Məhkəmə qərarları › İş №2(103)-4386/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4386/2024

06.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4386/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı, cavabdeh İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələri Nümayəndə1 və X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İş üzrə iddiaçı cavabdeh Şirkətə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun işdən xaric olunması haqqında cavabdeh Şirkətin xx.xx.2024-cü il tarixli 083-2/24 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Şirkətdə Televiziya və Radionun İnformasiya Departamentində redaktor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Xəbərlər Departamentinin redaktoru vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2024-cü il tarixdə 083-2/24 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmiş və o, işdən xaric edilmişdir. İddiaçı hesab edir ki, əmr əsassızdır. Belə ki, yuxarıda qeyd edilən həmin maddənin dispozisiyası işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Lakin iddiaçı tərəfindən əmək funksiyalarının pozuntusuna yol verilməmişdir. İddiaçının qeyd olunan əsaslarla işdən azad olunması qanunsuzdur. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh Şirkətin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı, əmək vəzifələrini kobud səkildə pozmuşdur. Belə ki, cavabdeh Şirkət tərəfindən çəkilmiş, lakin yetkinlik yaşına çatmayan şəxsin yer alması və həmin şəxs tərəfindən bu görüntülərin yayımlanmasına açıq səkildə etiraz edilməsi səbəbi ilə Şirkətin efirə verməməyə qərar verdiyi görüntüləri iddiaçı özünün şəxsi "xxxx" səhifəsində paylaşmışdır. İddiaçı görüntülərdə yer alan yetkinlik yaşına çatmayan şəxsin həmin videonun "xxxx" səhifəsindən silinməsi barədə tələbinə məhəl qoymamış, videonun yalnız pul qarşılığında silinə biləcəyini bildirmişdir. Bu fakt görüntüləri paylaşılmış şəxsin valideynləri tərəfindən Şirkətə daxil olan xx.xx.2024-cü il tarixli şikayət ərizəsinə əlavə edilmiş yazışmalarda və səs yazılarında da öz təsdiqini tapmışdır. Bundan sonra Şirkət tərəfindən qeyd edilən şikayət ərizəsi, ərizəyə əlavə edilənlər araşdırılmış və iddiaçının izahatı alınmışdır. İddiaçı xx.xx.2024-cü tarixli izahatında “Çünki indi internet, sosial şəbəkə dövrüdür "xxxx" kimi aktiv sosial şəbəkədən hər bir insan milyonlar qazanır. Kimlərsə video paylaşır, canlı açır yalnız məbləğ qarşılığında həmin videolar silinir. Bu bugünün və sosial şəbəkələrin tələbidir” cümlələrini işlətmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı qeyd edilən əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1235/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Şirkət tərəfindən efirdə və sosial şəbəkələrdə yayımlanmamasına qərar verilmiş görüntülərin iddiaçının sosial şəbəkələrində yayımlanması və silinməsi müqabilində pul tələb etməsi, nəzərə alaraq ki, bu görüntülər yayımlanan zaman iddiaçı cavabdeh Şirkətin işçisi idi, ictimaiyyətdə və digər media qurumlarında cavabdehin adının “reket jurnalistikada” hallanmasına gətirib çıxara bilərdi ki, bu da cavabdehin qanuni mənafeyinin pozulması təhlükəsi yaradır. Bundan əlavə nəzərə alınmalıdır ki, cavabdeh Şirkət ölkənin ictimai yayımçısı olaraq Avropa Yayım birliyinə üzvdür bu kimi halların baş verməsi təkcə Şirkətin reputasiyasına deyil, həm də Azərbaycanda fəaliyyət göstərən media qurumlarının fəaliyyətinə dair mənfi fikir yaradır. Qeyd edilən hal Şirkətin qanuni mənafeyinə xələl gətirdiyindən iddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olduğundan əmrin ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh Şirkətin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və iddia tələbinə etirazın məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddiaçıya məxsus “Əmək kitabçasının” surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə cavabdeh Şirkətdə Televiziya və Radionun İnformasiya departamentində redaktor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Şirkətin Xəbərlər Departamentinin redaktoru vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixli 083-2/24 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış "xxxx" ləğv edilmişdir.

12. X2 tərəfindən cavabdeh Şirkətin baş direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayətdən görünür ki, o, "xxxx" sosial şəbəkəsində Şirkətin əməkdaşına – iddiaçıya məxsus səhifədə onun (şikayətçinin) həddi buluğa çatmayan övladının və ailələrinin şərəf və ləyaqətini təhqir edən görüntülər paylaşılıb. Bu görüntülər Şirkətin efirində yayımlanmayan "xxxx" materialdır. Eyni zamanda onlarla əlaqə saxlayan Orxan adlı şəxs özünü Şirkətin əməkdaş kimi təqdim edərək materialların silinməsi üçün onlardan pul tələb etmişdir. Həmin ərizədə şikayətçi xahiş etmişdir ki, məsələ araşdırılsın və iddiaçının barəsində qanunauyğun tədbirlər görülsün.

13. İddiaçı, Şirkətə verdiyi izahatda qeyd etmişdir ki, "xxxx" sosial şəbəkəsindəki olan həmin səhifə onun adına olsa da, səhifə onun əmisi oğlu tərəfindən idarə edilir. Əmisi oğlu həmin səhifədən gəlir əldə etmək üçün istifadə edir. Orxan ona bildirmişdir ki, onun səhifəsindən onun videolarını paylaşaraq pul qazanacaq, çünki indi internet dövrudür, insanlar video paylaşır, canlı açır yalnız məbləğ qarşılığında həmin videolar silinir. Bu, bu günün və sosial şəbəkələrin tələbidir. Elə bunları da nəzərə alaraq Orxan həmin şəxsdən pul tələb etmişdir.

14. Cavabdeh Şirkətinin baş direktoru tərəfindən Şirkətinin İlk Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, DS-1/01-63 saylı təqdimatdan görünür ki, Şirkət tərəfindən çəkilmiş, lakin yetkinlik yaşına çatmayan şəxsin yer alması və həmin şəxs tərəfindən bu görüntülərin yayımlanmasına açıq səkildə etiraz edilməsi səbəbi ilə Şirkətin efirə verməməyə qərar verdiyi görüntüləri iddiaçı özünün "xxxx" sosial şəbəkəsindəki səhifəsində paylaşmışdır. İddiaçı görüntülərdə yer alan yetkinlik yaşına çatmayan şəxsin həmin videonun "xxxx" səhifəsindən silinməsi barədə tələbinə məhəl qoymamış, videonun yalnız pul qarşılığında silinə biləcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ilə bağlanmış "xxxx" ləğv edilməsi üçün qərar qəbul edilməsi xahiş edilmişdir.

15. Şirkətin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, Komitə, Şirkətinin baş direktorunun təqdimatına əsasən aparmış müzakirənin nəticəsi olaraq qərara gəlmişdir ki, təqdimat əsaslıdır və iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsinə etiraz edilməsi üçün əsas yoxdur.

16. Şirkət üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, həmin əmrlə Şirkətin Xəbərlər Departamentinin redaktoru vəzifəsində işləyən iddiaçı ilə bağlanmış xx.xx.2020 tarixli "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “e” bəndi əsası ilə) ləğv edilməsi qərara alınmışdır.

17. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, işəgötürən olan cavabdeh Şirkət ilə işçi olan iddiaçı arasında bağlanmış "xxxx" xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir.

18. İş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, pul (300 manat) qarşılığında videonun silinməsi bildirilmiş, əks halda videonun silinməyəcəyi qeyd edilmişdir.

19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)- 1235/2024 saylı qərarından görünür ki, hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd edilən şikayətçinin övladının mübahisə zamanı işlətdiyi qeyri-əxlaqi ifadəsi olan videonu sosial şəbəkədə “huru_aliyeva_17” və “aliyeva_huru_17” profil adından paylaşaraq, “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, həmin məlumatı informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “İnstagram” və “Tik Tok” sosial şəbəkələrində yerləşdirərək yaymışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs (yəni hazırki iş üzrə iddiaçı) məhkəməyə verdiyi izahatında özünü təqsirli bilərək göstərmişdir ki, o, 2012-ci ildən jurnalist kimi fəaliyyət göstərmişdir. Həmin videonu paylaşaraq səhifənin reytinqini qaldırmaq istəmiş, başqa bir məqsədi olmamışdır. Videonun silinməsi qarşılığında o heç bir pul tələb etməmişdir, həmin pulu onun tanışı Orxan tələb etmişdir. Həmin puldan ona müəyyən hissinin veriləcəyi barədə verilən izahatlar yalandır, o özü heç vaxt həmin videonun silinməsi üçün pul tələb etməmişdir. Əməlindən peşmandır, barəsində yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş edir. Həmin qərarla hazırkı iş üzrə iddiaçı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir.

20. Göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən Şirkətin Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışan iddiaçı yuxarıda qeyd edilən, özündə yetkinlik yaşına çatmayan şəxsin görüntülərini özündə əks etdirdiyi üçün efirə buraxılmamasına Şirkət tərəfindən qərar verilmiş videomaterialları iddiaçı, "xxxx" sosial şəbəkəsindəki səhifəsində paylaşmışdır. Yetkinlik yaşına çatmayan şəxsin valideyninin həmin materialların silinməsi barədə tələbinə iddiaçı məhəl qoymamış və video materialın səhifəsindən silinməsi üçün pul tələb etmişdir. Bunu nəzərə almış cavabdeh Şirkətin rəhbəri, onunla iddiaçı arasında bağlanmış "xxxx" xitam verilməsi məsələsinə baxılması üçün Şirkətin İlk Həmkarlar İttifaqı Komitəsinin təqdimatla müraciət etmiş və Komitə, həmin təqdimata əsasən aparmış müzakirənin nəticəsi olaraq qərara gəlmişdir ki, təqdimat əsaslıdır və iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsinə etiraz edilməsi üçün əsas yoxdur. Yalnız bundan sonra Şirkət tərəfindən yuxarıda qeyd edilən əmr qəbul edilmiş və iddiaçı ilə bağlanmış "xxxx" ləğv edilmişdir.

21. Eyni zamanda müəyyən edilir ki, iddiaçının yuxarıda təsvir edilmiş əməli törətməkdə təqsirli olması Bakı Səhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1235/2024 saylı inzibati xətaya dair iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli qərarla müəyyən edilmişdir.

22. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68, hissə 1.). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir (maddə 68, hissə 2, bənd “a”.). İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir (maddə 70, bənd “ç”.). İşçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “e”.). Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (maddə 80.).

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

25. Şirkət tərəfindən qəbul edilmiş “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri qanunsuz hesab edən iddiaçı öz tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

26. İddiaçının dəlillərinin əksinə Məhkəmə tərəfindən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İşdə olan sübutlar, həmçinin iddiaçının inzibati xəta törətməsinə və bununla bağlı barəsində İXM-in 388-1.1.1-ci maddəsi inzibati tənbehin tətbiq edilməsinə dair qərarın məzmununda göstərilənlər cavabdeh Şirkət tərəfindən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsinə tam hüquqi əsas yaratmışdır.

26. İddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi və iddiaçının tutduğu vəzifədən azad edilməsi qanuni əsaslarla həyata keçirilmiş, istər Şirkətin İlk Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı təqdimatda, istər Həmkarlar İttifaqı Komitəsinin protokolunda, iddiaçının barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrdə iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə müəyyən edilmiş əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır.

27. Məhkəmə tərəfindən nəzərə alınır ki, iddiaçı tərəfindən sözügedən videogörüntünün paylaşılması ictimaiyyətdə cavabdeh Şirkətin nüfuzunun zədələnməsinə, qanuni mənafeyinin pozulması təhlükəsinə gətirib çıxara bilər.

28. Qeyd edilən əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. g) apelyasiyanın nəticəsi

29. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh Şirkət hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

33. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar