Məhkəmə qərarları › İş №2(103)-438/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-438/2025

21.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-438/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-254/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X27 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən cavabdehlər X7 və Cavabdeh2, torpaq sahəsində olan bir mərtəbəli evdən cavabdeh X7 və iki mərtəbəli evdən Cavabdeh2 çıxarılmasına, evlərin və ərazinin boşaldılmasın, torpaq sahəsinin və evlərin onun qanuni sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X27 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona 0,08 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsində şəxsi vəsaiti hesabına iki fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edirlər, evlərdə qanunsuz yaşayırlar, onların torpaq sahəsinə və evlərə heç bir hüququ yoxdur, bu da onun sahiblik, istifadə hüquqlarını pozur.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-254/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Adilə Paşayeva) ilə iddia tələbi təmin edilməmişdir.

4. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilmədiyi, tam və obyektiv araşdırma aparılmadığı, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini göstərilmiş, bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və onu müdafiə edərək təmin edilməsini xahiş etdi. Nümayəndə əlavə olaraq da izahatında göstərdi ki, iddiaçı və onun qardaşının aldıqları həmin torpaq sahələri yanaşı olmuşdur və bu əsasla da iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə yeri və cavabdehlərin də məhz həmin torpaq sahəsində məskunlaşmaları asanlıqla müəyyən edilə bilərdi, lakin rayon məhkəməsi onların bu dəlilərini yoxlamaqdan əsassız olaraq imtina etmişdir. Onların təqdim etdikləri mütəxəssis rəyində də torpaqların üst-üstə düşdüyü, daha doğrusu cavabdehlərin zəbt etdikləri torpaq sahəsinin iddiaçının iddia etdiyi sahə olduğu müəyyən olunmuşdur. Həmçinin onların vəsatəti əsasında təyin edilən əlavə ekspertiza nəticəsində verilən rəy ilə də cavabdehlərin məskunlaşdıqları tikililərin iddiaçıya məxsus torpaq sahəsində olduğu müəyyən edilmişdir. Eləcə də müəyyən olunmuşdur ki, cavabdehlərin iddiaçıya məxsus torpaq və tikilidə qalmasına və istifadə etmələrinə haqq qazandıran hər hansı hüquqi əsas mövcud deyildir. Odur ki, ayrılıqda iddia tələblərinin təmin edilməsini xahiş etdilər.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli F311 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X27 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrə əsasən İddiaçı fərdi ev tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır.

11. "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X3 adına verdiyi xx.xx.2012-ci və xx.xx.2020-ci il tarixli etibarnamələrə xitam verilmişdir.

12. İddiaçının Cavabdeh1 xx.xx.2023-cü ildə ünvanladığı təklifindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən, torpaq sahəsindən olan bir mərtəbəli evdən 10 gün müddətində çıxmağı, evi və ərazini boşaltmağı, torpaq sahəsini və evi onun qanuni sahibliyinə qaytarmağı təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.

13. İddiaçının Cavabdeh2 xx.xx.2023-cü ildə ünvanladığı təklifindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən, torpaq sahəsindən olan iki mərtəbəli evdən 10 gün müddətində çıxmağı, evi və ərazini boşaltmağı, torpaq sahəsini və evi onun qanuni sahibliyinə qaytarmağı təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.

14. 27.08.2023-cü il tarixli aktı ilə X14, X11 və X18 tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M. Müşfiq küçəsində (yeni) qonşuluqlarındakı 800 kv.m torpaq və üzərindəki tikililər 2008-ci ildə X8 tərəfindən tikilmiş və ona məxsus olması təsdiq edilir. Mövcud sənədlərə əsasən də, torpağın arxiv arayışı və sənədlər İddiaçı adınadır.

15. Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X27 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəsisslərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0,08 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır.

16. Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X27 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəsisslərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X4 0,08 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır.

17. 25.02.2000-ci il tarixli "Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt"dan görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi yer üzərində ara nişanlar ayrılaraq vətəndaşa daim istifadə üçün təhkim edilmişdir.

18. Bakı Şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli "Payın alqı-satqı müqaviləsi"ndən satıcı X12 "xxxx" MTKnın 39% ilk payından 7% ilk payı alıcı İddiaçı 1 manata satdığı, alıcı İddiaçı həmin 7% ilk payı 1 manata aldığı, qalan 32%-lik payı X3 mülkiyyətində qaldığı görünür.

19. Sabunçu Rayaon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndiliyinin xx.xx.2023-cü il tarixli 5-18-5/2-5478/2023 nömrəli məktubundan görünür ki, Abşeron İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X27 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 06 nömrəli əmri ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu, rayonu, Ramana Südçüliik sovxozu adlanan ərazidə (Mikayıl Müşviq küçəsində) yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş nömrəsiz fərdi yaşayış evlərinə Maştağa qesəbə nümayəndəliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş, Maştağa qəsəbəsi, Mikayıl Müşviq küçəsi ünvanında həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində Cavabdeh1, X2, X9, Cavabdeh2 qeydiyyatsız yaşayırlar.

20. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8170 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmin torpaq sahəsinin koordinatlar üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RlH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmçinin, torpaq sahəsinin faktiki texniki parametrləri ilə Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə qeyd olunan parametrlər arasında uyğunsuzluq olduğundan (torpaq sahəsinin faktiki eni 18,6 metr, sənəd üzrə 21,2 metr) həmin torpaq sahəsinin koordinatlar üzrə hüdudlarına cavabdeh X22 və ya digədəri tərəfindən hər hansı bir müdaxilə olunub-olunmamasının müəyyən edilməsi mümkün olmamışdır.

21. "xxxx" MTK-nın sədri X12 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MTK-nın 3T saylı xx.xx.2021-ci il tarixli ümumi yığıncağının protokolu ilə müəyyən edilmiş qaydada "xxxx" qismində İddiaçı tərəfindən MTK-nın tikinti-inşaat işlərinin yerinə yetirilməsi üçün maliyyə sərfiyyatı etmişdir.

22. İddiaçı tərəfin təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2024-cü il mütəxəssis rəyinə görə, İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatları Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 091/2024 nömrəli məktubunda olan koordinatlarla eynilik təşkil edir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-6014/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə əlavə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

24. Abşeron RİH-in xx.xx.1995-ci il tarixli Sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə DDKTM-in xx.xx.2000-ci il tarixli 06№-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0.08 ha. torpaq sahəsinin sərhədləri dəqiqləşdirilsin və iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin eyni iddiaçıya ayrılmış sahə olub-olmaması müəyyən edilsin.

25. X1 xx.xx.2024-cü il tarixli, 195 nömrəli mütəxəssis rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekpertiza tədqiqatına təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Abşeron RİH-in xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə DDKTM-in xx.xx.2000-ci il tarixli 06 №-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış 0,08 ha (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən edilir. Rəyə plan-sxem və foto cədvəl əlavə olunur. Tətbiq edilən maddi hüquq normaları:

26. Azərbaycan Respublikasinin Konstitusiyası

27. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

30. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;

35. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

36. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

46. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

47. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

50. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

51. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

52. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

53. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

56. Belə ki, iddia tələbini təmin etməyən rayon məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş sənədlərlə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması təsdiq olunsa da, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin iddiaçıya məxsus həmin torpaq sahəsi olması sübuta yetirilməmişdir. İddiaçı istifadəsinə verilmiş 0,08 ha torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən, təsdiq olunmuş cizgi tərtib edilməmişdir. Edilmişdirsə də, məhkəməyə təqdim olunmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər mübahisəli evin tikintisində iştirak etmiş olsalar da, mübahisəli hal olan məhz həmin evin cavabdehlər tərəfindən zəbt olunması onların ifadəsində öz təsdiqini tapmamışdır.

57. ...İddiaçı ona ayrılmış 0,08 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini sübuta yetirə bilmədi, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir.

59. İddia tələbini təmin etməyən rayon məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmin torpaq sahəsinin koordinatlar üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RlH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmçinin, torpaq sahəsinin faktiki texniki parametrləri ilə Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə qeyd olunan parametrlər arasında uyğunsuzluq olduğundan (torpaq sahəsinin faktiki eni 18,6 metr, sənəd üzrə 21,2 metr) həmin torpaq sahəsinin koordinatlar üzrə hüdudlarına cavabdeh X22 və ya digərləri tərəfindən hər hansı bir müdaxilə olunub-olunmamasının müəyyən edilməsi mümkün olmamışdır.

60. Göründüyü kimi, rəy natamamdır, demək olar ki, işin tam və hərtərəfli həlli üçün zəruri suallara cavab verilməmişdir.

61. İddiaçı tərəfindən rayon məhkəməsində əlavə ekspertiza keçirilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir.

62. MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

63. Məhkəmə kollegiyası hazırkı iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi üçün xx.xx.2024-cü il tarixli qərardad ilə hazırkı mülki iş üzrə əlavə məhkəmə-tikinti ekspertizası təyin etmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Abşeron RİH-in xx.xx.1995-ci il tarixli Sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə DDKTM-in xx.xx.2000-ci il tarixli 06№-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0.08 ha. torpaq sahəsinin sərhədləri dəqiqləşdirilsin və iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin eyni iddiaçıya ayrılmış sahə olub-olmaması müəyyən edilsin.

64. X1 xx.xx.2024-cü il tarixli, 195 nömrəli mütəxəssis rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekpertiza tədqiqatına təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Abşeron RİH-in xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə DDKTM-in xx.xx.2000-ci il tarixli 06 №-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış 0,08 ha (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən edilir. Rəyə plan-sxem və foto cədvəl əlavə olunur.

65. Yuxarıda qeyd edilən mütəxəssis rəyinə əsasən, Abşeron RİH-in xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə DDKTM-in xx.xx.2000-ci il tarixli 06 №-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış 0,08 ha (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən edilmişdir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, ...mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

67. Həmçinin Qərarda göstərilir ki, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

68. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ qanunla qorunur.

69. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələblərinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

74. Beləliklə, kollegiya hesab edir ki, mübahisələndirilən torpaq sahəsi Abşeron RİH-in xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə DDKTM-in xx.xx.2000-ci il tarixli 06 №-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış 0,08 ha (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən olunduğundan, cavabdehlərin həmin torpaq sahəsi və tikilidə məskunlaşması və istifadə etmələri üçün hər hansı bir hüquqi əsas (icarə, kirayə və ya hər hansı başqa bir razılaşma) müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

75. Məhkəmə kollegiyası iddiaya etiraz edən cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində olan tikililərdə yerləşməsi ilə bağlı iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərlə əlaqədar irəli sürdükləri dəlillərə gəldikdə isə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər hər biri mülki hüququn müstəqil subyektləridir. Bu baxımdan da cavabdehlərlə iddiaçının arasında onların bilavasitə iddiaçıya məxsus torpaq sahəsi və tikilidə yerləşmələrinə dair hər hansı razılaşmanın olması (icarə, kirayə və ya hər hansı başqa bir razılaşma) müəyyən edilmədiyindən, iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərin hazırkı mübahisənin həlli ilə bağlı hər hansı hüquqi əhəmiyyəti yoxdur.

76. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

79. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

80. Qeyd edilən Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsində olan bir mərtəbəli evdən cavabdeh X15 və iki mərtəbəli evdən Cavabdeh2 çıxarılmalı, torpaq sahəsi və evlər boşaldılaraq iddiaçının sahibliyinə qaytarılmalıdır.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

83. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150 manat) 150 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatları xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

84. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-254/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsində olan bir mərtəbəli evdən cavabdeh X15 və iki mərtəbəli evdən Cavabdeh2 çıxarılsın, torpaq sahəsi və evlər boşaldılaraq İddiaçı sahibliyinə qaytarılsın. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150 manat) 150 (yüz əlli) manat cavabdehlər cavabdehlər X15 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər X15 və Cavabdeh2 müştərək qaydada tutularaq X6, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 400 (dörd yüz) manat xərc cavabdehlər X15 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 (VÖEN **********, İBAN: AZ94BRES**********474602201, "xxxx" ASC-nin “Nərimanov” filialı, kodu: 513489, M/h: AZ80NABZ********************, SWİFT:BRESAZ22) hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar