Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4384/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2022 saylı işi üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «X4 Azərbaycan» QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 88 manat 61 qəpik məbləğində maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı təqdim edilmiş sübutlardan müəyyən edilmişdir ki: -“X2” MMC ilə "X4 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən Bank Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc. faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Büro qarşı tərəfdən (kredit\borc alanlardan) borclar ilə əlaqədar məhkəmə icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) Banka ödənilməlidir; -Ödənişlərə görə də «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "X2” MMC-yə 88,61 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3085/2020 saylı qətnaməsi ilə Cavabdeh 354,46 manat məbləğində borc ödəməsi qət edilmişdir. "X2” MMC-nin vasitəsi ilə borcun ödənilməsi təmin edilmiş və buna görə də bank tərəfindən 256.35 manat xidmət haqqı ödənilmişdir. (iş.səh.5,16-19, 21-25) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2022 saylı işi üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 6, 390; «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 8.1, 26, 43; Mülki Prosessual Məcəllənin 119.1, 284-5.3, 284- 6.1-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə müstəqil olaraq öz seçimi ilə "X2” MMC ilə xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında” müqavilə bağlamışdır. iddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti özü qanunverici tərəfindən müəyyən edilən üsul və vasitə qaydasını seçməmiş, özü müstəqil olaraq digər müstəqil xidmət sahəsinin seçmiş və xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir ki, bu halda iddiçıya həmin xidmət haqqının cavabdehdən tutulması üçün əsas olmadığından iddia tələbi təmin oluna bilməz. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2022 saylı işi üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə MM 21, 385.1, 390.1, Mülki Prosessual Məcəllə 217.1, 217.2 və 217.3, istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mühüm əhəmiyyətə malik hallar ətraflı araşdırılmamış, işin faktiki hallarına görə görə işə düzgün qiymət verilməmiş maddi hüquq normaları üzgün tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış sərbəst iradə ifadəsi olan müqavilədə cavabdeh birmənalı olaraq öz üzərinə öhdəlik götürmüşdür ki, Bank icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı təqdirdə bununla bağlı hüquqi xidmət ilə bağlı xərcləri də ödəyəcəkdir. Başqa sözlə, cavabdehə məlum idi ki, məhkəmə qətnaməsinə əsasən tutulmalı olan məbləği könüllü surətdə ödəməyəcəyi təqdirdə, Bank borcun məcburi tutulması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məruz qalacağı xərclər də ondan tutulacaqdır və bu xərcləri ödəməyi öhdəsinə götürmüşdü. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, ilk növbədə prosessual normanın düzgün tətbiq edilməməsindən qaynaqlanmışdır. məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia tələbinin əsasını məhkəmə aktinın bilavasitə "X2" MMC tərəfindən icra edilməsi deyil, həmin aktin icrasının təmin edilməsi ilə bağlı tələbkarın səlahiyyətli nümayəndəsi kimi göstərdiyi hüquqi xidmətlərin əvəzinin ödənilməsi təşkil edir. Bu işlərin görülməsini müqavilə (və müvafiq qaydada verilmiş etibarnamə) əsasında başqa şəxsə tapşıran Bankın həmin işləri yerinə yetirən şəxsə xidmət haqqı ödəməsi və bu xərclərin əvəzini cavabdehlə bağladığı müqavilə şərtlərinə uyğun olaraq ondan tələb etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. məhkəmə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə bilavasitə nəzərdə tutulmuş öhdəlikdən- icra ilə bağlı hüquqi xidmət xərclərinin ödənilməsi öhdəliyindən yaranmış münasibətlərini bir kənara qoyaraq, iddia tələbinin əsasını "məhkəmə xərcləri" kimi dəyərləndirmişdir. Halbuki, birincisi, iddia tələbi müqavilədən irəli gələn öhdəliyin icrasına məcbur edilmə xarakteri daşıyırdı; ikincisi, hətta iddia tələbinə bu mövqedən yanaşılsa belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyə görə "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsi" sayıldığından, həmçinin bu əsasdan da məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiklərini, şikayətlərinin çəkdikləri xərclə əlaqədar olduğunu, bağlanmış müqaviləyə əsasən yekun qətnamənin icrasını şirkətə verdiklərini və həmin şikrətinin icranı həyata keçirdiyini, qətnamə ilə nəzərdə tutulmuş 354,46 manatın 15 faizi miqdarında 88,61 manat məbləğində xidmət haqqını həmin şirkətə ödədiklərini bildirərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 439-449, 522, 560, 777- 786; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar habelə hər hansı ekspertizaının təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan suiistifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir. Qeyd edilən münasibətlərin aşağıdaki hüquqi istinadlara müvafiq tənzimlənməsi nəzərə alınması və bu şərtlərin müəyyən edilməsinə yönəlik tələbin olmaması nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə (müddəalarına) görə: 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qərarı ilə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. İddia edilən mülahizəyə əsasən Bankın icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı və məhkəmə qətnaməsinə əsasən tutulmalı olan məbləğin könüllü surətdə ödəməyəcəyi təqdirdə, Bankın borcun məcburi tutulması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məruz qalacağı xərclərin də cavabdehdən tutulacağını və bu xərcləri ödəməyi öhdəsinə götürməsinin cavabdehin məhz qeyd (iddia) edilən tapşırıq müqaviləsindən irəli gəlməsi, habelə tələb edilən məbləğin cavabdehə aidiyyəti sübuta yetirilmir. Bundan əlavə, kredit müqaviləsi üzrə tələbin qətnamə əsasında təmin edilməsi artıq iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi münasibətlərə xitam verilməsini müəyyən edir və qətnamənin icra edilməsi üzrə zərərin əsaslarını iddiaçı (tələbinin hüquqi əsasını) dəqiq müəyyən etməmişdir. Ona görə, iddiaçının tələbinin hüquqi əsaslarını düzgün müəyyən etməklə və dəymiş zərərin sübuta yetirilən əsasları ilə (yeni əsaslarla) müraciət etmək hüquqları istisna edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı «X4 Azərbaycan» QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2022 saylı işi üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4384/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4384/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver