Məhkəmə qərarları › İş №2(103)-4384/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4384/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4384/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-68/2024 nömrəli, 22 aprel 2024cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 40-da inşa edilən 6 saylı yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbə, 107 saylı mənzil İddiaçı mülkiyyətindədir.

2. İş materiallarında olan 204 nömrəli Podrat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MTK-dır. Müqavilənin 2.2.1-ci bəndinə görə, iddiaçı 6 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət olan, 3 otaqlı, 107 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 778 manat olmaqla, dəyərini 109 718 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür.

3. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 40-da inşa edilən 6 saylı yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbə, 107 saylı mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam ödənilmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122,124, mənzil 107 (yeni qaydalarla AZ 1002. ünvan 1 ünvanında yerləşən mənzilin faktiki sahəsi ilə müqavilə şərtləri əsasında sahəsi arasında 7,01 kv.m. (141.11-134.1=7.01) fərq vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 40-da inşa edilən 6 saylı yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbə, 107 saylı mənzili cavabdeh iddiaçıya satmağı, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə görə, iddiaçı 6 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət olan, 3 otaqlı, 107 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 778 manat olmaqla, dəyərini 109 718 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərinə tam əməl etmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 127.60 kv.metr qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, iddia edirik ki, Cavabdeh müqavilə üzrə mənzilin ümumi sahəsini artıq qeyd etməklə əlavə vəsait əldə etmişdir. Belə ki, müqaviləyə görə mənzili ümumi sahəsi 141.11 kv.metr qeyd edilsə də, çıxarışa əsasən mənzilin ümumi sahəsi 127.60 kv.metrdir. Mənzilin hər kvadrat metri üçün 778 manat ödənilməsini nəzərə alınsa, iddiaçının 141.11 kv.metrdən 127.60 kv.metri çıxaraq əslində daha az məbləğində pul vəsaitini ödəməsi qənaətinə gəlinir. Fərq 13.51 kv.m. təşkil edir. Hər kvadrat metr üçün 778 manat məbləğ ödənildiyini nəzərə alınsa iddiaçı cavabdehdən 10 510.78 manat məbləğində pul vəsaitini tələb etməsini əsaslı hesab edilir. Beləliklə hesab edirik ki, cavabdeh iddiaçının xeyrinə 10 510 manat (on min beş yüz on) məbləğində pul vəsaitinin və 130 (yüz otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-68/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK-dan 5453,78 (beş min dörd yüz əlli üç manat yetmiş səkkiz qəpik) manat pul vəsaitinin və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun 65 (altmış beş) manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin ümumi sahəsinin 141,11 kv.m. olmasını müqavilənin şərtlərinə əsasən qəbul emişdir. Yəni mənzilin ümumi sahəsinin içdən-içə, yaxud çöldən-çölə ölçülmə şərtlərini mübahisələndirməmişdir. Belə olduğu halda müqavilənin üzərindən 5 il keçdikdən sonra hazırki iddia tələbini qaldırması, 13,51 kv.m sahəyə görə pulunu geri tələb etməsi qeyriqanuni hesab olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmənin iclasına gəlməmiş, səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Maddə 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

15. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırkı halda, Cavabdeh MTK apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-68/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

30. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 40-da inşa edilən 6 saylı yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbə, 107 saylı mənzili cavabdeh iddiaçıya satmağı, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə görə, iddiaçı 6 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət olan, 3 otaqlı, 107 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 778 manat olmaqla, dəyərini 109718 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərinə tam əməl etmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 127.60 kv.metr qeyd olunmuşdur. Müqavilə üzrə mənzilin sahəsinin hesablanması üzrə xüsusi şərtlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122,124, mənzil 107 (yeni qaydalarla AZ 1002. ünvan 1 ünvanında yerləşən mənzilin faktiki sahəsi ilə müqavilə şərtləri əsasında sahəsi arasında 7,01 kv.m. (141.11- 134.1=7.01) fərq vardır. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilməmiş, müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində müvafiq sahəyə malik mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməmişdir. Bununla da, cavabdeh tərəfindən öhdəlik münasibətləri pozulmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 7.01 kv.m. olması və hər kvadrat metri üçün 778 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 5453,78 manat əsassız pul vəsaiti ödənilmişdir.

33. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini əsas sübut hesab etməkdə haqlı olmuşdur.

34. Kollegiya qeyd edir ki, ekspert rəyindən görünür ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilədən 7,01 kv.m. (141.11-134.1=7.01) az olmuş, nəticədə iddiaçı tərəfindən cavabdehə 7.01 x 778= 5453,78 manat artıq ödəniş edilməsinə səbəb olmuşdur.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə hesab edir ki, cavabdeh tərəf nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya icraatı zamanı iddia tələbinin əsaslılığını təkzib edən heç bir sübut təqdim etməmişdir.

36. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Kolegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-68/2024 nömrəli, 22 aprel 2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar