Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4388/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi zərərin və qaz sayğacı üzrə istehlak olunmuş qaz sərfiyyatı borcunun ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023cü il tarixli, 2(008)-658/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının ünvanında yoxlama apararkən iddiaçının sayğac quraşdırılan müddətə qədər təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi müəyyən olunmuşdur. Bundan sonra cavabdeh təşkilatın nümayəndələri tərfindən akt tərtib olunaraq itmiş təbii qazın dəyəri hesablanmaqla iddiaçıya akt əsasında 885,6 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, maddi zərər və istehlak olunmuş və dəyəri ödənilməmiş 1189,75 manat məbləğində qaz sərfiyyatı borcunun ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 mart 2020ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilərək, onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 885.6 manat pulun ondan tutulmasına son qoyulması və həmin borcun silinməsi, 2020-ci ilin mart ayından başlayaraq, bu günə qədər yuxarıda qeyd olunan borca görə ondan tutulan pul məbləğlərinin hesablanaraq Azəriqaz» İstehsalat Birliyindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi zərərin və qaz sayğacı üzrə istehlak olunmuş qaz sərfiyyatı borcunun (debitor borcun) ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdehnə dəymiş maddi zərərin əvəzi qismində 885.60 manat məbləğində borcun, 11/2022-ci il tarixinə kimi cavabdehə məxsus ünvanda (**********00300) mexaniki qaz sayğacı üzrə istehlak olunmuş və dəyəri ödənilməmiş 272.55 manat məbləğində qaz sərfiyyatı borcunun, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 31.60 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1189.75 manat məbləğində pulun tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m Ö/T ev ona məxsusdur. Bir neçə ay əvvəl qaz pulu ödəyən zaman onun hesabına 885.6 manat borc yazıldığını müəyyən etmişdir. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş 18 mart 2020-ci il tarixli ******* nömrəli aktın surətindən ona aydın olmuşdur ki, sayğac quraşdırılan müddətə qədər sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma müəyyən edilmiş və bu barədə 18 mart 2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, dəymiş ziyan məbləği 885.60 manat müəyyən edilmişdir. Sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləğinin onun hesabına yazılmasını qanunsuz hesab edir. Çünki, o, həmin evdə yaşamamışdır. Bundan əlavə Cavabdeh əməkdaşları sayğac quraşdırılan müddətə qədər təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmə halını müəyyən edən zaman əgər həqiqətən də belə bir fakt var idisə ilk öncə araşdırılmalı idi ki, qaz xəttinə qanunsuz qoşulan kimdir və bu qanunsuz qoşulmadan kim faydalanır, həmin qanunsuz qoşulan qaz xətti kimin mənzilinə yönəlib. Araşdırma olsaydı müəyyən olunacaqdı ki, o, həmin ünvanda yaşamır və onun tərəfindən qaz xəttinə qanunsuz qoşulma olmayıb. Lakin Cavabdeh əməkdaşları heç bir araşdırma aparmadan onu etmədiyi əmələ görə təqsirli bilib 885.60 manat borc məbləğini onun hesabına yazmışlar. Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmanı müəyyən etmişdilərsə qanunsuz qoşulan şəxsi müəyyən edib, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbir görməli idilər. Lakin onlar bunu etmədən, kimin sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmasını müəyyənləşdirmədən qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Hesab edir ki, hər hansısa şəxsin sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmasına görə o məsuliyyət daşımır. Həmçinin, qanunsuz qoşulma nəticəsində dəymiş ziyanı dəqiq hesablamaq da mümkün deyildir. Çünki qanunsuz qoşulmanın nə vaxt baş verdiyini və nə qədər qaz istifadə edildiyini müəyyən etmək mümkün deyildir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 885.60 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmazdan əvvəl təbii qazdan sayğacsız şəkildə qanunsuz istifadə etmişdir. Cavabdeh ona məxsus fərdi yaşayış evinin yaxınlığından keçən qazpaylayıcı küçə qaz xəttinə kustar üsulla özbaşına qoşulmaqla ünvanına qanunsuz qaz xətti çəkmiş və ona məxsus ünvanda təbii qazdan qanunsuz istifadə etmişdir. Cavabdehin 03/2020-ci il tarixdə ona məxsus ünvanda təbii qazdan qanunsuz istifadə etməsi faktı Cavabdeh İB-nin əməkdaşları tərəfindən müəyyən olunmuş, barəsində xx.xx.2020-ci il tarixində ******* nömrəli akt tərtib olunmuş, qaz xəttinə qanunsuz qoşulmanın fotoşəkli çəkilmiş, cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş təbii qazın hesabatı müəyyən edilərək Cavabdeh İB-nə dəymiş maddi zərərin əvəz 885.60 manat məbləğində müəyyən edilmişdir. Cavabdehə məxsus ünvanda qanunsuz qoşulma faktı aradan qaldırıldıqdan sonra isə xx.xx.2020-ci il tarixdən etibarən cavabdehə məxsus ünvana onun müraciəti əsasında mexaniki tipli qaz sayğacı quraşdılmışdır. Cavabdehə məxsus ünvanda 11/2022ci il tarixə kimi mexaniki qaz sayğacı üzrə istehlak edilmiş, lakin dəyəri tam ödənilməmiş 272.55 manat məbləğində qaz sərfiyyatı borcu (debitor borc) da vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(008)- 658/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********00300 saylı abunə koduna hesablanmış 885.60 manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 272.55 manat debitor borc və 30 manat dövlət rüsumu tutularaq Cavabdeh hesabına ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma halı aşkar edilməmişdir. Belə olan halda, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı 885.60 manat borcun hesablanması əsassız olmuşdur. İddiaçı Cavabdehnə dəymiş maddi zərərin əvəzi qismində 885.60 manat məbləğində borcun tələb edilməsi əsassızdır, odur ki, qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı sayğac üzrə istifadə edilmiş təbii qaza görə 272.55 manat debitor borcu vardır. Ona görə də qarşılıqlı iddia tələbi 272.55 manat ödənilməmiş debitor borcun tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.1, 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2 və 560.3.5.2-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5, 9.4-cü maddələrinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilən hissəsində ləğv edilməsinə və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə rədd edilən hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən ilk iddia üzrə iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmiş, fotoşəkillər çəkilmiş və qeyriqanuni xətt ləğv edilmişdir. Tərtib edilmiş həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi ilki iddia üzrə iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə ilk iddia üzrə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini tam, qarşılıqlı iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə rədd edilən hissədə də təmin edilməsin xahiş etdiyindən qətnamə yalnız həmin hissələrdə yoxlanılır. Başqa sözlə hazırkı halda qətnamə qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində apellyasiya baxışının predmetini təşkil etmir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsində göstərilir ki, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğac quraşdırılan müddətə qədər təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Bundan sonra cavabdeh təşkilatın nümayəndələri tərfindən akt tərtib olunaraq itmiş təbii qazın dəyəri hesablanmaqla iddiaçıya xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 885.60 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi baxışı zamanı ilkin iddiaçının iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m Ö/T ünvanına baxış keçirilərək müəyyən edilmişdir ki, qeyd olunan ünvanda borcun yazıldığı 15 nömrəli ev mövcud deyildir. Həmin ünvanda İddiaçı məxsus iki darvazalı qapısı olan, daşla hörülmüş divarla əhatə olunan həyət evi vardır. Həmin evin hasarının sol divarında **********6 nömrəli sayğac quraşdırılmışdır. Sayğaca qanunsuz qoşulma ilə bağlı qaz xətti aşkar olunmamışdır (fotolarda əks olunan ev aşkar olunmamışdır). Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halı yerində müayinə zamanı müəyyən edilməməklə yanaşı, həmin halın mövcudluğu barədə cavabdeh tərəfindən hər hansı bir mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt ilkin iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktın tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, yuxarıda göstərilən qaydalara uyğun olaraq zərərin hesablanmasına əsas olmuş akt tərtib edilərkən iddiaçı tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, habelə cavabdehə vurulmuş zərərin tələb edilməsi barədə sübutlar onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, 885.60 manat borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Kollegiya qeyd edir ki, təqdim edilmiş akt eləcə də fotoşəkillərdən qeyri-qanuni xəttin hansı xəttə birləşdirilməsini müəyyən etmək olmur. Bununla yanaşı, mübahisəli aktı tərtib edənlər bilavasitə Cavabdeh əməkdaşları olduqları, ilkin iddiaçı və ya kənar şəxslər tərəfindən imzalanmadığı və iddiaçının akta imza etməkdən imtina etməsinə dair qeyd aktın etibarlılığını şübhə altına qoyur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m Ö/T-də sübutların yerində müayinəsi zamanı qeyd olunan ünvanda borcun yazıldığı və fotolarda əks olunan 15 nömrəli ev mövcud olmadığı, həmin ünvanda İddiaçı məxsus iki darvazalı qapısı olan, daşla hörülmüş divarla əhatə olunan həyət evinin olması, evin hasarının sol divarında **********6 nömrəli sayğac quraşdırıldığı və sayğaca qanunsuz qoşulma ilə bağlı qaz xətti aşkar olunmadığı müəyyən olunmuşdur. Kollegiya eyni zamanda qeyd edir ki, qarşılıqlı iddia tələnin təmin edilməməsi hissəsi ilkin iddia tələbindən aslı olduğundan və yuxarıda qeyd edildiyi kimi İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı öz təsdiqini tapmadığından, həmçinin xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı 885.60 manat borcun hesablanması əsassız olduğundan birinci instansiya məhkəməsı haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia maddi zərərin tələb edilməsi hissəsində rədd edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilk iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulmasının da sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməli olmasına dair dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsassız olmuşdur, Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(008)- 658/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə