Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4379/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X2rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X2rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində ərizə yazaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzi” Avtobazasının Təsərrüfat Xidmətinə sürücü vəzifəsinə işə qəbul olunmaq istədiyini bildirmiş və Mərkəzin rəhbərinin razılıq dərkanarı ilə xx.xx.2020-ci il tarixli, 646K nömrəli əmri ilə işə qəbul olunmuşdur. O zaman “Respublika Gigeniya və Epidemologiya Mərkəzilə“ onun arasında Əmək müqaviləsi imzalanıb. Lakin həmin vaxtı işə götürən ona nə əmrin sürətini, nə də müqavilənin sürətini təqdim etməmişdir. O bu barədə kadrlarla iş şöbəsinin rəhbərinə bildirmis,həmin şəxs ona cavab vermişdir ki, “müqavilə və əmrin sürəti sənin nəyinə lazımdır, əsas odur ki, sən işə qəbul olunmusan bəsdir.” İddiaçı deyilənləri qəbul edərək razılaşmışdır. Lakin üstündən 12 gün keçəndən sonra “Mərkəzin” rəhbəri onu otağına çağırtdırmış və stolun üstünə yazılı ərizəni qoyaraq imza etməyi bildirmişdir. O, imtina etdikdə, demişdir ki, onda “səni Əmək Məcəlləsinin 70.”Ç” bəndi ilə işdən çıxaracam və o zaman səni heç bir müəssisə işə qəbul etməyəcək” İddiaçı, müəssisənin rəhbərliyi ilə konflikt yaratmamaq üçün təklif olunan ərizəni imza etmişdir. O, heç bilməmişdir nə ərizəsi olub. Onun adından yazılmış ərizənin kim tərəfindən yazıldığını blmir. Ona görə məcbur olub ərizəni oxumadan imza etmişdir. Həmin ərizənin hansı tarixə yazıldığına da əhəmiyyət verməmişdir. O zaman “Mərkəzin” iki əməkdaşı Şahin Məmmədov və Fidan Həsənova bildirdi ki, 5 iş günü müddətində güya etik qaydalara uyğun olmayan hərəkətlər etmiş və müəssisədaxili qaydaları pozmuşdur və bu işinə görə xəbərdarlıq edilmişdir, həmin ərizə də üzrxaqlıq ərizəsidir. Hazırda ona deyirlər ki, “Mərkəzin” rəhbərliyinin ona imzalatdırdığı ərizə xx.xx.2020-ci il tarixində yazılıb və ərizənin məzmununda qeyd edilib ki, “yazıb sizdən xahiş edirəm ki, sürücülük maaşı (250) iki yüz əlli manat olduğuna görə və bu pulla ailəmin xərclərini, xəstə oğlumla qızımın müalicələrini təmin edə bilmədiyimə görə məni öz xahişimlə sürücü vəzifəsindən azad edəsiniz”. İddiaçı göstərilən ərizəni yazmamışdır və imzalamamışdır, kimin tərəfindən yazılıb imzalandığını bilmir. Bir neçə gündən sonra isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Gigiyena və Epidemologiya Mərkəzinin ” ƏHR N:713-K saylı xx.xx.2020 -ci il tarixli əmri ilə işdən azad edilib. Sonradan ona məlum olub ki, işdən azad olunmağının səbəbi onun evinin yanında quraşdırılan 132 nömrəli KTM elektrik Transformatorunun yaratdığı şüanın dərəcəsinin və səs küyün müəyyən edilməsi üçün ölçülməsini xahiş etməsidir. “Mərkəzin ” rəhbərliyi Şahin adlı şəxsi şüanın ölçülməsi üçün göndərmişdilər. Həmin şəxs onun iştirakı olmadan evin içində ölçü işlərini aparıb, halbuki, o ölçü işlərini evin çölündə stansiya ilə evin arasındakı məsafədə aparmalı idi. Onu da geyd edir ki, bu GEM-i tərəfindən keçirilmiş ikinci ekspertiza onun iştrakı olmadan olan saxta ekspertiza idi. Birincini Qaradağ rayon GEM-i onun ərizəsi əsasında onsuz keçirib. Lakin Şahin ölçü işlərini düz aparmadığına görə bu barədə Şahinə öz iradını bildirmişdir və bunun üstündə Şahin “Mərkəzin” rəhbəri Sara Həsənovaya onun barəsində yalan məlumat verib və onun işə qəbul olunmağı barədə Avtomobil Nəqliyyat Xidmətinin rəhbərini şantaj edib və bundan sonra “Mərkəzin” rəhbəri X1 Xidmətinin müdirini yanına çağırtdırıb və onu işə qəbul etdiyi üçün ərizəni yazıb işdən çıxartmağı tələb edib. O zaman Xidmətin rəisi onu yanına çağırtdırıb və əvvəlcədən yazılan ərizəni stolun üstünə qoyaraq imza etməyi tələb edib, sonra onu 103 TY-stansiyasına işə qəbul olmağa kömək köstərəcəyinə söz verib, əks təqdirdə onu “statya” ilə işdən kənarlaşdıracağını bildirib. İşdən azad olunmasına baxmayaraq, onun işlədiyi iş yeri hər hansı formada ixtisar edilməmişdir. Deməli müəssisə onu formal mülahizəyə əsasən işdən azad edib və onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi məqsədli xarakter daşıyır. İşdən azad olunmağı ilə əlaqədar əmrin surətini tələb etmişdir, lakin əmrin surətini ona təqdim etməyiblər ki, həmin əmrdən şikayət versin. Ona görə də ilk olaraq iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Nizami rayon Məhkəməsinin Qərardadı ilə iddia ərizəsi geri qaytarılıb və bildirilib ki, hazırda güvvədə olan “Mediasiya haqqında Qanuna” görə işin məhkəmədən əvvəl barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət göndərilməlidir. Ona görə də xx.xx.2021-ci il tarixli məktubla cavabdehə məsələnin barışıq yolu ilə həll edilməsi üçün dəvət göndərilib. Lakin cavabdeh təşkilat məsələnin həll edilməsi üçün dəvətə cavab verməyib. xx.xx.2021-ci il tarixində “İlkin Mediasiya” sessiyasında iştiraka dəvət olunmuşdur, lakin cavabdeh dəvətə cavab verməyib. Belə olan təqdirdə mübahisənin Məhkəmədə araşdırılması zərurəti yaranıb. “Mərkəz” onu Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad edib. Qeyd olunan hallar onu göstərir ki, onun işdən azad edilməsi qanunsuzdur və “Mərkəzin” rəhbərliyinin ona qarşı qərəzli olmasına dəlalət edir. İddiaçı işdən azad olunduqdan sonra onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə ediblər. Qeyd olunanlara əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemologiya Mərkəzi-nin xx.xx.2020-ci il 646K nömrəli əmrinin ləğv olunması, xəstə övladlarını, himayəsində ruhi xəstə olan bacısını nəzərə alaraq işə bərpa olunması və əsassız işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən bu vaxta qədər ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzinin xx.xx.2020-ci il N:713-K nömrəli əmrinin ləğv olunması, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 RHŞ avtobazasının təsərrüfat xidmətinə sürücü vəzifəsinə işə bərpa olunması, İddiaçı məcburi işburaxmaya görə əmr verilən xx.xx.2020-ci il tarixdən qətnamə çıxarılan 04 aprel 2022-ci il tarixinədək əmək haqqının ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 138 manatın Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkləmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən: Fikrət Mirzəyev). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 713-K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən İddiaçı müvafiq ərizəsinə istinadən xitam verilmişdir. İddiaçı iddiasının faktiki əsası kimi özünün formal və subyektiv mülahizələrinə istinad edərək göstərmişdir ki, guya o, işdən azad edilməsi barədə ərizəsini oxumadan imzalamışdır. Həmin ərizənin etik qaydalara uyğun olmayan hərəkətlər etməsi və müəssisədaxili qaydaları pozması ilə əlaqədar üzrxahlıq ərizəsi olduğunu zənn etmişdir. İddiaçı yuxarıda sözügedən iddia ərizəsinə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən yazılı etiraz mülahizələri məhkəməyə təqdim olunmuşdur. Sözügedən etiraz mülahizələrində Azərbaycan Respublikasının ƏM-nin 296-cı maddəsinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə istinad olunaraq hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülməsinə əsasən mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Qeyd edilməsi zəruridir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, o, qanunla müəyyən edilmiş müddəti ötürməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməsi zəruridir ki, iddia müddətinin ötürülməsi iddianı rədd etmək üçün müstəqil əsasdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi xahiş olunmuşdur. İddiaçı məhkəməyə verdiyi izahatında işdən azad olunması barədə əmrin surətinin ona verilmədiyinə və bu səbəbdən də məhkəməyə vaxtında müraciət edə bilmədiyinə istinad etmişdir. İddiaçının əmək kitabçasının əsli, eləcə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti X.İddiaçı sonuncu iş günündə ona təqdim edilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli, 713-k nömrəli əmrin surətinin ona təkrarən verilməsi barədə xx.xx.2021-ci il tarixdə yəni əmrin verildiyi tarixdən 10 ay 27 gün sonra müvafiq ərizə ilə Mərkəzə müraciət etmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verildiyini bilmiş, həmin tarixdən işə çıxmamış və ona bu tarixdən sonrakı aylarda ona əmək haqqı hesablanıb verilməmişdir. İddiaçı onun barəsində olan xx.xx.2020ci il tarixli əmri almamış olsa idi, onda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçən müddət ərzində əmrin surətinin ona verilməsi üçün Mərkəzə müraciət etmiş olardı. Lakin işin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək barəsində olan əmrin surətinin ona verilməsini xahiş etmişdir. İddiaçı barəsində olan əmrin surətini təkrarən əldə etmək üçün Mərkəzə müraciət etmişdir. İş materiallarından, eləcə də iş üzrə qəbul olunan məhkəmə qətnaməsinin məzmunundan görünür ki, məhkəmə iddianı təmin edərkən məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş audio diskin tərəflərin iştirakı ilə dinlənməsinə, həmin diskdə İddiaçıla Mərkəzin kadrlar şöbəsinin rəhbəri Ülkər Məmmədova arasında dialoqun öz əksini tapmasına, İddiaçı vəzifəli şəxsdən onun işdən çıxarılması barədə əmrin surətinin tələb edildiyinə, həmin şəxsin isə əmrin surətinin ona verilməsinin mümkün olmamasını qeyd etməsinə, əmrin surətinin ancaq məhkəmə sorğusu əsasında məhkəməyə göndərilməsinin bildirilməsinə istinad etmişdir. Daha sonra məhkəmə qətnaməsində göstərmişdir ki, həmin disk dinlənildikdən sonra verilən suala cavab olaraq cavabdehin məhkəmədə iştirak edən nümayəndəsi Nümayəndə bu günədək əmrin surətinin İddiaçı verilmədiyini bildirmiş və demişdir ki, “əmri poçt vasitəsi ilə göndərməmişlər ona görə ki, düşünmüşlər ki, sənəd itə bilər”. Nəzərə alınmalıdır ki, nümayəndənin suala cavabı iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsi əsasında əmrin surətinin ona verilməməsi və ya poçt vasitəsi ilə göndərilməməsi ilə əlaqədar olmuşdur. Hesab edirik ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəyə hüquqi qiymət verərkən prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İşə baxan apelyasiya məhkəməsi hazırkı mübahisəyə istinad etdiyi prosessual hüquq normalarını tətbiq edərkən kobud səhvə yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-cimaddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mübahisəyə bu prosessual hüquq normasını tətbiq edərkən yanlışlığa yol verməklə yanaşı, həmin Məcəllənin 80-ci, 81-ci, 88-ci, 95.2-ci və 217-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, mülki mühakimə icraatında sübutların aid edilməsini və sübutların mümkünlüyünü tənzimləyən Azərbaycan Respublikasının MPM-nin 80-civə 81-ci maddələrinin tələblərinə görə məhkəmə işin gedişində təqdim olunmuşancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin sübutların qiymətləndirilməsini ehtiva edən 88-ci maddəsinin tələbinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad olunan Məcəllənin 217-ci maddəsinin tələbinə görə məhkəmə qətnaməsi qanuni və əsaslı olmaqla yanaşı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşə baxan məhkəmə qanunsuz sübut olan audio diskdən istifadə etməklə Məcəllənin 95.2-ci maddəsinin tələbini də kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 95.2-ci maddəsinin tələbinə görə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halı sübut etmək üçün yuxarıda sözügedən normaların tələblərini pozmaqla gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadə etmiş, məhkəməisə heç bir hüquqi əsas olmadan həmin sübuta əsaslanmışdır. Bu audio diskdə olan səs yazısının Ülkər Məmmədovaya aidiyyatı, Ü.Məmmədovanın səsinin yazılmasına onun razılığının olub-olmaması, onun bu sübutdan istifadəyə razılığının olub olmamasına, məhkəmə tərəfindən əhəmiyyət verilməmiş, eləcə də səs yazısının tam olub olmaması aydınlaşdırılmamışdır. Heç də istisna deyildir ki, iddiaçıya əmrin surəti onun işdən azad edildiyi tarixdə verildiyindən onun müraciəti təkrarən bu əmrin surətinin əldə edilməsi ilə əlaqədar olmuşdur. Yuxarıda sözügedən xüsusatlarla yanaşı diqqətə çatdırmağı zəruri hesab edirik ki, iddiaçı əmək kitabçasının əslinin ona verildiyini qeyd etsə də barəsində olan əmrin surətinin ona verildiyini inkar etməklə iddia müddətinin ötürülmədiyini sübut etməyə cəhd göstərmişdir. İddiaçı iş üzrə ziddiyyətli, yəni biri digərini inkar edən izahatlar verdiyindən iddiaçının barəsində olan əmrin surətini almaması barədə izahatı mötəbər hesab edilə bilməz. Belə ki, xx.xx.2020-ci il tarixdə sürücü vəzifəsinə qəbul olunmuş iddiaçı bir tərəfdən izahatında işə qəbul olunduqdan 12 gün sonra Mərkəzin rəhbərinin onu otağına çağırmasına, stolun üstünə yazılı ərizəni qoyaraq imza etməsini ona bildirdiyinə, bu ərizəni, yəni işdən azad olunması barədə ərizəni imzalamaqdan imtina etdiyi təqdirdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılacağının bildirməsinə o, da müəssisənin rəhbərliyiilə konflikt yaratmaması üçün təklif edilən ərizəni imzalamasını göstərsə də daha sonra izahatında göstərmişdir ki, xidmətin rəisi (Mərkəzin avtobazanın təsərrüfat xidməti nəzərdə tutulur) onu yanına çağırtdırıb və əvvəlcədən yazılan ərizəni stolun üstünə qoyaraq imza etməyini tələb etdiyini göstərmişdir. İddiaçı bir tərəfdən işdən azad edilmə barədə ərizə yazmağa məcbur edildiyini iddia etsə də, sonradan izahatında guya imzaladığı ərizənin etik qaydalara uyğun olmayan hərəkətlər etməsi, müəssisə daxili qaydaları pozması ilə bağlı üzrxahlıq ərizəsi olduğunu qeyd etmişdir. Eyni ilə bir izahatında ərizəni imzalamadığını qeyd edən iddiaçı digər tərəfdən ərizə imzaladığının bildirir. Göründüyü kimi iddiaçının iddia ərizəsinin məzmunuilə izahatları biri biri ilə uzlaşmır ki, bu da onun izahatlarının mötəbər hesab edilməsini istisna edir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunan sübutlarla müəyyən edilməyən, özünün formal və subyektiv mülahizələrinə əsaslanaraq hesab etmişdir ki, guya xx.xx.2020-ci il tarixli ərizə iddiaçı tərəfindən imzalansa da onun iradə ifadəsini əks etdirmir. Nəzərə alınmalıdır ki, bu xüsusat işdə olan bu və ya digər sübutla təsdiq olunmur. Məhkəmə hazırkı mübahisəyə hüququn tətbiqində və tətbiq etdiyi hüququn təvsirində yanlışlığa yol vermiş və beləliklə dəiş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” RHŞ avtobazasının təsərrüfat xidmətinə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən (öz xahişi ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 rəhbəri Sara Həsənovaya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, “Yazıb sizdən xahiş edirəm ki, sürücülük maaşı (250) iki yüz əlli manat olduğuna görə və bu pulla ailəmin xərclərini, xəstə oğlumla qızımın müalicəsini təmin edə bilmədiyimə görə məni öz xoşumla sürücülük vəzifəsindən azad edəsiniz”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkləmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, həmin ərizədə “İddiaçı yazıları qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 rəhbəri Sara Həsənovaya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin mətni İddiaçı tərəfindən imzalanmamışdır” İddiaçı tərəfindən “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 rəhbəri Sara Həsənovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 713K nömrəli xx.xx.2020-ci il tarixli əmrin qanunsuz olduğunu bildirərək ləğv olunmasını xahiş etmiş, əks təqdirdə işin məhkəmə araşdırılması ilə əlaqədar həmin əmrin surətinin ona verilməsini tələb etmişdir. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, işçi yalnız öz iradəsinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər. Əgər əmək müqaviləsinə xitam verilməsi barədə ərizə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə yazılmışdırsa və ya imzalatdırılmışsa həmin ərizə onunla bağlanmış müqaviləyə xitam verilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən iddiaçının iddia tələbində ərizəni işəgötürənin (cavabdehin) məcburiyyət təsiri altında imzalaması ilə yanaşı, həm də Xİdmət rəisinin onu 103 TY-stansiyasına işə qəbul olunacağına kömək etməsi müqabilində işdən çıxarılmasını qeyd etdiyini nəzərə almamışdır. İddiaçı müqaviləni imza etməyə məcbur edilməsini onunla əsaslandırır ki, “işdən azad olunmağının səbəbi onun evinin yanında quraşdırılan 132 nömrəli KTM elektrik Transformatorunun yaratdığı şüanın dərəcəsinin və səs küyün müəyyən edilməsi üçün ölçülməsini xahiş etməsidir. “Mərkəzin ” rəhbərliyi Şahin adlı şəxsi şüanın ölçülməsi üçün göndərmişdilər. Həmin şəxs onun iştirakı olmadan evin içində ölçü işlərini aparıb, halbuki, o ölçü işlərini evin çölündə stansiya ilə evin arasındakı məsafədə aparmalı idi. GEM-i tərəfindən keçirilmiş ikinci ekspertiza onun iştrakı olmadan olan saxta ekspertiza idi. Birincini Qaradağ rayon GEM-i onun ərizəsi əsasında onsuz keçirib. Lakin, Şahin ölçü işlərini düz aparmadığına görə bu barədə Şahinə öz iradını bildirmişdir və bunun üstündə Şahin “Mərkəzin” rəhbəri Sara Həsənovaya onun barəsində yalan məlumat verib və onun işə qəbul olunmağı barədə Avtomobil Nəqliyyat Xidmətinin rəhbərini şantaj edib və bundan sonra “Mərkəzin” rəhbəri X1 Xidmətinin müdirini yanına çağırtdırıb və onu işə qəbul etdiyi üçün ərizəni yazıb işdən çıxartmağı tələb edib.”. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının iddia tələbində ziddiyyətli mövqe nümayiş etdirməsi onun ərizəni məcburiyyət təsiri altında imzalamasında səmimi olmadığını göstərir. Bundan başqa, iş materiallarında da iddiaçının (işçinin) işdən çıxma barədə ərizəsini məcburiyyət təsiri altında imzalamasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi işdən çıxma barədə ərizənin iddiaçının iradə ifadəsini əks etdirməməsini ərizənin mətninin iddiaçı tərəfindən yazılmaması barədə xətşünaslıq ekspertizasının rəyinin olması, işə qəbulla işdən çıxarılma müddətinin cəmi 12 gün olması, məhkəmə araşdırması bitdiyi tarixədək mübahisələndirilən əmrin iddiaçıya rəsmi qaydada (şəxsən və ya poçt vasitəsi ilə) təqdim edilməməsi və onun verilməsindən imtina olunması, eləcə də İddiaçı himayəsində xəstə övladları olmaqla maddi durumunun çox pis olması ilə əlaqədar başqa iş tapmadan işdən çıxma barədə ərizə verməsinin inandırıcı olmaması kimi halların mövcudluğu ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə bağlı vurğulayır ki, sadalanan hallar işdən çıxma barədə ərizənin məcburiyyət təsiri altında imzalanmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, ərizənin işəgötürənin (cavabdehin) hədə-qorxu və məcburiyyət tətbiq etməsi nəticəsində imzalanmasını birbaşa göstərən hər hansı sübut iş materiallarında mövcud deyildir. Həmçinin məhkəmə iddiaçının işdən çıxmasını ona 103 TY-stansiyasına işə qəbul olunacağı vədinə inanması ilə izah etməsinə də qiymət verməmişdir. Bu müstəvidən yanaşıldıqda da, iddiaçının 103 TY-stansiyasına işə qəbul olunması məqsədilə hazırki işindən çıxması prezumpsiyasını da irəli sürmək olardı. Lakin, kollegiya qeyd edir ki, sadalanan ziddiyyətli halların heç biri işdən çıxma barədə ərizənin iddiaçının iradəsini ifadə etmədiyini təsdiq etmir. Qeyd edilən hallarla bağlı sübutetmə yükü iddiaçıya aid olduğundan, həmin halların həqiqətən də mövcudluğunu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iş materiallarında həmin halları təsdiq edən mötəbər sübutun məhkəməyə iddiaçı tərəfindən təqdim edilməsi görünmür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə kollegiyası həmçinin iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirərək qeyd edir ki, məhkəmə mübahisəyə iddia müddətini tətbiq etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən normaya istinad etsə də, həmin normanı işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, həmin müddəaya əsasən hüquqi mahiyyətinə görə işçiyə əmrin verilməsi əslində onun həmin tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar edilməsi məqsədini daşıyır. İş materiallarından görünür ki, iddiaçı əmək kitabçasını almış və əmək kitabçasının surətini iddia ərizəsinə qoşma kimi əlavə etmişdir. Həmin əmək kitabçasına nəzər yetirdikdə görmək olar ki, iddiaçının əmək müqaviləsinə №713-k saylı əmrlə, xx.xx.2020-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, iddiaçı əmək müqaviləsini almaqla həm də işdən çıxması barədə əmrin verilməsindən xəbərdar olmuşdur. Bundan başqa, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verildiyindən, həmin tarixdən işçiyə sonrakı aylarda əmək haqqı hesablanıb verilməmişdir. İddiaçıya sonradan həm də əmrin təqdim edilməsi onun işdən çıxarılması ilə bağlı əmrin verilməsi ilə bağlı xəbərdar edilməsində hər hansı dəyişikliyə səbəb olmayacaqdı. Birinci instansiya məhkəməsi əmrin iddiaçıya verilməsi məsələsi ilə bağlı iş materiallarında olan diskə istinad edərək qeyd etmişdir ki, “Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş audio-disk tərəflərin iştirakı ilə dinlənilmişdir. Həmin diskdə İddiaçıla cavabdeh müəssisənin kadrlar şöbəsinin rəisi Ülkər Məmmədova arasında olan dialoq öz əksini tapmışdır. İddiaçı vəzifəli şəxsdən onun işdən çıxarılması barədə əmrin surətini tələb edir. Həmin şəxs cavabında bildirir ki,əmrin surətini ona verə bilməz. Ancaq məhkəmə sorğu verərsə məhkəməyə göndərilə bilər.” Kollegiya qeyd edir ki, iş materiallarında olan CD daşıyıcıya baxış keçirilərkən müəyyən edilmişdir ki, oradakı şəxslərin üzləri görünmür, həmin audio yazı cavabdehin razılığı olmadan əslində gizli olaraq aparılmışdır. Belə olan halda həmin videoyazının sübut kimi qiymətləndirilməsi və ona istinad edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətinə etirazında bildirmişdir ki, ona vəd edilən 103 TY stansiyasında işə qəbul olunacağını 1 ay gözləmiş, daha sonra ona öz ərizəsi ilə işdən çıxması bildirilmişdir. Lakin, kollegiya iclasında verdiyi izahatında iddiaçı təxminən 2-3 ay sonra ona 103 TY stansiyasına işə qəbul ediləcəyini vəd edən Yaşar adlı şəxsin ölməsini öyrəndiyini bildirmişdir. Kollegiya bununla bağlı vurğulayır ki, qeyd edilən halların doğru olması ehtimal edilərsə, iddiaçı 103 TY stansiyasında işə qəbulla bağlı vədin yalan olmasını 2-3 ay sonra başa düşməsi düşünüldükdə, lakin buna baxmayaraq iddia ərizəsi ilə məhkəməyə bu hadisədən də təxminən 10 ay sonra müraciət etmişdir. İddiaçı qeyd etdiyi kimi başqa işə qəbul olunmamasını anladığı vaxtdan sonrakı 10 ay müddətində də məhkəməyə müraciət etməməsinin səbəblərinə əsaslı aydınlıq gətirə bilməmişdir. Kollegiya iclasında verdiyi izahatında iddiaçı bu halı pandemiya olması və övladının xəstə olması ilə izah etməyə çalışmışdır. Lakin, kollegiya hesab edir ki, həmin hallar 10 ay ərzində məhkəməyə ərizə ilə müraciət etməyə mane olan hal kimi qəbul edilə bilməz. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, barışıq üçün imkanlar yaradılmış, cavabdeh tərəf iddiaçını yenidən işə götürməyə razı olduğunu bildirsə də, lakin iddiaçı cari tarixdən işə götürülməsinə razılaşmamış, onun işdən azad edildiyi tarixlə işə bərpa edilməsini istəmiş, buna görə də barışıq əldə etmək mümkün olmamışdır. Kollegiya birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tutulması ilə bağlı qeyd edir ki, hazırda iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul iddiaçıdan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlilə yuxarıda sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia müddətini ötürməklə yanaşı, iddiaçı iddia tələbinin əsası kimi yazılmış və məhkəmə prosesində səsləndirilmiş ziddiyyətli hallara istinad etdiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: yuxarıda sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia müddətini ötürməklə yanaşı, iddiaçı iddia tələbinin əsası kimi yazılmış və məhkəmə prosesində səsləndirilmiş ziddiyyətli hallara istinad etdiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 138 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkləmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4379/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4379/2022
24.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver