Məhkəmə qərarları › İş №2(103)-4383/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4383/2025

24.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4383/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 və X19 cəlb edilməklə Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) X27 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 nümayəndəsi X6, Cavabdeh, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1410/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü X20 və 02 avqust 2022-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.

2. Bakı şəhər Deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 18 yanvar 1967-ci il tarixli 47537 nömrəli orderin surətindən görünür ki, 8 km qəsəbəsi 811 -ci keçid (hazırda C.Naxçıvanski küçəsi) ev 11, mənzil 49 X21 verilmişdir. Ailə üzvləri X20, X17.

3. Nizami Rayon icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 98 nömrəli sərəncamın surətindən görünür ki, C.Naxçıvanski küçəsi, 11 nömrəli evin yaşayış sahəsi 30,67 kv.m olan, 2 otaqlı, 49-cu mənzilin kirayə müqaviləsi 4 nəfər ailə tərkibi ilə (özü, 2 bacısı, qardaşı) Cavabdeh adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi və s. qərara alınmışdır.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1999/2012 nömrəli, 29 avqust 2012-ci il tarixli qətnaməsindən görünür ki, X6 və X11 Bakı şəhəri, Nizami rayonu. Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə istifadə hüquqları tanınmışdır.

5. Nizami rayonu MKTB-nin 76 sayiı MKİS tərəfindən verilmiş 14 fevral 2024cü il tarixli, 130 nömrəli arayışdan görünür ki, C Naxçıvanski 11 sayli evin 49 nömrəli mənzili 18 yanvar 1967-ci ildə 47537 nömrəli orderlə Bakı şəhər Deputatlar şurasının İcra Komitəsi tərəfindən X21 verilmişdir. Orderdə adı olan digər ailə üzvləri: X20 (vəfat edib), X26 (vəfat edib). 04 aprel 2000-ci il tarixdə 30/164184 nömrəli orcerlə X7 adına keçirilmişdir. 2018-ci il tarixdən ******* nömrəli çıxarışla mənzil məhkəmə qərarı ilə Cavabdeh adına keçmişdir.

6. Səlahiyyətli orqanlara ünvanlanmış 08 yanvar 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X19 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmir.

7. Səlahiyyətli orqanlara ünvanlanmış 09 fevral 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X15 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmir.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 51,9 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh adına qeydiyyata alınmışdır.

9. 25.09.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X15 xx.xx.2018-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 8İ-6950 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə verib. Fikrini dəyişdiyi üçün yuxarıda qeyd edilən ərizədən imtina edir.

10. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh, İddiaçı, 16 avqust 2020-ci il təvəllüdlü X20, 02 avqust 2022-ci il təvəllüdlü X8, X15 və X19 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə hazırlıq iclasında X15 və X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişdir.

13. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehlə 19 fevral 2019-cu il tarixində nikaha daxil olub. Əri Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinin mülkiyyətçisidir. Həmin evdə yaşamağı ilə əlaqədar məhdudiyyətlər olduğundan o, Cavabdeh və övladları ilə birlikdə həmin mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edib. Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşma çalmayan uşaqları 16 avqust 2020-ci il təvəllüdlü X20 və 02 avqust 2022-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilib və ərinin onun köçürülməyi lə əlaqədar iddia qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə iddia ona münasibətdə təmin edilməyib və bu hüquqdan yalnız o, özü istifadə edərək iddia verə bilməsi göstərilib. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə onun ərini, uşaqlarını məhkəmə həmin evə köçürülmə qərarı veribsə, uşaqları ondan ayrı yaşaya bilməz, o da həmin mənzildə yaşamalıdır və buna tam olaraq hüququ çatır. Bu səbəbdən məhkəməyə müraciət edir ki, onun bu hüququnu təsdiq etsin.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1410/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi (Qumru Əliyeva) ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, tərcüməçi X13 (Fin: 2C2QEJN) 100 manat məbləğində haqqın dövlət büdcəsindən ödənilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 52.2, 52.5, 77, 191.1, 191.2, 191.3, 217.3, 218.3, 220.4, 223.1, -cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1410/2025 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilsə də, məhkəmə işin faktiki hallarını, iddiaçı ilə cavabdeh və mənzildə yaşayan üçüncü şəxslər arasında münasibətlərin kəskin olmasını, birgə yaşamalarının mümkünsüz olmasını, daim aralarında yaranmış münaqişələrlə əlaqədar Nizami rayon Polis İdarəsində münaqişəli ailə kimi qeydiyyatda olmalarını nəzərə almamışdır. Bundan başqa, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(007)-1621/2025 saylı qətnaməsi ilə məişət zorakılığından zərər çəkmiş şəxs ərizəçi X9 məişət zorakılığı törətmiş şəxs Cavabdeh və İddiaçı hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi Uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Cavabdeh və İddiaçı məişət zorakılığından zərər çəkmiş şəxs X3rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilsin: Məişət zorakılığının təkrar törədilməsi; 2. Zərər çəkmiş şəxs X9 narahatlıq gətirən digər hərəkətləri etməsi – ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onu hər hansı formada təqib etməsi, ona zəng etməsi, sms və sair yazması qadağan edilmiş, Cavabdeh və İddiaçı uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və borclu Cavabdeh Borisovnaya və İddiaçı məişət zorakılığını törətməməsi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, X12 Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması və Nizami rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki iddia tələbi icraata qəbul edilmiş və məhkəmə baxışındadır. Nizami rayon Məhkəməsində hazırkı işə baxılmasını qeyd olunan işlər üzrə yekun qərar qəbul edilənədək dayandırılmasını xahiş etsə də, Nizami rayon Məhkməməsi onun cavabdeh qismində deyil, üçüncü şəxs qismində işə cəlb edilməsini əsas gətirərək, iş üzrə icraatı dayandırmaqdan imtina etmişdir. Bildirir ki, o cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı İddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 saylımənzilindən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehə həvalə ediməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə bağlı qeyd edir ki, mən ünvan 3 ünvanda daimi yaşayır. Qardaşı Cavabdeh 2020-ci ildə ailə qurmuşdur və bundan sonra aralarında münaqişə başlamışdır. 2023-cü ilin noyabr ayında Cəmilə Əmirova (Çebotareva) özü və müxtəlif nikahlardan olan övladları ilə birlikdə ünvan 4 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmışdır və atası Çebotarev Borisin evinə qeydiyyata düşmüşdür. ünvan 3 ünvanda yerləşən 2 otaqlı mənzili atası 5 uşaq atası kimi Azərbaycan Respublikasının mənzil fondu tərəfindən işlədiyi zavoddan almışdır. Bu MİK tərəfindən verilmiş arayışda göstərilmişdir. Həmin mənzildə qeydiyyatda olan 5 uşaq: Qalina Çebotareva 1974-cü il, Natalya Çeborateva 1975-ci il, Boris, 1985-ci il, Mixail 1991-ci il. Cəmilə Əmirova atasının evinə ASAN xidmət vasitəsilə qeydiyyata düşmüşdür və öz uşaqlarını qeydiyyata salmamışdır. Bu barədə heç kimi, məhz həmin 2 otaqlı mənzildə yaşayan ailəni məlumatlandırmamışdır. Cəmilə və ağır cinayət törətməsinə görə 6 il cəza çəkmiş əri Cavabdeh (Naxçıvanski adına hərbi məktəbin silah anbarında quldurluq etmişdir) əvvəldən daimi mənzildə yaşayan onu və ailəsini fiziki, psixi və iqtisadi zorakarlığa məruz etmişlər. Cəmilə və onun əri Cavabdeh dəfələrlə onu döymüşlər, bununla əlaqədar Nizami rayon məhkəməsi tərəfindən əvvəlcə qısa müddətli, sonra isə uzun müddətli mühafizə orderi təqdim etmişdir. Apellyasiya məhkəməsi isə Cəmilənin və onun ərinin ona bədən xəsarətlərinin, kəllə-beyin travmasının yetirilməsinə görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etmişdir və hal-hazırda Nizami rayon polis idarəsində Cəmilənin və onun əri Cavabdeh barəsində Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə istintaq aparılır. Cəmilə və onun əri David mənim mənzildən imtina etməyi üçün zorakılıq etmişlər. Mənzildən imtina etdiyinə görə onlar və onların vəkili onu psixiatrik xəstəxanaya yerləşdirməklə hədə qorxu gəlirdilər. Cəmilə və onun əri David Çebotarev onu və ailəsini əvvəlcədən yaşadıqları mənzildən qovurdular, mənzilin açarlarını dəyişirdilər. Cəmilə və onun əri Cavabdeh onun, ailə üzvlərinin və qohumları barədə 45 yalan ərizə yazmışlar, 24, 25-ci polis şöbələrinin narkotik şöbələrinə və digər dövlət strukturlarına ərizə verərək cinayət törətməkdə ittiham edirdilər. Cəmilə və onun əri Cavabdeh su idarəsi vasitəsilə sistematik olaraq suyu kəsirdilər. Onlar yalan deyirdilər ki, orada heç kim yaşamır və digər yalan bəhanələrlə aylarla susuz yaşamağa məcbur edirdilər. Elektik lövhəsindən elektrik məftilini kəsirdilər, dəfələrlə işıqsız qoyurdular, bu dəfələrlə polis tərəfindən qeydə alınmışdır. Normal ana öz uşaqlarını müdafiə edir, Cəmilə və onun əri isə qəsdən uşaqları davaya və mübahisəyə vadar edirdilər. Öz xidməti mövqeyindən və peşə vərdişlərindən istifadə edərək Cəmilə və onun bütün ailəsi media vasitəsi ilə psixi və mənəvi təzyiq göstərirdilər. Onun anası Fatma Əmirova həmçinin təzyiq göstərmək üçün yalan ərizələr və ifadələr təqdim edirdi. Cəmilə və David mənzildən köçməyə məcbur etmək məqsədi ilə mənzili yararsız vəziyyətə qoydular, mənzildən tikinti materialları üçün anbar etdilər, otaqlararası qapıları, daşıyıcı divarları sökdülər, havalandırmanı bağladılar və s. Bu barədə MİK və digər dövlət orqnların nümayəndələri tərəfindən aktlar tərtib olunmuşdur. David və Cəmilənin mənzili əldə etməklərinə baxmayaraq, onlar qəsdən yaşayış üçün dözülməz şərait yaradırlar ki, mənzili tərk etsin. Öz mənzillərini kirayə verirlər, məhkəmə və hakimiyyət nümayəndələrini isə aldadırlar ki, yaşamağa yerləri yoxdur (məhkəmə müddətində öz mənzillərini Cəmilənin qohumlarının adına keçirmişlər). Dəfələrlə qardaşı Cavabdeh və onun arvadı İddiaçı ona və ailə üzvlərinə qarşı məişət zorakılığı törətmiş və nalayiq sözlərlə təhqir edərək şərəf və ləyaqətini ləkələyən ifadələr işlətmişdirlər. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilərək, məişət zorakılığından zərər çəkmiş şəxslər həyat yoldaşı X22 və onun anası X10 məişət zorakılığı törətmiş şəxs Cavabdeh hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Cavabdeh məişət zorakılığından zərər çəkmiş şəxslər X10 və X14rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilmişdir: 1. Zərər çəkmiş şəxslər X10 və X14rşı məişət zorakılığının təkrar törədilməsi. 2. Zərər çəkmiş şəxslər X10 və X22 narahatlıq gətirən hərəkətləri - onlara 100 metr məsafədə yaxınlaşması, onlarla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onları hər hansı formada təqib etməsi, qadağan edilməsi, Məişət zorakılığı törətmiş şəxs Cavabdeh uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə məsuliyyət izah edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi icraya yönəldilmiş və borclu Cavabdeh və İddiaçı məişət zorakılığını törətməməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, məhkəmə qətnaməsinin qüvvədə olduğu müddətdə İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, “X31 Group”un internet portalında onun və həyat yoldaşı X18 barəsində rüsvayedici məlumatlar paylaşmaqda davam etmişdir. İddiaçı onun barəsində KİV-ə dediyi böhtanları bilə-bilə edib və heç bir halda əsaslı mənbələri olmayıb. Bundan başqa İddiaçı barəmdə böhtan dolu məlumatları saytlara verərkən onun çoxaldılması və daha çox insan içində şərəf və ləyaqətini alçatmaq hədəfinə nail olmaq üçün sonuncu “X31 Group”un saytında “Azərbaycanlı jurnalistin evini əlindən almaqla kim təhdid edir?” başlıqlı yazının kütləvi şəkildə yayımlanmasına müvəffəq olmuşdur. Aralarında olan münaqişəni nəzərə almadan qardaşı Cavabdeh onun xəbəri və razılığı olmadan İddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə pasport qeydiyyatına salmışdır. Qardaşı Cavabdeh və İddiaçı atasından qalan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilini yararsız vəziyyətə salıblar, dəfələrlə ona qarşı qanunsuz hərəkətlər ediblər və etməkdə davam edirlər. Bildirir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzil onun valideynlərinə məxsus olub. Həmin mənzili Cavabdeh və İddiaçı birgə vəsait hesabına əldə etməmişdirlər. Onların digər iki mənzilləri var, bu barədə qardaşı ona bir neçə dəfə bildirmişdir. Sadəcə Cavabdeh və İddiaçı onun hüquqlarını pozaraq onu evdən çıxartmaq istəyirlər. Cavabdeh və İddiaçı qeyd olunan mənzili yararsız vəziyyətə gətirmiş, mənzildə olan əşyaları sındırmışlar. Onu evdən çıxartmaq məqsədi ilə mənə bədən xəsarəti yetirmişdir. Qardaşı Cavabdeh mənzilə yaranmış mülkiyyət hüququndan sui-istifadə edərək, yaşayış üçün zəruri olan su, elektrik enerjisi, qaz xəttini kəsməklə onun yaşamağına maneçilik törədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56ü0.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyöun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui istifadəyə yol verilmi, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən qeyri-qanuni və müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui istifadə hesab edilir. Hesab edir ki, Nizami rayon Məhkəməsi işə baxarkən işin faktiki hallarını nəzərə almadan, formal mülahizələrə əsaslanaraq, qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mən Nizami rayon Məhkəməsində işə baxılarkən, iş ürə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə işə üçüncü şəxs qismində cəlb edilməyini əsas gətirərək, ərizəni geri qaytarmışdır. Lakin qeyd olunan mənzildə o və qardaşı X23 yaşadığından, işə üçüncü şəxs qismində deyil, cavabdeh qismində hər ikisi cəlb edilməklə, mahiyyəti üzrə baxılmalı idi. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı formal olaraq onun yaşadığı evə qeydiyyata alınsa da, bir gün belə həmin mənzildə yaşamamış, həmin mənzilə istifadə hüququ mövcud deyildir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığınıməhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, X12 tərəfindən təqdim edilmiş apellyasiya şikayəti hüquqi baxımdan əsassız, təkrar və manipulyativ xarakter daşıyır. O, bu iş üzrə nə tərəf statusuna malikdir, nə də onun hüquqlarına birbaşa toxunulmuşdur. Bu səbəbdən həmin şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi, məhz Cavabdeh məhkəmədə şəxsən iştirak etməklə irəli sürdüyü hüquqi iradəsinə əsasən, həm yazılı ərizə, həm də açıq məhkəmə iclasında şifahi şəkildə verilmiş, könüllü və təzyiqsiz etirafı əsasında qəbul edilmişdir. Məhkəmə qarşısında açıq və qəti şəkildə bəyan etmişdir ki, həyat yoldaşı İddiaçı xüsusi mülkiyyətində olan mənzilə, azyaşlı övladları ilə birlikdə köçməsinə tam razıdır və bu yaşayış hüququnu ona könüllü şəkildə təqdim edir. Bu razılıq hüquqazidd deyil, üçüncü şəxslərin hüquqlarına müdaxilə etmir və MPM-in 52.2 və 52.5-ci maddələrinin tələblərinə tam uyğundur. Əksinə, bu addım ailənin və azyaşlıların rifahını təmin edən Konstitusiya və Məcəllə prinsiplərinin birbaşa təzahürüdür. Eyni zamanda bildirir ki, X12, Bakı şəhəri, C. Naxçıvanski küçəsində yerləşən və ona məxsus olan mənzildə yalnız qeydiyyatda olmaqla faktiki yaşamaqdadır. Onun bu mənzildə nə mülkiyyət, nə də istifadə hüququ yoxdur. Qeydiyyat isə mülkiyyət və ya istifadə hüququ yaratmır. Bundan əlavə, Natalya Çebotaryova uzun müddətdir ki, mənzildə özbaşına yaşamaqda davam edir və müxtəlif üsullarla fiziki mövcudluğu, qapıların dəyişdirilməsi, habelə açarların bölüşdürülməməsi yolu ilə onun və ailəsinin bu mənzilə daxil olmasına mane olur. Natalya Çebotaryovanın öz adına rəsmiləşdirilmiş mənzil mövcuddur və bu mənzili icarəyə verərək gəlir əldə edir. Bu, onun bu mənzildə yaşayışının hüquqi zərurətdən deyil, şəxsi maraqlardan irəli gəldiyini açıq şəkildə göstərir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.3 və 10.2-ci maddələrinə əsasən, mənzil sahibi olaraq yaşayış sahəsindən kimlərin istifadə etməsinə dair qərar vermək hüququ yalnız ona aiddir. Qeydiyyat faktı mülkiyyətçiyə qarşı hüquqi öhdəlik yaratmır və üçüncü şəxsin bu əsasla yaşayış hüququ iddia etməsi hüquqi əsasdan məhrumdur. X12 tərəfindən təqdim edilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə açıq-aşkar ziddir. Belə ki, həmin maddənin 361.1.2-ci bəndində şikayəti verən şəxsin işdəki prosessual vəziyyətinin doğru göstərilməsi tələb olunur. X24 özünü apellyasiya şikayətində “cavabdeh” kimi təqdim etmişdir ki, bu prosessual statusun bilərəkdən saxtalaşdırılmasıdır və MPM-in 8.1 və 8.2-ci maddələrində nəzərdə tutulmuş dürüstlük və prosessual vəzifələrin dəqiq icrası prinsiplərinə ziddir. Bundan əlavə, Bundan əlavə, Natalya Çebotaryovanın bu mübahisə üzrə nə tərəf, nə də rəsmi qaydada cəlb edilmiş üçüncü şəxs statusu yoxdur. MPM-in 50.1 və 50.2-ci maddələrinə əsasən, üçüncü şəxsin işdə iştirak etməsi üçün ya onun özünün bu barədə rəsmi ərizə ilə müraciət etməsi, ya da məhkəmənin əsaslandırılmış qərarı olmalıdır. Hər iki hal baş vermədiyi üçün X4 işdə hüquqi marağının tanınması mümkün deyil. Bu isə onun verdiyi apellyasiya şikayətinin qanunsuz və prosessual hüquq pozuntusu ilə verildiyini açıq şəkildə göstərir. Bundan əlavə, MPM-in 361.1.5 və 361.1.6-cı maddələrinə uyğun olaraq, apellyasiya şikayətində məhkəmə aktının düzgün hesab olunmamasının konkret əsasları, istinad edilən yeni fakt və sübutlar göstərilməlidir. Natalya Çebotaryovanın təqdim etdiyi apellyasiya şikayətində isə belə hüquqi əsaslar yoxdur, təqdim olunan sübutların əksəriyyəti ya əvvəllər təqdim olunmuş və qiymətləndirilmiş sənədlərdir, ya da hüquqi qüvvəsini itirmiş köhnə orderlərdir. Halbuki, X12 tərəfindən təqdim edilən məişət zorakılığına dair sənədlər istər qısamüddətli, istərsə də 180 günlük uzunmüddətli mühafizə orderi hüquqi baxımdan artıq qüvvəsini itirmiş və aktual hüquqi nəticə doğurmaq imkanını tam itirmişdir. Bu orderlər yalnız keçmişdə tətbiq olunmuş və müddəti başa çatmış hüquqi tədbirlər olub, indiki vaxtda nə hüquqi status yaradır, nə də hüquqi müdafiə vasitəsi kimi istifadə oluna bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2635/2025 saylı işi üzrə X4 uzunmüddətli mühafizə orderinin verilməsi tələbi tam şəkildə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4623/2025 saylı işi üzrə, 22 iyul 2025-ci il tarixində yuxarı instansiya həmin qərarı qüvvədə saxlamış və apellyasiya şikayətini əsassız hesab edərək təmin etməmişdir. Bu qərarlar göstərir ki, təqdim edilən orderlər hüquqi qüvvəsini itirmişdir və daha əvvəl məhkəmələr tərəfindən hüquqi qiymət almışdır. Heç bir yeni hüquqi hal və ya sübut təqdim olunmadan bu eyni əsaslarla təkrar müraciət edilməsi hüquq sistemindən məqsədli və manipulyativ istifadə cəhdidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.4-cü maddəsinə əsasən, prosessual hüquqlar yalnız qanuna uyğun və vicdanla həyata keçirilməlidir. Hüquqi qüvvəsini itirmiş sənədlərə əsaslanaraq təkrar-təkrar eyni iddianı irəli sürmək isə açıq şəkildə hüquqdan sui-istifadədir və məhkəmə orqanlarının resurslarının əsassız şəkildə məşğul edilməsinə səbəb olur. Bu isə bir daha sübut edir ki, onun apellyasiya şikayəti həm hüquqi əsasdan, həm də prosessual baxımdan tam etibarsızdır. Belə şikayətlər məhkəmə sisteminin sabitliyinə, hüquqi münasibətlərin yekunlaşdırılması prinsipinə və qərarların qüvvədə qalması prinsipinə ziddir. X12 tərəfindən verilmiş apellyasiya şikayəti isə MPM-in 11.4-cü maddəsində nəzərdə tutulan hüquqdan sui-istifadə hallarına nümunədir. Eyni faktlara əsaslanan, daha əvvəl məhkəmədə qiymətləndirilib rədd edilmiş, sübutların və hüquqi statusun dəyişmədiyi şəraitdə bu cür təkrar müraciətlərin edilməsi hüququn və məhkəmə sisteminin məqsədli şəkildə manipulyasiyasıdır. Belə cəhdlər prosessual hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və məhkəmə tərəfindən qətiyyətlə qarşısı alınmalıdır. Həmçinin vurğulamaq vacibdir ki, bu razılıq ailə birliyinin qorunması və azyaşlı övladlarımızın psixoloji və sosial rifahının təmin olunması məqsədi ilə verilib. Belə bir iradə ifadəsi Konstitusiyanın ailənin müdafiəsinə dair prinsipləri ilə də tam uzlaşır və hüquq-mühafizə sisteminin humanist ruhuna uyğundur. Belə olan halda, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə yalnız hüquqi deyil, həm də konstitusion ədalət baxımından tam əsaslı və legitim qərardır. Bu qətnamənin hansısa əsassız, subyektiv və hüquqi maraqla bağlılığı olmayan apellyasiya şikayəti ilə pozulmasına cəhd göstərilməsi isə MPM-in 11.4-cü maddəsində nəzərdə tutulan hüquqdan sui-istifadə əlamətləri daşıyır və prosessual mexanizmlərin məqsədli şəkildə manipulyasiya olunması kimi qiymətləndirilməlidir.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə ertiraz edərək təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

22. 13-cü maddəsinə əsasə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiə olunur (İ hissə).

23. 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (İ-İV hissələr).

24. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

25. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir;

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda, üçüncü şəxs apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1410/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzili (8 km qəsəbəsi 811 -ci keçid, ev 11, mənzil 49) Bakı şəhər Deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən 18 yanvar 1967-ci il tarixli 47537 nömrəli orderlə X21 verilib. Daha sonra digər ailə üzvlərinin razılıq ərizələri əsasında 14 mart 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına tam pay haqqı ilə xüsusi mülkiyyət kimi qeydiyyata alınıb. Cavabdehlər X6 və X16 mübahisəli mənzilə istifadə hüququ olmaqla həmin mənzildə yaşayırlar. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisidir və məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü X20 və 02 avqust 2022-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilib. Hazırda iddiaçının cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə köçürülməsi ilə bağlı tələbinə cavabdeh etiraz etməyərək iddia tələbini qəbul edib.

39. Azərbaycan Respublikası Mülki Məcəllənsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

40. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, İddiaçı mənzilin mülkiyyətçisi olan Cavabdeh arvadıdır, özü mübahisəli mənzildə qeydiyyatdadır və o, mənzildən əri ilə bərabər istifadə etmək hüququna malikdir. Cavabdeh iddia tələbini etiraf etmişdir. Cavabdehin iddia tələbini etirafı qanuna zidd olmamaqla həmçinin üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 və X19 tərəfindən yaradılan maneələr səbəbindən mübahisəli mənzildə yaşaya bilmir. Əksinə, apellyatorun şikayətdə istinad etdiyi hallar iddiaçının öz hüquqlarını qanuni şəkildə həyata keçirmək imkanından məhrum edilməsinə əsas deyil.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə yoxlanılan hissədə əsaslı sayıla və təmin edilə bilməz.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1410/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.p

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar