Məhkəmə qərarları › İş №2(103)-4383/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4383/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4383/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdeh X1 qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 256,35 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC-nin arasında xx.xx.2016-cı il tarixdə “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC üzərinə öhdəlik götürmüşdür ki, istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün hüquqi xidmət göstərəcək. Müqavilənin 5.1.1-ci bəndinə görə pul (borcların) yığılması (qaytarılması) halında bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərdən) cəmi 15 faiz nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəniləcəkdir. Hazırda iddiaçı iddia edir ki, iddiaçı ilə cavabdehin arasında xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh öhdıliklərini yerinə yetirməmiş, bu səbəbdən iddiaçı borcun tutulması üçün məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli, 2(006)-4073/2021 nömrəli qətnamə qəbul edilmişdir. "xxxx" MMC cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam şəkildə geri ödətdirilməsini təmin etmişdir. 1.709 manat vəsaitin ödənilməsi "xxxx" MMC-nin vasitəsilə təmin edildiyinə görə iddiaçı tərəfindən həmin MMC-yə bu məbləğin 15 faizi, yəni 256,35 manat xidmət haqqı ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsində öhdəliyə verilmiş anlayışda qeyd olunub: “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə ... xidmətlər göstərməli...” Göründüyü kimi, xidmət göstərilməsi öhdəlik hesab olunur, ona görə də iddiaçı ilə "xxxx" MMC-nin arasında xx.xx.2016-cı il tarixdə “Hüquqi xidmət haqqında” müqavilə bağlanması qanuna uyğundur. Lakin iddia 3 səbəbdən əsassızdır. Birinci, xidmət – hərəkətdə ifadə olunur. "xxxx" MMC-nin iddiaçıya göstərdiyi xidmətin konkret olaraq hansı hərəkətdə ifadə olunması iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sübutlardan aydın deyil. İddiaçı iddia edir ki, "xxxx" MMC cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam şəkildə geri ödətdirilməsini təmin etmişdir. Lakin hər hansı orqana hər hansı müraciətin edilməsi barədə sübut iş materiallarında yoxdur. İkinci, xidmət – istənilən hərəkətdə deyil, sifarişçinin tələbatının təmin edilməsi üçün zəruri olan hərəkətdə ifadə olunur. Borcun tutulması barədə qətnamə var, qətnamənin məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (“İcra haqqında” Qanunun, maddə 2.1). Odur ki, qətnamənin icrası üçün iddiaçının (tələbkarın) "xxxx" MMC-nin xidmətindən istifadə etməsinə tələbatın hansı zərurətdən yaranması təqdim edilən sübutlardan aydın deyil. Üçüncü, 256,35 manat xidmət haqqının iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənildiyini təsdiq edən sübut təqdim edilməyib. Maliyyə arayışı təqdim edilsə də, bu arayış iddiaçının özü tərəfindən tərtib və təsdiq olunub. “Mühasibat uçotu haqqında” Qanunun tələbləri baxımından bir hüquqi şəxs digər hüquqi şəxsə ödəniş edərkən onun əsası, tarixi, miqdarı və s. mühasibat uçot sənədlərində əksini tapmalıdır. Belə sənəd iş materiallarında yoxdur. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar