Məhkəmə qərarları › İş №2(103)-4378/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4378/2023

14.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4378/2023 14.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı, cavabdeh X1 və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-609/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh, onunla birlikdə məhkəmə qətnaməsi əsasında himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzilində istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-609/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh və X6 6 (altı) ay möhlət verilməklə, onların ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Botanika küçəsi 9 saylı evin 5 saylı mənzili xx.xx.2002-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, onun şifahi razılığı ilə 2006-cı ildə Cavabdeh gəlin kimi həmin evə köçmüş, 10 yanvar 2018-ci ildə isə mənzilə qeydiyyata alınmışdır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3027/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu X10 və Cavabdeh arasında qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, X5 birgə nikahdan anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması qət edilmişdir, iddiaçının keçmiş gəlini Cavabdeh və nəvəsi E.Əhmədzadə hazırda mübahisəli mənzildə yaşayırlar. Bununla belə, cavabdehin övladı ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Cavabdeh mənzilə gəlin köçən zaman (2006-cı il) həmin mənzil İddiaçı mülkiyyətində olmuş, onun tərəfindən isə cavabdehin mənzilə istifadə hüququna dair mülkiyyətçinin notariat qaydada razılığı olmadığından, mülki qanunvericiliyin tələblərinə (AR MM-in 228-ci maddəsi) əsasən, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir və şəxsin (digər ailə üzvlərinin) mülkiyyətçinin şifahi razılığı əsasında mənzilə köçməsi və həmin ünvana pasport qeydiyyatına alınması onun həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Belə olan halda iddiaçı, Cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinin “2010-cu il təvəllüdlü Elmar Əhmədzadənin mənzildən çıxarılması və istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, E.Əhmədzadə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğundan və o, məhkəmə qətnaməsinə əsasən anası Ü.Əhmədzadənin yanında (himayəsində) saxlandığından onun yaşayış yeri Ü.Əhmədzadənin yaşayış yeri hesab edilir. Hazırkı halda da sonuncunun iddiaçıya məxsus mənzildən çıxarılması (yaşayış yerinin dəyişməsi) 2010-cu il təvəllüdlü E.Əhmədzadənin də onunla – anası ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılması üçün əsasdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Botanika küçəsi 9 saylı evin 41,03 yaşayış sahəsindən ibarət olan 3 otaqlı evin 5 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir, bu barədə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli Arayışdan məlum olur ki, X10 Bakı şəhəri, Botanika küçəsi ev.9, m.5-də 28 mart 2002-ci il tarixdən qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər xx.xx.1939-cu il təvəllüdlü İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.1989-cu il təvəllüdlü Cavabdehdır; - Xətai Rayon Məhkəməsinin 2(011)-3027/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı X10 ilə Cavabdeh Dilqəm qızı arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 149 nömrə ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X4 anası Cavabdeh Dilqəm qızının yanında qalması, iddiaçı X5 birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh Dilqəm qızına verilməsi, alimentin tutulmasına 13 may 2022-ci il tarixdən başlanması qət edilmişdir; - AZ-İ seriyalı 440104 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 və Cavabdeh arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli Arayışın surətindən məlum olur ki, Cavabdeh Bakı şəhəri, Botanika küçəsi ev 9, mənzil 5də 10 yanvar 2018-ci il tarixdən qeydiyyatdadır (iş səh. 9, 10, 11, 15, 33). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Rayon Məhkəməsinin 2(011)- 609/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228; Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 8, 77, 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı iş üzrə cavabdehin sübutları nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla iddia əsassız olaraq təmin edilmişdir. İddiaçı iddiaya qarşı irəli sürdüyü dəlilləri ilə bağlı istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Belə bir sübutlar olmadan birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsi nəticəsində MPM-in 77-ci maddəsinin tələbi pozulmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 88-ci maddəsinin tələbi kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmiş və reallığı əks etdirməyən qətnamə qəbul olunmuşdur. Hazırkı qətnamə qanuni və əsaslı deyildir. Hakim yalnız iddiaçının təqdim etdiyini qətnaməyə köçürməklə, həmin sübutları yoxlamadan, tədqiq etmədən iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-ci il tarixli Qərarına əsasən” Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş MM-nin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, MM-nin 228.5 maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricindən və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslə onun arasında etibarlı ailə ələqalərinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binansının tərkib hissəsindən onunla bərəbər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq olması. Belə ki, MM-nin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. MM-nin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə sevituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından MM-nin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. - Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və ya mənzilin digər sakinləri həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquq yalnız müvafiq kompensassiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Hazırkı iş üzrə cavabdehin sübutları nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla iddia əsassız olaraq təmin edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, cavabdehin mübahisəli mənzildə 2006-cı ildən yaşadığını, 2010-cu il təvəllüdlü bir xəstə uşağının olduğunu, cavabdehin mülkiyyətçi ilə qohumluq münasibətlərinə əsasən mənzilə istifadə hüququnun yarandığını, ona kompensasiya verilmədən mübahisəli mənzildən çıxarıla bilməyəcəyini, iddiaçının oğlunun, yəni cavabdehin keçmiş ərinin başqa ailəsinin və uşaqlarının olduğunu bildirmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabbdeh X7 apellyasiya şikayətini müdafiə edərək, mənzildən çıxarılması ilə bağlı kompensasiya verilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olmadığını, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

11. Münasibətlərin mövcudluğu zamanı 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə adlanan fəslində: 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması, 52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti, 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri, 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ təsbit edilmiş və, İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunduğu, İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilməsi, İcarədarın özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malik olması, Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığının tələb edilməməsi, habelə İcarədarın və onunla yaşayan ailə üzvləri arasında başqa sazişin olmadığı halda, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslərin həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etdiyi müəyyən edilmişdir.

12. Münasibətlərin davam etdiyi zaman hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139- 180, 228, 560; Mənzil Məcəlləsinin 30-34; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mülkiyyətçiyə münasibətdə cavabdehin mübahisələndirdiyi dəlillərin qanunvericilik nəzərindən aidiyyatı müəyyən edilmir.

14. Diqqətə çatdırılmalıdır ki, hazırkı mülki münasibətlər üzrə cavabdehin (münasibətlər yaranan və hazırkı dövrdə) mülkiyyətçi ilə yaranan münasibətləri Mülki Məcəllənin qanuni qüvvəsini aldığı zamandan olduğundan qüvvədə olan mülki qanunvericiliklə tənzimlənir. Tərəflər arasında razılaşma olmadığından, mənzildə yaşamış əri ilə nikah münasibətlərinə son qoyulduğundan, yeni mənzil qanunvericiliyinə əsasən də keçmiş ərinə münasibətdə hüquqları olmadığından apellyasiya dəlillərinin hər hansı hüquqi nəticələr doğurmadığı müəyyən edilir. Qeyd edilən iddia üzrə işə baxılması və mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət, sahiblik və istifadə hüquqlarına əsassız müdaxilə, hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyd edilən ünvana istifadə hüququ üzrə hər hansı faktoloji və hüquqi əsaslar müəyyən edilmir və bu sahəni tənzimləyən maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından, hüququn anologiyası üzrə belə, mülki hüququn fəlsəfəsinə ziddir. İddiaçının iddiasının əsasını cavabdehin onun oğlu ilə ailə münasibətlərinə xitam verilməsi təşkil edir və cavabdehin iddiaçının oğlu ilə birgə təsərrüfatının olmaması səbəbindən mülkiyyətdən istifadə etmək zəruriliyinə son qoyulması ifadə edilir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-609/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar