Məhkəmə qərarları › İş №2(103)-4388/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4388/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4388/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-564/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarına Cavabdeh MMC tərəfindən mübahisə predmeti olan əkin sahəsinə lazımi qulluğun həyata keçirilməməsinə dair bir neçə şəxsin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlar əlavə edilmişdir.

2. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli aktdan müəyyən edilir ki, mübahisə predmeti olan 107 ha əkin sahəsinin 13 ha hissəsi biçilmişdir, 1700 kq məhsul yığılmışdır, yığılan məhsulun nəmlik göstəricisi yuxarı olduğundan Balakən bölgəsinə Elşad MMC-yə göndərilmişdir.

3. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli aktdan müəyyən edilir ki, mübahisə predmeti olan 107 ha əkin sahəsinin 11 ha hissəsi biçilmişdir, 11380 kq məhsul yığılmışdır, yığılan məhsulun nəmlik göstəricisi yuxarı olduğundan Balakən bölgəsinə Elşad MMC-yə göndərilmişdir.

4. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli aktdan müəyyən edilir ki, mübahisə predmeti olan 107 ha əkin sahəsinin 27 ha hissəsi biçilmişdir, 3800 kq məhsul yığılmışdır, yığılan məhsulun nəmlik göstəricisi yuxarı olduğundan Balakən bölgəsinə Elşad MMC-yə göndərilmişdir.

5. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli aktdan müəyyən edilir ki, mübahisə predmeti olan 48 ha əkin sahəsindən 62780 kq məhsul yığılmaqla Balakən bölgəsinə göndərilmiş, həmin biçimə görə fiziki şəxs X5 2150 manat pul ödənilmişdir.

6. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin xəzinə məxaric xərclərini əks etdirən sənəddən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müvafiq müqavilənin həyata keçirilməsi və icrası ilə bağlı Cavabdeh MMC tərəfindən Talebi Hemmata 3500 manat ödəniş məsləhət əvəzi qismində və avans olaraq həyata keçirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Talebi Hemmat Cavabdeh MMC-yə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 358 nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Kürdəmir rayonunda yerləşən sahədə qarğıdalı əkininin həyata keçirilməsi barədə xx.xx.2020-ci il tarixli 358 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı qarğıdalı əkinini yüksək səviyyədə müasir metodlarla həyata keçirtmiş və yüksək məhsuldarlıq əldə edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əldə edilmiş qazancın müqavilə şərtlərinə uyğun olaraq bölünməsini müəyyənləşdirir. 2.9-cu bəndinə əsasən Cavabdeh MMC iddiaçıya əkilmiş toxumun təlimata uyğun məhsuldarlığını nəzərə alaraq əldə edilmiş bütün xərclər çıxıldıqdan sonra xalis gəlirin 25 %-ni ödəməyi öhdəsinə götürmüşdür. Lakin, biçin iddiaçının iştirakı və xəbəri olmadan həyata keçirilmişdir. Biçin aktı tərtib edilməmişdir. Biçin başa çatdıqdan sonra isə iddiaçıya əldə olunmuş xalis gəlir barədə məlumat verilməmişdir və nəticə etibarilə iddiaçının hesabına ödəniş edilməmişdir. Həmçinin 2.10-cu bəndinə əsasən qarğıdalının biçin müddəti başa çatana kimi ümumi xərc daxil etməklə iddiaçıya avans olaraq hər ay 600 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.11-ci bəndinə əsasən Cavabdeh MMC bütün aqrotexniki tədbirlərin (su təminatı) yerinə yetirməsinə görə məsuliyyət daşıyır. Bütün su təminatı iddiaçı təfədindən şəxsən həyata keçirilmişdir. Digər tərəfdən Müqavilənin 2.12-ci bəndində gözlənilən məhsuldarlıq yüksək nəticə verərsə, iddiaçının iştirakı ilə həmin sahədə arpa və buğda əkilməsi nəzərdə tutulmuşdur. Məhsuldarlıq yüksək olduğuna görə qarğıdalı biçini başa çatdıqdan sonra Cavabdeh MMC-yə məlumat verməklə həmin sahədə Elit tanya növündə müasir metodla buğda əkmişdir. Lakin Cavabdeh MMC tərəfindən buğdanın əkilməsi üçün aqreqatla iddiaçını təmin etməmişlər. Göründüyü kimi Cavabdeh MMC tərəfindən Müqavilənin şərtləri kobud surətdə pozulmuşdur.

9. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 100000 (yüz min) manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

10. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC Talebi Hemmata qarşı qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 3500 manat məbləğində borc pulun qarşılıqlı iddia üzrə cavabdeh Hemmat Talebidən onun xeyrinə tutulmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh Talebi Hemmat Cavabdeh MMC-dən ümumilikdə 3500 manat borc almış, lakin geri qaytarmamışdır. Həmçinin, Talebi Hemmat tərəflər arasında bağlanmış Kürdəmir rayonunda yerləşən sahədə qarğıdalı əkininin həyata keçirilməsi barədə müqavilə üzrə öhdəliklərini həyata keçirməmiş, məhsula lazımi qulluq etməmiş, müqavilə öhdəliklərini pozmmuşdur. Nəticədə, əldə edilmiş məhsul - qarğıdalı yararsız olduğundan yem qismində müvafiq müəssisəyə təhvil verilmişdir.

12. İddiaçı, xx.xx.2024-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 8000 (səkkiz min) manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (2(004)- 564/2024 nömrəli mülki iş üzrə, hakim F.Əlizadə) hər iki iddia tələbi rədd edilmişdir.

14. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, ilkin iddia tələbi üzrə 100000 manat öhdəliyin yaranmasının hüquqi və faktiki əsasları iddiaçı tərəfindən sübut edilməmişdir. Bundan əlavə, iş materiallarında olan müvafiq yoxlama aktlarına əsasən müəyyən edilir ki, Talebi Hemmat üzərinə düşən müqavilə öhdəliklərinə layiqincə əməl etməmiş, nəticədə müqavilə şərtlərini pozmuşdur. Bunun əksi, Talebi Hemmat tərəfindən sübuta yetirilmir. Sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş əkin sahəsindən fotoşəkillərlə müqavilə öhdəliklərinə əməl edilməsi xüsusatı sübuta yetirilmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC Talebi Hemmata ümumilikdə 3500 manat pulu borc qismində verdiyini iddia etsə də, tərəflər arasında borc (kredit) münasibətlərinin yaranması müəyyən edilmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv olunaraq, həmin hissənin təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlarda biçin nəticəsində yığılmış məhsulun miqdarı az göstərilmişdir. Biçin ilkin iddia üzrə iddiaçının iştirakı və xəbəri olmadan həyata keçirilmişdir. Qeyd olunan aktlardan da müqavilə şərtlərinin ilkin idda üzrə cavabdeh tərəfindən pozulduğu müəyyən edilir. Biçinin ilkin iddia üzrə iddiaçının xəbəri olmadan həyata keçirilməsində səbəb onu aldatmaq və məhsul miqdarını və gəliri ondan gizlətmək olmuşdur. Məhkəmə bu məsələyə qətnamədə heç bir formada yanaşmasını təqdim etməmişdir. Digər tərəfdən ilkin iddia üzrə cavabdehin həmin yığımlar nəticəsində nə qədər gəlir əldə etdiyi müəyyənləşdirilməmişdir. Bütün bunlar işə səthi yanaşıldığının göstəricisidir. Qətnamədə qeyd edilir ki, 100000 manat öhdəliyinin yaranmasının faktiki və hüquqi əsasları ilkin iddia üzrə iddiaçı tərəfindən sübut edilməmişdir. Lakin qətnamədə qeyd edilmiş məhsulun yığımı bu halın sübut olunduğunun göstəricisidir. Birinic instansiya məhkəməsi Cavabdeh MMC-yə məhsul yığımından gəlirləri barədə sorğu verməmişdir. Məlumdur ki, həmin məlumatlar ilkin iddiaçıya təqdim edilmir. Müqavilənin 2.9-cu bəndinə əsasən, ilkin iddaçı xalis gəlirin 25 fazini almaq hüququna malikdir. Lakin məhkəmə ümumiyyətlə xalis gəlirin məbləğini müəyyən etmədən bu qənaətə gəlir ki, ilkin iddia tələbinin əsası yoxdur. Müqavilənin 2.10cu bəndinə əsasən qarğıdalının biçin müddəti başa çatana kimi ümumi xərc daxil edilməklə avans olaraq hər ay 600 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Qətnamədə ümumiyyətlə bu məsələyə toxunulmur. Neçə ay üçün aylıq 600 manatın hesablandığı və ya hesablanmadığı müəyyən edilmir. Müqavilənin 2.12-ci bəndində gözlənilən məhsuldarlıq yüksək nəticə verərsə, iddiaçının iştirakı ilə həmin sahədə arpa və buğda əkilməsi nəzərdə tutulmuşdur. Məhsuldarlıq yüksək olduğuna görə qarğıdalı biçini başa çatdıqdan sonra cavabdeh "xxxx" MMC-yə məlumat verilməklə həmin sahədə buğda əkilmişdir. Əgər ilkin iddia üzrə iddiaçının nəticəsi yaxşı deyildisə buğda əkimi həyata keçirilməzdi. Göründüyü kimi, nəticə ilə qeyd edilənlər ziddiyyət təşkil edir. Göstərilənlər nəzərə alınaraq, ilkin iddia tələbi təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16.Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı:

18. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.

22. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

23. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir.

24. Maddə 779.2.1. Peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 25 Maddə .779.2.2. Vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarı:

22. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissə üzrə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və izah edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

27. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.

28. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

30. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

31. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.

32. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

33. Məhkəmə kollegiyası tərəfindən həqiqətin müəyyən olunması və tərəflər arasında yaranmış mübahisənin ədaləti həll edilməsi üçün zəruri araşdırmalar aparılmış, yekunda müəyyən edilmişdir ki, hazırkı mübahisənin əsasını tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 358 nömrəli müqavilə təşkil edir. Həmin müqavilənin şərtlərinə görə Hammet Talebi və Cavabdeh MMC sonuncunun mülkiyyətində və istifadəsində olan Kürdəmir rayonu Ərəqbqulu massivində yerləşən 200 ha torpaq sahəsində birgə qarğıdalı əkilib becərilməsinə dair razılığa gəlmişlər. Müqavilədə əldə edilmiş qazancın müqavilə şərtlərinə uyğun olaraq bölünməsi müəyyənləşdirilmişdir. İlkin iddia üzrə iddiaçı iddia etmişdir ki, qarğıdalı əkinini yüksək səviyyədə müasir metodlarla həyata keçirilmiş və yüksək məhsuldarlıq əldə edilmişdir. Lakin biçin ilkin iddia üzrə iddiaçının iştirakı və xəbəri olmadan həyata keçirilmiş, biçin aktı tərtib edilməmişdir. Biçin başa çatdıqdan sonra isə iddiaçıya əldə olunmuş xalis gəlir barədə məlumat verilməmiş və nəticə etibarilə iddiaçının hesabına ödəniş edilməmişdir. Beləliklə, Cavabdeh MMC sözügedən müqavilənin tələblərini pozmuşdur. İddiaçı məhz bu səbəbdən məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş pulun müqaviləyə uyğun ödənilməsini tələb etmişdir.

34. İş materiallarında olan sübutlar (aktlar) isə ilkin iddia üzrə iddiaçının gətirdiyi əsasların həqiqətə uyğunluğunu şübhə altına salır. Belə ki, iş materialarında olan xx.xx.2020-ci il tarixli aktdan bəlli olur ki, Cavabdeh MMC-nin əkilmiş qarğıdalı sahəsinə maddi-məsul şəxs Hammet Talebi naməlum səbəbdən 30-31 iyul və 01-02 avqust 2020-ci il tarixlərində işdə olmamışdır. X1rğıdalı sahəsinin ikinci suvarmaya ehtiyacı olmasına etiraz etmiş, suçulara və kultivasiya aparan mexanizatora yemləmə gübrə verilməsinə qarşı çıxmışdır. Bununla yanaşı, xx.xx.2020-ci il tarixli aktda qeyd edilir ki, Cavabdeh MMC-nin əkilmiş qarğıdalı sahəsinə maddi-məsul şəxs Hammet Talebi naməlum səbəbdən 9,10,11 və 12 avqust tarixlərində işdə olmamışdır. Sahənin suvarılmasından heç bir məlumatı yoxdur və bu hal dəfələrlə təkrar olunur. xx.xx.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Hammet Talebi şum işləri gedən zaman 1-2 dəfə iştirak etmiş, lakin səpin dövrü zamanı demək olar ki, sahədə olmamışdır. Həmçinin sözügedən aktda sahə aqronumu Vəliyev Haqverdinin və ərazi üzrə rəhbərçiliyinin iradlarına baxmayaraq Hammet Talebi suvarma dövrü zamanı 1 dəfə də olsa sahədə iştirak etməmişdir.

35. Bununla yanaşı, iş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlardan müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçının müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbindən, alınan məhsul yararsız vəziyyətdə olmuş və yem istehsalı üçün digər MMC-lərə göndərilmişdir.

36. Göründüyü kimi, qeyd olunan aktlardan ilkin iddia üzrə iddiaçının müqavilənin şərtlərini lazımi qaydada icra etmədiyi müəyyən olunur. Belə olan halda, ilkin iddia üzrə iddiaçının qarşı tərəfdən pul tələb etməsi əsaslı hesab oluna bilməz. Nəzərə almaq lazımdır ki, müqavilənin 2.9-cu bəndinə görə ilkin iddia üzrə Cavabdeh MMC əkilmiş toxumun məhsuldarlığı nəzərə alınmaqla, bütün xərclər çıxıldıqdan sonra əldə edilmiş gəlirin 25 faizini ilkin iddia üzrə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Bu səbəbdən ilkin iddia tələbinin təmin edilməsi üçün Cavabdeh MMC-nin əldə edilmiş məhsuldan qazanc götürməsi və bu qazancın xərcləri üstələməsi halları sübuta yetirilməlidir. İlkin iddia üzrə iddiaçı isə nə birinci, nədə apellyasiya instansiyası məhkəmələrinə bu halları təsdiq edəcək hansısa mötəbər sübut təqdim etməmişdir (halbuki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx.xx.2007-ci il tarixli qərarı). İş materiallarındakı (yuxarıda qeyd edilmiş) aktlar isə ilkin iddia üzrə iddiaçının tələbini təkzib edən sübutlar qismindən çıxış edir. Belə ki, yığılan məhsul yararsız vəziyyətdə olduğundan yem istehsalı üçün digər MMC-lərə göndərilmiş və qazanc əldə edilməmişdir. Qazanc əldə edilmədiyi təqdirdə də, onun bölünməsindən söhbət gedə bilməz.

37. Buna baxmayaraq, ilkin iddia üzrə iddiaçı aktların həqiqəti əks etdirmədiyini, əksinə, ərazidəki məhsuldarlığın müqaviləyə uyğun, gözlənilən səviyyədə olduğunu iddia etmişdir. Lakin iddiasının əsası kimi sadəcə formal mülahizələrə istinad etmiş, bu halları hər-hansı mötəbər sübutlarla əsaslandırmamış, apellyasiya şikayətində sadəcə ehtimallara söykənərək tələbini müdafiə etmişdir.

38. Kollegiya apellyasiya şikayətinin digər dəlili olan “avans olaraq hər ay 600 manat vəsaitin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məxaric qəbzlərindən müəyyən edilir ki, sözügedən müqavilədə nəzərdə tutulmuş avans məbləği iddiaçıya ödənilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh MMC qarşılıqlı iddia tələbində də məhz həmin məbləği (3500 manatı) tələb etmişdir. Lakin bu məbləğ müqavilədən irəli gələrək ödənilmiş avans olduğu üçün onun qaytarılmasına dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Nəticədə, ilkin iddia üzrə cavabdehin qeyd olunan hissə üzrə müqavilə öhdəliklərini icra etdiyi müəyyən edilir. Belə olan halda, şikayətin digər dəlilləri kimi bu dəlil də həqiqəti əks etdirmir.

39. Bununla yanaşı, ilkin iddia üzrə iddiaçı birinci istansiya məhkəməsinin xx.xx.2024cü il tarixli məhkəmə iclasında verdiyi izahatlarında cavabdehdən tələb etdiyi məbləği işlə əlaqədar xərclədiyini bildirsə də, bu halı sübut edə bilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən müqavilənin şərtlərinin tam icra edilməsi, yığılan məhsulun gözlənilən keyfiyyətdə olması, habelə ondan gəlir götürülməsi iş materialları ilə təsdiq olunmur. Bu halların sübut edilməsi yükü isə ilkin iddia üzrə iddiaçının üzərinə düşür. Lakin o, bu halları sübut etməmiş, apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi faktları mötəbər sübutlarla əsaslandırımamışdır. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri hazırkı mübahisə üzrə həqiqətin müəyyən edilməsində əhəmiyyət daşımır. Formal mülahizədən və ehitmallardan irəli gələrək verilmiş apellyasiya şikayəti isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-564/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar