il tarixli 1MK-575 saylı qətnaməsi ilə iddiaçının istinad etdiyi Səbail Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-445/2000 saylı qətnaməsi özünün də iştirakı ilə baxılaraq ləğv edilmiş və onun iddia tələbi rədd edilmişdir. İddiaçı və onun nümayəndəsi bu faktı bilə-bilə məhkəmə baxışı zamanı da öz yalanlarını təkrar etmişlər. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi texniki pasportun “Sənədlərin xarakteristikası” adlanan hissəsində göstərilir ki, İddiaçı evi 3 otaqlı, yaşayış sahəsi 46,30 kv.m., köməkçi sahə 21,90 kv.m. olmaqla, ümumi sahəsi 68,20 kv.metrdir. İddia olunan torpaq sahəsinə gəldikdə isə, İddiaçı evinə bitişik həmin ərazidə digər vətəndaşlara məxsus özbaşına tikili olan bir neçə ev olmuşdur ki, həmin evlərin sakinlərinə də kooperativ tərəfindən müvafiq mənzillər verilmişdir. Bundan başqa, iş üzrə məhkəmənin qərarı ilə təyin edilmiş və keçirilmiş ekspertizanın rəyi qanunsuz və əsassızdır. İddiaçının evi qəzalı vəziyyətdə olan özbaşına tikili olmuş və bu ev mülki qanunvericiliyə əsasən alqı-satqı predmeti ola bilməz və ona hər hansı qiymətin qoyulması işin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Həmçinin ekspert məhkəmə tərəfindən qoyulan sualdan kənara çıxaraq İddiaçı aid olmayan torpaq sahəsini də qiymətləndirmişdir. Ekspert rəyində qəzalı vəziyyətdə, yaşayış üçün yararsız olan özbaşına tikili bir evin yaşayış sahəsinin və həyətdə olan saray, tualet, taxtadan olan əşya anbarının və daş hasarın da hər bir kv.metrinin dəyəri 1500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7327/2018 saylı xx.xx.2018ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-170/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnamənin qismən, yəni İddiaçı iddiasının təmin olunmuş hissəsində ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi Ö/T 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində 104.4 kv.m sahənin hər kv.m. üçün 1500 manat, mənəvi zərərə görə 1000 manat, hüquqi xidmət müqaviləsinə görə 500 manat, dövlət rüsumuna görə 31 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxxxxxxxxxxxxxxx” MTK-dan iddiaçının xeyrinə tutulmasına aid hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3437/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7327/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10287/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-170/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnamənin qismən, yəni İddiaçı iddiasının təmin olunmuş hissəsində ləğv olunması və həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. Yenidən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-706 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə kassasya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10287/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-706 saylı xx.xx.2020ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, xx xxxx 2017-ci il tarixli Sərəncamına əsasən sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının nəzərdə tutulduğuna istinad edərək həmin sərəncamın icrası ilə əlaqədar X5 mənzil təklif edilməsinin də kompensasiyanın bir növü olduğunu nəzərə almamış, nəyə görə həmin kompensasiyanın pul şəklində verilməsinin mümkün olmadığını əsaslandırmamış, iddiaçının istifadəsində olan 3 otaqlı fərdi yaşayış evinin əvəzində təklif edilən mənzilin onun mülkiyyət hüquqlarının bərpasına xidmət edib-etməməsinə işin digər halları ilə bərabər düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, xx xxxx 2017-ci il tarixli Sərəncamının məzmununa istinad etsə də, həmin sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 85 saylı qərarı əsasında verilmişdir ki, həmin qərarın tələbləri isə işə baxarkən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin halları baxımından iddiaçının mülkiyyəti sayılmalı olan mübahisəli yaşayış sahəsinin sökülməsinə səbəb kimi həmin evin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olmasına istinad etsə də, bu məsələni tənzimləyən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməməsinə qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, qətnamənin elan edilməsi isə xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Sonuncu məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə eədərk izahatında bildirmişdir ki, “X6” MMC olub, MMC-nin təsisçisi 2014-cü ildə MTK-nı yaratmışdır. 2016-cı ilin sonlarında növbəti sərəncamla əraziyə bitişik ərazi MTK-ya verilmişdir. İddiaçıya 2017-ci ildə 74 kv.m mənzil, 2018-də isə 97 kv.m mənzil təklif edilmişdir. Lakin iddiaçı bu təkliflərlə razılaşmamışdır. Halbuki, onun faktiki evinin sahəsindən 30 kv.m artıq mənzil təklif edilmişdi. İddiaçıya məxsus mənzilin köməkçi sahəsinin 1 kv.m. 900 manatdan, yaşayış sahəsinin 1 kv.m. isə 1500 manatdan mütəxəssis tərəfindən qiymətləndirilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, iddiaçıya məxsus texniki pasportun son səhifəsinə diqqət edilsə, mənzilin ümumi sahəsinin 104.4 kv.m. olduğunu müəyyən etmək olar. 1996-cı ildə verilmiş ilkin texniki pasportda ölçülər göstərilib. 1999-cu ildə isə iddiaçının ərizəsi ilə həmin ölçülərə dəyişiklik olunmuş, ölçülər korrektə edilmişdir.Tikinti təşkilatı tərəfindən isə köməkçi sahələr nə səbəbdən əsas sahədən fərqli qiymətə qiymətləndirilir, bu məlum deyil. Bundan başqa, məhkəmə proseslərində indiyənədək çıxış edən MTK-nin nümayəndəsi əgər MMC-nin maraqlarını müdafiə etmirdisə, onda cavabdehin onunla, yəni əsl cavabdehlə əvəz edilməsinə dair vəsatət verərdi, lakin göründüyü kimi, belə vəsatət indiyənədək verilməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə iddia qismən təmin olunsa da, məhkəmə qətnaməsi iddianın təmin olunmadığı hissələrdə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş MTK isə şikayətində qətnaməni iddianın təmin edildiyi hissələrdə mübahisələndirdiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı məhz həmin hissələrdə yoxlanılır. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 464 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən Səbail rayonu, G. Əliyev küçəsi 9 saylı (20-ci sahə) ünvanda yerləşən özəlləşdirilmiş 1,04643 ha torpaq sahəsində hündürmərtəbəli kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün «X4” MMC-nə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 500 saylı, xx.xx.2016-cı il tarixli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 464 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamı «xxxxxxxxxxxxxxxxx» MTK-nın adına rəsmiləşdirilmiş və ayrılmış torpaq sahəsinə bitişik, əlavə olaraq 2,84357 ha torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və torpaq sahəsinin ümumi ölçüləri dəqiqləşdirilərək 3,89 ha müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 513 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən «xxxxxxxxxxxxxxxxx» MTK-nın xx.xx.2016-cı il tarixli 51 saylı müraciəti, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 464 saylı və xx.xx.2016-cı il tarixli 500 saylı sərəncamları nəzərə alınaraq Səbail rayonu, G.Əliyev küçəsi, 9 saylı (20-ci sahə) ünvanda B-2 yaşayış binasının tikintisi üçün «xxxxxxxxxxxxxxxxx» MTK-ya icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin 16/139 nömrəli 2016-cı il tarixli «İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı»ndan görünür ki, «xxxxxxxxxxxxxxxxx» MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 500 saylı, xx.xx.2016-cı il tarixli Sərəncamı ilə 3,8900 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün verilmiş, Ayrıc Aktlarının qeydiyyatı kitabında 16/139 sayla, xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, Səbail rayonu, G.Əliyev küçəsi 9 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 1 və 2 mərtəbəli yaşayış binalarının söküntüsünün «xxxxxxxxxxxxxxxxx» MTK tərəfindən yerinə yetirilməsi və həmin kooperativə sahəsi 3,89 ha olan ərazidə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisinə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının «xxxxxxxxxxxxxxxxx» MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. İşin mübahisə edilməyən hallarına görə iddiaçı ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən sərəncamlarla «xxxxxxxxxxxxxxxxx» MTK-ya ayrılmış ərazidə yerləşən hüquqi statusa malik olmayan fərdi yaşayış evində yaşamışdır. Belə ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1996-cı ilin iyun ayında tərtib edilmiş və xx.xx.1999-cu il tarixdə korrektə edilmiş «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»na əsasən fərdi yaşayış evi 413.3 kv.m. torpaq sahəsində yerləşməklə, «A», «B», «V», «Q» tikililərindən ibarət olmuşdur. «A» tikilisi (yaşayış evi) 78,8 kv.m., «B» tikilisi (kladovaya) 6,3 kv.m., «V» tikilisi (saray) 19,3 kv.m. təşkil edir. «Q» tikilisi taxta tikilidir. Texniki Pasport Cavabdeh2 xx.xx.1996-cı il tarixli məktubuna əsasən tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Ə.Yaqubov və G.Əliyev küçələrində yerləşən yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin texniki vəziyyətləri haqqında” Aktın məzmunundan görünür ki, adıçəkilən ünvanda yerləşən, fiziki şəxslərə məxsus olan yaşayış və qeyri-yaşayış bina və obyektlərinə vizual baxış keçirilərək mövcud olan tikililərin texniki vəziyyətlərinin tikinti norma və qaydalarının tələbləri əsasında yerinə yetirilmədiyi, seysmik tələblərin ödənilməməsi, ara yolların nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaratması, kommunikasiya sistemlərinin qeyri-qənaətbəxş olması normal istismar şəraitinə imkan vermir. Akt Fövqəladə Hallar Nazirliyi, X1 Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Texniki şöbəsinin müdir müavini Xürrəm Xanmirzəyev, şöbənin aparıcı mütəxəssisi Məmməd İskəndərov və Cavabdeh2 başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Kamil Məmmədov tərəfindən imzalanmışdır. İş üzrə mübahisə olunmur ki, «xxxxxxxxxxxxxxxxx» MTK iddiaçı ilə aralarında olan mübahisənin həlli üçün iki dəfə iddiaçıya təklif göndərmiş, lakin sonuncu bu təkliflərdən imtina edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı ilə MTK arasında ilkin razılaşma olmuş, iddiaçı evi boşaldaraq başqa ünvana köçmüş və ona MTK tərəfindən kirayə haqqı olaraq 300 manat məbləğində pul ödənilmişdir. İddiaçı bildirir ki, ona məxsus olmuş mübahisəli fərdi yaşayış evi 1963-cü ildə inşa edilmişdir. Evin və evin yerləşdiyi torpaq sahəsinin ilkin hüquq müəyyən edən sənədləri olmasa da, həmin tikili 54 il mövcud olmuş və dövlət tərəfindən işıq, su, qaz, kanalizasiya və s. ilə təmin edilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.1996-cı il tarixli məktubla o dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparan orqana, yəni Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə sifariş verilmiş və həmin sifariş əsasında 1996-cı ilin iyun ayında «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» tərtib edilmiş, bundan 3 il sonra 1999-cu ilin 23 iyun tarixində həmin texniki pasport dəyişdirilərək dəqiqləşdirilmişdir. Texniki pasportda əks edilmiş ölçülərə əsasən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 413,3 kv.m. təşkil edir. Bundan 108.4 kv.m. hissəsi tikintialtı sahədir. Texniki pasportun “Tikintilərin və qurğuların xarakteristikaları” bölməsində əks olunmuş məlumatlara əsasən, fərdi yaşayış evi “A”, “B”, “V”, “Q” tikililərdən ibarət olmuşdur. “A” tikilisi (yaşayış evi) 78,8 kv.m, “B” tikilisi (kladovaya) 6.3 kv.m., «V» tikilisi (saray) 19,3 kv.m. təşkil edir. Beləliklə, tikililərin faydalı sahəsinin 78,8+6,3+19,3 =104,4 kv.m. təşkil etdiyi məlum olur. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, fərdi yaşayış evinin elektrik, su, kanalizasiya, istilik və qaz təchizatı ilə təmin edildiyi də bu bölmədə təsdiqlənir. Beləliklə, faktiki olaraq, istifadələrində olan 413,3 kv.m. torpaq sahəsində yerləşən, faydalı sahəsi 104,4 kv.m. təşkil edən tikililərdən ibarət olan fərdi yaşayış evi 50 ildən artıq mövcud olmuşdur. 2016-cı ildən ərazidə söküntü işlərinə başlanmış, sakinlərə müxtəlif ölçülərdə evlərinə uyğun olaraq mənzillər təklif olunmuşdur. 2017-ci ilin fevral ayının sonlarında ona məxsus fərdi yaşayış evinin də sökülməli olduğu cavabdeh təşkilatın nümayəndələri tərəfindən şifahi olaraq bildirilmiş və əvəzində iddiaçıya yaxınlıqda tikilməkdə olan binada 64 kv.m. sahəsi olan mənzil təklif edilmişdir. Təbii ki, bunu qəbul etməmiş və texniki pasportun surətini təqdim edərək, elə texniki pasportun göstəricilərinə əsasən, tikilidə 104.4 kv.m. faydalı sahənin sahibliyində olduğunu, eləcə də 413.3 kv.m. torpaq sahəsinin istifadəsində olduğunu bildirmiş və təklif olunan mənzilin daha kiçik olduğu, onun faktiki şəraitinin əvvəlkindən əsaslı dərəcədə pisləşdirilmiş olacağını nümayəndələrin nəzərinə çatdırmışdır. Bundan sonra, cavabdeh təşkilat tərəfindən 64 kv.m.-lik mənzilin əvəzinə ona 74 kv.m.-lik mənzil təklif edilmişdir. İddiaçı bu təkliflə də razılaşmamışdır, belə ki, elə ancaq tikililərin faydalı sahəsi 104.4 kv.m. olduğu halda, bunun əvəzinə 74 kv.m. olan mənzilin təklif edilməsi ədalətsizdir. Eyni zamanda, fərdi yaşayış evində özü, həyat yoldaşı, ailəli olan oğlu öz ailəsi, yəni həyat yoldaşı və övladı ilə və ailə qurmağa hazırlaşan ikinci oğlu yaşayırlar. Evin otaqlarından biri təcrid olunmuş şəkildə ayrı girişə malik idi və oğlu ailəsi ilə birlikdə orada yaşayırdı. Şərait olaraq sahibliyində olan ev ailə tərkiblərinə uyğun idi. İstifadəsində 413.3 kv. m. torpaq sahəsi var idi. Təklif olunan mənzil isə, iki otaqdan ibarət olmaqla inşa edilməlidir ki, həmin iki otaqla altı nəfərin yaşaması mümkün deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu altı adam faktiki olaraq iki ailədir. Digər subay oğlunun isə belə olan halda ailə qurması ümumiyyətlə mümkünsüz olacaq, çünki, onların başqa evləri yoxdur və ev almaq imkanları da yoxdur. Bu deyilən arqumentlərinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən kompensasiya ödənilməsi, yaxud razılaşdırılmış formada kompensasiya əvəzinə yaşayış sahəsi verilmədən, yerli icra hakimiyyəti orqanlarının və hüquq-mühafizə orqanlarının iştirakı və dəstəyi ilə əşyaları zorla çıxarılmış və evləri sökülmüşdür. Əvəzinə 74 kv.m. sahəsi olan mənzilin guya tərəflərindən alınması ilə bağlı müqaviləni imzalamaq təklif olunmuşdur ki, bu təklifdən imtina etmişdir. Hal-hazırda kirayədə yaşayır. İddiaçı etiraf edir ki, kirayə tutduqları evin ilk ayı üçün 300 AZN məbləğində kirayə haqqı cavabdeh tərəfindən ödənilmişdir. Lakin, bu ödənişin davam etməyəcəyinə əmindir. Belə ki, cavabdeh tərəfin şərti 74 kv.m. sahəsi olan mənzili qəbul edəcəkləri halda, həmin mənzil tikilib istifadəyə verilməli olan 12 ay ərzində bu ödənilmələrin edilməsindən ibarətdir. Onlar mənzili qəbul etmədiyi üçün, kirayə haqlarının da cavabdeh tərəfindən ödənəcəyinə inanmır. Alınan torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə 300 000 manata qədər dəyəri var. Belə ki, 413 kv.m torpaq sahəsində 104.4 kv.m fərdi yaşayış evi tikilisindən başqa qeyri-yaşayış binası – mağaza da mövcud olmuşdur ki, söküntü zamanı həmin tikili də dağıdılmışdır. Mağazanın ümumi sahəsi 121,5 kv.m təşkil etmişdir. Mağazanın tikintisinə elə Cavabdeh2 xx xxxx 1994-cü il tarixli, 2385 saylı sərəncamı ilə icazə verilmişdir. Həmin mağaza ilə bağlı məhkəmə qətnaməsi mövcuddur və qətnamənin məzmunundan mübahisəli ünvanda onlara məxsus olan mağazanın mövcud olduğu təsdiqlənir. Cavabdehin nümayəndəsi bildirir ki, təmsil etdiyi mülki iş üzrə cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqazidd hərəkətə yol verilməmiş, habelə qeyd olunan tələb əsaslı olmadığından, iddiaçıya müvafiq məbləğdə kompensasiya ödənildiyindən apellyasiya şikayətinin məzmununda qeyd olunanlarla bağlı iddia tələbi rədd edilməlidir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdlir ki, cavabdeh, iddiaçıya itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili təklif etməli idi. İddiaçıya təklif edilən mənzil keyfiyyət baxımından şübhəsiz ki, daha yaxşı olsa da, ölçü və istifadə imkanı baxımından itirilmiş yaşayış sahəsinə uyğun gəlmir. İddiaçının sahibliyində və istifadəsində olmuş, faktiki mülkiyyəti kimi davrandığı, fərdi yaşayış evi çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə sökülsə də, iddiaçıya ədalətli kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razışır və qeyd edir ki, hazırkı iş üzrə sözügedən yaşayış sahəsi özütikmə olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Broniovski Polşaya qarşı» işdə də Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da «mülkiyyət hüquqları» sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün «mülkiyyət» hesab edilə bilər. Hər bir konkret işdə araşdırmalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, «tələb» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. X10 Məhkəməsi «Önər Yıldız Türkiyəyə qarşı» işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. (§ 124) Qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 81 saylı xx xxxx 2017-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 85 saylı qərarı əsasında verilmişdir. Həmin qərarın 1, 1.1-1.3 bəndlərinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayon İcra Hakimiyyətlərinə aidiyyəti üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənilməsindən əvvəl) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinitəmin etməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yazşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Qeyd olunanlara əsasən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının istifadəsində və sahibliiyndə olan 3 otaqlı, sahəsi 104,4 kv.m ibarət fərdi yaşayış evi cavabdeh tərəfindən sökülmüş və buna görə də iddiaçının cavabdehdən evinin sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadəsində olmuş 3 otaqlı, sahəsi 104,4 kv.m. ibarət fərdi yaşayış evinin əvəzində cavabdeh tərəfindən 64,1 kv.m. sahəsi olan birotaqlı mənzilin təklif edilməsi iddiaçının mülkiyyət hüquqlarının bərpasına xidmət etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sahiblik və istifadəsində olmuş, mülkiyyəti kimi davrandığı fərdi yaşayış evi çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə sökülsə də, iddiaçıya ədalətli kompensasiya ödənilməlidir. Hazırki işdə iddiaçının istifadəsində olmuş 3 otaqlı, sahəsi 104,4 kv.m. ibarət fərdi yaşayış evinin hər kv.m.-nin dəyərinin “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 10 saylı hesabatına əsasən 1.500 manat müəyyən edilməsi və kompensasiya olaraq ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır. O ki qaldı apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş “xxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatına, həmin hesabata əsasən iddiaçıya məxsus olmuş əmlakın yaşayış sahəsi üzrə 46,30 kv.m.-nin 1500 manatdan, köməkçi sahələrin 21,90 kv.m.-nin isə 900 manatdan hesablandığı və ümumi bazar dəyərinin 89160 manat həcmində qiymətləndirildiyi müəyyən olunur. Qeyd olunan hesabatı məhkəmə kollegiyası qəbul etməyərək bildirir ki, iddiaçının təqdim etdiyi texniki pasportun “Tikintilərin və qurğuların xarakteristikaları” adlanan bölməsində əks olunmuş məlumatlara əsasən fərdi yaşayış evinin “A”, “B”, “V”, “Q” tikililərdən ibarət olduğu, “A” tikilinin (yaşayış evi) 78,8 kv.m., ”B” tikilisinin (kladovaya) 6,3 kv.m., “V” tikilisinin (saray) 19,3 kv.m. olduğu, ümumilikdə tikililərin faydalı sahəsinin 104,4 kv.m. (78,8 + 6,3 + 19,3 = 104,4) müəyyən olunur. Cavabdeh tərəfin təqdim etdiyi hesabatda isə 104,4 kv.m.-nin faydalı sahə olduğu nəzərə alınmamış və daha az kv.m. üzrə hesablamalar aparılmışdır ki, bu da iddiaçının əmlak hüquqlarının pozulması kimi qiymətləndirilir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının məhz faydalı sahə olan 104.4 kv.m. ölçüdə əmlakının sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ vardır. İddiaçının “hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq ödənilən 500 manat məbləğinin tutulması” barədə tələbi MPM-nin 121.1-ci maddəsinin tələbi baxımından əsaslı olduğundan və bu barədə iddiaçı tərəfindən müvafiq qəbz təqdim olunduğu üçün birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuşdur. Cavabdehdən “mənəvi ziyanın ödənilməsi” ilə bağlı tələbə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində izah edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Hazırki işdə iddiaçıya məxsus evin cavabdeh tərəfindən sökülməsi nəticəsində onun mənəvi sarsıntı və iztirablar çəkməsi danılmaz fakt olduğundan ona dəymiş mənəvi ziyanın əvəzi olaraq tutulacaq məbləğin birinci instansiya məhkəməsi tərəfindən 1.000 manat həcmində müəyyənləşdirilməsini Kollegiya ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası iddiaçının “cavabdehin təşkilatı hüquqi formasının səhv qeyd olunması”na dair dəlillərinə münasibətdə isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarında göstərilənlərlə razılaşaraq qeyd edir ki, “cavabdeh təşkilatın adı düzgün qeyd edilmiş və yalnız onun təşkilatı hüquqi forması səhv göstərilmişdir ki, bu da cavabdehin əslində başqa hüquqi şəxs olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına gedən məhkəmə bildirişləri çatdırılmış, bildirişlər alındıqdan sonra eyni adlı MTK-nin nümayəndəsi və vəkili məhkəmə iclaslarına gəlmiş, iddiaya etiraz etmiş, birinci instansiya məhkəməsinin gedişatında iştirak etmiş, müxtəlif yazılı və şifahi vəsatətlər və ərizələr vermiş, bundan sonra apellyasiya və kassasiya instansiyaları məhkəmələrində eyni vəziyyət davam etmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, torpaq sahəsi ilk olaraq “xxxxxxxxxxxxxxxxx” MMC-nin adına ayrılmış, sonradan həmin torpaq sahəsi “xxxxxxxxxxxxxxxxx” MTK-nin adına rəsmiləşdirilmişdir. Bu rəsmiləşdirmə xx.xx.2016-cı il tarixli sərəncamla aparılmış və buna qədər MMC tərəfindən vətəndaşlara müqavilələr təqdim edildiyindən iddia ərizəsində cavabdeh təşkilatın təşkilatı hüquqi forması MMC kimi göstərilmişdir.” Məhkəmə kollegiya bu barədə onu da qeyd etməyi zəruri hesab edir ki, təşkilatı hüquqi forması dəyişmiş cavabdehin adına Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş “Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı”ndan görünür ki, həmin çıxarışda qurumun adı “xxxxxxxxxxxxxxxxx” MTK kimi qeyd olunsa da, onun təsisçilərindən biri məhz “X4” MMC-dir. Hazırki işə məhkəmələr tərəfindən baxılarkən MTK özünun iş üzrə əsl cavabdeh olmadığını mübahisələndirməmiş, yalnız bununla bağlı irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, onların təşkilatı hüquqi forması MMC deyil, MTK-dir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissələrdə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas vermir. Belə olan halda apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MTK-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MTK tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar