Məhkəmə qərarları › İş №2(103)-4377/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4377/2024

18.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4377/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinə qarşı “attestasiyanın keçirilməsi barədə əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticələrinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: attestasiyanın keçirilməsi barədə əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticələrinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2267/2024 nömrəli, 27 may 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü saylı əmri ilə 2023-cü ilin 15 oktyabr tarixindən başlayaraq Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən qurumların işçilərinin attestasiyasının keçirilməsi əmr edilmiş və bu məqsədlə attestasiya komissiyası yaradılmışdır. 2 saylı X3 Mərkəzində attestasiyası keçiriləcək işçilərin cədvəlindən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə attestasiyanın keçirilməsi ilə bağlı məlumatlandırılmış və İddiaçı cədvələ imza etmişdir. Attestasiya olunan işçilərdən verilən 44 sualdan (ümumilikdə 60 bal) meşəbəyi İddiaçı 12 bal topladığı üçün onun işdən azad edilməsi işəgötürənə tövsiyyə edilmişdir.

2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2023-cü il tarixli 518/K nömrəli əmrindən müəyyən edilir ki, 2 saylı X3 Mərkəzinin Ceyrançöl meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən peşakarlıq səviyəsinin kifayət dərəcədə olmadığına, tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq ləğv edilmişdir. Əmrin verilməsinə əsas: Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi və 156.7-ci maddəsi, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 140/Ü nömrəli əmri, attestasiya komissiyasının protokolu olmuşdur.

3. Hazırda iddiaçı məhkəməyə müraciət edərək attestasiyanın keçirilməsi barədə əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticəsinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2023-cü il tarixli 518/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin, 321 manat hüquqi xidmət haqqının, etibarnamə üçün ödənilmiş 19,75 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinə qarşı “attestasiyanın keçirilməsi barədə əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticələrinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, attestasiyanın keçirilməsi barədə əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticəsinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2023cü il tarixli 518/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin, 321 manat hüquqi xidmət haqqının, etibarnamə üçün ödənilmiş 19,75 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü nömrəli və həmin əmrə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 454/ü nömrəli əmrləri ilə Xidmətin 14 və 2 saylı X3 Mərkəzlərində attestasiya keçirilməsi qərara alınmış və İddiaçı da attestasiyaya cəlb edilmişdir. Attestasiya İddiaçı işə başladıqdan 10 gün sonra, yəni xx.xx.2023-cü ildə keçirilmiş və iddiaçı qanunsuz və əsassız olaraq həmin attestasiyaya cəlb edilmişdir. Attestasiyanın nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2023cü il tarixli 518//k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə “c” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinə və digər qanunvericiliyinə müvafiq olaraq attestasiyanın keçirilməsi barədə əmr iddiaçıya aid hissədə ləğv edilməli, barəsində verilmiş attestasiyanın nəticəsi və əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmr ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi təmin edilməlidir. Çünki, İddiaçı xx.xx.2023-cü il tarixdə avtomobil qəzası keçirmiş və aldığı xəsarətlərə görə xx.xx.2023-cü il tarixə kimi işə çıxmamış, əmək qabiliyyətini müvəqqəti itirmişdir. İddiaçı Qazax rayonu Yuxarı Əskipara kəndindən olan məcburi köçkündür. Ona bir ay əvvəldən attestasiya keçirilməsi barədə xəbərdarlıq edilməmişdir. İddiaçı işə çıxandan cəmi 10 gün sonra attestasiyaya cəlb edilmişdir və yaxşı nəticə göstərə bilməmişdir. İddiaçı lazımi qaydada hazırlaşa bilmədiyinə görə sualları düzgün cavablandıra bilməmişdir. Nəticədə vəzifəsinə uyğun hesab edilməmiş və əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddiaçı ilə attestasiya düzgün keçirilmədiyinə görə, əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmənin təklifi ilə mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Cavabdeh iddiaçıya Meşələrin İnkişafı Xidmətinin 2 saylı RMTM-də fəhlə işinə və Şəmkir rayonu üzrə gözətçi vəzifəsindən işləməkdən iddiaçı imtina etmişdir. Çünki, iddiaçı uzun illər meşəbəyi vəzifəsində işlədiyinə və fəhlə vəzifəsinin əmək haqqı daha az olduğuna görə, Şəmkir rayonunda olan gözətçi işi isə iddiaçının yaşadığı Qazax rayonu Xanlıqlar kəndindən uzaq məsafədə yerləşdiyinə görə iddiaçıya uyğun olmamışdır.

6. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının attestasiyanın keçirilməsindən məlumatı olmadığını qeyd etməsi həqiqətə uyğun deyildir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü nömrəli işçilərinin attestasiyasının keçirilməsi barədə əmri ilə komissiya yaradılmiş və həmin Komissiyanın 2023-cü il təqvim ilində işçilərin attestasiyasının keçirilməsi cədvəlində attestasiyadan keçiriləcək işçilərin siyahısı təqdim edilmişdir. Attestasiyadan keçiriləcək işçilərin siyahısında İddiaçı da adı qeyd edilmiş və bir il qabaqcadan kimlərin attestasiyadan keçirilməsi müəyyən edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə bütün X3 mərkəzlərinin direkorlarına işçilərin attestasiyadan keçirilməsi cədvəli tərtib edərək, Meşələrin İnkişafı Xidmətinə təqdim edilməsi tapşırılmış, eyni zamanda başqa bir məktubla attestasiyaya daxil edilmiş testləri cavablandırmaq üçün təqdim olunan ədəbiyyatlardan istifadə edilməsi tövsiyə edilməklə, ədəbiyyat siyahısı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə isə onlara cavab məktubu göndərilməklə, cədvəl təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cədvələ imza etməklə attestasiya keçirilməsindən iki ay əvvəlcədən rəsmi qaydada xəbərdar edilmişdir. İddiaçı ilə xx.xx.2023-cü il tarixdə attestasiya keçirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiyanın nəticələrinə dair komissiyasının iclası keçirilmiş və həmin iclasın 46 nömrəli protokolu tərtib olunaraq, attestasiyanın nəticələri müzakirə edilmişfit. Nəticədə isə Komissiya qərara almışdır ki, attestasiya olunan işçilərdən meşəbəyi İddiaçı verilən 44 sualdan (ümumilikdə 60 bal) 12 bal topladığına görə işdən azad edilməsi işəgötürənə tövsiyə edilmişdir. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarda çalışan və dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli əmrində göstərilmişdir ki, Attestasiya nəticəsində 36 və ondan yuxarı bal toplamış işçilər tutduğu vəzifəyə uyğun hesab olunur. Attestasiya nəticəsində 30-35 bal aralığında bal toplamış işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə, işəgötürənə işçinin əməyinin ödənilmə dərəcəsinin aşağı salınması və ya daha aşağı vəzifəyə keçirilməsi ilə bağlı tövsiyə olunur. Attestasiya nəticəsində 29 və ondan aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyə olunur. İddiaçı 12 bal topladığına görə tutduğu vəzifəyə uyğun hesab dilməmiş və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Həmçinin məhkəmənin təklifi ilə mübahisənin sülh yolu ilə həll edilməsi üçün iddiaçıya iki iş yeri təklif edilmişdir. Lakin iddiaçı bundan imtina etmişdir. Cavabdeh iddiaçıya Meşələrin İnkişafı Xidmətinin 2 saylı RMTM-də fəhlə və Şəmkir rayonu üzrə gözətçi vəzifəsini təklif etmişdir. Lakin iddiaçı bu işləri qəbul etməmiş, Tovuz rayonunda gözətçi işləməyə razı olmuş, lakin həmin vəzifə vakant olmadığı üçün ona Şəmkir rayonunda vakant olan gözətçi vəzifəsi təklif edilmişdir. İddiaçı razı olmadığına görə onu başqa işə götürmək mümkün olmamışdır. Bu hal bir ha təsdiq edir ki, cavabdehin iddiaçıya qarşı heç bir qərəzi yoxdur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2267/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, 67-cı maddəsinin 1-ci hissəsinə, 70ci maddəsinin “c” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2, 1.3-cü bəndinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 03 aprel 2023-cü il tarixdə işə gedərkən baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçını avtomobil vurmuş və sol bud sümüyün sınığı ilə o, xəstəxanaya daxil olmuşdur. Əməliyyatdan sonra iddiaçının vəziyyətində ağırlaşma olduğuna görə ona qan köçürülmüş, digər zəruri tədbirlər görülmüş və xəstəxanada qalma müddəti uzadılmışdır. Səhhəti ilə əlaqədar olaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı işə çıxa bilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 2 saylı X3 Mərkəzinin xx.xx.2023-cü il tarixli 103/k nömrəli əmrindən göründüyü kimi, həmin tarixdən iddiaçı rəsmi qaydada işdə hesab olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü nömrəli və həmin əmrə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 454/ü nömrəli əmri ilə Xidmətin 14 və 2 saylı X4 Mərkəzlərində attestasiya keçirilməsi qərara alınmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Attestasiya iddiaçı işə başladıqdan 10 gün sonra, yəni 7 dekabr 2023-cü ildə keçirilmiş, iddiaçı da qanunsuz və əsassız olaraq həmin attestasiyaya cəlb edilmiş və attestasiya imtahanın nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2023-cü il tarixli, 518/k nömrəli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Qətnamə qəbul edilərkən İddiaçı hüquqları kobud şəkildə pozulmuş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı işə çıxa bilməməməsi nəzərə alınmamışdır. Bundan əlavə, iddiaçı xx.xx.2023-cü ildən rəsmi qaydada işdə hesab olunmuşdur. Bu o deməkdir ki, iddiaçıya attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməsinə dair xəbərdarlıq edilməmiş və qanunvericiliklə müəyyən edilmiş materiallar təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidməti qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cədvələ imza etməklə attestasiya keçirilməsindən iki ay əvvəlcədən rəsmi qaydada xəbərdar edilmişdir. Bu hal qeyri-mümkündür: Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 2 saylı X3 Mərkəzinin xx.xx.2023-cü il tarixli 103/k nömrəli əmrindən göründüyü kimi, həmin tarixdən iddiaçı rəsmi qaydada işdə hesab olunmuşdur. Məhkəmə tərəfindən işin halları araşdırılmamışdır. Əsaslandırıcı hissəyə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları, iclasda iştirak edən şəxslərin istinad etdikləri qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar daxil edilir. Məhkəmə tərəfindən “heç bir araşdırma aparmadan, işin digər hallarına, o cümlədən ərizəçinin dəlillərinə lazımi hüquqi qiymət vermədən və gəldikləri nəticəni kifayət qədər əsaslandırmadan” qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı avtomobil qəzası keçirməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə işə işə çıxmışdır. İddiaçıya attestasiyadan keçiriləcəyi barədə 2 ay 5 gün əvvəlcədən xx.xx.2023-cü il tarixdə siyahıya imza etdirilməklə şəxsən məlumat verilmişdir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdehin attestasiya keçirilməmişdən 10 gün əvvəl rəsmi olaraq işə buraxılmışdır. Rəsmi olaraq işdə olmayam işçi 2 ay 5 gün əvvəlcədən xx.xx.2023-cü il tarixdə siyahıya imza etdirməklə şəxsən məlumat verilməsi fikrin irəli sürülməsi yolverilməzdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

14. 65-ci maddəsinin 1-ci hissəsinin əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

15. 65-ci maddəsinin 2-ci hissəsinin əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

16. 67-cı maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

17. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

18. 70-ci maddəsinin qeydinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın

19. 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.

20. 1.3-cü bəndinə əsasən xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2267/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü saylı əmri ilə 2023-cü ilin 15 oktyabr tarixindən başlayaraq Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən qurumların işçilərinin attestasiyasının keçirilməsi əmr edilmiş və bu məqsədlə attestasiya komissiyası yaradılmışdır.

32. xx.xx.2022-ci il tarixli əmrə əsasən 2023-cü ilin təqvim ilində Meşələrin İnkişafı Xidməti üzrə işçilərin attestasiyadan keçirilməsi cədvəlindən müəyyən edilir ki, Tovuz rayon MTM-də meşəbəyi işləyən İddiaçı adı işçilərin attestasiyadan keçirilməsi cədvəlində mövcuddur.

33. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin rəis müavini, rəis vəzifəsini icra edən Cabbar Qəribovun xx.xx.2023-cü il tarixli 27/857/d nömrəli bütün regional meşə mərkəzlərinin direktorlarına ünvanlanmış məktubundan müəyyən edilir ki, Azərbaycan Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin tabeli qurumlarında kadr potensialının gücləndirilməsini, işçilərin peşəkaralıq səviyyəsinin yoxlanılmasını və onların ixtisasına, müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə rəhbərlik etdiyiniz qurumda attestasiyanın keçirilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə, Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına əsasən 2023-cü ildə rəhbərlik etdiyi qurumun mütəxəssis işçilərinin attestasiyası keçiriləcəkdir. Bununla əlaqədər, məktuba əlavə edilmiş nümunəyə uyğun işçilərin attestasiyadan keçirilməsi cədvəli tərtib edilərək, təsdiq edilmiş formada 2 gün müddətinə Meşələrin İnkişafı Xidmətinə təqdim edilməsi bütün regional meşə mərkəzlərinin direktorlarına tapşırılmışdır.

34. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin rəis müavini, rəis vəzifəsini icra edən Cabbar Qəribovun xx.xx.2023-cü il tarixli 27/861/d nömrəli bütün X3 mərkəzlərinin direktorlarına ünvanlanmış məktubundan müəyyən edilir ki, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il 399/Ü saylı əmrinə əsasən cari ilin noyabr və dekabr aylarında mərkəzlərin işçilərinin attestasiyası aparılacaqdır. Bu barədə xx.xx.2023-cü il tarixli 27/857/d saylı məktubla bütün X3 mərkəzlərinin direktorlarına məlumat verilmişdir. Attestasiyaya daxil edilmiş testləri cavablandırmaq üçün təqdim olunan ədəbiyyatlardan istifadə edilməsi tövsiyyə olunur.

35. Meşələrin İnkişafı Xidmətinin tabeli qurumlarında işçilərin attestasiyadan keçirilməsi barədə cədvəldən müəyəyn edilir ki, 2 saylı RMTM, 10 saylı RMTM, 14 saylı RMTM-da attestasiya 06-08 dekabr 2023-cü il tarixdə keçiriləcəkdir.

36. 2 saylı X3 Mərkəzində attestasiyası keçiriləcək işçilərin cədvəlindən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə attestasiyanın keçirilməsi ilə bağlı məlumatlandırılmış və İddiaçı cədvələ imza etmişdir.

37. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 2 saylı X3 Mərkəzi üzrə keçirilmiş attestasiyasının nəticəsində dair komissiyanın xx.xx.2023-cü il tarixli 46 nömrəli protokolundan müəyyən edilir ki, Attestasiya olunan işçilərdən verilən 44 sualdan (ümumilikdə 60 bal) meşəbəyi İddiaçı 12 bal topladığı üçün onun işdən azad edilməsi işəgötürənə tövsiyə edilmişdir.

38. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2023-cü il tarixli 518/K nömrəli əmrindən müəyyən edilir ki, 2 saylı X3 Mərkəzinin Ceyrançöl meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən peşakarlıq səviyəsinin kifayət dərəcədə olmadığına, tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq ləğv edilmişdir. Əmrin verilməsinə əsas: Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi və 156.7-ci maddəsi, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 140/Ü nömrəli əmri, attestasiya komissiyasının protokolu olmuşdur.

39. xx.xx.2023-cü i tarixi attestasiya vərəqəsindən müəyyən edilir ki, xx.xx.2018ci il tarixdən (ümumi staji 24 il, o cümlədən çalışdığı vəzifədə əmək stajı 5 il 3 ay) 2 saylı RMTM-nın meşəbəyisi xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 44 test tapşırıq təqdim edilmiş, ondan 12 test cavabına tapşırığına doğru cavab vermişdir. Attestasiya qiymətləndirilməsinin nəticəsinə görə əmkdaşın tutduğun vəzifəyə uyğun olmadığı hesab edilmişdir. İddiaçı attestasiya vərəqəsi ilə tanış olmuş və vərəqəni imzalayaraq, attestasiyanın nəticələri ilə “razıyam” qeydini yazmışdır.

40. Göründüyü kimi, iddiaçı avtomobil qəzası keçirməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. İddiaçıya attestasiyadan keçiriləcəyi barədə 2 ay 5 gün əvvəlcədən xx.xx.2023-cü il tarixdə siyahıya imza etdirilməklə şəxsən məlumat verilmişdir. İddiaçı attestasiyanın keçirilməsinin yeri və vaxtı barədə məlumatlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 519/ü nömrəli işçilərinin attestasiyasının keçirilməsi barədə əmri ilə komissiya yaradılmış və həmin Komissiyanın 2023-cü il təqvim ilində işçilərin attestasiyasının keçirilməsi cədvəlində attestasiyadan keçiriləcək işçilərin siyahısı təqdim edilmişdir. Bir il qabaqcadan kimlərin attestasiyadan keçirilməsi müəyyən edilmiş və iddiaçının da adı həmin siyahıya daxil edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Bütün X3 mərkəzlərinin direktorlarına işçilərin attestasiyadan keçirilməsi cədvəli tərtib edərək Meşələrin İnkişafı Xidmətinə təqdim edilməsi tapşırılmış, eyni zamanda başqa bir məktubla attestasiyaya daxil edilmiş testləri cavablandırmaq üçün təqdim olunan ədəbiyyatlardan istifadə edilməsi tövsiyə edilməklə, ədəbiyyat siyahısı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə isə cavab məktubu göndərilməklə, cədvəl işəgötürənə təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə attestasiyadan keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiyanın nəticələrinə dair komissiyasının iclası keçirilmiş və həmin iclasın 46 nömrəli protokolu tərtib olunaraq, attestasiyanın nəticələri müzakirə edilmişdir. Nəticədə isə Komissiya qərara almışdır ki, attestasiya olunan işçilərdən meşəbəyi İddiaçı verilən 44 sualdan (ümumilikdə 60 bal) 12 bal topladığına görə onun işdən azad edilməsi işəgötürənə tövsiyə edilmişdir. Yəni İddiaçı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edilmişdir. Odur ki, attestasiya keçirilən zaman qanun tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının əmək müqaviləsinə düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsi ilə müəyyən edilmiş attestasiya olunmayan işçilərin siyahısına daxil deyildir. Onun attestasiyaya cəlb edilməsi qanuni olmuş və peşəkarlıq səviyyəsi tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Attestasiyanın keçirilməsi barədə əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, attestasiyanın nəticəsinin iddiaçıya dair hissəsinin ləğv edilməsi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2267/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar