Məhkəmə qərarları › İş №2(103)-438/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-438/2022

13.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-438/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 Əlimərdan oğlunun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğluna qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2028/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, Bakı şəhər keçmiş X10 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 saylı qərarına əsasən, İddiaçı ana nənəsi X4 74 saylı Bağ Tikinti Kooperativinin üzvü kimi Ləhiş qəsəbəsində, sahəsi 0,12 ha olan 1354-a-34 saylı bağın ayrılması barədə 15 iyul 1989-cu il tarixli order verilmişdir. X6 23 iyul 2007-ci il tarixdə vəfat etmiş və həmin torpaq sahəsi onun vərəsəsi İddiaçı anası X7 mülkiyyətinə keçmiş, İddiaçı anası isə öz növbəsində həmin torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. Həmin bağ sahəsi mülkiyyət hüququ əsasında iddiaçı Elnura Məmmədova məxsusdur. Həmin torpaq sahəsinə cavabdehlər tərəfindən müdaxilə edilmiş, müəyyən tikinti materialları yerləşdirilərək tikinti işlərinin aparılmasına cəhd edilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1354a-34 saylı bağ sahəsi tam paylı mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat mömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

3. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, X8 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1354a-34 saylı 0,12 ha torpaq sahəsini tam mülkiyyət üzrə oğlu İddiaçı bağışlamışdır.

4. İş materiallarında olan “Bağ sahəsinin, tikintinin uzunmüddətli icarəyə verilməsi haqqında” 15732 saylı, xx.xx.1977-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 112 nömrəli bağ sahəsi Bakı şəhər İctaiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən X5 icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 üzərinə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1354a-34 saylı bağ sahəsindən özbaşına qaydada yerləşdirdiyi tikinti maetriallarını götürməklə boşaldılması vəzifəsinin qoyulması və cavabdehə iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinə qəsd edən istənilən hərəkətlərin qadağa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1354a-34 saylı bağ sahəsi İddiaçı şəxsi mülkiyyətindədir. Hələ Bakı şəhər keçmiş X10 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 saylı qərarına əsasən, iddiaçının ana nənəsi X4 74 saylı Bağ Tikinti Kooperativinin üzvü kimi Ləhiş qəsəbəsində sahəsi 0,12 ha olan 1354-a-34 saylı bağın ayrılması barədə 15 iyul 1989-cu il tarixli order verilmişdir. X6 23 iyul 2007-ci il tarixdə vəfat etmiş və həmin torpaq sahəsi onun vərəsəsi iddiaçının anası X7 mülkiyyətinə keçmişdir. İddiaçının anası öz növbəsində həmin torpaq sahəsini oğlu iddiaçıya bağışlamışdır. Beləliklə, hələ 1989-cu il tarixdən mübahisəli torpaq sahəsi onun ailəsinin əvvəlcə istifadəsində, sonra isə mülkiyyətində olmuşdur. 2019-cu ilin sonlarında cavabdeh ona məxsus torpaq sahəsinə tikinti üçün istifadə edilən daşlar (mişar daşları) tökmüşdür. O, ona məxsus bağ sahəsini boşaltmaq istədikdə cavabdeh sahəyə gələrək orda münaqişə törədir və torpağın boşaldılmasına imkan vermir. Bununla bağlı onun nümayəndəsi kimi anası X1 RPİ-nin 15-ci PB-nə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutma) cinayət işinin başlanılması barədə ərizə ilə müraciət etmişdir. 13 dekabr 2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla ərizəsi təmin edilməmiş və ona mülki icraat qaydasında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

7. İşə Bakı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılarkən, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlunun üzərinə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, 1354a-34 saylı bağ sahəsindən özbaşına qaydada yerləşdirdiyi tikinti materiallarının götürülməsi vəzifəsinin qoyulması və cavabdehə iddiaçının mülkiyyətinə qəsd edən istənilən hərəkətlərin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-2028/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva), cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlimərdan oğlunun və onlara məxsus tikinti materialları Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1354a- 34 saylı bağ sahəsindən çıxarılması, cavabdehlərə iddaçının mülkiyyət hüquqlarını pozan hərəkətlərin edilməsinin qadağan edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır və cavabdehlər həmin torpaq sahəsinə sahiblik edir. Lakin torpaq sahəsinə cavabdehlər tərəfindən edilən müdaxilə qanunsuzdur. Belə ki, cavabdehlər sözügedən torpaq sahəsinin onlara məxsus olduğunu iddia etsələr də, onların sözügedən torpağa dair mülkiyyətini təsdiq edən sənədi yoxdur. Cavabdehlərin istinad etdiyi sənəd 1354 a-34 saylı bağ sahəsinə yox, 112 saylı bağ sahəsinədir və cavabdehlərin özünə yox, Cavabdeh2 atası X3 adınadır. İddiaçının mülkiyyət hüquqları isə mübahisələndirilməmiş və onun torpaq sahəsi üzərində mülkiyyətini təsdiq edən sənəd, yəni çıxarış hazırda qüvvədədir.

10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 13545a-34 saylı bağ sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlunun qanunsuz sahibliyindən geri alınmalı və cavabdehlər mübahisəli torpaq sahəsindən çıxarılmalıdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53, 152.1, 157.2, Mülki Prosessual Məcəllənin 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlu ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. a) Apelyasiya şikayətinin dəlilləri:

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlu apelyasiya şikayətlərində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişlər.

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətlərində göstərilmişdir ki, birinci instansiya məhkəməsi necə müəyyən etmişdir ki, onların faktiki sahibliyi həyata keçirdikləri torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əhatə dairəsinə düşür. İş materiallarına diqqət etdikdə məhkəmənin bu qənaətinin heç bir sübutla təsdiq edilmədiyi məlum olur. Halbuki, onların sahibliyində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur, iddiaçının torpaq sahəsi onların torpaq sahəsindən 2 km aralıda yerləşir. Məhkəmə mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmalı idi. Bunun üçün məhkəmə tərəfindən texniki-tikinti ekspertizası təyin edilməli, onların iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edib-etmədikləri müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmadan heç bir sübuta söykənməyən hal müəyyən etmişdir. Bu da kobud maddi hüquq normasının pozuntusu sayılır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Əlimərdan oğlunun nümayəndəsi və vəkili Vəkil2 verilmiş apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi.

18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlu məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiklərindən, qətnamə bütövlükdə yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyası

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

27. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 30 Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

32. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

33. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

34. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

35. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.

36. Maddə 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

41. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 13545a-34 saylı bağ sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlunun qanunsuz sahibliyindən geri alınmalı və cavabdehlər mübahisəli torpaq sahəsindən çıxarılmalıdır.

50. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslıdır.

51. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, onların sahibliyində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur, iddiaçının torpaq sahəsi onların torpaq sahəsindən 2 km aralıda yerləşir. Məhkəmə mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmalı idi. Bunun üçün məhkəmə tərəfindən texniki-tikinti ekspertizası təyin edilməli, onların iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edib-etmədikləri müəyyən edilməlidir.

52. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir.

53. Belə ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, 1354a- 34 saylı bağ sahəsinin, Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlunun hazırda sahibliyində olan bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

54. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları (plan və ölçü sənədində göstərilən) naturada göstərilən sahəyə uyğundur. Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlunun hazırda sahibləndiyi ərazi İddiaçı mülkiyyətində olan ünvan 1 ilə üst-üstə düşür.

55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə mühəndis-texniki ekspertizasının 10/3590 saylı, 28 oktyabr 2022-ci il tarixli rəyindən göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********91 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatlarının (plan və ölçü sənədində göstərilən) naturada göstərilən sahəyə uyğun olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, Cavabdeh1 və Cavabdeh2 Əlimərdan oğlunun hazırda sahibləndiyi ərazinin İddiaçı mülkiyyətində olan ünvan 1 ilə üst-üstə düşdüyü müəyyən edilir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər, onların sahibliyində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyatının olmaması, iddiaçının torpaq sahəsinin onların torpaq sahəsindən 2 km aralıda yerləşməsi barədə mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişlər.

57. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlilləri əsassızdır.

59. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

61. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 Əlimərdan oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2028/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar